Məhkəmə qərarları › İş №1(060)-296/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-296/2021

03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-296/2021 03.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı - Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1994-cü il tarixdə Tovuz rayonu, Çatax kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, fərdi işlə məşğul olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Çatax kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi Asfaltzavod ərazisi fərdi evdə yaşayan, Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını talama məqsədi ilə 24 avqust 2020-ci il tarixdə saat 10:35-dən saat 10:44-dək olan müddət ərzində vahid niyyətlə Maqsudzadə Bəhruz Şirin oğluna məxsus satıcı işlədiyi Sumqayıt şəhəri 5-ci mikrorayon N.Nərimanov küçəsində yerləşən “Barcode” məişət avadanlıqları dükanında olan dolabın siyirməsindən 2200 (iki min iki yüz) manat məbləğində nağd pulu, telefon dolabında olan **********44391 imei kodlu 780 (yeddi yüz səksən) manat dəyərində olan 1 ədəd “Samsung Galaxy A71” markalı və **********94599 imei kodlu 580 (beş yüz səksən) manat dəyərində olan “Samsung Galaxy A51” markalı istifadə edilməmiş mobil telefonları gizli talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3560 (üç min beş yüz altmış) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Tovuz rayonu Çatax kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi Asfaltzavod ərazisi fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tanıyır. O, Sumqayıt şəhəri 5ci mikrorayon N.Nərimanov küçəsində yerləşən “Barcode” adlı dükanı işlədir. Həmin dükanda məişət avadınlıqları və elektronika malları satılır. O da həmin dükanda satıcı işləmiş, aylıq olaraq 250 manat maaş alırmış. Həmin dükanda işə 13.08.2020-ci il tarixdən işə başlamışdır. O Sumqayıt şəhərində həmin dükanda işə başlamamışdan əvvəl Bəhruzun Bakı şəhərində yerləşən dükanında da 12-13 gün işləmişdir. İyun ayının 20 karantinlə bağlı Bakı şəhərində dükan bağlandığından o Bakıya işə getməmişdir. Bəhruzun Sumqayıt şəhərində işlətdiyi dükanda işləməyə davam etmişdir. Həmin dükanda ondan başqa Şahid1 menecer, Şahid2 də kredit mütəxəssisi işləyir. Pula ehtiyacı olduğu üçün həmin dükandan oğurluq etmək qərarına gəlmiş, 24.08.2020-ci il tarixdə saat 10 radələrində dükanda olarkən Vüsalın çöldə siqaret çəkməsindən və dolabın açıq olmasından istifadə edərək oradan 2200 manat nağd pulu götürüb corabında gizlətmiş, ondan əvvəldə açıq olan telefon dolabına yaxınlaşaraq oradan 01 ədəd «Samsunq Galaxy A51» markalı və 01 ədəd Samsunq Qalaxy A71 markalı mobil telefonu da götürmüşdür. Dolab ümumi istifadə edilən yer olmuş, pulun orada olmasını bilmiş, xüsusi mühafizə olunan yer olmamışdır. Daha sonra o, çölə çıxmış, Vüsala telefonuna kontur vurub gələcəyini deyərək getmişdir. «Samsunq Galaxy A71 markalı mobil telefonu Bakı şəhəri 28 may metrostnasiyasının yanında olan hazırda xatırlamadığı mobil telefon dükanların birində 390 manat satmışdır. 2200 manat pulu və satdığı telefondan əldə etdiyim 390 manat pulu özünə sərf etmiş, heç kimə verməmişdir. «Samsunq Galaxy A51» markalı mobil telefonu isə özündə saxlayıb istifadə etmişdir. Daha sonra o Tovuz rayonunda qeydiyyatda olduğu üçün 23.09.2020-ci il tarixdə Tovuz rayon hərbi komissarlığından çağırıldığından həmin komissarlığıa getmiş və oradan onu döyüşlərə aparmışlar. Həmin müddət ərzində Kəlbəcərdə olmuşdur. Döyüşlər başa çatdıqdan sonra o yenidən Sumqayıt şəhərinə qayıtmış, Sumqayıt ŞPİ-in İŞ-də barəsində cinayət işinin istintaqının aparıldığını bildiyi üçün könüllü olaraq istintaqa gedib özünü təqdim etmişdir. «Samsunq Galaxy A51» markalı mobil telefonu da o zərərçəkmişə qaytarmışdır. Dükandan 2200 manat məbləğində nağd pul, 1 ədəd yeni Samsung A51 markalı **********94599 imei kodlu və 1 ədəd yeni istifadə edilməmiş Samsung Galaxy A71 markalı **********44391 imei kodlu mobil telefonu oğurlamışdır. Dəymiş maddi ziyandan hazırda 500 manat ödəmək imkanı çatır ki, bunu da zərərçəkmiş şəxs qəbul etmir.Törətdiyi əməldən peşmandır.Odur ki. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri 5-ci mikrorayon N.Nərimanov küçəsində yerləşən “Barcode” adlı dükanı icarə əsasında işlədir. Həmin dükanda məişət avadınlıqları və elektronika malları satılır. Təqsirləndirilən şəxs tanıyır, o, həmin dükanda satıcı işləmiş, aylıq olaraq 250 manat maaş almışdır. Araz həmin dükanda işə 13.08.2020-ci il tarixdən işə başlamışdır. Təqsirləndirilən şəxs Sumqayıt şəhərində işə başlamamışdan əvvəl Bakı şəhərində olan dükanımda da 12-13 gün işləmişdir. İyun ayının 20 karantinlə bağlı Bakı şəhərində dükan bağlandığından Arazın işə gəlməsi dayanmışdır. O işçilərə maaşı 1 ay tamam olduqda vermişdir. Arazında 1 aylıq iş vaxtı tamam olmadığı üçün o ona maaşını hələ verməmişdir. Lakin açıldıqdan sonra o, Sumqayıt şəhərində yerləşən dükanına işini dəyişib işləməyə başlamışdır. 24.08.2020-ci il tarixdə təxminən saat 11 radələrində Sumqayıt şəhərində yerləşən “Barcode” dükanında menecer işləyən Şahid1 ona zəng edib xəbər vermişdir ki, dükandan 2200 manat pul oğurlanıb, kameraya baxıb görmüşdür ki, həmin pulu dükanda satıcı işləyən Təqsirləndirilən şəxs dolabın açıq olmasından istifadə edərək oğurlamışdır. Həmin dolab ümumi istifadə edilən yer olmuş, xüsusi mühafizə edilən yer olmamışdır. Daha sonra məlum olmuşdur ki, Araz pulu oğurladıqdan sonra dükandan kontur almaq adı ilə getmiş və geri qayıtmamışdır. O bu xəbəri aldıqdan sonra Sumqayıt şəhərində yerləşən dükana gəlib görmüşdür ki, həqiqətən də 23.08.2020ci il tarixdə olan alverin pulunu, yəni 2200 manat pul yoxdur. O kamera görüntülərinə baxıb görmüşdür ki, həqiqətən Araz əvvəl dolabdan 2 ədəd telefon və daha sonra isə pulu dolabdan götürüb corabına qoyur, daha sonra isə dükanda işləyən kredit mütəxəssisi Şahid2 telefonuna kontur vurmaq üçün getdiyini deyir, daha sonra isə dükana qayıtmır. Bundan sonra o Arazı axtarsa da tapa bilməmiş, həmin gün axşam dükanda olan telefonları da sayıb yoxlatdırdıqdan sonra Anar da dükanda olan telefonları sayıb görmüşdür ki, dükandan 1 ədəd yeni istifadə edilməmiş 999 manat dəyərində Samsung Galaxy A71 markalı mobil telefon və 1 ədəd istifadə edilməmiş 699 manat dəyərində Samsung Galaxy A51 markalı mobil telefon da dolabın açıq olmasından istifadə edərək oğurlanmışdır. Həmin telefonların qabları yerində olsa da, lakin telefonların özü qabların içərisində olmamışdır. 1 ədəd yeni istifadə edilməmiş 999 manat dəyərində Samsung Galaxy A71 markalı mobil telefonun imei kodu **********44391 saylıdır, 1 ədəd yeni istifadə edilməmiş 699 manat dəyərində Samsung Galaxy A51 markalı mobil telefonun imei kodu isə **********94599 saylıdır. Həmin telefonlar yeni olduğu üçün və hələ satılmadığı üçün onlar həmin telefonları Rabitə Nazirliyində qeydiyyatdan keçirməmişlər. Hadisədən təxminən 1 ay sonra o oğurlanan telefonların imei kodlarını Rabitə Nazirliyinin bizə icazə verdiyi sistemində yoxladıqda 1 ədəd **********44391 kodlu Samsung Galaxy A71 markalı mobil telefonun Bak şəhəri Nəsimi rayonu, Azadlıq prospekti 41 ünvanında yerləşən “Newlife_mobile” adlı dükan Rabitə Nazirliyindən qeydiyyatdan keçirmişlər. Telefonları da Təqsirləndirilən şəxs dükandan oğurlamışdır.Təqsirləndirilən şəxs tərəfindən A 51 markalı mobil telefon qaytarılsa da 2200 manat məbləğində pul və A 71 markalı mobil telefon qaytarılmamışdır. Zərərçəkmiş şəxs məhkəmədən təqsirləndirilən şəxsin cavan olmasını və vətən müharibəsində iştirak etməsini nəzərə alıb yüngül cəza təyin etməsini xahiş etdi. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 5-ci mikrorayon N.Nərimanov küçəsində yerləşən “Barcode” məişət avadanlığı dükanında menecer işləyir. Həmin dükanda məişət avadınlıqları və elektronika malları satılır. Təqsirləndirilən şəxs tanımaqla, o həmin dükanda satıcı işləmişdir. Araz həmin dükanda işə 13.08.2020-ci il tarixdən işə başlamışdır. Onlar gündəlik dükanın alverinin yığıb açarla bağlanan dolaba qoymuşlar. Həmin dolab ümumi dolab olmuşdur. İşçilər orada pul olmasını bilmişdir. 23.08.2020-ci il tarixdə dükanda 2293 manat məbləğində alver olmuşdur. O axşam evə getməmişdən öncə 2200 manatı ayrıca rezinə büküb üzərində 2200 yazıb dolabda kənara qoymuşdur, sabah dükan sahibinə pulu versin. 93 manat pulu isə sabahısı gün işdə qalıq qaytarmaq üçün lazım olduğundan yenə dolaba qoymuşdur. 24.08.2020-ci il tarixdə dolaba baxanda görmüşdür ki, 2200 manat məbləğində pul dolabda yoxdur. O dərhal Vüsaldan pulu soruşmuş, lakin Vüsal da pula əl dəymədiyini bildirmişdir. O Arazın harada olduğunu soruşduqda Vüsal Arazın kontur almağa getdiyini demişdir. O kamera görüntülərinə baxıb görmüşdür ki, Təqsirləndirilən şəxs kamera vaxtı ilə saat 10:43-də dolab olan masada oturur, dolabdan dolabdan nəsə götürüb corabına qoyur, daha sonra isə arxa tərəf keçir, üzərində düzəliş edir. Sonra isə 2- 3 dəqiqə dükanda olduqdan dükandan çıxıb gedir. O bunları görəndən sonra Arazın istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng etmiş, lakin onun telefonu sönlü olmuşdur. Bundan sonra o dükan sahibi Bəhruz müəllimə zəng edib baş vermiş hadisə barədə demişdir. Sonra Bəhruz müəllim obyektə getmiş, o, da videogörüntünü görmüşdür. Sonra Bəhruz müəllim telefonları da saymalarını demiş, o da telefonları sayıb görmüşdür ki, dükandan 1 ədəd yeni istifadə edilməmiş 999 manat dəyərində Samsung Galaxy A71 markalı mobil telefon və 1 ədəd istifadə edilməmiş 699 manat dəyərində Samsung Galaxy A51 markalı mobil telefon da oğurlanmışdır. Həmin telefonların qabları yerində olsa da, lakin telefonların özü qabların içərisində olmamışdır. 1 ədəd yeni istifadə edilməmiş 999 manat dəyərində Samsung Galaxy A71 markalı mobil telefon **********44391 imei kodludur, 1 ədəd yeni istifadə edilməmiş 699 manat dəyərində Samsung Galaxy A51 markalı mobil telefon isə **********94599 imei kodludur. Həmin telefonlar yeni olduğu üçün və hələ satılmadığı üçün onlar həmin telefonları Rabitə Nazirliyində qeydiyyatdan keçiməmişlər. Hadisədən təxminən 1 ay sonra onlar oğurlanan telefonların imei kodlarını Rabitə Nazirliyinin bizə icazə verdiyi sistemində yoxladıqda 1 ədəd **********44391 kodlu Samsung Galaxy A71 markalı mobil telefonun Bak şəhəri Nəsimi rayonu Azadlıq prospekti 41 ünvanında yerləşən “Newlife_mobile” adlı dükan Rabitə Nazirliyindən qeydiyyatdan keçirmişlər. Telefonları da Təqsirləndirilən şəxs dükandan oğurlamışdır.A 51 markalı mobil telefonqaytarılsa da 2200 manat məbləğində pul və A 71 markalı mobil telefon qaytarılmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Zərərçəkmiş şəxs iştirakı ilə keçirilmiş hadisə yerinə baxış keçirilməsinə dair 31.08.2020-ci il tarixli protokoldan görünür ki,zərərçəkmiş şəxs pulun və mobil telefonların oğurlandığı yeri göstərir. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs 16.10.2020-ci il tarixli qərarla iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 01.03.2021-ci il tarixli gəlmə barədə protokoldan görünür ki, barəsində məcburi gətirmə barədə qərar çıxarılmış Təqsirləndirilən şəxs 01.03.2021-ci il tarixdə özünü istintaqa təqdim etmişdir. 12.03.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar çıxarılmış və o istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilərək iş üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulmasına dair 19.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19.03.2021-ci l tarixdə saat 17:00 radələrində Sumqayıt ŞPi-nin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq MSY-nə təhvil verilmişdir. 20.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan olunaraq barəsində polisin nəzrəti alına vermə növündə qətimkan tədbiri seçilmişdir. Asfaltzavod və Körpü üzrə məhəllə Komitəsi tərəfindən verilmiş yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs oğurluq hadisəsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD diski istintaqa təqdim edir. Cinayət işinin materiallarında olan təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs dükandan oğurladığı 01 ədəd «Samsung Galaxy A51» markalı, mobil telefonu istintaqa təqdim edir və həmin telefona baxış keçirildikdə telefonun **********94599 imei kodlu olması və Zərərçəkmiş şəxs məxsus olması müəyyən edilir. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 24.08.2020-ci il tarixdə saat 10:35-də Təqsirləndirilən şəxs satıcı işlədiyi Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində yerləşən «Barcode» adlı dükanda olan telefon dolabından 02 ədəd mobil telefon götürür. Daha sonra saat 10:44-də dolabın siyirtməsindən nəsə götürür corabına qoyur və dükanın arxa otağına keçir. Saat 10:45-də isə dükandan çıxıb gedir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11.02.2021-ci il tarixli, 9/4804 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən təzə vəziyyətdə olan mobil telefonların 2020-ci ilin avqust ayına olan bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1360 manat müəyyən olunur. O cümlədən 01 ədəd «Samsung Galaxy A71» markalı mobil telefon -780 manat; 01 ədəd «Samsung Galaxy A51» markalı mobil telefonun dəyəri 580 manat müəyyən edilmişdir. Cinayət işinin materiallarından görünr ki, maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 01 ədəd DVD disk cinayət işinin istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 01 ədəd «Samsunq Galaxy A51» markalı mobil telefon saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki,Zərərçəkmiş şəxs məhkəmə iclasında mülki 14.04.2021-ci il tarixdə məhkəmə iclasında mülki iddia verərək Təqsirləndirilən şəxs ona dəymiş 3199 manat maddi ziyanın onun xeyrinə tutulmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs hərbi biletinin kserosurətindən görünür ki, sonuncu torpaqlarımızın işğaldan azad olunması ilə bağlı aparılan döyüş əməliyyatları ilə bağlı səfərbərliyə cəlb olunmuşdur. Həmçinin cinayət işinin materiallarından görünür ki. Təqsirləndirilən şəxs ali təhsillidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin 01 ədəd «Samsung Galaxy A51» telefonu zərərçəkmiş şəxsə qaytarmaqla ziyanı qismən ödəməsini və Təqsirləndirilən şəxs 2020ci ilin sentyabr ayından dekabr ayının 31-dək torpaqlarımızın işğaldan azad olunması ilə bağlı aparılan döyüş əməliyyatları ilə bağlı səfərbərliyə cəlb olunması, ali təhsilli olması, törətdiyi əməldən səmimi peşman olması,əvəllər məhkum olunmaması Azərbaycan Respublikası CM-nin 59.1.14 və 59.2-ci maddələrinə əsasən onun cəzasının yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, onun cəzasını yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmamasına görə ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı onun Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu 01 gün müddət ona təyin olunacaq cəzadan azadlıqdan məhrum etmənin bir gününün azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanması şərti ilə çıxılmalı və üzərində qəti cəza təyin edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 31.03.2021-ci il tarixli (iş № 1(060)-296/2021) qərarını icra edərək, 02 aprel 2021-ci il tarixli 365 saylı orderə əsasən vəkil X2 onun vəkili təyin etmişdir. Müdafiəçi X4 Məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional vəkil Bürosunun xxxx ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş mülki iddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs oğurluq cinayəti törətməsi nəticəsində ona ümumilikdə 3199 manat ziyan vurulmuşdur. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs tərəfindən oğurluq edilməsi nəticəsində Zərərçəkmiş şəxs 2200 manat nağd pul formasında və dəyəri 780 manat müəyyən edilmiş A71 markalı mobil telefon ümumilikdə 2980 manat miqdarda ziyan vurulması təsdiq edilmişdir. Mülki iddia ilə bağlı iş materiallarında kifayət qədər sübutlar olduğu üçün mülki iddia qismən təmin edilməlidir. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVd disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd samsunq qalaksi A51 markalı mobil telefonun zərərçəkmiş şəxs Bəhram Maqsudzadəyə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183, 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respubliası CM-nin 69.3-cü maddəsinə əsasən 19-20 mart 2021-ci il tarixində tutulduğu 01 (bir) gün müddət ona təyin olunacaq cəzadan bir günə iki gün hesabı ilə çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi Asfaltzavod ərazisi fərdi evdə ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt Regional vəkil Bürosunun vəkili X1 göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Mülki iddia qismən təmin edilsin, cinayət nəticəsində dəymiş ziyanın əvəzi 2980 (iki min doqquz yüz səksən) manat pul Təqsirləndirilən şəxs alınaraq X3 verilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. 01 ədəd Samsunq qalaksi A 51 markalı mobil telefonun zərərçəkmiş şəxs Bəhram Maqsudzadəyə qaytarılması nəzərə alınsın. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar