Məhkəmə qərarları › İş №1(060)-296/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-296/2023

01.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-296/2023 01.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçiləri - Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında 01 avqust 1997-ci ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 07 (yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,241 qram, 0,196 qram, 0,218 qram, 0,291 qram, 0,172 qram, 0,152 qram, 0,121 qram, ümumi təmiz çəkisi 1,391 qram kimyəvi tkomponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərindəki qəhvəyi rəngli çantasında saxlamış, 29 sentyabr 2022-ci il tarixdə saat 17:20 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən Bakı- Sumqayıt şosse yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində, 28-29-cu kilometrliyinin arasnda, avtomobil bazarının yaxınlığında yerləşən sərnişin dayanacağında saxlanılıb Sumqayıt ŞPİ-yə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı boynundan asmış olduğu qəhvəyi rəngli çatnanın içərisindəki göy rəngli “Sobranie” markalı siqaret qutusunun içərisindən həmin 07 (yeddi) ədəd bükümdə psixotrop maddə olan metamfetaminlər aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 29 sentyabr 2022-ci il tarixdə saat 17:20 radələrində taksi ilə Ceyranbatan qəsəbəsindən Sumqayıt şəhərinə gedərkən Sumqayıt şəhərinin girişində yerləşən “Maşın bazarı”nın yanında polis əməkdaşları taksini saxlatdırmışlar. Sonra isə ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu və taksi sürücüsünü Sumqayıt ŞPİnə dəvət etmişlər. Onlar da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Polis İdarəsinə getmişlər. O, üzərində narkotik vasitə olmadığını, narkotik vasitəni onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, İdarədə polis əməkdaşları tərəfindən ona qarşı təzyiq olunduğunu və ona görə də, videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu demişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun həmin maddə ilə özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2 il olar kakos kimi adlanan narkotik vasitə heroindən və patı kimi adlanan psixotrop maddə metamfetamindən istifadə etmişdir. 29 sentyabr 2022-ci il tarixdə saat təxminən 15:00 radələrində şəxsi işi ilə əlaqədar olaraq Sumqayıt şəhəri, “Daş bazarı" adlanan ərazidə olduğu zaman özünü ona Kənan kimi təqdim edən bir nəfər şəxslə tanış olmuşdur. Söhbət zamanı Kənanın narkotik vasitə istifadəçisi olduğunu bilmiş və üzərində istifadə etmək üçün narkotik vasitə olmadığından Kənandan əgər varsa ona narkotik vasitə satmasını istəmişdir. Kənan da üzərində 07 (yeddi) ədəd bükümdə metamfetamin olduğunu və həmin maddələri ona 40 (qırx) manata sata biləcəyini demişdir. O, Kənanla razılaşandan sonra sonuncuya 40 (qırx) manat pulu vermiş və Kənandan həmin 07(yeddi) ədəd qızılı rəngli siqaret kağızına bükülmüş metamfetamini alaraq sonra istifadə etmək məqsədi ilə cibində olan ’’Sobranie" markalı siqaret qutusunun içərisinə qoymuş və həmin qutunu da üzərində olan qəhvəyi rəngli çantanın içərisinə qoymuşdur. Sonra isə Kənandan ayrılmışdır. Daş bazarının yaxınlığında işini qurtardıqda sonra Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Elmarın dairəsi" adlanan ərazidə sonradan adının Asif olduğunu bildiyi “QAZ-3110" markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı taksini saxlatdırıb şəxsi işi ilə əlaqədar Ceyranbatan qəsəbəsinə getmiş və taksiyə onu gözləməsini demişdir. Bir neçə dəqiqə sonra orada işini qurtardıqdan sonra yenidən həmin taksi ilə yaşadığı Sumqayıt şəhərinə qayıtmışdır. Sumqayıt şəhərinin girişində yerləşən “Maşın bazarı”nın yanına çatanda polis əməkdaşları taksini saxlatdırmışlar. Sonra isə ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu və taksi sürücüsünü Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Onlar da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Polis İdarəsinə getmişlər. Orada ona üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı izah olunmuş, o isə buna etiraz etməmişdir. Sonra isə ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsini təklif edilən zaman o, əynində olan qəhvəyi rəngli çantanın içərisində saxlamış olduğu içərisində siqaretin qızılı rəngli kağızma bükülmüş 07 (yeddi) bükümdə psixotrop maddə metamfetamin olan göy rəngli nazik “Sobranie” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Sonra həmin çantaya baxış zamanı çantanın ciblərindən 01 (bir) ədəd Samsung, 01 (bir) ədəd Nokia markalı mobil telefonları, 01 (bir) ədəd açılmamış ağ rəngli qalın “Sobranie” markalı siqaret qutusu, 01 (bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 01 (bir) ədəd sürücülük vəsiqəsi, qəhvəyi rəngli pul qabı, həmin pul qabının içərisindən də 330 (üç yüz otuz) manat pulu aşkar edilmişdir. Göy rəngli nazik “Sobranie” markalı siqaret qutusuna baxış keçirilərkən içərisindən suqaretin ağ rəngli sellofanının içərisində olan siqaretin qızılı rəngli kağızına bükülmüş psixotrop maddə metamfetamin bükümləri aşkar edilərək götürülmüşdür. Bükümlərin hər biri onun və müdafiəçinin iştirakı ilə açılaraq içərilərinə baxış keçirilən zaman ağ rəngli kristal halda olan maddələrin, yəni psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Daha sonra üzərindən aşkar olunmuş 07 (yeddi) ədəd siqaretin qızılı kağızına bükülmüş vəziyyətdə olan bükümlər tərəziyə qoyulub çəkilmiş və ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri möhürlənmişdir. Sonra 330 (üç yüz otuz) manat pulu, 01 (bir) ədəd ağ qalın “Sobranie” markalı siqaret qutusu, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi özünə qaytarılmışdır. Asif adlı taksi sürücüsünü tanımamış, onunla heç bir ədavət və düşmənçiliyi olmamış, əl çantasında psixotrop maddə metamfetamin bükümləri olmasından Asifin heç bir məlumatı olmamışdır, sonuncu onu sadəcə taksi sürücüsü kimi maşın bazarına aparmışdır. Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin bükümlərini bükümlərə bölünmüş vəziyyətdə 29 sentyabr 2022-ci il tarixdə saat təxminən 15:00 radələrində Kənan adlı şəxsdən Sumqayıt şəhəri, “Daş Bazarı”nın yaxınlığındakı yanacaqdoldurma məntəqəsinin yanında 40 (qırx) manat müqabilində şəxsi istifadəsi üçün əldə etmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, heç kimə vermək və satmaq fikri olmamış, həmin maddələrin yalnız qəbulu ilə məşğul olmuşdur. İstifadəsində “Samsung” markalı mobil telefon, həmin telefonda 051 ***- **-** saylı və “Nokia” markalı mobil telefon, həmin telefonda da 051 ***-**-** saylı mobil nömrəsi vardır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərində şəxsi axtarış aparılarkən ona qarşı heç kim zor tətbiq etməmişdir. Kənanı əvvəllər heç vaxt görməmiş və tanımamış, onu ilk dəfə 29 sentyabr 2022-ci il tarixdə “Daş Bazarı”nın yanında görmüş və onunla təsadüfən tanış olmuşdur. Kənanın soyadını, atasının adını və mobil telefon nömrəsini, eləcə də yaşadığı ünvanı bilməmiş, Kənan orta boylu və qarayanız şəxsdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, rütbəsi polis mayorudur. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. 29 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə Polis İdarəsinin rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt maşın bazarının ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən saat 17:20 radələrində Təqsirləndirilən şəxs maşın bazarının yaxınlığında yerləşən dayanacağın yanında taksidən düşdüyünü görmüşlər. Bir neçə dəqiqə Təqsirləndirilən şəxs müşahidə eldikdən sonra sonuncuya yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından və hər hansı bir müdaxilə ola bilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs və sonradan adının X5 olduğunu bildiyi şəxsi Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs və Asif Axundzadə etiraz etməyərək onlarla birlikdə Polis İdarəsinə gəlmişlər. Polis İdarəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi X1 iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs özü boynundan asmış olduğu qəhvəyi rəngli çantadan göy rəngli “Sobranie" markalı siqaret qutusunu çıxararaq təqdim etmiş və çantanı da masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin üzərindən hər hansı əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli ’‘Sobranie” markalı siqaret qutusunun içərisinə baxdıqda isə içərisində şəffaf sellofanda 07 (yeddi) ədəd qızılı rəngli siqaret kağızı bükümlərinin olması aşkar olunmuşdur. Həmin bükümlər açıldıqda içərisində ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddələrin olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş maddələr psixotrop maddə olan metamfetamdir, həmin maddələri 07 (yeddi) ədəd büküm şəklində Sumqayıt şəhəri, “Daş Bazarı”nın yaxınlığında Kənan adlı şəxsdən 40 (qırx) manat pul verərək şəxsi istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş həmin kütlələr elektron tərəzidə çəkilmiş, ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və möhürlənmişdir. Budnan sonra Təqsirləndirilən şəxs ilə birlikdə Polis İdarəsinə gətirilmiş sonradan adını bildiyi X2 da üzərində sonuncunun razılığı ilə şəxsi axtarış aparılmış, lakin onun üzərindən qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamşdır. Sorğu zamanı Asif Axundzadə bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncunu müştəri qismində “Elmarın dairəsi”ndən götürüb Ceyranbata qəsəbəsindəki “Araz” marketə aparmış, oradan da Sumqayıt şəhərindəki maşın bazarının yanına gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntüdən müəyyən olunur ki, təhqiqatçı Elnur Feyzullayev özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu deyir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli bilinərək Sumqayıt ŞPİ-nin polis əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinə gətirildiyini deyərək polis əməkdaşlarına özlərini təqdim etməsini bildirir və onlar da özlərini təqdim edirlər. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişi təqdim edərək hüquqlarının özünün seçdiyi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 tərəfindən müdafiə edəcəyini deyərək vəkili ona təqdim edir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirərək, şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs boynundan asmış olduğu qəhvəyi rəngli çantadan göy rəngli “Sobranie” markalı siqaret qutusunu çıxararaq təqdim edir və çantanı da masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, lakin üzərindən hər hansı əşya və ya maddə aşkar olunmur. Təqsirləndirilən şəxs məxsus həmin çantaya baxıldıqda içərisindən 01 (bir) ədəd Samsung, 01 (bir) ədəd Nokia markalı mobil telefonlar, 01 (bir) ədəd ağ rəngli açılmamış halda “Sobranie” markalı siqaret qutusu, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, pul qabı və pul qabının içərisində 330 (üç yüz otuz) manat pul olması aşkar olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli “Sobranie” markalı siqaret qutusunun içərisinə baxdıqda isə içərisində şəffaf sellofanda 07 (yeddi) ədəd qızılı rəngli siqaret kağızı bükümlərinin olması aşkar olunur. Həmin bükümlər açıldıqda içərisində ağ rəngli, kristalşəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddələrin olması müəyyən olunur. Sonra isə həmin bükümlər elektron tərəzidə çəkilərək ayrı-ayrılıqda çəkisinin 0,41 qram, 0,28 qram, 0,31 qram, 0,23 qram, 0,29 qram, 0,19 qram, 0,17 qram, ümumi çəkisinin isə 1,89 qram olması müəyyən olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddələrin metamfetamin olduğunu, həmin maddələri 07 (yeddi) ədəd büküm şəklində Sumqayıt şəhəri, “Daş Bazarı”nın yaxınlığında Kənan adlı şəxsdən 40 (qırx) manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra həmin bükülü qablaşdırılır, möhürlənir, qəbzin üzərində qeydlər aparılır, Təqsirləndirilən şəxs tərəfindən imzalanır. Həmçinin Təqsirləndirilən şəxs məxsus 02 (iki) ədəd mobil telefon götürülür, sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi və pul onun özünə qaytarılır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5606 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün 124” möhür əksi və “Saxlanılan şəxs Əhədli Eslevər” və s. yazılar, imzalar olan zərfdəki 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,241 qram. 0,196 qram, 0,218 qram, 0,291 qram, 0,172 qram, 0,152 qram, 0,121 qram, ümumi təmiz çəkiləri 1,391 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 07 bükümdəki metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edirlər. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş ‘'Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələf'in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi 1,391 qram, tədqiqata sərf edildi 0,14 qram, qalıq-1,251 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi X8" tərəfindən verilmiş məhkəmə-narkoloji ekpsertizasının xx.xx.2022-ci il tarixli, 7240 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 1,391 qram psixotrop maddə metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 1,251 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2022-ci il tarix qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş nmateriallarında olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-296/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclaslarına gəlmədiyi üçün barəsində həbssiz axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin xx.xx.2023-cü il tarixli məktubundan və həmin tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmış və Sumqayıt Şəhər Məhkəməsinə təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş 1528 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsi 1 və 3-cü Məhəllələr 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan diplomların surətindən görünür ki, Təqsirləndirilən şəxs Yunan-Roma güləşi üzrə yüksək nailiyyətlər əldə etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin aşkar edilməsini özündə əks etdirən 01 (bir) ədəd DVD Compact disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Yunan-Roma güləşi üzrə yüksək nailiyyətlər əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, onun cinayət əməlini törətməsi şahid ifadələri və iş materiallarında olan digər sübutlarla təsdiqini tapmışdır və o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.20222-ci il və xx.xx.2023-cü il tarixlərdə həbsdə olduğu 04 (dörd) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin aşkar edilməsini özündə əks etdirən 01 (bir) ədəd DVD Compact disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 1,391 qram psixotrop maddə metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 1,251 qram psixotrop maddə metamfetamin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 110,00 (bir yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.20222-ci il və xx.xx.2023-cü il tarixlərdə həbsdə olduğu 04 (dörd) müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,251 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin aşkar edilməsini özündə əks etdirən 01 (bir) ədəd DVD Compact disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 110,00 (bir yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar