Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-297/2024 24.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin binasında xx xxxx 1993-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 oktyabr 2023-cü il tarixdə, saat 02:00 radələrində sərxoş vəziyyətdə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən «Köz dönər» adlı kafenin kənarında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirdiyi milli geyim ləvazimatı və ovçuluq peşəsi ilə bağlı olmayan 01 (bir) ədəd vurucu-dağıdıcı xassəyə malik olan soyuq silah hesab edilən beşbarmaqkastetlə qəsdən sonuncunun baş nahiyəsindən bir dəfə vuraraq ona qapalı kəllə beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, ənsə nahiyəsinin dərialtı hematoması və əzilmiş cırılmış yarası kimi dərəcəsinə görə yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə soyuq silah hesab edilən beşbarmaq-kastetlə zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuş, sonra həmin silahı «Köz dönər» adlı kafenin yaxınlığındakı ağacın dibinə atmış və 26 oktyabr 2023-cü il tarixdə şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı həmin soyuq silah hesab edilən beşbarmaq-kastet qeyd olunan yerdən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 128 və 228.4-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, subaydır və övladı yoxdur. Əvvəllər məhkumluq həyatı yaşamış, xx.xx.2020-ci il tarixdə azad olunnmuşdur. Kənan, Sakit və Teymur onun dostlarıdır. Zərərçəkmiş şəxs və hadisə zamanı yanında olmuş şəxsi əvvəllər tanımamışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında qeyd etdiyi dostları ilə bir yerdə Le Fabrik adlı yerdə piyvə və tequila içmişlər, bundan sonra biraz gəzmişlər və ac olduqlarından xx.xx.2023-cü il tarixdə, saat 02:00 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən “Köz Dönər” adlı yerə gedərək dönər sifariş vermişlər. Hamısı dönər yeyəndən sonra o, kassaya yaxınlaşıb hesabı öyrənmiş, həmin vaxt Səbuhi və digər şəxs başqa masada əyləşmişlər. O, kassaya yaxınlaşan zaman Səbuhinin stolunda əyləşən şəxs ona baxmış, o, nəyə görə baxdığını soruşmuş, həmin şəxs onu tanıdığını bildirmiş, o isə tanıdığı təqdirdə niyə salam vermədiyini soruşmuşdur. Bu zaman Səbuhi nəsə demiş, o, cavab verməyərək kafedən çıxmış, ön qapıdan bayıra çıxmış, qapının qarşısında Kənan, Sakit və Teymur onu gözləmişlər. O, kafedən ön qapıdan bayıra çıxandan sonra arxa qapıdan da Səbuhi bayıra çıxmış, onlar kafenin kənarında görüşmüşlər. Səbuhinin yanında olan şəxs isə kafedən bayıra çıxmamış, həmin vaxt aralarında sözlü mübahisə baş vermiş, sonuncu əlin cibinə atmaq istəyən zaman, o, düşünmüşdür ki, Səbuhi cibindən nəsə çıxarıb onu vuracaqdır. Buna görə o, cibindən beşbarmağı çıxarıb Səbuhinin baş nahiyəsindən bir dəfə vurmuş, bundan sonra Səbuhi yerə yıxılmış, o, beşbarmağı əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq oradan uzaqlaşmışdır. O, özü tək 5-10 metr gedəndən sonra ağaclar olan yerə beşbarmağı cibindən çıxarıb tullamış və evə getmişdir. Saat 16-17 radələrində internet vasitəsi ilə Türkiyə Respublikasına bilet almış, təyyarənin qalxma saatı 22:00 radələri olmuş, o, axşam saatlarında hava limanına getmiş və orada yoxlanan zaman saxlanılmışdır. Bir neçə saat yoxlamadan sonra hava limanı polisi onu saxlayıb Sumqayıt ŞPİ-nə məlumat vermişlər, polis idarəsinin əməkdaşları hava limanına gəlib onu Sumqayıt ŞPİ-yə gətirmişlər. Hadisə bir neçə dəqiqə davam etdiyini, hadisənin ani zamanda baş verdiyini, həmin vaxt yanlarında heç kimin olmadığını, belə ki, dostlarının kafenin qarşısında dayandıqlarını, kafedə isə bir nəfər dönərçinin olduğunu, hadisə zamanı səsküyün olmadığını, ətrafda digər şəxslərin olmadığını, ona heç kimin xəsarət yetirmədiyini, həmin vaxt sərxoş olduğundan hadisə yerindən getdiyini, bundan başqa Səbuhinin tək olmadığını bildiyini, hadisə zamanı yanında olan dostlarının heç kimə xəsarət yetirmədiklərini, isifadə etdiyi beşbarmağı hadisədən təxminən bir həftə əvvəl yerdən tapdığını bildirmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbin olmadığını və əməlindən peşman olmasını nəzərə alaraq barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə isə yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixində, saat təxminən gecə 02:00 radələrində qohumu Çingizlə bir yerdə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən “Köz Dönər” adlı kafedə dönər yemişlər. Həmin vaxt dönərxanada orada işləyən dönərçidən başqa müştəri qismində 4 nəfər də əyləşmiş, həmin 4 nəfər şəxs də dönər yemişdir. Onlar dönər yeyəndən sonra ayağa qalxmışlar və onlardan bir nəfər sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs hesabı vermək üçün yaxınlaşmışdır. Həmin vaxt qohumu Çingiz Ceyhuna baxmış, çox güman ki, Ceyhun sonuncuya tanış gəlmiş, sonuncu bu zaman Çingizə tərəf çönərək nəyə görə baxdığını demiş, Çingiz isə onu tanıdığını ona görə baxdığını demişdir. Ceyhun tanıyırsa salam verməli olduğunu demiş, Çingiz yaşda balaca olduğundan o, müdaxilə edərək Ceyhuna uşaq olduğunu, tandığına görə baxdığını demiş, aralarında mübahisə baş verməmiş və Ceyhun bayıra çıxmışdır. Ceyhunun yanında olan 3 nəfər artıq bayıra çıxıb gözləmişlər. Ceyhun bayıra çıxan zaman o, digər qapıdan bayıra çıxmış və onlar kafenin üzbəüz dayanan zaman sağ kənarında görüşmüşlər. O, Ceyhuna nəsə problemin olub-olmadığını, Çingizin uşaq olduğunu demiş, bu zaman aralarında sözlü mübahisə baş vermiş, həmin vaxt həmin şəxs nəynənsə onun baş nahiyəsindən bir dəfə vurmuş, o, yerə yıxılmışdır. Bundan sonra özünü itirmiş və ayılan zaman xəstəxanada olduğunu görmüşdür. Kafenin kənarında Ceyhun və özünün olduğunu, Ceyhunun yanında olan 3 nəfər şəxsin isə kafenin ön qapısında dayanıb Ceyhunu gözlədiyini, həmin vaxt kafedə 1 nəfər dönərçinin olduğunu, Ceyhunla kafenin kənarında olan söhbətinin təxminən 2 dəqiqə davam etdiyini, hadisə zamanı səs-küyün olmadığını, ətrafa heç kimin toplaşmadığını, mübahisə zamanı telefonunu çıxartmaq üçün əlini cibinə atmaq istədiyini, sonradan telefonun Çigizin yanında kafenin içərisində qaldığını bildiyini göstərmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 25 oktyabr 2023-cü il tarixdə, saat 01:00 radələrində Səbuhi ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən «Köz dönər» adlı obyektə getmişlər. Həmin obyektə gəldikdə başqa masada 4 nəfər şəxsin oturduğunu görmüşlər. Onlar sifariş vermişlər, saat 02:00 radələrində başqa masada oturan 4 nəfər şəxsdən biri kassaya yaxınlaşıb hesabı istəmiş, hesabın 11 manat 10 qəpik olması bildirilmiş, o, hesabı vermək üçün yaxınlaşan Ceyhun adlı şəxsi əvvəllər tanıdığından baxmış, həmin vaxt Ceyhun ona «nə baxırsan» demiş, o, həmin şəxsin sərxoş olduğunu və problemli insan olduğunu başa düşüb səni tanyıram demiş, sonuncu isə «tanıyırsan salam verdə» demişdir. O, «salam verdim eşitmədiz» demiş, bu zaman onun yanında olan Səbuhi «baxır baxırda» demiş, həmin vaxt mübahisə baş verməmiş və Ceyhun kafedən bayıra çıxmışdır. Həmin vaxt Ceyhunun yanında olan digər 3 nəfər şəxs artıq kafedən bayıra çıxıb gözləmişlər. Ceyhun bayıra çıxan zaman Səbuhi də digər qapıdan bayıra çıxmış, sonuncu kafenin yan tərəfində Ceyhunla görüşmüş, ani bir vaxtda sözlü mübahisə baş vermiş, Səbuhini nəynənsə vurduğunu görməmiş, sonra Səbuhi yerə yıxılmış, o, dərhal özü Səbuhini avtomobilə mindirib öz avtomobili ilə xəstəxanaya aparmışdır. Hadisə zamanı kafenin kənarında Ceyhun və Səbuhinin olduğunu, özünün kafenin içində, Ceyhunun yanında olan 3 nəfərin isə kafenin ön qapısının qarşısında olduqlarını, həmin vaxt kafedə 1 nəfər dönərçinin olduğunu, hadisə təxminən 2 dəqiqə davam etdiyini, hadisə zamanı səs-küyün olmadığını, ətrafa heç kim toplaşmadığını, hadisə zamanı heç bir xəsarət almadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Sumqayıt şhəri, 5-ci mikrorayon ərazisində yerləşən “Köz Dönər” adlı kafedə dönərçi işləyir, iş saatı hər gün saat 19:00 radələrində başlayıb, 04:00 radələrində bitir. Həmin kafe 24 saat fəaliyyət göstərir. 25 oktyabr 2023-cü il tarixdə, saat 01:00 radələrində kafeyə əvvəllər tanımadığı 4 nəfər şəxs gələrək dönər sifariş vermişlər. O, sifarişlərini verəndən sonra əvvəllər tanımadığı iki nəfər şəxs də gəlmiş, onlar da dönər sifariş vermişlər, o, sonuncuların sifarişlərini vermişdir. Təxminən saat 02:00 radələrində 4 nəfər olan masadan bir nəfər ayağa qalxaraq hesabı vermək üçün ona yaxınlaşmış, digər 3 nəfər isə bayıra çıxmış, o, hesabı deyəndən sonra həmin şəxslə əyləşən şəxs arasında sözlü mübahisə baş vermiş, mübahisə böyümədən həmin şəxs hesabı ödəyib kafedən ön qapıdan bayıra çıxmış, bundan sonra masada 2 nəfər əyləşən şəxslərdən yaşda böyük olanı kafenin arxa qapısından çıxmışdır. O, nəyə görə çıxdığını bilməmiş, hesabı verən şəxslə həmin şəxs kafenin yan tərəfində görüşmüşlər. Kafenin kənarı şüşə olduğundan kənarı gözlə görmək mümkündür. Onlar görüşəndən təxminən 1 dəqiqə sonra sonradan adının Səbuhi olduğunu bildiyi şəxs yerə yıxılmış, o, dərhal kafedən su götürüb onun yanına getmiş, daha sonra Səbuhinin yanında olan şəxs kafedən çıxıb onu avtomobilinə əyləşdirib aparmışdır. Hadisə zamanı kafenin kənarında sonradan adının Ceyhun və Səbuhi olduğunu bildiyi şəxslərin olduğunu, bir nəfərin kafenin içərisinə, 3 nəfərin isə ön qapının qarşısında olduğunu, hadisə zamanı səs-küy olmadığını, ətrafa heç kim toplaşmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 24 oktyabr 2023-cü il tarixdə, saat 21:00 radələrində tanışları Şahid2, Şahid4 və Təqsirləndirilən şəxslə birlikdə Sumqayıt şəhərində «Republic» adlı pub kafedə oturub tekila və pivə spirtli içkiləri qəbul etmişlər. 25 oktyabr 2023-cü il tarixdə saat 00:30 radələrində oradan çıxaraq Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən «Köz dönər» adlı kafeyə gedərək orada masaların birində oturub dönər sifariş vermişlər. Onlar dönər yedikdən sonra hesabı istəmişlər və Ceyhun kafedəki kassaya yaxınlaşmış, orada hesabın 11 manat 10 qəpik olması bildirilmiş, Ceyhun cibində 10 qəpik axtarmağa başlamış, həmin vaxt Ceyhun kafedə qalmış, onlar isə kafenin qarşısında Ceyhunu gözləmişlər. Həmin vaxt Ceyhunun digər masada olan şəxslə söhbət etdiyini görmüş, sonuncu söhbət edəndən sonra ön qapıdan bayıra çıxmış, həmin vaxt masada əyləşən sonradan adının Səbuhi olduğunu bildiyi şəxs arxa qapıdan bayıra çıxmış, Ceyhun onların yanında ayrılıb kafenin yan tərəfinə gedib həmin şəxslə söhbət etməyə başlamışdır. Onlar kafenin qarşısında gözləmişlər, bir anda Ceyhunun Səbuhini vurduğunu və Səbuhinin yerə yıxıldığını görmüşdür. Həmin vaxt Ceyhun onlara tərəf qaçmış, qorxduqlarından oradan uzaqlaşaraq getmişlər. Şahid2 həmçinin ifadəsində hadisə zamanı kafenin kənarında Ceyhun və Səbuhinin olduğunu, onların isə kafenin qarşısında dayanıb Ceyhunu gözlədiklərini, həmin vaxt kafedə 1 nəfər dönərçinin olduğunu, hadisənin təxminən 2 dəqiqə davam etdiyini, hadisə zamanı səs-küy olmadığını, ətrafa heç kimin toplaşmadığını bildirmişdir. İş materiallarında olan Sumqayıt şəhəri MTE və PA şöbəsinin 25 oktyabr 2023-cü il tarixli, 1745 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində QKBT, baş beynin yüngül dərəcəli əzilməsi, ənsə nahiyyəsinin dərialtı hematoması və əzilmiş-cırılmış yarası xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, Sumqayıt şəhər TTYX- na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə beşbarmaqla yetirilən zərbənin təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığı yüngül zərərvurmaya aiddir. Xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətin Zərərçəkmiş şəxs özü-özünə yetirməsi, həmçinin öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi az inandırıcıdır. İş materiallarında olan məhkəmə-kriminalistik ekspertizasının 20 noyabr 2023-cü il tarixli, 564-2023/MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş predmet kustar üsulla hazırlanmış beşbarmaq-kastetdir və vurucu-dağıdıcı xassəyə malik soyuq silahdır. İş materiallarında olan məhkəmə-tibbi bioloji ekspertizasının 20 noyabr 2023-cü il tarixli, 753-2023/MTBŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilən Təqsirləndirilən şəxs məxsus cins şalvar və beşbarmaq üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrpu AB0 sistemi üzrə təyin edildikdə H antigeni və alfa, beta aqqlyutinninləri alındı. Bu qan ləkələri AB0 sistemi üzrə O alfa, beta /İ/qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qimsində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-414/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş və həbs müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan götürmə aparılması və baxış keçirilməsi haqqında 26 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, cins şalvar açıq mavi rəngədədir, şalvarın ön səthində fabrik yırtıqları vardır. Şalvarın içəridən bel nahiyəsndə “Zara” yazısı olan etiket vardır. Şalvarın çağ yan cibinin içəri hissəsində qanabənzər ləkələr vardır. İş materiallarında olan ifadənin yerində yoxlanılması protokolundan görünür ki, hadisə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən “Köz Dönər” adlı kafenin yan tərəfində baş vermişdir. Həmin kafenin ön tərəfindən sağ istiqamətində hərəkət edən zaman yolun kənarında ağacın dibindən 01 (bir) ədəd üzərində qanabənzər ləkələr olan beşbarmaq aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs Əldər oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilən əməliyyat tədbirləri zamanı hadisəni görən şəxslərin müəyyən edilərək dindirmələri üçün istintaqa gətirilmələri istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, ancaq müsbət nəticə əldə edilməmişdir. Bundan başqa keçirilmiş tədbirlər nəticəsində hadisə zamanı ətrafda heç kimin olmaması, ictimai qaydanın kobud surətdə pozulmaması barədə məlumatlar əldə edilmişdir. Əməliyyat tədbirləri davam etdirilir. Gələcəkdə hər hansı bir nəticə əldə olunarsa məlumat veriləcəkdir. İş materiallarında olan Sumqayıt şəhəri MTE və PA şöbəsinin 1769 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi soyuq silah hesab edilən beşbarmaq və hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd cins şalvar xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc otağına verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7(005)-2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4, 228.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə CM-nin 126.2.4-cü maddəsi, CM-nin 126.1 və 128-ci maddələrinə tövsif edilərək cəzası 05 (beş) ilə endirilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7(005)-2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası 04 (dörd) il 09 (doqquz) aya endirilmiş və xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir, lakin törətdiyi hazırki əməl böyük ictimai təhlükə törətməyən cinayət olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin təsiri altına düşür və cinayətlərin residivi kimi nəzərə alınmır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128 və 228.4cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-297/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, əməlini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl özünün etirafedici və şahid ifadələri, iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır və o, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası 228.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, hökm qanuni qüvvəyə mikdikdən sonra iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 01 (bir) ədəd beşbarmaq məhv edilməli və 01 (bir) ədəd cins şalvar Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinib 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mikdikdən sonra iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 01 (bir) ədəd beşbarmaq məhv edilsin və 01 (bir) ədəd cins şalvar Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-297/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-297/2024
24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver