Məhkəmə qərarları › İş №1(060)-298/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-298/2025

07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-298/2025 07.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X1 nümayəndəsi və müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Xüsusi ittiham qaydasında şikayət verən şəxs X1 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 xüsusi ittiham qaydasında şikayətlə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək X4, X5, X8, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır və şikayətdə qeyd edilmişdir ki, 2023-cü ilin sentyabr ayında yaşadığı mənzildə müəyyən təmir işlərini aparmaq istəmiş, bu səbəbdən ustalarla danışıb razılaşıb onları yaşadığı mənzilə gətirmişdir. Evin çöl hissəsində, yağış sularının axıntısı və havalandırmanı təmin etmək üçün eyvan hissədən vintelyasiya və boru sistemi quraşdırılarkən qonşuluqda yaşan sakinlərdən Gülxarə və onun qızı Nuranə işə mane olmuş, çox aqressiv hərəkətlər etməyə başlamışdırlar. Onlar onun və ustaların ünvanına nalayiq ifadələr işlətmiş, bununla sakitləşməyən bu iki şəxs alınan və quraşdırılan avadanlıqları yararsız vəziyyətə salmışlar. Bu şəxslərin qanunsuz hərəkətlərindən o, polisə şikayət etmiş, polisdə araşdırma aparılmışdır. O, bu araşdırmanın nəticələri ilə razı olmadığı üçün müvafiq addımlar atmışdır. Lakin onun şikayəti 4-cü PB-nin 14 dekabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd olunmasına dair" Qərarı qəbul edilməsi ilə bağlıdır. Qərarda şikayətçi olduğu şəxslər onun guya ruhi xəstə, dəli kimi göstərməyə çalışmışlar. Hesab edir ki, həmin izahatlar onun şərəf və ləyaqətinə toxunur. Belə ki, hazırda 64 yaşı var və 20 il müddətində Sumqayıt şəhərində dövlət orqanlarında müxtəlif yüksək vəzifələrdə işləmişdir. Bu ifadələr onun barəsində həqiqətə uyğun olmayan rəy formalaşmasına gətirib çıxarır. Şikayətçi olduğu şəxslərin yəni Kövsər Nəbiyevanın, Gülxarə Məmmədovanın, Bəxtiyar Quliyevin, Nuranə Məmmədovanın CM-nin 147.1 və 148-ci maddələrilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Sədaqət Haqverdiyevanın nümayəndəsi və vəkili X7 şikayətin məzmununa uyğun ifadə verərək bildirdi ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Vəkil Ruslan Mustafazadə bildirdi ki, “Cinayət işinin başlanmasının rədd olunmasına dair" Qərarda barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslərin hər birinin izahatları olduğu üçün həmin şəxslər barəsində bir şikayət ərizəsi ilə məhkəməyə müraciət etməyi məqbul hesab etmişlər. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən şəxs Sədaqət Haqverdiyeva sözügedən qərardan məhkəmə nəzarəti qaydasında şikayət verdiyini, lakin məhkəmənin həmin qərarı qüvvədə saxladığını bildirmişdir. Məhkəmə iclasında Sədaqət Haqverdiyeva ona ünvanlanmış suallara cavab olaraq bildirdi ki, sözügedən qərarda qeyd edilən şəxslərin ifadəsini şəxsən özü heç vaxt almamışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslərin izahatları ilə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə " qərarda tanış olmuşdur. Həmin qərar sosial şəbəkə platformasında rastlaşmamış, kütləvi informasiya vasitələrində yayılmamışdır. Məhkəmədən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ilkin olaraq aşağıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət əsassız olduğu və şikayətdə şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutlar əlavə edilmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində göstərilən yuxarıda sadalananlar göstərilməlidir. Həmin Plenum qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə - hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə - ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə - dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından və xüsusi ittiham qaydasında şikayət vermiş Sədaqət Haverdiyevanın özünün məhkəmə iclasında qeyd etdiklərindən məlum olmuşdur ki, xüsusi ittiham qaydasında şikayət verdiyi şəxslər onun barəsində hər hansı təhqir və bohtan xarakterli məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymamış, sadəcə “Cinayət işinin başlanmasını rədd edilməsi haqqında” qərarda göstərilən məzmunda izahat vermişlər. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatında tərəflərin çəkişmə prinsipi cinayət mühakimə icraatında ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilməsini nəzərdə tutmaqla hər bir tərəfin məhkəmədə təmsil olunmasını və məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malik olmalarını ehtiva edir. Bu prinsipə görə ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyatini, cinayəti tərətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübüt edir, müdafiə tərəfi isə əksinə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib edir və ya CPM-də təsbit edilmiş digər funksiyaları yerinə yetirir. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin hazırlıq iclasında yoxlanılması zamanı şikayətin əsassız olduğu və şikayətdə şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutların əlavə edilmədiyi və ya əlavə hər hansı sübutunun olmadığı müəyyən edilmişdir. CM-nin 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə,mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma-min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 148-ci maddəsinə görə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmamin manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəməyə daxil olan materialda Kövsər Nəbiyevanın, Gülxarə Məmmədovanın, Bəxtiyar Quliyevin, Nuranə Məmmədovanın həqiqətən də Sədaqət Haqverdiyevanı təhqir etməsini və ya ona böhtan atmasını təsdiq edəcək heç bir mötəbər sübut əlavə olunmamış, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edilməsi qeyd olunmamışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar” kütləvi nümayiş etdirilən əsər deyildir, həmin qərar barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər və ya onların hər hansı biri tərəfindən tərəfindən kütləvi informasiya vasitələrində yayılmış olsaydı bu halda həmin şikayətin icraata qəbul edilməsi ağlabatan olardı. Lakin məhkəmə tərəfindən belə hal müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293-cü, 302-ci və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X8, X4, X5, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar