Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-300/2022 19.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.09.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 17.03.2016-cı il tarixli 1903 nömrəli Əfv sərəncamına əsasən cəzadan azad edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 02.11.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15.08.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 31.07.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06.05.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluqları ödənilməmiş və götürülməmiş, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan Dəmir yolu yaşayış massivi, yataqxana 2, otaq 29-da qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 04.11.2021-ci il tarixdə saat 13 radələrində şəxsiyyəti istintaqa məlum olmayan Seymur adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 1,889 qram çəkidə narkotik vasitə olan heroin və 0,595 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 04.11.2021-ci il tarixdə saat 17:15 radələrində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, Şirvan D/Y Y/M, 2 saylı yataqxananın yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-cü PB-yə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın kəmərinin alt hissəsində saxladığı qara rəngli əl çantasındakı bənövşəyi rəngli dəmir qabın içərisindən 3 (üç) ədəd gümüşü rəngli siqaret kağızına və 2 (iki) ədəd sarı rəngli sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,899 qram, 0,770 qram, 0,088 qram, 0,112 qram və 0,02 qram olmaqla ümumi təmiz çəkisi 1,889 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 3 (üç) ədəd gümüşü rəngli siqaret kağızına və 1 (bir) ədəd sarı rəngli sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,459 qram, 0,046 qram, 0,05 qram və 0,04 qram olmaqla ümumi təmzi çəkisi 0,595 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və həmin çantadan bir ədəd səthində heroin izləri olan qara rəngli üzərində “Aosai” yazılan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Belə ki, o, narkotik maddələrdən istifadə edir. Əvvələr Azərbaycan Pespublikası CM-nin 234.1-ci maddəsi ilə bir neçə dəfə məhkum olunmuş və 2021-ci ilin may ayında azadlığa çıxmışdır. 04.11.2021-ci il tarixdə saat təxminən 13 radələrində Xızı rayonunda Seymur adlı şəxslə görüşüb ondan 35 (otuz beş) manata 2 (iki) büküm heroin və 1 (bir) büküm “şüşə” (metamfetamin) almışdır ki, özü istifadə etsin. Həmin gün, yəni 04.11.2021-ci il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Şirvan D/Y Y/M-də yaşadığı 2 saylı yataqxanada yaşadıqları 29 saylı otaqda olduğu zaman polis əməkdaşları qapını zorla açaraq içəri daxil olmuşlar və onun yaşadığı otağa baxdıqda həmin 2 (iki) büküm heroin və 1 (bir) büküm “şüşə” (metamfetamin) və şpris aşkar etdilər. Sonra onu ərazi üzrə 2 PB-nə dəvət etdilər. Həmin bölmədə adının Ayaz Fərzəliyev olduğunu bildiyi polis əməkdaşı onu döyərək ona əlavə narkotik bükümlər, elektiron tərəzi və qara rəngli əl çantası verərək üzərinə şəxsi axtarış keçirilən zaman həmin narkoyik maddələri, tərəzini və qara rəngli əl çantasını çıxararaq təqdim etməsini bildirmişdir. O, da razılaşaraq üzərinə videoçəkilişlə baxış keçirilən zamanı həmin qara rəngli əl çantasını çıxararaq polis əməkdaşlarına təqdim etmiş və həmin çantanın içərisindəki heroin və metamfetamin olan bükümlərin və elektiron tərəzinin özünə məxsus olduğunu bildirmişdir. O, heç bir vaxt narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Həmin narkotik vasitə və psixotrop maddələr olan əlavə bükümləri və elektron tərəzinin ona polis əməkdaşları tərəfindən verilməsi ilə bağlı nə müstəntiqə, nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətə və təqdimata baxan hakimə deməmiş, nə də bu barədə hər hansı bir orqana şikayət etməmişdir. Onun üzərindən aşkar olunmuş 2 (iki) büküm heroini və 1 (bir) büküm “şüşə”ni metamfetamini 35 (otuz beş) manata şəxsi istifadəsi üçün Seymur adlı şəxsdən almışdır və həmin bükümləri polis əməkdaşları aşkar etmişlər. Qalan bükümlər və tərəzi onun deyil. Təqsirləndirilən şəxs hazırda özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək həmin maddə ilə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvələr Azərbaycan Pespublikası CM-nin 234.1-ci maddəsi ilə bir neçə dəfə məhkum olunmuş və 2021-ci ilin may ayında azadlığa çıxmışdır. 04.11.2021-ci il tarixdə saat təxminən 13 radələrində Xızı rayonunda Seymur adlı şəxslə görüşüb ondan 60 (altmış) manata 5 (beş) büküm heroin və 4 (dörd) büküm “şüşə” (metamfetamin) almışdır ki, həm özü istifadə etsin, həm də satıb gəlir əldə etsin. O, həmin heroini və “şüşəni” (metamfetamin) qara rəngli əl çantasının içərisindəki kiçik ölçülü bənövşəyi rəngli dəmir qaba yığmış və həmin çantanı şalvarının kəmərinin alt hissəsinə qoymuşdur. Həmin gün, yəni 04.11.2021-ci il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Şirvan D/Y Y/M-də yaşadığı yataqxananın yanında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ondan da özünü təqdim etməyini xahiş etmişlər. O da polis əməkdaşlarına Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin vaxt polis əməkdaşları ona narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində və satışında şübhəli bilindiyi üçün saxlanıldığını söyləmiş və onu Sumqayıt şəhər Pİ-nin 2-ci polis bölməsinə dəvət etmişlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. 2-ci PB-də olan zaman ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş, sonra polis əməkdaşları video çəkiliş aparmaqla və seçdiyi vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağını söyləyib şəxsi axtarış aparılmasına etirazının olub-olmadığını soruşmuşlar. O, polis əməkdaşlarına videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini demişdir. Polis əməkdaşları şəxsi axtarış aparılmazdan əvvəl ondan üzərində hər hansı qanunsuz əşya və ya maddənin olub-olmamasını sual etmiş, olduğu halda təqdim etməyini bildirmişlər. O da bu zaman əynində olan şalvarın kəmərinin alt hissəsində gəzdirdiyi qara rəngli əl çantasını polis əməkdaşlarına təqdim etmişdir. Onun çantasına baxış zamanı oradan ona məxsus əşyalar, eləcə də bir ədəd qara rəngli elektron tərəzi, bənövşəyi rəngli kiçik ölçülü dəmir qabın içərisindən isə siqaretin gümüşü rəngli kağızına və sarı rəngli sellofana bükülmüş vəziyyətdə 5 büküm heroin və 4 büküm “şüşə” (metamfetamin) aşkar edilmişdir. Sorğu zamanı o, polis əməkdaşlarına həmin narkotik vasitə və psixotrop maddəni həmin gün günorta saatlarında Xızı rayonundan Seymur adlı şəxsdən 60 (altmış) manata satmaq məqsədilə aldığını, elektron tərəzinin də özünə məxsus olduğunu və həmin maddələrin çəkisini çəkmək üçün gəzdirdiyini söyləmişdir. Bundan sonra üzərindən aşkar olunmuş içərisində narkotik vasitə “heroin” və “şüşə” (metamfetamin) olan bükülülər tərəziyə qoyulub çəkilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. Eyni zamanda üzərində “Aosai” yazısı olan qara rəngli elektron tərəzi də qablaşdırılmışdır. Daha sonra üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar protokolu və zərfi imzalamışlar. Həmçinin, Təqsirləndirilən şəxs ifadəsində ona verilən suallara cavab olaraq, üzərindən aşkar olunan narkotik vasitə olan “heroin”i və “şüşə” adlandırdığı psixotrop maddə olan metamfetamini həm satmaq, həm də şəxsi istifadəsi üçün üzərində daşıdığını, narkotik vasitə və psixotrop maddə aldığı şəxsin adını Xızı rayon sakini Seymur kmi tanıdığını, lakin dəqiq yaşadığı yeri və digər anket məlumatlarını bilmədiyini, 04.11.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən, eləcə də polis bölməsində olan zaman hər hansı fiziki təsirə, işgəncəyə və ya qanunsuzluğa məruz qalmadığını, heç bir psixi xəstəliyinin olmadığını və heç vaxt bu cür xəstəliklərlə bağlı müalicə olunmadığını, istifadəsində mobil telefon və ya mobil nömrə olmadığını bildirmişdir. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkilləri, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 04.11.2021-ci il tarixdə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Şirvan D/Y Y/M, yatqxana 2-də qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, həmin bölmənin əməliyyat müvəkkili Şahid3, təhqiqatçı Abbasov Mətləbdən və inspektor-kriminalist Həbibov Asəfdən ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Şirvan D/Y Y/M, yatqxana 2 ünvanının yaxınlığında olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında 04.11.2021-ci il tarixdə saat 17 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Şirvan D/Y Y/M, yatqxana 2 ünvanının yanına getmişlər. Orada olan zaman bir neçə dəqiqədən sonra əlamətləri Təqsirləndirilən şəxsla üst-üstə düşən bir nəfər şəxsi görüb onu saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və satışında şübhəli olduğunu bildirmişlər. Saxlanıldığı yerdə şərait olmadığından şəxsi axtarış aparılması üçün Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 2-ci PB-yə dəvət olunmuş, o etiraz etmədən 2-ci PB-yə getmişdir. PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs hüqularının müdafiə etmək üçün vəkil təqdim olunmuş, eləcə də hüquq və vəzifələri barədə bildiriş təqdim olunaraq təhqiqatçı tərəfindən hüquqları izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılacağı izah edilərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar, o, etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində olan əşyaları təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli şalvarın kəmərinin alt hissəsində gəzdirdiyi qara rəngli əl çantasını təqdim etmişdir. Onun çantasına baxış zamanı oradan bir ədəd qara rəngli elektron tərəzi, bənövşəyi rəngli kiçik ölçülü dəmir qabın içərisindən isə siqaretin gümüşü rəngli kağızına və sarı rəngli sellofana bükülmüş vəziyyətdə 9 ədəd bükümlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükülülərin içərisində nə olduğu soruşulduqda o, bükümlərin içərisində “şüşə” (metamfetamin) və heroin olduğunu söyləmiş, həmin narkotik vasitə və psixotrop maddəni həmin gün günorta saatlarında Xızı rayonundan Seymur adlı şəxsdən satmaq məqsədilə aldığını, elektron tərəzinin də özünə məxsus olduğunu və həmin maddələrin çəkisini çəkmək üçün gəzdirdiyini söyləmişdir. Həmin bükümlərin içərisinə baxılarkən orada 4 ədəd ağ rəngli, kristal şəkildə psixotrop maddə metamfetaminə bənzər və 5 ədəd spesifik iyi olan tozşəkilli heroinə bənzər kütlələr aşkar olunmuşdur. Sonra həmin kütlələr elektron tərəzi vasitəsilə çəkilərək qablaşdırılmış, eləcə də Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş elektron tərəzi də qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni və narkotiki haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o həmin maddələri 04.11.2021-ci il tarixdə günorta saatlarında Xızı rayonundan Seymur adlı şəxsdən satmaq məqsədilə aldığını, elektron tərəzinin də özünə məxsus olduğunu və həmin maddələrin çəkisini çəkmək üçün gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi yalandır və özünü müdafiə xarakteri daşıyır. Nə o, nə də ki, digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və ya təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs “yaşadığı evdən tutularaq aparılması, üzərindən tərəzi və digər narkotik maddələrin çıxmaması, həmin əşyaların onun üzərinə qoyulması” barədə məhkəmədə göstərdikləri müdafiə xarakterlidir və həqiqəti əks etdirməmişdir. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmədə məhkəmənin təşəbbüsü ilə dindirilmiş şahid X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs xidməti ərazinin sakini kimi tanıyır. Bundan əlavə, Təqsirləndirilən şəxs əvvəllər narkotik maddə istifadə etdiyi üçün 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirində iştirak etmiş və Təqsirləndirilən şəxs həmin vaxt CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Hazırki cinayət işi ilə bağlı 2-ci PB-nin Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması üçün keçirdikləri tədbirdə iştirak etməmişdir. Lakin o, polis bölməsində olduğu vaxt 3 nəfər polis əmkdaşının onu bölməyə gətirdiklərini görmüşdür. O, həmin tədbirdə iştirak etməmiş, dvaxtdan hazırki Təqsirləndirilən şəxs heç bir fiziki, mənəvi təzyiq və ya təsir göstərməmişdir. Ola bilsin ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu ilə bağlı keçirilmiş əməliyyat tədbirində iştirak etdiyi üçün Təqsirləndirilən şəxs ona qarşı qərəzli mövqedədir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 04 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış videogörüntülərdə də şahidlər Şahid1 və Şahid3 ifadələrində göstərdikləri bir daha təsdqiq olunmuşdur. Həmin video görüntüdə Təqsirləndirilən şəxs üzündə olan qırmızı səpkilərin nə ilə əlaqədar olduğu soruşulduqda o bildirmişdir ki, həmin səpgilər metamfetaminin qəbulu nəticəsində yaranmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 05.11.2021-ci il tarixli, 6/4919 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Vət. Təqsirləndirilən şəxs üzərindən.... narkotik maddəyə oxşar..” yazı və imzalar olan zərfdə 05 (beş) ədəd bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,899 qr, 0,770 qr, 0,088 qr, 0,112 qr və 0,02 qram olmaqla ümumi çəkisi 1,889 qram qəhvəyi rəngli toz şəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 04 (dörd) ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,459 qr, 0,046 qr, 0,05 qr, 0,04 qram olmaqla ümumi çəkisi 0,595 qram ağ rəngli kristalşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. “Vət. Təqsirləndirilən şəxs üzərindən.... “Aosai” marklı elektron tərəzi..” yazı və imzalar olan zərfdə bir ədəd qara rəngli üzərində “Aosai” yazılan elektron tərəzinin üzərində nakotik vasitə heroinin izi vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaaq mümkün deyildir. (Heroinin ümumi çəkisi-1,889 qram, tədqiqata sərf edilən miqdar-0,1 qram (hər bir obyektdən 0,02 qram olmaqla), qalıq-1,789 qramdır. Metamfetaminin ümumi çəkisi-0,595 qram, tədqiqata sərf edilən miqdar-0,08 qram (hər bir obyektdən 0,02 qram olmaqla), qalıq-0,515 qramdır). İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Respublika Narkoloji Mərkəzi Ambulator X1 07.12.2021-ci il tarixli, 4928 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 223 saylı 18.01.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2017-ci ilin noyabr ayından opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu diaqnozu ilə həmin dispanserdə qeydiyyatdadır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilməməsi barədə göstərdikləri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Odur ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu üzərindən tərəzi aşkar edilməməsi və digər xüsusatlara dair ifadəsi işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən sübut kimi qəbul edilməməli, təqsirləndirilən şəxs qismində ibtidai istintaqda vermiş olduğu ifadə sübut kimi qiymətləndirilməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar oz təsdiqini tapmamışdır. İşin qeyd edilən halları bir daha təsdiq edir ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə məhkəmə iclaslarında səmimi olmamış, törətdiyi cinayət əməlini etiraf etməmişdir. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi müəyyən edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan hökmün surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs qəsdən törətdiyi cinayətə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.09.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 17.03.2016-cı il tarixli 1903 nömrəli Əfv sərəncamına əsasən cəzadan azad edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 02.11.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15.08.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 31.07.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06.05.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 04.11.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 06.11.2021-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 04 noyabr 2021-ci il tarixdən hesablanmaqla barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, eyni məhkəmənin 31.01.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 04 noyabr 2021-ci il tarixdən hesablanmaqla 15 gün müddətinə uzadılmış, həmin məhkəmənin hazırlıq iclasının 17.02.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 04 noyabr 2021-ci il tarixdən hesablanmalıdr. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun ərazi üzrə Sumqayıt şəhər narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi təmiz çəkisi 1,789 qram çəkidə narkotik vasitə olan heroin, 0,515 qram çəkidə psixoturop maddə olan metam fetamin və 01 ədəd qara rəngli üzərində “Aosai” yazılan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 88,70 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2022-ci il tarixli (iş № 1(060)-300/2022) qərarını icra edərək, 12 fevral 2022-ci il tarixli 156 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və ona, 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 04 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və onun ərazi üzrə Sumqayıt şəhər narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi təmiz çəkisi 11,789 qram çəkidə narkotik vasitə olan heroin, 0,515 qram çəkidə psixotrop maddə olan metam fetamin və 01 ədəd qara rəngli üzərində “Aosai” yazılan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 88,70 manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-300/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-300/2022
19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver