Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-302/2021 29.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1987-ci Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, “X2” İdarəsində işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Sumqayıt şəhər Vəkillər Bürosunun üzvi olmadığı halda yaşadığı ünvanda 2019-cu ilin avqust ayında özünə məxsus olan HP markalı noutbukdan istifadə edərək Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Şahid2 adından Şahid3 adına daşınar əmlakın olub-olmaması barədə məlumat almaq üçün üzərində Azərbaycan Respublikası dövlət gerbi, ünvan, tarix və telefon nömrəsi olan hüquq verən digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırıb qanunsuz hazırlayıb 07 sentyabr 2019-cu il tarixdə AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə təqdim etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Şahid3 onun keçmiş həyat yoldaşı X4 ilə aralarındakı mülki xarakterli mübahisəyə dair işdə vəkili olmuş və o, Şahid3 həmin işdən tanımışdır. O, ünvan 3 ünvanında onun və qızının həmin mənzildə istifadə hüququnun tanımasına dair iddia qaldırmışdır. İddiası hakim Əkrəm Qəhrəmanov tərəfindən tanınmışdır. Bunu görən vəkil Şahid3 məhkəmənin həyətində onu çağıraraq şirin dilə tutub yoldaşının adından danışaraq bildirmişdir ki, keçmiş yoldaşı onun istifadə hüququna xitam verilməsi üçün 10 min manat təklif edir. Bu pulu könüllü götür, məhkəmədə həmin mənzilə istifadə hüququna dair vermiş olduğu iddiadan imtina et. O da Şahid3 şirin dilinə aldanaraq həmin pulu Sumqayıt şəhər Məhkəməsinin həyətində götürmüş və 4 otaqlı mənzildə istifadə hüququnun tanınmasından imtina etmişdir. Bir neçə aydan sonra həmin vəkilə müraciət etmiş, vəkil Şahid3 ona səbrli olmasını, həmin mənzil satışda olduğunu, satılandan sonra qızı Fidana iki otaqlı mənzil alınacağını demişdir. O, Şahid3 bu hərəkətlərini görüb yenidən bir müddətədən sonra Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmədə Şahid3 onun iddiadan imtinası ilə bağlı ərizəsini hakimin qarşısına qoymuş, o, isə məhkəmədə hakimə vəkil Şahid3 onu aldatdığını və ona 4 otaqlı evə olan iddiasından əl çəkdiyini,10 min manat pulu götürməsini, ev satıldıqdan sonra 2 otaqlı ev veriləcəyini demişdir. Lakin, üzərindən bir müddət keçməsinə baxmayaraq ona hələ də ev alınmamışdır. O, məhkəmədə həmin 4 otaqlı evə köçməyi istəməsini bildirsə də, imtina ilə bağlı ərizəsi olduğuna görə iddiası təmin edilməmişdir. O, başa düşmüşdür ki, həmin vəkil onu aldatmışdır. Bundan başqa alimentlə bağlı o, Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Müraciəti hakim İlyas Mahmudov tərəfindən tanınmışdır. Cavabdeh Cəlilli Mətinin qazancının ¼-nin ona ödənilməsi ilə bağlı qətnamə çıxarılmışdır. X6 vəkili Şahid3 müraciəti ilə alimentin miqdarına yenidən baxılmış və alimenti sabit miqdara yəni 75 manata endirilmişdir. Onun məlumatı və iştirakı olmadan İlyas Mahmudovun alimentlə bağlı çıxarmış olduğu qazancın ¼ ilə bağlı qətnamə ləğv edilmişdir. 2019-cu ilin iyul ayında keçmiş əri ilə bağlı məhkəməyə etdiyi şikayətlərlə bağlı sorğuların verilməsi zərurəti olduğundan o, Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Şahid2 Salman qızı ilə 29.07.2019-cu il tarixdə müqavilə imzalamışdır. Müqavilə imzaladıqları gün vəkil Şahid2 onun adından 4-5 sorğu hazırlayaraq ona təqdim etmişdir. Həmin gün büronun inzibati binasında olduğu zaman aralarında mülki mübahisənin olduğu vəkil Şahid3 büroya gəlmişdir. Şahid3 ilə söhbəti zamanı mübahisələri yaranmışdır. O, bu barədə 102 xidmətinə məlumat vermişdir. Həmin büronun sədri də digər vəkillərlə birgə hadisəni aktlaşdıraraq ərazi aidiyyatı üzrə polis bölməsinə müraciət etmişdirlər. Lakin, araşdırma zamanı qeyd olunan xüsusatlar öz əksini tapmamışdır. 2019-cu ilin avqust ayında vəkil Həqiqət xanıma yaxınlaşaraq sorğu verilməsini xahiş etmişdir. Həqiqət xanım da sonuncu dəfə büroda baş vermiş hadisə ilə bağlı heç bir hüquqi hərəkət edə bilməyəcəyini, bununla bağlı qadağa qoyulduğunu ona demişdir. Bunu bildikdən sonra o, büronun sədri ilə prinsipə düşərək gələcəkdə etdiyi əməlin üstünün açılacağını bilə-bilə Sumqayıt şəhər 1 saylı Vəkillər Bürosunun vəkili Şahid2 adından sorğu hazırlayaraq Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə göndərmişdir. Sorğunu hazırlayan zaman Şahid2 yerinə öz imzasını çəkmişdir. Sorğunu yaşadığı evdə olan “HP” kompyuterində düzəldib və “HP” markalı printerdə çap etmişdir. Sorğunun hazırlanmasından heç kimin xəbəri olmamışdır. Sorğuda telefon nömrəsi həmin vaxt istifadəsində olan ***-***-**-** mobil nömrəsini, ünvan kimi öz yaşadığı ünvanı yazmışdır. Həmin vaxtda Büronun adını da “Hüquq Məsləhətxanası” yazmışdır. Sorğuya xəyalən bir nömrə qoymuşdur. Həmin sorğunu o, rüsum ödəyərək müqavilə ola-ola onun adına sorğu göndərmədiyi üçün vəkilə əsəbləşib etmiş və hazırlayıb göndərmiş, sorğunun saxta olduğunu bilmişdir. Həmin soğrunu şəxsən özü hazırlamış və bunada ona heç kim köməklik göstərməmişdir. Şahid3 bu hərəkətləri ilə ona üç yüz min manat maddi ziyan vurmuşdur. Həmin büroda ona qarşı neqativ fikir yaradaraq dəfələrlə onun barəsində Sumqayıt ŞPİ-nin 4-cü PB-nə müraciət etmişdir. Halbuki, bunların hamısı yalan, şər və böhtandır. Saxta sorğunu çap etdiyi kompyuter, printer yararsız olduğu üçün zibilxanaya atmışdır. Təqsirləndirilən şəxs hazırda onun heç bir təqsirinin olmadığını bildirərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. Sumqayıt şəhər 1 saylı Vəkillər Bürosunda vəkil kimi xidmət edir. O, Təqsirləndirilən şəxs vəkili olmuşdur. Təqsirləndirilən şəxs ilə 29.07.2019-cu il tarixdə sorğuların verilməsi üzrə müqavilə bağlamışdır. Lakin, Təqsirləndirilən şəxs işlədiyi büroda qarşı tərəfin vəkili olan Şahid3 ilə mübahisə yaratdığına və büronun iş fəaliyyətinə mane olduğu üçün Təqsirləndirilən şəxs heç bir xidmət göstərməyəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs büronun saxta blankını hazırlayaraq onun yerinə imza edib hüquq verən sənədi saxtalaşdırmışdır. Bu barədə büronun rəhbərliyi məlumat alan kimi polis və prokurorluq orqanlarına müraciətlər etmişdir. Məhkəmədə Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verərək bildirdi ki, o Təqsirləndirilən şəxs ilə sonuncunun keçmiş həyat yoldaşı Mətin Cəlilli arasında olan mülki xarakterli mübahisəli iş üzrə Mətin Cəlillinin vəkili olmuşdur. Həmin mülki işlərə baxılarkən Təqsirləndirilən şəxs tanımışdır. O vəkil kimi öz vəzifə borcunu icra edərək Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı Mətin Cəlillinin hüquqlarını müdafiə etdiyindən Təqsirləndirilən şəxs onun ünvanına nalayiq ifadələr işlətmiş, bununla kifayətlənməyərək yaşadığı həyətə gələrək xırda xuliqanlıq hərəkətləri etdiyindən Sumqayıt şəhər məhkəməsinin qərarı ilə inzibati qaydada cərimə olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs ona qarşı Sumqayıt şəhər məhkəməsində iddia qaldıraraq 20000 manat pul tələb etmişdir. Həmin mülki işə baxılarkən vəkil Şahid2 adından hüquq məsləhətxanasının blankını saxtalaşdıraraq onun adına maşın olub olmaması barədə polisə sorğu verib cavab almışdır. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 19.03.2021-ci il tarixli, 4/156 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 7 sentyabr 2019-cu il tarixli vəkil sorğu blankında “№ 712 ” rəqəmləri və “Şahid2” yazısının qarşısındakı imza– Təqsirləndirilən şəxs tərəfindən icra olnumuşdur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilməyərək, gətirdiyi dəlillər cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 24.12.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş 15 saylı MKS-nin 18.12.2020-ci il tarixli arayışından və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı-04.03.2007-ci il təvəllüdlü X5 vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 112 (bir yüz on iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 01.04.2021-ci il tarixli (iş № 1(060)-302/2021) qərarını icra edərək, 05.04.2021-ci il tarixli 373/2021 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 7 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinsin və o, qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzasının əvvəli qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmağa başlandığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 112 (bir yüz on iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 7 (yeddi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-302/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-302/2021
29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver