Məhkəmə qərarları › İş №1(060)-302/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-302/2025

14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-302/2025 14.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Suqmayıt şəhəri, 10-cu mikrorayon, ev 20, mənzil 46 ünvanında yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 0,589 qram narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz əldə edib daşıyaraq saxlamış, 11 dekabr 2024-cü il tarixdə, saat 13:00-da Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən “Vida” mərasim evinin arxasında saxlanılıb üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,589 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasına videokonfrans əlaqə sistemi vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, mərasim evinin yaxınlığından keçən zaman polis əməkdaşları yaxınlaşmış, üzərinə baxış keçirmişlər. Narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdi. Onu bölməyə aparmışlar, bölmədə sənədləşdirilmiş, iki gün müvəqqəti saxlama yerində saxlanılmış, daha sonra azad edilmişdir. Həmin dövrdə narkotik vasitə istifadə edirdi, hal-hazırda etmir, səhhəti yaxşıdır. Üzərindən aşkar olunan narkotik vasitə heroin olmuş, həmin narkotik vasitəni Corat qəsəbəsindən tanımadığı şəxsdən almışdır. Saxlanılan zaman və polis bölməsində olarkən ona qarşı hər hansı təzyiq olmamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, subaydır və övladı yoxdur. Əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Corat qəsəbəsində bir nəfər tanımadığı şəxsdən 1 bükümdə heroin alaraq istifadə etmək üçün şalvarının sağ yan cibinə qoyaraq bu barədə heç kimə deməmişdir. Həmin gün saat saat 13 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllədə "Vida" mərasim evinin arxası ilə piyada hərəkətdə olan zaman ona üç nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Onu qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqda şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər və videoçəkiliş aparmaqla üzərinə baxış keçirmişlər. Baxışdan öncə ona üzərində hər hansı qanunsuz predmet varsa təqdim etməsi təklif edilmiş, o da əynində olan qara rəngli şalvarın sağ yan cibindən sellofan bükümdə olan narkotik vasitə heroini çıxarıb təqdim etmiş, həmin maddəni şəxsi istifadəsi üçün xx.xx.2024-cü il tarixdə səhər saatlarında Corat qəsəbəsi ərazisində tanımadığı kişi cinlsi şəxsdən 20 manat pul verməklə əldə etdiyini bildirmişdir. Həmin büküm elektron tərəzi vasitəsilə çəkildikdən sonra zərfə qoyulub qablaşdırılmış, həmin zərfin üzərinə imzalamış, daha sonra müvafiq sənədləşmə işinin aparılmasından ötrü onu 3-cü PB-nə aparmışlar. PB-yə gətirildikdən sonra ona şübhəli şəxs qismində tutulması elan edilərək hüquq və vəzifələrim izah edilmiş, özümün vəkili olmadığından təqdim edilmiş vəkillərin siyahısından hüquqlarının müdafiəsi üçün seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 ona təqdim olunmuş, bir sıra sənədləşmə aparılandan sonra özünü pis hiss etdiyindən polis əməkdaşları təcili tibbi yardıma zəng etmişlər və həkimlər gəlmişdir. Həkimlər gələndən sonra o, xəstəxanaya aparılmış və ilkin yardım alandan sonra yenidən polis bölməsinə qaytarılmışdır. Bundan sonra bölmədə üzərindən aşkar edilmiş maddənin qablaşdırıldığı zərfə baxış keçirilmiş, üzərindən aşkar edilmiş edilmiş narkotik vasitə heroin başqa bir zərfə qoyulmaqla qablaşdırılmışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilmədiyini, heç kimə narkotik vasitə və ya psixotrop maddə satmadığını, məqsədinin həmin maddədən istifadə etmək olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərdi ki, 11 dekabr 2024-cü il tarixdə təxminən saat 13 radələrində Fərid adlı şəxsin narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, dərhal əməliyyat qrupu yaradılmış, Nicat adlı əməkdaş və o hadisə yerinə getmişlər. Şəxsin həmin ərazidən keçməsi barədə ona məlumat daxil olmuşdur, təxminən bir neçə dəqiqədən sonra Fərid adlı şəxs oradan keçən zaman dərhal ona yaxınlaşaraq özlərini təqdim etmişlər, üzərində qeyri-qanuni istifadəsi və daşınması qadağan olunmuş əşya və predmetin olduğu halda təqdim etməsi təklif olunmuşdur. O da üzərində “kakos” olduğunu bildirmişdir. Çəkilişlə şəxs həmin kütləni onlara təqdim etmiş, onlar da elektron tərəzi ilə çəkmişlər. Daha sonra həmin heroinə bənzər kütləni zərfə qoyaraq möhürləmiş, hava şəraiti və yer əlverişsiz olduğundan şəxsi polis bölməsinə dəvət etmiş, bölmədə təhqiqatçının otağında vəkilin və onların iştirakı ilə diski və zərfi təhqiqatçıya təqdim etmişlər. Şəxs təhqiqatçının sualına da cavab verərək bildirmişdir ki, narkotik vasitəni öz şəxsi istifadəsi üçün Corat qəsəbəsindən 20 manata almışdır. Zərf açılaraq həmin heroinəbənzər kütlə başqa zərfə qoyuldu, möhürləndi, hər biri imza etmişlər və ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1 elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və daşıması ilə bağlı ona əməliyyat məlumatı daxil olmuş, bundan sonra o, bu barədə bölmə rəisinə məlumat vermiş və tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərar əsasında ondan, əməliyyat müvəkkili Şahid3 və baş əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılaraq Təqsirləndirilən şəxs 11 dekabr 2024cü il tarixdə, saat 13:00-da Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən “Vida” mərasim evinin arxasında hərəkətdə olan zaman saxlanılmışdır. Həmin vaxt baş əməliyyat müvəkkili Şahid2 çəkiliş aparmış, Təqsirləndirilən şəxs saxlanılan zaman ona hüquq və vəzifələri izah edilmiş və nəyə görə saxlanıldığı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qeyri qanuni əşya vardırsa təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan şalvarının sağ yan cibindən 01 ədəd sellofan büküm çıxarıb təqdim edərək içərisində heroin olduğunu demiş, Təqsirləndirilən şəxs həmin heroini Corat qəsəbəsindən 20 manata aldığını bildirmişdir. Bundan sonra həmin büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş və 0,66 qram olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs üzərinə axtarış zamanı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra həmin büküm müvafiq qaydada qablaşdırılmış və sənədləşmə işlərinin aparılması üçün çəkiliş dayandırılmış, daha sonra şübhəli şəxs 3-cü Polis Bölməsinə gətirilmiş və təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsə vəkil təqdim olunandan sonra üzərindən aşkar edilmiş heroinə bənzər maddəyə yenidən baxış keçirilmiş və şübhəli şəxs suallara cavab olaraq həmin heroinin ona məxsus olduğunu Coratdan 20 manata əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid3 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid1 ilə eyniməzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırmasının aparılması üçün icraata qəbul edilmişdir. - xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi məqsədi ilə əldə edib, Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində məhəllə ərazisində gəzdirilməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 11 dekabr 2024-cü il tarixdə, saat:13:00 dəqiqədə Sumqayıt şəhəri, 18-ci məhəllə, “Vida” mərasim evinin arxasında piyada hərəkətdə olan zaman saxlanıldı. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən 1 (bir) ədəd şəffaf, sellofan bükümdə “heroinə” bənzər kütləni təqdim etdi. Daha sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilir, çəkisi 0,66 qram olması müəyyən edilir. Sonra həmin kütlə qablaşdırıldı, saxlanılan şəxs, iştirakçılar və tərəfindən imzalandı, götürüldü. Daha sonra şəxsin üzəri yoxlanıldı, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinmədi. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitənin tiryək olmasını, həmin kütləni səhər saat 09 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən əldə etdiyini və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Üstünü yoxlama Sumqayıt şəhəri, 18-ci məhəllə, “Vida” mərasim evinin yaxınlığı ünvanında keçirildi. Üstünü yoxlama zamanı «İphone 12 Pro» markalı mobil telefonun videokamerası vasitəsi ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən video çəkiliş aparıldı. - Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci məhəllə, “Vida” mərasim evinin arxasında xx.xx.2024-cü il tarixdə saat 13:00-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - xx.xx.2024-cü il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psıxotrop maddələri əldə etməsi, üzərində saxlayaraq daşımasında şübhəli bilindiyi üçün keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 dekabr 2024-cü ıl tarixdə saat 13:00-da Sumqayıt şəhəri, 18-ci məhəllə, “Vida” mərasim evinin arxa hissəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra videoçəkilişdən istifadə edilməklə üstü yoxlanılmış, əynindəki qara rəngli şaıvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0,66 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə 01 ədəd zərfə qoyulmaqla qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi istifadəsi məqsədilə xx.xx.2024-cü il tarixdə səhər saatlarında Corat qəsəbəsi ərazisində kişi cinsli şəxsdən 20 manat pul verməklə əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşmə işlərinin aparılmasından ötrü maddi sübut ilə birlikdə 3-cü PB-nə gətirilmişdir. 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən təqdim olunan 1 (bir) ədəd zərfə baxış keçirildi. X5 və polis əməkdaşlarının imzası olan 1 (bir) ədəd zərfdə 01 ədəd şəffaf sellofana bükülmüş halda, qəhvəyi rəngli, təz halda olan narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilərək 01 ədəd zərfə qoyulmaqla yenidən qablaşdırılıb möhürləndi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi istifadə məqsədilə 12.2024-cü il tarixdə səhər saatlarında Corat qəsəbəsi ərazisindən 20 manat pul verməklə tanımadığı kişi cinsli şəxsdən əldə etdiyini bildirdi. Həmçinin saxlanılan zaman və polis bölməsində polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki, psixi təzyiqə məruz qalmadığını qeyd etdi. - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/5453 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik maddə heroinəbənzər kütlə 01 bükümdə..” yazıları olan bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,589 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. Tədqiqata 0,15 qram sərf edildikdən sonra 0,439 qram heroin qalıq qalmışdır. - xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, videogörüntü Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkilləri tərəfindən şübhəli şəxsin saxlanılmasından başlayır. Şübhəli şəxs Təqsirləndirilən şəxs 11 dekabr 2024-cü ildə saat 13:00 radələrindən polis əməkdaşları tərəfindən saxlanılır. Daha sonra iştirakçılar özlərin təqdim edirlər və şübhəli şəxsə üzərində hər hansı qanunsuz əşya olub-olmadığını soruşurlar, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sağ yan cibindən 01 büküm narkotik vasitə çıxardaraq polis əməkdaşlarına təqdim edir. Şübhəli şəxs həmin bükümü səhər saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat qarşılığında əldə etdiyini bildirir. Həmən büküm açılan zaman heroinə bənzər maddə olması müəyyən edilir. Həmin büküm elektron tərəzi vasitəsi ilə çəkilən zaman 0,66 qram müəyyən edilir. Daha sonra şübhəli şəxin üzərində şəxsi axtarış keçirilir və şəxsin üzərindən qanunsuz əşya və predmet aşkar edilmir. Bundan sonra aşkar edilmiş heroinə bənzər maddə müvafiq qaydada qablaşdırılır və iştirakçılar tərəfindən qablaşdırmanın üzəri imzalanır. Bundan sonra müvafiq sənədləşmə aparılması üçün çəkiliş dayandırılır. - xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin videogörüntüyə baxdıqda müəyyən edilir ki, “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 11 dekabr 2024-cü il tarixli protokola əsasən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasında olan xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyaya baxış keçirilməsi müəyyən edilir. Təhqiqatçı özünü təqdim edəndən sonra şübhəli şəxsə nəyə görə saxlanıldığını izah edir. Daha sonra iştirakçılar özlərini təqdim edir. Bundan sonra əməliyyat müvəkkili Təqsirləndirilən şəxs üzərindən aşkar olunan içərisində “heroinə” bənzər maddə olan zərfi və bir ədəd içərisində videoçəkiliş olan diski təqdim edir. Aşkar olunmuş narkotik vasitə xüsusi qaydada qablaşdırılmış və DİN-nin 127 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra təhqiqatçı qablaşdırıbmış narkotik vasitəni açır və orda qəhvəyi rəngdə toz şəklində “heroinə” bənzər maddə görünür. Daha sonra təhqiqatçı aşkar olunmuş həmin maddəni ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürləyir. Daha sonra təhqiqatçı keçirilən şəxsi axtarış Təqsirləndirilən şəxs və onun müdafiəçisinin etirazı və ya sualının olub olmadığını soruşur onlar isə etirazlarının olmadığını bildirir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı vəkili Kərimxan Əsədov tərəfindən ona verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş maddələrin narkotik vasitə olduğunu, özünə məxsus olduğunu, Sumqayıt şəhəri 18-ci məhəllədə yerləşən “Vida” mərasim evinin yaxınlığında saxlanıldığını, polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə və işgəncələrə məruz qalmadığını, özünü pis hiss etdiyindən xəstəxanaya aparıldığını və tibbi yardım göstərildiyini bildirir. Daha sonra çəkiliş dayandırılır. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, xx.xx.2022-ci ildə cəza müddəti başa çatmışdır. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin 1(060)-56/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - Məhkəmə-narkoloji ekspertizasının 1039 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd olunmuş, Təqsirləndirilən şəxs üzərindən 11 dekabr 2024-cü il tarixdə aşkar olunmuş ümumi təmiz çəkisi 0,589 qram heroin və 01 ədəd disk iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı çəkisi 0,439 qram heroin təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə cinayət işi materialları və maddi sübutlarla tanış olduqdan sonra saxlanması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc otağına verilmiş, 01 ədəd diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 4-cü bəndində qeyd olunur ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. -1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. - 5-ci bəndinə əsasən Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. - 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan heroin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddənin – heroin xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının: - 16-cı bəndinə əsasən satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə: - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının: - 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). - 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. - 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilibtörədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin: - 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. - 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını ağırlaşdıran halın olmasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, üzərində qəti olaraq 06 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin: - 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə təyin edilmiş qəti cəzadan ibtidai araşdırma zamanı tutulduğu iki gün çıxılmışdır. Məhkəmə hesab edir ki, CM-in 66.5-ci maddəsinə əsasən əvvəlki hökm üzrə təyin edilmiş cəza hazırki cəza ilə toplandıqdan sonra çəkilmiş cəza çıxıldığı üçün əvvəlki iş üzrə saxlanıldığı 02 (iki) gün müddət və hazırki iş üzrə tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən hazırda məhkəmənin təyin ediyi vahid cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza nəticəsində qalıq qalmış 0,439 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 80,00 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş №1(060)-302/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 482/25 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 09 (doqquz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 99 (doxsan doqquz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu Sumqayıt şəhər Məhkəməsinin 1(060)-56/2025 saylı cinayət işi üzrə 02 (iki) gün və hazırki iş üzrə 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin və hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza nəticəsində qalıq qalmış 0,439 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 80,00 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 09 (doqquz) saat hüquqi yardıma görə 99 (doxsan doqquz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar