Məhkəmə qərarları › İş №1(060)-303/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-303/2022

20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-303/2022 20.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs hüquqi varisi - X2, Zərərçəkmiş şəxsin hüquqi varisi X2 və zərərçəkmiş şəxs X3 qanuni nümayəndəsi Qanuni nümayəndə müdafiəçisi – “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1982-ci ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, əvvəllər məhkum olunmayan, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 51A, mənzil 17-də qeydiyyatda olan və Abşeron rayonu, Sarıqaya Metallurq pansionatında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09.10.2021-ci il tarixdə saat 18:00 radələrində “BC” kateqoriyalı, AB N-561260 №-li sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes E250” markalı **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsi ilə “Şərq” bazarı istiqamətində 50 km/saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respubikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək yolu soldan sağa keçmək istəyən piyadalar 1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs və 2016-cı il təvəllüdlü X6 ehtiyyatsızlıqdan vuraraq Aydan Abışovanın sağ iç topuğunun qapalı yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətli pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid olan xəsarətləri və Zərərçəkmiş şəxs başın küt travması, sağ gicgah-alın sümüyünün kəllə əsasına keçən xətti sınığı, baş beyinə qansızma, sağ alın gicgah nahiyyəsinin yaraları, sağ göz ətrafının dərialtı hemotoması, alt çənə sümüyünün, sağ baldırın yuxan 1/3-in qapalı sınıqları, sağ diz oynağının ön səthinin, sol baldırın orta 1/9-in iç səthinin sınıqları kimi həyat üçün təhlükəli olan və ölümlə nəticələnən dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək yol hərəkət qaydalarını pozmaqla Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nın 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, etibarnamə ilə idarə etdiyi “Mercedes Benz E250” markalı, **-KV-*** dövlət nömrə nişanlı avtomaşınla Sumqayıt şəhəri ərazisində fərdi taksi fəaliyyəti ilə məşğul olur, adətən günün işıqlı saatlarında işləyib saat 17-18 radələrində evinə gedir. 09.10.2021-ci il tarixdə də həmişəki kimi saat 18:30 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində Qayalı Qold marketindən irəliləyib, dairədən sağa dönərək, Şərq bazarının qarşı tərəfi ilə 6-cı mikrorayon dairəsi istiqamətində hərəkət etdiyi zaman işıqforun yaşıl işığı yanmış və o hərəkətini dayandırmayaraq hərəkətini 50-55 km/saat sürətlə yolun sol zolağı ilə davam etdirmiş və bu zaman yolun sol kənarında iki nəfər piyada yola yaxınlaşmış və o onları vurmamaq üçün ayağını əyləcə sıxmış, lakin avtomobil sürüşərək piyadalardan birini avtomaşınının ön sol hissəsi ilə vurmuş, nəticədə qadın zərbənin təsirindən yanında olan uşağa dəyməsi nəticəsində hər ikisi yerə yıxılmış və o avtomaşını saxlamış və öz avtomaşını ilə qadını xəstəxanaya aparsa da, qadın dünyasını dəyişmişdir. Hadisə zamanı onun hərəkət sürəti təxminən 50-55 km/saat olmuş, hadisə baş verən zaman o avtomaşında tək olmuş, piyadanı işıqforu keçməmişdən qabaq təxminən 50-60 metr məsafədən görmüş, ayaq əyləcini sıxsa da, avtomaşın bir qədər irəliləyib piyadaya dəymişdir. Hadisə zamanı piyada asta sürətlə yola daxil olmuş, o, onları 50 metr məsafədən görmüş, ayaq əyləcini sıxmışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hüquqi varisi qismində dindirilmiş X9 bildirdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır və o, ailə həyatı qurmadığından onunla birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 15, mənzil 23-də yaşamışdır. 09.10.2021-ci il tarixdə saat 19:00 radələrində o, dostları ilə görüşüb söhbətləşən zaman həyat yoldaşı Günay ona zəng edərək yol nəqliyyat hadisəsi baş verdiyini, hadisə zamanı azyaşlı qızı 04.11.2016-cı il təvəllüdlü X11 və bacısı Zərərçəkmiş şəxs xəsarət aldığını və qızının evə gətirildiyini, lakin bacısının vəziyyətinin pis olması səbəbindən TTY xəstəxanasına aparıldığını bildirmişdir. Bundan sonra o, Sumqayıt şəhər TTY xəstəxanasına getmiş və ora çatanda artıq bacısı vəfat etmişdir. Hadisə həmin günü saat 19:00 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon, Üzeyir Hacıbəyov küçəsində baş vermişdir. Zərərçəkmiş şəxs hüquqi varisi X9 bildirdi ki, digər zərərçəkmiş X10 onun qızıdır. Onun azyaşlı olduğunu və yol nəqliyyat hadisəsi baş verdikdən sonra psixoloji sarsıntı keçirdiyini nəzərə alaraq məhkəmə baxışını X3 iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs azyaşlı X3 qanuni nümayəndəsi Qanuni nümayəndə Rəhman qızının müdafiəçisi “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirak etdiyindən məhkəmə məhkəmə baxışının azyaşlı X3 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş zərərçəkmiş şəxs azyaşlı X10 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, bibisi Zərifə ilə birlikdə ona şirniyyat almağa getmiş, geri qayıdıb yolu keçən zaman onu və bibisini bir maşın vurmuşdur. Onun bədəni ağrıdığından nənəsi orda qalmış onu isə tanımadığı şəxslər evə gətİmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, 03.10.2021-ci il tarixdə Şahid2 ilə xidmətdə olan zaman ŞPİ-nin Növbətçi Hissəsindən Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsi keçmiş “Şərq bazarı”-nın yaxınlığında yol nəqliyyat hadisəsi baş verdiyi haqqında məlumat verildiyi üçün hadisə yerinə getmiş və orada bir nəfər şəxsin sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin idarə etdiyi Mercedes E-250 markalı **-KV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə işıqforun sarı nişanında yolu soldan sağa keçmək istəyən piyadaları vurduğunu və bir piyadanın hadisə yerində vəfat etdiyini və azyaşlı qohumunun isə Sumqayıt şəhər TTY xəstəxanasına aparıldığını öyrənmişdir. Bundan sonra sürücü Təqsirləndirilən şəxs ona hadisə barədə məlumat vermiş və o, RNDdən keçirilmişdir. Hadisə barədə soruşulan zaman Təqsirləndirilən şəxs həmin küçə ilə 50- 55 km/saat sürətlə hərəkətdə olan zaman yolu soldan sağa keçmək istəyən piyadaları vurduğunu bildirmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 09.10.2021-ci il tarixli 117 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində başın küt travması, sağ gicgah-alın sümüyünün kəllə əsasına keçən xətti sınığı, baş-beyinə qansızma, sağ alın-gicgah nahiyyəsinin yaralan, sağ göz ətrafının dərialtı hematoması, alt çənə sümüyünün, sağ baldırın yuxan 1/3-nin qapalı sınıqlar, sağ diz oynağının ön səthinin, sol baldırın orta 1/3-nin iç səthinin sıyrıqlarından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdirlər, həyatidirlər, törənmə müddəti zərərçəkmişin müayinəsindən 2-4 saat əvvəl olmaqla 09.10.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni YNH-si zamanı əmələ gələ bilər, dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan ağır zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində baş beyinə qansızma olmuşdur. Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı götürülmüş qanın məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 19.10.2021-ci il tarixli 1404 saylı rəyindən görünür ki, X4 bədəni üzərində sağ iç topuğun qapalı yerdəyişən sınığından ibarət xəsarət aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşya (əşyalar) təsrindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 09.10.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada, yəni YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14.12.2021-ci il tarixli, 8/2858 saylı rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən «Mersedes Benz E250» markalı, **-KV-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkti haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarından görünür ki, axtarışda olan şəxsin tutulması haqqında protokola əsasən Təqsirləndirilən şəxs 21.01.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 23.01.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. İş materiallarında olan 09.10.2021-ci il tarixli, 8348 nömrəli tibbi müayinə protokolundan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs sərxoşluq əlaməti aşkar olunmamışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 1 saylı Sumqayıt Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsi tərəfindən verilmiş 03 dekabr 2021-ci il tarixli 302-6982-1221 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 14.03.2013-cü il tarixdə “BC” kateqoriyalı AB 561260 saylı on illik sürücülük vəsiqəsi almışdır və sürücülük hüququndan məhrumedilənlərin siyasında yoxdur. İş materiallarında olan “ölmüş zərərçəkmiş şəxsin yaxın qohumunun hüquqi varis qismində tanınması” haqqında 20.10.2021-ci il tarixli qərarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs qismində tanınmış, X9 onun hüquqi varisi təyin edilmişdir. İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi PHŞ X17 Xəstəxanası tərəfindən verilmiş 80 nömrəli, 02.02.2022-ci il tarixli məktubundan görünür ki, 09.10.2021-ci il tarixdə saat 18:40 radələrində xəstəxananın qəbul şöbəsinə yol nəqliyyat hadisəsində xəsarət alan naməlum qadın gətirilmiş, baxış zamanı meyid olduğu aşkarlanmışdır. İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi PHŞ X17 Xəstəxanası tərəfindən verilmiş 206 nömrəli, 29.03.2022-ci il tarixli məktubundan görünür ki, 09.10.2021-ci il tarixdə saat 20:30 radələrində 2016-cı il təvəllüdlü Şabanova (Abışova) Aydan Rəşid qızı valideynləri tərəfindən xəstəxananın qəbul şöbəsinə gətirilmişdir. Valideynlərinin dediyinə yol nəqliyyat hadisəsində zədə almışdır. Diaqnoz – sol iç topuğun qapalı yerdəyişən sınığı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 02 azyaşlı uşağı var (24.01.2008-ci il təvəllüdlü X5, 24.01.2008-ci il təvəllüdlü X7). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağın olmasını Azərbayan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, əməlindən peşman olmasını və cinayəti səmimi etiraf etməsini isə Azərbayan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Məhkəmə tərəfindən cəzanı ağırlaşdıran hallar müəyyən olunmadı. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsindən Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Ağayev X1 Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 21.01.2022-ci il tarixdən 23.01.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq ona qəti olaraq müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 20.04.2022-ci il tarixindən hesablanmalıdır. Bundan başqa, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli və ekspertiza tədqiqatinin dəyəri olan 100 (yüz) manat məbləğində pul ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 21.01.2022-ci il tarixdən 23.01.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 05 (beş) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 20.04.2022-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar