Məhkəmə qərarları › İş №1(060)-305/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-305/2024

19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-305/2024 19.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,325 qram kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroini əldə etməklə sağ ayağına geyinmiş olduğu qara rəngli corabının içərisində daşıyaraq gizlətməklə saxlamış, 08 yanvar 2024-cü il tarixdə, saat 12:35 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 16 ünvanının yaxınlığında saxlanılmaqla ŞPİ-nə aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin heroin sağ ayağına geyindiyi qara rəngli corabın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, uzun müddətdir narkotik vasitə olan heroin istifadə edir. 08 yanvar 2024-cü il tarixdə, təxminən saat 11 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində olduğu zaman xarici görünüşündən narkomana oxşatdığı bir nəfər şəxslə tanış olmuşdur. Söhbət zamanı həmin şəxsdən üzərində “kakos" olub-olmamasını soruşmuş, həmin şəxs ona üzərində bir bükümdə “kakos” olduğunu və 10 manat müqabilində ona sata biləcəyini demişdir. O, da həmin şəxsə 10 manat pul verərək şəffaf sellofanada bir büküm “kakos”, yəni heroin alaraq sağ ayağında olan corabının arasında gizlətmişdir. 08 yanvar 2024-cü il tarixdə, təxminən saat 12:35 radələrində yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 16 ünvanının yaxınlığında olduğu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin polis əməkdaşları olduqlarını, narkotik vasitələri üzərində gəzdirməsi və saxlamasında şübhəli olduğunu bildirmiş, onu ŞPİ-nə dəvət etmişlər. O, da polis əməkdaşları ilə bilrikdə Pİ-nə gəlmişdir. İdarədə ona hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o, buna etiraz etməmişdir. Şəxsi axtarışa başlanmazdan əvvəl hüquq və vəzifələri barədə bildiriş, özünün seçdiyi və hüquqlarının müdafiəsini təmin edəcək vəkil təqdim olunmuşdur. Videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış zamanı üzərində hər hansı qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunduqda sağ ayağına geyindiyi qara rəngli corabının arasında gizlətdiyi bir bükümdə heroini çıxararaq təqdim etmişdir. Sorğu zamanı həmin maddəni 08 yanvar 2024-cü il tarixdə Corat qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata əldə etdiyini bildirmişdir. Həmin bükülüyə baxış keçirilmiş, elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, o, da həmin qablaşdırmanın üzərinə imza etmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar olunmuş heroini şəxsi istifadəsi üçün əldə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmiş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmazdan əvvəl üzərində axtarış aparılmamışdır. Əməlindən peşmandır. Qeyd edilənlərə əsasən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. 08 yanvar 2024-cü il tarixdə sonuncunun narkotik vasitə əldə etməsi, daşıması və istifadə etməsi ilə bağlı etibarlı mənbədən əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatı əsasında polis idarəsinin rəhbərliyinin müvafiq əmri ilə əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək yaşadığı ünvan 2 ünvanının qarşısı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. 08 yanvar 2024-cü il tarixdə, təxminən saat 12:35 radələrində Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 16 yaxınlığında olduğunu görüb bir neçə dəqiqə müşahidə etdikdən sonra sonuncuya yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. Həmin yerdə müvafiq sənədləşmənin aparılması mümkün olmadığından Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-yə dəvət etmişlər, sonuncu da etiraz etməyərək onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs isə özü sağ ayağına geyindiyi qara rəngli corabının içərisindən 01 ədəd şəffaf sellofan bükülüdə içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olan bükülünü çıxaraq təqdim etmiş, bundan sonra sonuncunun üzərində axtarış aparılmış, qanunla qadağan olunmuş hər hansı başqa əşya və ya maddə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “kakos” olduğunu, saxlanılmazdan təxminən 40 dəqiqə əvvəl Sumqayıt şəhəri, Corat bağları ərazisində tanımadığı şəxsdən 10 manat pul verərək şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, üzərində qeydlər aparılmış və imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması haqqında” 09 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 08 yanvar 2024-cü il tarixdə, saat 12:35 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 21); 10 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 60-61) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 71-72); “təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə” 10 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 73-74); “şəxsi axtarışın keçirilməsi haqqında” 08 yanvar 2024-cü il tarixli protokolundan görünür ki, təhqiqatçı Elnur Feyzullayev özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirmiş, vətəndaş da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu qeyd etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirildiyini bildirmiş və polis əməkdaşlarına da özlərini təqdim etməsini demiş, onlar da özlərini təqdim etmişlər. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişi təqdim edərək hüquqlarının özünün seçdiyi Sumqayıt regional vəkil bürosunun vəkili X3 tərəfindən müdafiə edəcəyini deyərək vəkili ona təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirərək, şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs özü sağ ayağına geyindiyi qara rəngli corabının içərisindən 01 ədəd şəffaf sellofan bükülüdə içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olan bükülünü çıxararaq təqdim etmiş, daha sonra sonuncunun üzərində axtarış aparılmış, qanunla qadağan olunmuş hər hansı başqa əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə “kakos” olduğunu, saxlanılmazdan təxminən 40 dəqiqə əvvəl Sumqayıt şəhəri, Corat bağları ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin bükülü elektron tərəzidə çəkilir və çəkisinin 0,41 qram olması müəyyən olunmuşdur. Bundan sonra həmin bükülü qablaşdırılmış, möhürlənmış, üzərində qeydlər aparılmış və imzalanmışdır. (i.v 30-31) Azərbaycan Respublikası ƏN MEM 6/75 nömrəli 09 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs...” və s. soyadlar, imzalar olan kağız zərfdəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,325 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. (i.v. 41-45) Azərbaycan Respublikası SN Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 270 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 85-86). Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 28 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir.(i.v. 52-55) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 80); Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2011-ci il təvəllüdlü Asif Daşdəmirov, xx.xx.2012-ci il təvəllüdlü Ruzigar Daşdəmirova və xx.xx.2019-cu il təvəllüdlü Təranə Daşdəmirova adlı övladları var. “sübutların qiymətləndirilməsi haqqında” 14 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə fiziki-kimyəvi ekspertizasının 09 yanvar 2024-cü il tarixli rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 270 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, Daşdəmirovun üzərindən aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 0.325 qram narkotik vasitə olan heroin sübut kimi tanınmış, kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 0.275 qram narkotik vasitə heroin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.94-99); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya əsasən heroinin 0.15 qram daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində 03 azyaşlı övladının olmasını, CM-nin 59.1.4-cü, 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin miqdarının şəxsi istehlak miqdarına yaxın olmasını, himayəsində 3 azyaşlı övladının olmasını, əməlindən səmimi peşman olmasını, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 08 yanvar 2024-cü il tarixdən 10 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, tədqiqatdan sonra qalıq qalmış 0.275 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 110 (bir yüz on) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 16 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli sonuncunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində elektron nəzarət vasitəsi tətbiq edilməli, cəza çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhərini, Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 yanvar 2024-cü il tarixdən 10 yanvar 2024-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 16 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0.275 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar