Məhkəmə qərarları › İş №1(060)-307/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-307/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-307/2023 04.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1991-ci ildə Rusiya Federasiyası Leninqrad vilayəti, Viborq şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaq orqanına məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 02 ədəd bükümdə təmiz çəkisi 0,979 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 14 dekabr 2022-ci il tarixdə saat 17:25 dəqiqədə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində saxlanılaraq 2-ci PB-nə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,591 qram, 0,388 qram, ümumi təmiz çəkisi 0,979 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində yerləşən Mərkəzi bazarın yaxınlığında olarkən təsadüfən rastlaşdığı, üzdən tanımadığı, adını və ünvanını bilmədiyi şəxslə söhbət edərkən narkotik vasitə olan heroindən istifadə etdiyini bildirmişdir. Həmin şəxs ona narkotik vasitə olan heroin verə biləcəyini bildirmişdir. O, özü istifadə etmək üçün həmin şəxsdən 15 manata iki ədəd bükümdə heroini almışdır. O, həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 17:15 dəqiqədə o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində olarkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli bilinir. Buna görə də onu üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmiş, Bundan sonra onlar bir başa Sumqayıt 2-ci PB-nə gəlmişlər. Polis Bölməsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüquq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafiə etmək üçün Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X3 təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməyini təklif etmişlər. O, əynindəki göy rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 2 ədəd bükümdə olan narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, bükümün içərisindəki narkotik vasitə olan heroindir və onu bir gün əvvəl Sumqayıt şəhərində yerləşən Mərkəzi bazarın yaxınlığında olarkən təsadüfən rastlaşdığı, üzdən tanımadığı, adını və ünvanını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 15 manata alıb üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar olunmuş iki ədəd bükümdə narkotik vasitə olan heroin elektron tərəziyə qoyulub çəkilmiş, 1-ci büküm 0,57 qram 2-ci büküm 0,78 qram, ümumi çəkisi isə 1,34 qram təşkil etmişdir. Həmin narkotik vasitə qablaşdırılaraq möhürlənmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin çəkisi ilə bağlı heç bir etiraz etməmişdir. Bundan sonra narkotik vasitə olan heroinin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. O, saxlanılarkən və polis bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. O, narkotik vasitə olan heroini bir gün əvvəl Sumqayıt şəhərində yerləşən Mərkəzi bazarın yaxınlığında olarkən təsadüfən rastlaşdığı, üzdən tanımadığı, adını və ünvanını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 15 manata alıb üzərində saxlamışdır. O, narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində mobil telefon olmamışdır O, narkotik vasitəni şəxsi istifadəsi üçün istifadə edir, əməlindən peşmandır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, kiçik inspektor polis baş serjantı X2 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat 17:25 dəqiqədə əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Anar nə üçün saxlanıldığını soruşmuşdur. Onlar onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək onu 2-ci PB-nə dəvət etmişlər. Anar heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gəlmişlər. Polis bölməsində xidməti otaqlardan birində kriminalist Orxan Aslanov panasonik markalı videokameranı işə salmışdır. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı hüquq bürosunun vəkili X3 təqdim olunmuşdur. O, vəkilə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyriqanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibində saxladığı bir ədəd qızıl rəngli, bir ədəd göy rəngli siqaret kağızına bükülmüş bükümləri çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümlərin içərisində nə olduğu soruşulduqda o, bükümlərin içərisində narkotik vasitə olan heroin olduğunu demişdir. Həmin bükümlərə baxarkən içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Onlar ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən 15 manata aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini demişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və birinci büküm 0,57 qram, ikinci büküm 0,78 qram, ümumilikdə isə 1.34 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etməmişdir. Bundan sonra narkotik vasitə heroinə bənzər maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o. həmin narkotik maddəni tutulduqdan bir gün əvvəl Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən 15 manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Hal-hazırda mənbənin müəyyən edilməsi istiqamətində tərəfimizdən əməliyyat tədbirləri davam etdirilir, müsbət nəticə əldə edildikdə istintaqa bu barədə məlumat veriləcəkdir. Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi ilə bağlı bizdə əvvəllər əməliyyat məlumatı olmuşdur. Ancaq onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olarsa istintaqa bu barədə bildiriləcəkdir. Hal-hazırda mənbənin müəyyən edilməsi istiqamətində tərəfimizdən əməliyyat tədbirləri davam etdirilir, müsbət nəticə əldə edildikdə istintaqa bu barədə məlumat veriləcəkdir. Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi ilə bağlı bizdə əvvəllər əməliyyat məlumatı olmuşdur. Ancaq onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olarsa istintaqa bu barədə bildiriləcəkdir. Məhkəmədə şahid qismində dindirilmiş 2-ci PB-nin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 15 dekabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 14 dekabr 2022-ci il tarixdə, saat 17:25 dəqiqədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 20); 16 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və və barəsində polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v 60-61, 78-79). Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. AR Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. “Şəxsi axtarış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 17:25-də saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs ŞPİ-nə gətirildikdən sonra inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə salmış və iştirakçılarla birlikdə PB-də, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxsnın üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və özünün seçdiyi hüquqlarının müdafiəsini təmin edəcək vəkili X3 təqdim olunmuş, daha sonra isə vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 1 ədəd qızılı rəngli, 1 ədəd göy rəngli siqaret kağızı bükümlərini təqdim etmişdir. Həmin bükümlər açılan zaman bükümlərin hər birinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddələrin “Kakos”, olduğunu, həmin maddələri dünən Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd qızılı rəngli bir büküm içərsindəki qəhvəyi rəngli maddə ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman, həmin bükümün içərsindəki maddə ilə birlikdə çəkisinin 0,57 qram, 1 ədəd göy rəngli bir büküm içərsindəki qəhvəyi rəngli maddə ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman, həmin bükümün içərsindəki maddə ilə birlikdə çəkisinin 0,78 qram, həmin maddələr birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman ümumi çəkisinin 1,34 qram olduğu müəyyən edilmiş və həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir.(i.v 28-29) Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə fizikikimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6\7048 saylı rəyindən göründüyü kimi, tədqiqata təqdim edilmiş, üzərində: “... Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.591qr., 0.388 qr., ümumi təmiz çəkisi 0.979 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir.(i.v 46-50) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7893 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 94-95) Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin ümumi təmiz çəkisi 0,979 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,879 qram çəkidə narkotik vasitə olan heroinin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 66.5-ci maddələri ilə təqsirli bilinərək 03 il 07 ay azadlıqdan məhrumetmə cəzasına və 500 manat cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası MM-nin xx.xx.2021 -ci il tarixli amnistiya qərarının 2.4-cü bəndi tətbiq edilməklə qərarın 36-cı bəndinə əsasən cəzadan azad olunması, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi göstərmişdir. AR MM-nin xx.xx.2021-ci tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, № 21-2/3-103 saylı məktubundan görünür ki Təqsirləndirilən şəxs həmin hökmlə ona təyin edilmiş 500 (beş yüz) manat miqdarında cərimə cəzasından “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndində əsasən azad edilmişdir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən Bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. Odur ki, qanunvericiliyin tələblərinə görə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 87). Sübutların qiymətləndirilməsi haqqında 06 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-kimyəvi ekspertizasının 6/7048 nömrəli 15 dekabr 2022-ci il tarixli rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7893 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ilkin çəkisi 0.979 qram olan, təhqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizaların nəticəsində qalıq xalis çəkisi 0.879 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 132- 137); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımabir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-in 61ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut- Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan- tədqiqatdan sonra qalıq qalmış 0,879 qram narkotik vasitə olan heroin məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 27 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut– tədqiqatdan sonra qalıq qalmış 0,879 qram narkotik vasitə olan heroin məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********)köçürülsün. Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar