Məhkəmə qərarları › İş №1(060)-308/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-308/2024

02.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-308/2024 02.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Abşeron rayonu Novxanı kəndi ev 13-də qeydiyyatda olan, Sumqayıt şəhəri 41-ci məhəllə yataqxana 1, otaq 3də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu özgənin əmlakını ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək sonuncunun qızı Şahid1 Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən internat tipli evdə informatika müəllimi kimi işə düzəldə biləcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə qızı Şahid1 vasitəsi ilə 05 sentyabr 2023-cü il tarixdə günorta saatlarında Sumqayıt şəhərində 9-cu mikrorayon ərazisində Heydər parkının yaxınlığında yerləşən “Bravo” supermarketin yanında 150 manat, həmin gün saat 20:35-də Şahid1 vasitəsi ilə onun dediyi ona məxsus «Kapital banka» aid 4169 7385 3430 2785 saylı bank kartına ünvan 1 ünvanda yerləşən «Grandmart» marketdə quraşdırılmış «Mpay» ödəmə terminalı ilə göndərdiyi 850 manat, 12 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə, Sülh küçəsi ilə Nərimanov küçəsinin kəsişməsində yerləşən «Expressbank»m qarşısında 3000 manat, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Sumqayıt şəhərində Avtovağzal ərazisində 500 manat pulunu alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs ümumilikdə 4500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində qeyd etdi ki, Zərərçəkmiş şəxs 2018-ci ildən tanıyır, onunla bir neçə il Abşeron rayonu Saray qəsəbəsində yerləşən 2 saylı sosial xidmət müəssisəsində işləmiş, özü orada dayə işləmiş, Sevda isə tərbiyəçi işləyir. 2022-ci ilin iyun ayında o, ailə problemləri ilə bağlı ərizə yazıb işdən çıxmışdır. 2023-cü ilin avqust ayının sonlarında Sevda ona hal-əhval üçün zəng vurmuş, söhbət əsnasında o, ondan eşitmişdir ki, qızı Nuranəni işə düzəltmək istəyir. Nuranə Sevdanın dediyinə görə Bakı şəhərində informatika üzrə kolleci bitirmişdir. O, Sevdaya bildirmişdir ki, Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən internat evində informatika müəlliməsi kimi işə düzəldə bilər, tanışları var, bunun üçün də 4500 manat pul lazım olacaq. Uşaqları xəstə olduğuna görə alacaq pulu onların müalicəsinə xərcləyəcəyini, Nuranəni isə qanuni qaydada pulsuz, sənədlərini toplayıb internat evinin rəhbərliyindən xahiş edib işə düzəldəcəyini düşünmüşdür. O, Sevdaya bu təklifi deyəndən sonra, sonuncu onunla razılaşmış və xx.xx.2023-cü il tarixdə Sevdanın qızı Nuranə Sumqayıt şəhərində, Heydər parkının yanında yerləşən Bravo marketin yaxınlığında 150 manat ona əlbəəl vermiş və həmin axşamı da ona məxsus Kapital banka aid 4169-7385-3430- 2785 saylı bank kartına 850 manat göndərmişdir. Bundan sonra, 12 sentyabr 2023-cü il tarixdə Sumqayıt şəhərində Expressbankın yanında Sevda ona 3000 manat vermişdir. Bundan sonra, 26 sentyabr 2023-cü il tarixdə Sevda ona Sumqayıt şəhərində Avtovağzal ərazisində ona 500 manat əlbəl vermiş, yanında əri də olmuşdur. Ümumilikdə 4500 manat pulu alandan sonra 6-cı mikrorayon ərazisində yerləşən internat evindən orada boş işçi yeri olub-olmaması barədə maraqlanmış, orada boş yer olmadığını öyrənəndən sonra, Sevdaya demişdir ki, 9-cu mikrorayon ərazisində yerləşən internat ev ilə maraqlanar. Nuranə ona diplomunu verməli olmuşdur ki, o işə düzəldəcəyi yerə təqdim etsin. Lakin Nuranə öz diplomunu kollecdən almadığına görə onlar birlikdə kollecə gedib onun diplomunu almışlar. Diplomu alandan sonra, Nuranə ona bildirmişdir ki, guya bir tanışı onu Sumqayıtda təzə açılışı olan göz xəstəxanasında işə düzələcək. O, həmin vaxt ona işinin alınacağını, noyabr ayında işinin düzələcəyini demişdir. Lakin Nuranə israrla istəmədiyini deyəndən sonra o da ona pulunu qaytaracağını demişdir. O, pulu öz ehtiyaclarına xərclədiyinə görə Sevdanın pulunu vaxtında geri qaytara bilməmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona vurulmuş maddi ziyanı tam şəkildə ödəmişdir. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyan məbləği tərəfindən ona tam ödənilmişdir. Zərərçəkmiş şəxslə barışmışlar, barəsində heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanı nəzərə alaraq işin icrasına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Abşeron rayonu Saray qəsəbəsi 2 saylı sosial xidmət müəssisəsində tibb bacısı işləyir. Təqsirləndirilən şəxs bir neçə ilə əvvəl onunla həmin müəssiədə xadimə işləmiş, işdən çıxandan sonra onunla əlaqəsi kəsilmişdir. Şahid1 onun qızıdır, hazırda Sumqayıt yüksək tibb müəssisəsində informatika fənnini tədris edir. Qızı Bakı şəhərində Kopperasiya texnikomunu bitirmiş, rəsmi dövlət işi olmadığından o, qızı üçün iş axtarmışdır ki, rəsmi maaşı olsun. 2023-cü ilin avqust ayının sonlarında Könül ona zəng etmiş, özü də onun zənginə təccüblənmiş və onlar telefonda söhbət edib köhnə günləri yada salmış, söhbət əsnasında Könül ona Bakı şəhərində işə düzəldiyini, müdirə işlədiyini 2500 manat maaş aldığını demişdir. Sonra ondan qızı Nuranə barədə işləyib-işləməməsi barədə soruşmuş, o da ona qızı üçün iş axtardığını demişdir. Könül ona qızını Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən internat tipli evdə informatika müəllimi kimi işə düzəldə biləcəyini demişdir. Bir müddət həmin yerdə işlədiyini və tanışlarının olduğunu demiş, amma tanışının kim olduğunu deməmişdir. İşin alınması üçün də 4.500 manat pul lazım olduğunu demişdir. O, soruşanda işə düzəldən şəxsin adını Könül ona bildirmişdir ki, həmin şəxsi adını deyə bilməz. O təkliflə razılaşdıqda, ilkin olaraq Könül 1500 verilməsini, qalan 3000 manatı isə Nuranənin əmri gələndən sonra verəcəyini demişdir. Bundan sonra o evdən 1000 manat götürüb qızı Nuranəyə vermişdir ki, Könülə versin. Qızı Könülü yaxından tanımasa da, qiyabi tanımışdır. Qızı Nuranə 05 sentyabr 2023-cü il tarixdə 150 manat pulu Sumqayıt şəhərində 9-cu mikrorayon ərazisində Heydər parkının yaxınlığında olan “Bravo” supermarketin yanında Könülə vermişdir. Həmin günü də, axşam vaxtı 850 manat pulu Könülün ona dediyi karta «Mpay» ödəmə terminalı vasitəsilə göndərmişdir. Könül 15 sentyabr 2023-cü il tarixdə Nuranənin əmrinin gələcəyini və işə çıxacağını demişdir. 11 sentyabr 2023- cü il tarixdə Könül ona zəng edib təcili qalan pulu da, ödəmələrini bildirmişdir. O ona başqa cür danışdıqlarını desə də, o, guya işi düzəldən şəxsin pulu birdəfəlik istədiyini demişdir. O da 12 sentyabr 2023-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhərində Expressbank ASC-nin Sumqayıt filialından 3000 manat götürüb, həmin gün saat 11 radələrində elə Sumqayıt şəhəri, 30-cu məhəllədə yerləşən Expressbankın qarşısında Könüllə görüşüb həmin 3000 manat pulu ona vermişdir. Qalan 500 manat pulu da xx.xx.2023-cü il tarixdə, günorta saatlarında o, əri Tahirlə birlikdə Sumqayıt şəhərində Avtovağzal ərazisində Könüllə görüşərək ona əlbəəl vermişdir. Ümumilikdə Könülə 4500 manat pul vermişdir. Bir müddət keçəndən sonra başa düşmüşdür ki, Könül onu aldatmışdır. Könülə qızının işə düzəlməsi ilə bağlı məhkumluq haqqında arayış, diplomun surəti, şəxsiyyət vəsqisənin surətlərini vermişlər. Könülün onları aldatdığını hiss edəndən sonra qızı 6-cı mikrorayonda yerləşən internat evi ilə maraqlanmışdır. Oradan ona vakant yer olmadığını demişlər. Onlar bu barədə Könülə deyəndə Könül onlara 9-cu mikrorayonda yerləşən internat evinə sənədlərin göndəriləcəyini demiş, lakin ora ilə də maraqlananda həmin internat evində də vakant iş yeri olmadığını öyrənmişlər. Həmin internat evlərindən qızına onunla bağlı sənədlərin daxil olmadığını demişlər. Daha sonra, o aldadıldığını başa düşüb polisə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, şikayət və tələbi yoxdur. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Barəsində heç bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd olunanları nəzərə alaraq işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadı, Şahid1 onun qızıdır. Sevda Abşeron rayonu Saray qəsəbəsi 2 saylı sosial xidmət müəssisəsində tibb bacısı işləyir və Təqsirləndirilən şəxs ilə orada tanış olmuşdur. Qızı Nuranə Bakı şəhərində Kooperasiya texnikomunu bitirmiş və işləmədiyi üçün Sevda onun üçün iş axtarmışdır. 2023-cü ilin avqust ayının sonlarında Könül arvadı Sevda ilə zəngləşmiş və söhbət əsnasında Nuranəni Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən internat tipli evdə informatika müəllimi kimi işə düzəldə biləcəyini, işin alınması üçün 4.500 manat pul lazım olduğunu bildirdirmişdir. İlkin olaraq Könül 1500 verilməsini, qalan 3000 manatı isə Nuranənin əmri gələndən sonra verəcəyini demiş və onlar həmin şərtlə razılaşmışlar. Bundan sonra Sevda evdən 1000 manat götürüb Nuranəyə verdi ki, aparıb Könülə versin. O da səhv etmirsə 05 sentyabr 2023-cü il tarixdə 150 manat pulu Sumqayıt şəhərində 9-cu mikrorayon ərazisində Heydər parkının yaxınlığında olan “Bravo” supermarketin yanında Könülə vermişdir. Həmin günü də, axşam vaxtı 850 manat pulu Könülün ona dediyi karta «Mpay» ödəmə terminalı vasitəsilə göndərmişdi. 11 sentyabr 2023-cü il tarixdə Könül Sevdaya zəng edib təcili qalan pulun ödəməsini bildirmış, çarəsiz qalıb Sevda 12 sentyabr 2023-cü il tarixdə Sumqayıt şəhərində Expressbank ASC-nin Sumqayıt filialından 3000 manat götürüb elə Sumqayıt şəhəri, 30-cu məhəllədə yerləşən Expressbankin qarşısında Könülə həmin 3000 manat pulu vermışdır. Bir müddət keçəndən sonra onlar başa düşmüşlər ki, Könül onları aldadır və Sevda polisə müraciət etmişdir. Hazırda Könül onlardan aldığı pulun hamısını qaytarmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid2 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyandan 2400 manatı ona ödəmişdir. Hazırda onun ona 2100 manat veriləsi ziyanı qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7 adlı övladları vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxsnm əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkibi olmadığından, həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid1 istintaqa təqdim etdiyi 01 ədəd qəbz maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu 4500 manat ümumi ziyandan 2800 manatı ona ödəmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ona 1700 manat dəymiş ziyan məbləğindən xx.xx.2024-cü il tarixdə 1000 manat ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsnun törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizəni, nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnun barəsində cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd qəbz iş materiallarında saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxsnun məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-308/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 331/2024 saylı orderə əsasən vəkil X3 onun vəkili təyin etmişdir. xx.xx.2024-cü il tarixli orderə müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi ilə əvəz olunmuşdur. Müdafiəçi X5 və Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün X5 03 (üç) saat, Müdafiəçi 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat və 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd qəbz iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 göstərdiyi 03 (üç) saat hüquqi yardıma görə 18 (on səkkiz) manat, Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar