Məhkəmə qərarları › İş №1(060)-310/2020

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-310/2020

16.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-310/2020 16.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2, mənzil 2 ünvanında yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə, xx.xx.1990-cı Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi, PÇ-14-də qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2019-cu il tarixdə saat 06 radələrində "xxxxxxxxxxxxxxxxxxxxxxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sumqayıt stansiyasının ərazisinə gəlib həmin dəmir yol stansiyasına aid olan hər birinin dəyəri 15 manat olan 8 ədəd dəmir əsaslı ərintidən hazırlanmış hasar üstü barmaqlıqları gizli yolla talayaraq "xxxxxxxxxxxxxxxxxxxxxxxx" Qapalı Səhmdar Cəmiyyətinə ümumilikdə 120 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittihamda təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə səhər saat 06 radələrində yuxudan durub siqaret və çörək almaq məqsədilə evdən çıxıb dükana tərəf getmiş, dükan bağlı olduğu üçün geri qayıdanda, evə çatmağa az qalmış onunla qonşuluqda yaşayan Samirlə rastlaşmış, söhbət vaxtı Samir Sumqayıt stansiyasının ərazisindəki yaşıllığın ətrafındakı hasar üstü metal barmaqlıqların bir neçəsinin yerindən çıxmış vəziyyətdə olduğunu, onları metal qəbulu məntəqəsinə təhvil verib pul əldə edə biləcəklərini bildirmişdir. Pula ehtiyacı olduğu üçün Samirlə birgə həmin barmaqlıqları oğurlamaq qərarına gəlmiş və 30 metrə qədər aralıda barmaqlıqların olduğu yerə yaxınlaşıb, yerindən çıxan barmaqlıqları bir yerə toplamış, sallanıb qalan məftillə bağlı olan barmaqlıqları da çıxararaq onları Samirin həyətinə daşımışlar. Ümumilikdə 8 ədəd barmaqlıq oğurlanmış, bu zaman onları kənardan görən olmamışdır. Bundan sonra həmin qəsəbədə yaşayan taksi fəaliyyəti ilə məşğul olan Akifin qapısına gedib, onun avtomobili ilə metal qəbulu məntəqəsinə metal aparmaq istədiklərini bildirmiş, Akif avtomobilinin nasaz olduğunu, onun özünün də metal qəbulu məntəqəsinə təhvil vermək istədiyi avtomobil sürətlər qutusu olduğunu bildirərək, avtomobil tapan kimi onu da metal qəbulu məntəqəsinə götürmələrini xahiş etmişdir. O və Samir Akifə oğurluq etmələri, metalın oğurluq olması barədə heç bir söz deməmişlər. Daha sonra küçədə taksi fəaliyyəti ilə məşğul olan Vüqarın avtomobillə keçdiyini görüb, onu saxlatdırmış və metal qəbulu məntəqəsinə metal təhvil verməyə getmək istədiklərini bildirmişlər. Vüqara aparacaqları metal barmaqlıqların oğurluq olmasını bildirmədən, zəhmət haqqı kimi 6 manat pul verəcəkləri barədə razılığa gəlmişlər. Vüqarın idarə etdiyi Opel Zafira markalı avtomobili Samirin qapısına sürdürüb, metal barmaqlıqları avtomobilin baqaj hissəsinə yükləmiş, oradan da avtomobillə Akifin qapısına gedib, sürətlər qutusunu avtomobilə yerləşdirərək Akiflə birlikdə metal qəbulu məntəqəsinə getmişlər. Metal qəbulu məntəqəsində apardıqları metal barmaqlıqların oğurluq olması haqqında heç kimə bildirmədən təhvil verib əvəzində 58 manat pul almışlar. Məntəqədə Akifin apardığı sürətlər qutusunu alan olmadığından birlikdə qəsəbəyə qayıtmış, Vüqara 6 manat zəhmət haqqı vermiş, qalan 52 manatı isə Samirlə yarı-yarıya bölmüşlər. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə vurduğu zərəri ödəmişdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi, PÇ 14-də qeydiyyatda olsa da, ünvan 2-də anası ilə birlikdə yaşayır. xx xxxxxx 2019-cu il tarixdə səhər saat 06 radələrində küçədə onunla qonşuluqda yaşayan Mahirlə rastlaşmış, söhbət zamanı Sumqayıt stansiyasının ərazisindəki yaşıllığın ətrafındakı hasar üstü metal barmaqlıqların bir neçəsinin yerindən çıxmış vəziyyətdə olduğunu, onları metal qəbulu məntəqəsinə təhvil verib pul əldə edə biləcəklərini bildirmişdir. Mahirlə birgə həmin barmaqlıqları oğurlamaq qərarına gələrək, 30 metrə qədər aralıda barmaqlıqların olduğu yerə yaxınlaşıb, ümumilikdə 8 ədəd barmaqlıq çıxardaraq, onları həyətinə daşımışlar. Oğurluq edərkən səhər saat 06 radələri olduğundan onları kənardan görən olmamışdır. Bundan sonra həmin qəsəbədə yaşayan taksi fəaliyyəti ilə məşğul olan Akifin qapısına gedib, onun avtomobili ilə metal qəbulu məntəqəsinə metal aparmaq istədiklərini bildirdikdə, Akif avtomobilinin nasaz olduğunu, onun özündə də metal qəbulu məntəqəsinə təhvil vermək istədiyi avtomobil sürətlər qutusu olduğunu, avtomobil tapan kimi onu da metal qəbulu məntəqəsinə götürmələrini xahiş etmişdir. O və Mahir Akifə oğurluq etmələri, metalın oğurluq olması barədə heç bir söz deməmişlər. Daha sonra küçədə taksi fəaliyyəti ilə məşğul olan Vüqarla rastlaşıb, metal qəbulu məntəqəsinə metal təhvil verməyə getmək istədiklərini bildirərək 6 manat müqabilində metal qəbulu məntəqəsinə gedib qayıtmaq barədə razılığa gəlmişlər. Vüqara aparacaqları metal barmaqlıqların oğurluq olmasını bildirmədən onun yaşadığı ünvana gələrək, metal barmaqlıqları avtomobilin baqaj hissəsinə yükləmiş və oradan da avtomobillə Akifin qapısına gedərək sürətlər qutusunu da avtomobilə yerləşdirib, birlikdə yaxınlıqdakı metal qəbulu məntəqəsinə getmişlər. Metal qəbulu məntəqəsində metal barmaqlıqların oğurluq olması haqqında heç kimə bildirmədən təhvil verib əvəzində 58 manat pul almışlar. Akifin apardığı sürətlər qutusunu alan olmamış və onlar qəsəbəyə qayıtmışlar. Onlar Vüqara 6 manat zəhmət haqqı vermiş, qalan 52 manatı isə yarı yarıya bölmüşlər. Əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirir, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, dəymiş zərəri ödəmişdir. Məhkəmədən göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş etdi. xx.xx.2020-ci il tarixdə məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Müdafiəçi1 göstərdi ki, "xxxxxxxxxxxxxxxxxxxxxxxx" QSC-nin Sumqayıt stansiyasında baş mühasib vəzifəsində işləyir. Ona "xxxxxxxxxxxxxxxxxxxxxxxx" QSC tərəfindən verilmiş etibarnaməyə əsasən cinayət işində zərərçəkmiş şəxsin, yəni "xxxxxxxxxxxxxxxxxxxxxxxx" QSC-nin nümayəndəsi kimi iştirak etmək hüququ verilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxxxxx 2019-cu il tarixdə ADY QSC-nin Sumqayıt Stansiyasının ərazisindəki metal materialdan hazırlanmış hasar üstü barmaqlıqları oğurlamaları ilə əlaqədar "xxxxxxxxxxxxxxxxxxxxxxxx" Qapalı Səhmdar Cəmiyyətinə maddi ziyan vurmuşlar. Həmin maddi ziyanın 120 manat dəyərində hesablanması ilə tam razıdırlar. Hazırda onlara ümumilikdə dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərdən şikayətçi deyillər və heç bir tələbləri yoxdur. Zərərçəkmiş şəxsin nümayəndəsi Müdafiəçi1 xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, müəssisədən oğurlanmış hasar üstü dəmir barmaqlıqlar geri qaytarılmışdır. Bu səbəbdən təqsirləndirilən şəxslərə qarşı şikayət, tələb və iddiaları yoxdur. Onların cəzalandırılmasını məhkəmənin mülahizəsinə buraxmışlar. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Sumqayıt şəhəri Stansiya Sumqayıt qəsəbəsi ev 9-da yaşayır. Həmin qəsəbədə yerləşən 142 saylı orta məktəbdə gözətçi işləyir. Moskviç markalı pikap avtomobili var. Lakin nasazlıq ilə əlaqədar həmin avtomobildən istifadə edə bilmir. Qəsəbədə yaşayan Mahir və Samiri tanıyır. Onlarla heç bir ədavəti, düşmənçiliyi, eləcə də qohumluq əlaqələri yoxdur. xx xxxxxx 2019cu il tarixdə axşam saat 18-də məktəbə gedib xidmətə çıxmış, gecəni məktəbdə qalıb, səhərisi gün xx xxxxxx 2019-cu il tarixdə saat 07 radələrində növbəni təhvil verərək evinə qayıtmışdır. Saat 09 radələrində Mahir və Samir ona yaxınlaşıb yaxınlıqdakı metal qəbulu məntəqəsinə tullantı metal təhvil vermək üçün onun avtomobili ilə ora getmək istədiklərini bildirdikdə o, avtomobilinin nasaz olduğunu, başqa avtomobil tapdıqları halda onda olan tullantı sürətlər qutusunu da onlarla birgə aparıb metal qəbulu məntəqəsinə təhvil vermək istədiyini bildirmişdir. Mahir və Samir ondan aralanıb getmiş, təxminən 20-30 dəqiqə keçmiş əvvəllər qəsəbədə yaşamış Vüqarın idarə etdiyi Opel markalı avtomobillə geri qayıdaraq, metalı təhvil verməyə getdiklərini bildirmiş, o da dərhal özündə olan tullantı sürətlər qutusunu avtomobilə yükləyərək, birlikdə Stansiya Sumqayıt qəsəbəsinin yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə getmişlər. Orada Mahir və Samir apardıqları metal barmaqlıqları təhvil verib, əvəzində 58 manat pul almış, onun apardığı sürətlər qutusunu isə metal qəbulu məntəqəsində almadıqlarından onlar birlikdə qəsəbəyə qayıtmışlar. Mahir və Samir zəhmət haqqı kimi Vüqara 6 manat pul verib avtomobildən düşmüş, o da sürətlər qutusunu götürüb evinə qayıtmışdır. Mahir və Samirin oğurluq etmələri haqqında, apardıqları metal barmaqlıqların oğurluq olması haqqında nə ona, nə də ki, metal qəbulu məntəqəsində heç nə deməmiş, o, bu barədə məlumatsız olmuşdur. Həmin metalların Samir və Mahirə aid tullantı metal olduğunu zənn etmişdir. Şahid X2 bildirmişdir ki, “Opel Zafira” markalı AZ ** CM *** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Sumqayıt şəhəri Stansiya Sumqayıt qəsəbəsində qayınanası İlhamə yaşayır. Əvvəllər o da Stansiya Sumqayıt qəsəbəsində yaşadığından həmin qəsəbənin sakinlərini tanıyır. xx xxxxxx 2019-cu il tarixdə səhər saat 09 radələrində qayınanası İlhaməyə 200 manat məbləğində lotoreya uduşunu vermək məqsədilə Stansiya Sumqayıt qəsəbəsinə getmiş və uduşu ona verib qayıdarkən, həmin qəsəbədə yaşayan Mahir və Samir əl edib avtomobili saxlatdıraraq, yaxınlıqdakı metal qəbulu məntəqəsinə tullantı metal təhvil vermək üçün avtomobillə ora getmək istədiklərini bildirmişlər. O, 6 manat müqabilində həmin ünvana gedib qayıtmağa razılaşaraq, avtomobili Samirin yaşadığı evin qarşısına sürmüş, Mahir və Samir avtomobilə yadında qalmayan sayda metal materialdan olan barmaqlıq yükləmiş, bundan sonra qonşuluqda yaşayan Akifin də metal qəbulu məntəqəsinə tullantı sürətlər qutusu vermək istədiyini bildirmişlər. Onlar avtomobillə Akifin qapısına getmiş, Akif də təhvil verməli olduğu sürətlər qutusunu avtomobilə yüklədikdən sonra birlikdə Stansiya Sumqayıt qəsəbəsinin yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə getmişlər. Orada Mahir və Samir apardıqları metal barmaqlıqları təhvil verib, əvəzində 58 manat pul almış, Akifin apardığı sürətlər qutusunu isə metal qəbulu məntəqəsində almamışlar.X4 qəsəbəsinə qayıtmış, Mahir və Samir zəhmət haqqı kimi ona 6 manat pul vermiş, Akif də sürətlər qutusunu götürüb evinin qarşısında avtomobildən düşmüşdür. Mahir və Samir oğurluq etmələri haqqında, apardıqları metal barmaqlıqların oğurluq olması haqqında nə ona, nə Akifə, nə də ki, metal qəbulu məntəqəsində heç nə deməmişlər. O, bu barədə məlumatsız olmuşdur. Şahid3 bildirmişdir ki, Sumqayıt şəhəri Stansiya Sumqayıt qəsəbəsi ərazisində yerləşən. “S.Stell” kompaniyə aid olan metal qəbulu məntəqəsində operator vəzifəsində işləyir. Həmin məntəqədə əhalinin gətirdiyi tullantı metalların qəbulu ilə məşğul olur. xx xxxxxx 2019-cu il tarixdə səhər saat 10 radələrində işdə olduğu vaxtı 4 nəfər tanımadığı şəxs “Opel Zafira” markalı AZ ** CM *** dövlət nömrə nişanlı avtomobillə məntəqəyə gəlmiş, həmin şəxslərdən biri təhvil vermək məqsədilə tullantı avtomobil sürətlər qutusu, digər iki şəxs isə metal materialdan olan tullantı metal barmaqlıqlar gətirmişdir. Həmin şəxslər gətirdikləri metal hissələrin özlərinə məxsus olduğunu bildirmişlər. O, sürətlər qutusunu almaqdan imtina etmiş, barmaqlıqları isə təhvil almaq məqsədilə tərəzidə çəkərək, təxminən 240 kiloqram olduğunu bilib, hər kiloqrami 25 qəpikdən hesablanmaqla həmin iki şəxsə 58 manat pul vermişdir. xx xxxxxx 2019-cu il tarixdə polisə dəvət olunanda həmin iki nəfər şəxsin təhvil verdikləri hasar üstü barmaqlıqların oğurluq olduğunu bilmişdir. Həmin şəxslərin təhvil verdikləri barmaqlıqlar həddən artıq köhnə və sınıq olduğundan onların həqiqətən tullantı olduğunu zənn etmişdir. Həmin metalların oğurluq olduğunu bilən kimi metal hissələri polisə təqdim etmişdir. Şahid1 bildirmişdir ki, X5 Stansiyasına bitişik vəziyyətdə olan obyektdə kompüter oyunları salonu açıb işlədir. Hər gün səhər saatlarında işlətdiyi salona gəlir və gün ərzində işdə olur. İşlədiyi obyektin qarşısında stansiyaya aid olan ətrafı hasar üstü metal barmaqlıqlarla əhatələnmiş yaşıllıq ərazi vardır. xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində o, kompüter salonunu bağlayıb evə gedəndə həmin yaşıllıq ərazinin ətrafındakı hasar üstü barmaqlıqların yerində olduğunu, səhərisi gün isə xx xxxxxx 2019cu il tarixdə saat 10 radələrində iş yerinə gələndə, həmin hasar üstü barmaqlıqların bəzilərinin yerində olmadığını müşahidə etmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli "hadisə yerinə baxış keçirilməsi haqqında" protokoldan görünür ki, xx.xx.2019-cu il tarixdə daxil olmuş müraciət məktubunun icrası ilə əlaqədar hadisə yerinə baxış keçirilmişdir. Həmin gün hal şahidləri ilə birgə X5u stansiya ərazisində yerləşən dəmir yolu stansiyasının ərazisinə çəkilmiş 44 metr uzunluğunda olan hasara baxış keçirilmişdir. Baxış zamanı bir metr hündürlüyündə 44 metr uzunluğunda daş hasar olsa da, üzərindən 58 sm hündürlüyündə 96 sm uzunluğunda metal çəpərlərin olduğu müəyyən edilmişdir. Birgə həmin metal çəpərlərə baxarkən 8 ədədinin yerindən qoparılaraq aparıldığı müəyyən olunmuşdur. Mişar daşla hörülmüş 44 metr uzunluğunda olan daş hasarın üzərinə çəkilmiş metal çəpərin hər birinin hündürlüyü 58 sm, uzunluğu 96 sm olduğu müəyyənləşdi. Baxış keçirilərkən hadisə yerində heç bir sübut əhəmiyyəti kəsb edə biləcək əşya və əmlak götürülmədi. Baxış gündüz vaxtı təbii işıqlanmış havada keçirildi və bir neçə kadrdan ibarət fotoşəkillər çəkildi.(i.v 8) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(i.v 18) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(i.v 19) İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli "Hadisə yerinə baxış keçirilməsi haqqında" protokoldan görünür ki, hal şahidləri ilə birgə xx xxxxxx 2019-cu il tarixdə Bakı- Quba yolunun 33-cü kilometrliyində yerləşən metal qəbulu məntəqəsində baxış keçirilmişdir. Orada həmin məntəqəni işlədən Şahid3la görüşüb həmin məntəqəyə metal çəpərlər verilib-verilməməsi soruşulmuşdur. O bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 10 radələrində 99CM922 nömrəli Opel Zafira markalı avtomobillə tanımadığı 4 nəfər tərəfindən 12 hissədən ibarət çəpər gətirilərək 58 manat dəyərində təhvil verilib. Bundan sonra metal qəbulu məntəqəsinin ərazisinə baxış keçirilsə də, sübut əhəmiyyəti kəs edə biləcək heç bir metal tapılmadı. Təqdim olunmuş 12 hissədən ibarət metal çəpərlər sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür.(i.v 21) İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər Səhiyyə Şöbəsi Sumqayıt şəhər Narkoloji Dispanserinin xx xxxxxx 2019-cu il tarixli 4817 nömrəli arayışından görünür ki, Xəlilov X3 şəhər Narkoloji Dispanserində 08.2007-ci il tarixdən narkomaniya diaqnozu ilə qeydiyyatdadır.(i.v 52) İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər Səhiyyə Şöbəsi Sumqayıt şəhər Narkoloji Dispanserinin xx xxxxxx 2019-cu il tarixli 4862 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Narkoloji Dipanserində qeydiyyatda yoxdur.(i.v 53) İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə Çöbəsi 2 nömrəli Şəhər Poliklinikasının baş həkimi Arzu Əhmədovanın xx xxxxxx 2019-cu il tarixli 851 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər 2 nömrəli poliklinikanın psixiatrik kabinetinə müraciət etməmiş və ambulator kartası yoxdur.(i.v 54) İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli 30935/30939 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd uzunluğu təxminən 60 sm, eni 40 sm, qalınlığı 2,5 sm, istifadədə olmuş, üzərində mavi rəngli boya (tökülmüş) qatı və korroziya izləri olan çəpərin metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi təxminən 15,5 kq-dır. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq, respublikada yerləşən bazarlarda və inşaat materiallarının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən uzunluğu təxminən 60 sm, eni 40 sm, qalınlığı 2,5 sm ölçülü nümunə əsasında 1 ədəd uzunluğu təxminən 58 sm, eni 96 sm, qalınlığı 2,% sm ölçülü dəmir çəpərin 2019-cu il dekabr ayına olan orta bazar qiyməti təxminən 15,0 manat, 8 ədədi 120,0 manat müəyyən edilir.(i.v 58-59) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli "Maddi sübut kimi tanıma haqqında" qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurladıqları 8 ədəd dəmir əsaslı ərintidən hazırlanmış hasar üstü barmaqlıqlar iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nə təhvil verilmişdir.(i.v 64) İş materiallarında olan xx xxxx 2020-ci il tarixli "Axtarışda olan şəxsin tutulması barədə" protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə saat 07:00-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsində saxlanılaraq Xaçmaz st. XPŞ-nə gətirilərək İQ-na təhvil verilmişdir.(i.v 85) İş materiallarında olan xx xxxx 2020-ci il tarixli "Axtarışda olan şəxsin tutulması barədə" protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə saat 07:30-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsində saxlanılaraq Xaçmaz st. XPŞ-nə gətirilərək İQ-na təhvil verilmişdir.(i.v 86) İş materiallarında olan xx xxxx 2020-ci il tarixli "Qətimkan tədbirinin seçilməsi barədə" qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində " Başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir.(i.v 102) İş materiallarında olan xx xxxx 2020-ci il tarixli "Qətimkan tədbirinin seçilməsi barədə" qəraradan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində "Başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir.(i.v 120) İş materiallarında olan xx xxxx 2020-ci il tarixli DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır.(i.v 132) İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Xəlilov X3 Şəhər Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 3-cü hissəsi, 23-1-ci maddələri ilə təqsirli bilinərək əməyə mütləq cəlb olunmaqla 02 il azadlıqdan şərti məhrum olunmuşdur. Bundan başqa o, Sumqayıt Şəhər Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 189-1-ci maddəsinin 2-ci hissəsi, 38-ci maddəsinin 3-cü hissəsi, 23-1-ci maddələri ilə təqsirli bilinərək əməyə mütləq cəlb olunmaqla 01 il 02 ay azadlıqdan şərti məhrum edilmişdir. Bundan başqa o, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa o, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2014-cü ildə Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 04 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa o, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128 və 67-ci maddələri ilə təqsirli bilinərək 06 ay 15 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2015ci ildə cəzasının sonu ilə azad olunmuşdur.(i.v 135-136) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 barəsində Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qərarı ilə 4 ay 21 gün çəkilməmiş cəzası Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 06 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur.(i.v 143-146) İş materiallarında olan xx xxx 2020-ci il tarixli "Sübutların qiymətləndirilməsi haqqında" qərardan görünür ki, iş üzrə götürülmüş 8 ədəd dəmir əsaslı ərintidən hazırlanmış hasar üstü barmaqlıqlar sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır.(i.v 147-152) Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda, hər bir təqsirləndirilən şəxslə bağlı ayrıca qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin onlara isnad edilən ictimai təhlükəli əməlləri törətmələri tam sübuta yetirildi. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, onlar hər biri müvafiq olaraq həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olması, yaşayış yerindən müsbət xarakterizə edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətini yüngülləşdirən hal kimi onun əməlindən peşman olması və yaşayış yerindən müsbət xarakterizə edilməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirləri hokm qanuni qüvvəsini alanadək saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar 109,50 (bir yüz doqquz manat əlli qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş oğurluq cinayətinin predmeti olan 8 ədəd dəmir əsaslı ərintidən hazırlanmış çəpərin saxlanılması üçün sahiblərinə verilməsi nəzərə alınmalı, sahiblərinə qaytarılmış hesab edilməlidir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyan tam ödənilmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsinin təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur, onlara qarşı mülki iddia verməmişlər. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli "Axtarışda olan şəxsin tutulması barədə" protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə saat 07:30-da, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə saat 07:00-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Xaçmaz st. XPŞ-nə gətirilərək İQ-na təhvil verilmişlər. Onların tutlaraq saxlandıqları bir gün Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə tutulduğu 01 (bir) gün müddət, bir günə iki gün hesablanmaqla təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəza çəkilməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2, mənzil 2 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə tutulduğu 01 (bir) gün müddət, bir günə iki gün hesablanmaqla təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs2 cəzan icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 109,50 (bir yüz doqquz manat əlli qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş oğurluq cinayətinin predmeti olan 8 ədəd dəmir əsaslı ərintidən hazırlanmış çəpərin saxlanılması üçün sahibinə verilməsi nəzərə alınsın və sahibinə qaytarılmış hesab edilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar