Məhkəmə qərarları › İş №1(060)-310/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-310/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-310/2023 06.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs-mülki iddiaçı – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1970-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Xüsusi Təyinatlıların qaziləri, şəhid ailələri və veteranları istimai birliyinin sədri vəzifəsində işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs övladı X8 İşlər Nazirliyinin Dövlət Yol Polisi xidmətinə köçürmə yolu ilə işə qəbul olunmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq 2022-ci ilin may ayının əvvəllərində Sumqayıt şəhəri 10-cu mikrorayonda yerləşən “Yaşar” restoranında 25.000 manat alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ildən etibarən "Xüsusi Təyinatlıların qaziləri, şəhid ailələri və veteranları ictimai birliyi" qeyri hökümət təşkilatının sədri vəzifəsindədir. Şahid3 təxminən 30-40 il müddətdir ki, tanıyır, əvvəllər Sumqayıt şəhərində bir binada yaşamışlar. Aslan adlı şəxs də Salmanın tanışıdır. 2022-ci ilin may ayında Salman ona zəng edərək bir nəfər tanışının olmasını, həmin şəxsin DYP xidmətinə işə düzəlmək istədiyini, köməklik edə bilib-bilməyəcəyini soruşmuş, o da cavabında köməklik edə biləcəyini demişdir. Salman ona həmin şəxslərin dostu Aslanın tanışları olmasını demişdir. Sonra Aslan və Salman onun mobil nömrəsini işə düzəlmək istəyən şəxsə vermişlər və Ramil adlı şəxs ona zəng etmiş, nömrəni Aslandan almasını, DYP xidmətinə işə düzəlmək istədiyini demişdir. O da həmin şəxsə köməklik edə biləcəyini, lakin konkret olaraq necə kömək edəcəyini bildirməmişdir. Bundan sonra Aslan və Salmanın vasitəçiliyi ilə 2022-ci ilin may ayının əvvəllərində Sumqayıt şəhərində yerləşən çayxanaların birində ilk əvvəl Ramillər görüşmüş, Ramil ona işə düzəlmək istəyini, hazırda Sumqayıt ŞPİ-də serjant rütbəsində çalışdığını bildirmişdir. O da Ramilə 25.000 manat pul müqabilində iş yerini DYP xidmətinə dəyişcəyini demişdir. Bundan təxminən 2-3 gün sonra, yəni 2022-ci ilin may ayının əvvəllərində yenidən Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən "Yaşar" restoranında görüşmüşlər. Bu zaman Ramilin atası Ramiz gəlmiş, o, isə tək olmuş, Aslan və Salman adlı dostları isə bu dəfə gəlməmişdir. Orada Ramiz qeyd olunan 25.000 manat pulu kimə verəcəyini soruşduqda o, yalandan hansısa vəzifəli şəxs olmasını, pulu aparıb həmin şəxsə verəcəyini demişdir. Ramiz bundan sonra ona inanmış və Ramizdən 25.000 manat pulu almışdır. Daha sonra əldə etdiyi həmin pul məbləğini müxtəlif vaxtlardan öz ehtiyaclarına xərcləmiş, bütün məbləğin hara xərcləməsini xatırlamır. Sonra 2-3 dəfə yenə də Ramizlə görüşmüş, lakin ona pulu xərclədiyini deməmişdir. Ramizə yalandan yüksək çinli məmurların adını çəkməklə pulu həmin şəxslərə verdiyini bildirmişdir. Əməlindən peşmandır. İİ dərəcə əlilliyi vardır. Müharibə iştirakçısıdır. Məhkəmədən iddia tələbinə münasibətdə təmin edilməsinə etirazının olmadığını, xəstəliyini və yaşını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs Əliyaroviç ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs kürəkəni Orxanın tanışının vasitəsi ilə tanımışdır. Övladı Şahid4 Sumqayıt Şəhər Polis İdarəsinin PPX xidməti bölüyündə polis nəfəri kimi xidmət edən zaman övladını özündən xəbərsiz DYP xidmətinə dəyişmək istəyini kürkəni Orxan dedikdə, sonuncu onun tanışının tanışı olduğunu bildirmişdir. Həmin şəxs guya X3, Veteranları və Şəhid ailələri İctimai Birliyinin sədri olan Təqsirləndirilən şəxsdir. O da həmin şəxslə Sumqayıt şəhəri ərazisində çay evində görüşmüş, söhbət zamanı Təqsirləndirilən şəxs istənilən işi həll edə biləcəyini dedikdə o, övladının xidmət yerini dəyişdirmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs hansı xidmətə dəyişmək istədiyini soruşduqda o, DYP xidmətinə xidmət yerini dəyişdirmək istədiyini demişdir. O, Oqtayla bundan əlavə iki-üç dəfə də görüşmüşdür. O, Orxanın iştirakı da olmaqla Təqsirləndirilən şəxs ilə Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən “Yaşar” restoranında görüş vaxtı 25.000 manat pulu Oqtaya vermişdir. Oqtay ona demişdir ki, istəsən gedək notarial qaydada borc müqaviləsi də bağlayaq. O isə ehtiyac olmadığını, inandığını demişdir. 3-4 saat sonra Təqsirləndirilən şəxs DİO-da yüksək vəzifəli şəxslə oturub yeyib-içdiyini, pulu da həmin adama verdiyini, işin qısa müddət ərzində həll edəcəyini, əmrin veriləcəyini demişdir. Lakin 2 ay məsələ uzanmışdır. İcra hakimiyyətinin həyətində qazilər üçün olan çayxanada oturub söhbət edərkən Oqtay demişdir ki, övladının diplomu olmadığı üçün iş alınmır. O da Oqtaya əvvəlcədən övladının ali təhsili barədə diplomunun olmadığını bildirdiyini xatırlatmış, Oqtay, narahat olma, diplomu da həll edəcəm dedikdə, Oqtaydan şübhələnmişdir. Oqtaydan 25.000 manat pulun alınması barədə qəbz almışdır. Qəbzin surətini təqdim etmişdir. Sonda Oqtaydan pulu geri tələb etdikdə o, pulun DİO-da yuxarı vəzifəli şəxsə verdiyini və pulu həmin adamdan geri ala bilmədiyini demişdir. Beləliklə Təqsirləndirilən şəxs onun övladının iş yerini dəyişdirmək adı ilə aldadıb 25.000 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəyimiş zərər ödənilməmişdir. Ona dəymiş zərərin ödənilməsi ilə bağlı verdiyi mülki iddianı müdafiə edir. Zərərin ödənilməsini tələb edir. Zərər ödənilmədiyi halda Məhkəmədən təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qayınatasıdır. Qaynı Ramil isə Sumqayıt Şəhər Polis İdarəsində PPX-də serjant rütbəsində xidmət etmişdir. Qayınatası övladının xidmət yerini DYP xidmətinə dəyişmək istədiyindən əlaqələr axtarırdı. Dostu Aslan Təqsirləndirilən şəxs güclü əlaqələri olduğunu və həmin şəxsin iş düzəldə biləcəyini, yoldaşı Salmanın vasitəsi ilə tanış olmaq imkanın bildirmişdir. O da Ramiz əmiyə bu barədə demişdir. Oqtayın nömrəsini Aslandan alıb sonuncu ilə əlaqə saxlamışlar. 2022-ci ilin may ayının əvvələrində Sumqayıt şəhəri 10-cu mikrorayonda “Yaşar” restoranında Təqsirləndirilən şəxs ilə görüşmüşlər və Oqtay özünün yüksək vəzifəli şəxslərlə tanışlığının olduğunu, əgər onları Salman göndəribsə işi problemsiz həll edə biləcəyini demişdir. Oqtayla söhbətdən sonra qayınatası Ramiz onun iştirakı ilə 25.000 manat pulu Oqtaya vermişdir. Oqtay tanımadıqları adama onların yanında zəng edib pulun əlində olduğunu və Bakı şəhərinə gələcəyini demişdir. Daha sonra telefonu söndürüb dedi ki, 3 gün ərzində əmri verdirəcək. Oqtay pulu DİO-da yüksək vəzifəli şəxsə verdiyini demişdir. Bundan əlavə həmin adamla şam etdiyini və şam yeməyi zamanı məsələni dediyini bildirmişdir. İş alınmayanda Oqtay bildirmişdir ki, uşağın diplomu yoxdur. Kadr xidmətindən diplom istəyirlər. Sonra qeyd etmişdir ki, diplom da ala bilər, bunun üçün 4.000 manat pul lazımdır. Bundan sonra Oqtaydan şübhələnmişlər və pulun alınması barədə ödəniş qəbzi almışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs kürəkəni Şahid1 təxminən 10-15 ildir ki, tanıyır. Həmçinin Orxanın qaynı Şahid4 da tanıyır. Ramilin polis orqanında xidmət etməsi barədə məlumatı olsa da sonuncu ilə görüşməmişdir. Şahid1 ilə söhbət əsnasında Orxan ona bildirmişdir ki, qayını Ramil DYP xidmətinə köçürmə yolu ilə qəbul olmaq istəyir, əgər tanış varsa köməklik etsin. O da Orxana maraqlanacağını, əgər adam olarsa bu barədə məlumat verəcəyini demişdir. Təxminən 5-6 gün sonra 2022-ci ilin təxminən may ayında bu barədə tanışı Şahid3 tanış olub-olmaması barədə soruşmuş, sonuncu da tanış adam olduğunu, Ramilin xidmət yerinin dəyişməsinə kömək edə biləcəyini demişdir. O, Orxana bu barədə məlumat vermişdir. O, Orxan, Salman və Ramil Oqtay adlı şəxslə Sumqayıt şəhər İcra Hakimiyyətinin yaxınlığında yerləşən açıq çay evində görüşmüşlər. Onlar bir-birilərinin nömrəsini almışlar və Ramil sənədlərin şəkillərini Oqtaya göndərmişdir. Oqtay həmin işin 25.000 manata düzələcəyini əlavə də iş düzələndən sonra 5.000 alacağını demişdir. O, Oqtaydan ayrıldıqdan sonra Orxan və Ramilə demişdir ki, Oqtaya inanmadığı üçün ona pul verməsinlər. Bundan sonrakı proseslərdə o iştirak etməmişdir. Təxminən 10 gün sonra Salman ona bildirmişdir ki, Orxangil Oqtaya pul vermişlər. O da bu barədə Orxana zəng edib soruşduqda Orxan qayınatası Ramizin Oqtaya 25.000 manat pulu verdiyini demişdir. Bundan sonra bu məsələ ilə maraqlanmamışdır. Daha sonra məlum olmuşdur ki, Oqtay Ramizi aladaraq işə düzəltmək adı ilə 25.000 manat pul almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs kürəkəni Şahid1 uzun illərdir ki, tanıyır. 2022-ci ilin dəqiq xatırlamadığı ayında 20 ildir tanıdığı Şahid2 onun yanına gəlib bildirmişdir ki, Orxanın qohumu var, DYP xidmətində işə düzəlmək istəyir. O da Şahid2 bildirmişdir ki, həmin xidmətdə işləmək üçün təhsilli olmaq lazımdır. Aslan isə həmin şəxsin hal-hazırda Sumqayıt Şəhər Polis İdarəsində xidmət etdiyini qeyd etmişdir. Təxminən yay aylarında keçmiş qonşusu Təqsirləndirilən şəxs qonuşulara bildirmişdir ki, ictimai birliyə sədr seçilmişdir, kimin problemi olsa köməklik edə bilər. O da Oqtaya belə bir adamın olduğunu bildirmişdir. Aslana xəbər etmişdir ki, Oqtay ilə özü danışsın, bəlkə köməklik edə bilər. Çünki Oqtay hər kəsə özünü nüfuzlu ictimai şəxs kimi göstərmişdir. O, Oqtay ilə ikilikdə görüşmüş, Orxan adlı şəxsin qohumunun DYPdə işə düzəlmək istədiyini, yəni xidmətini DYP xidmətinə dəyişmək istədiyini bildirmiş, Oqtay da maraqlanıb xəbər edəcəyini demişdir. Oqtay sonradan ona demişdir ki, adam var, həll edə bilər, həmin şəxslərlə görüşmək lazımdı. O da Aslana xəbər etmişdir ki, həmin şəxslərə desinlər, uşaqla görüşək sonradan valideyni ilə görüşərik. Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən çay evində o, Aslan, Orxan və Orxanının qohumu Ramil ilə görüşmüşlər Orxan, Ramil Oqtayla görüşüb söhbət etmişlər. Ramil Oqtaya DYP xidmətinə köçürmə yolu ilə qəbul olmaq istədiyini və bu məsələnin həllinin mümkün olubolmadığını soruşmuşdur. Oqtay mümkün olduğunu və yuxarılarda əlaqələrinin olduğunu bildirmişdir. Ramil orta təhsili olduğunu demişdir. Pul söhbətinə çatanda Ramil demişdir ki, 25.000 manat pulu var, Oqtay isə Ramilə demişdir ki, əgər iş alınsa əlavə 5000 manat hörmət edər. Oqtay Ramilə notariat vasitəsi ilə də pulu götürə biləcəyini demişdir. Bundan sonra hər kəs evinə getmişdir. Pulun verilməsində o iştirak etməmişdir. Bir həftə sonra məlum olmuşdur ki, Ramilin atası Ramiz Oqtayla görüşərək 25.000 manat pul vermişdir. Sonradan söhbətlərdən məlum olmuşdur ki, Oqtay işi alındıra bilməmişdir. Vaxt uzandıqca Ramilin atası və Orxan Aslana narazılıqlarını bildirdikdə Aslan da ona bu barədə demişdir. O da Aslanla birlikdə Oqtayın yanına gedərək pulu geri qaytarmasını, ya da işi düzəltməsini tələb etmişlər. Lakin Oqtay vaxtı uzadaraq pulu geri qaytarmamışdır. Oqtay 25.000 manat aldığı puldan nə ona, nə də ki, Aslana verməmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun atasıdır. O, əvvəlcə Sumqayıt Şəhər Polis İdarəsində PPX-də xidmət etmiş, sonra öz istəyi ilə konvoy taboruna keçirilmiş, oradan yenidən PPX-nə qayıtmış, oradan isə öz istəyi ilə işdən azad olunmuşdur. Hələ PPX-də işləyən zaman atası Ramiz onun xidmət yerini DYP xidmətinə dəyişmək istəmiş, bu barədə ona dedikdə o razılaşmamışdır. Daha sonra atası Oqtayın əlaqələrinin olduğunu demiş, buna görə də pul verilən zaman o da atası ilə birlikdə getmişdir. Bu məqsədlə atası Təqsirləndirilən şəxs 25000 manat pul vermişdir. O, xidməti yerini dəyişmək istəməmiş, bu barədə yalnız atası Təqsirləndirilən şəxs pul verən zaman xəbəri olmuşdur. Pul verilən zaman orada atası Ramiz, Orxan və özü olmuşdur. Onlar görüşüb söhbət edən zaman Oqtay Elbəy adlı şəxslə telefonla danışıb məsələni həll edəcəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 16:00-da cinayət törətməkdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-1286/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Əliyaroviç zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 234.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdə X5 ilə rəsmi nikaha daxil olmuşlar, birgə nikahlarında xx.xx.2010-cu il təvəllüdlü X2 adlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi ŞərtlərləTəyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlilliyə görə 536,80 manat məbləğində pensiya ödənilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 32.4, 312-ci maddəsinin tərkibi olmadığından barəsində həmin hissədə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-in 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı TSEK tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcə əlilliyi vardır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Milli Ordu – 100” medalı, “Böyük Zəfər” xatirə medalı, “Müharibə veteranı” medalı, “AVMVİB – 25 il” medalı, Zəfər Diplomu ilə təltif olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 25.000 manat məbləğində pulun və əlavə olaraq dövlət rüsumi kimi ödədiyi 170 manat məbləğdə pulun alınıb ona verilməsinə dair hökm çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxlər və şahidlərin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan hallar və onların mahiyyəti və şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəzası ona görə təyin edilməlidir ki, təsiqləndirilən şəxsin etibardan sui-istifadə edərək aldatma yolu ilə özgə əmlakının ələ keçirilməsi üsulu, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməməsi təqsirləndirilən şəxsə daha yüngül cəza verilməsinə imkan vermir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxsnın məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-310/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 224 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclasında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia verilmişdir. Mülki iddia barədə ərizəyə əsasən Təqsirləndirilən şəxs 25.000 manat məbləğində pul və əlavə olaraq dövlət rüsumu kimi ödənilmiş 170 manat məbləğdə pul alınıb Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Məhkəmədə Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs mülki iddiada qeyd edilən miqdarda, yəni 25.000 (iyirmi beş min) manat maddi ziyan vurulması təsdiq edilmişdir. Buna görə də iş materiallarında kifayət qədər sübutlar olduğu üçün mülki iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.. İş üzrə ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs vurulmuş maddi ziyan 25.000 (iyirmi beş min) manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar