Məhkəmə qərarları › İş №1(060)-310/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-310/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-310/2024 03.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, 03 noyabr 1980-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmuş, subay, orta təhsilli, Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 38, mənzil 28-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İş üzrə Təqsirləndirilən şəxs istintaq orqanına məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,615 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 18 dekabr 2023-cü il tarixdə saat 15:20 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, «Karvan» ticarət mərkəzinin yaxınlığında yerləşən «Papa Johns» restoranının yaxınlığında saxlanılaraq Polis İdarəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibinin üzərindəki kiçik cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,615 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edirmiş. Belə ki, o tutulduğu gün səhər saatlarında Xırdalan şəhəri ərazisində olarkən təsadüfən rastlaşdığı, üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxslə söhbət edərkən narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Həmin şəxs ona narkotik vasitə olan heroin verə biləcəyini bildirmişdir. Bundan sonra o, özü istifadə etmək üçün həmin şəxsdən 8 manata bir ədəd bükümdə narkotik vasitə olan heroin almış və həmin narkotik vasitə olan heroini özü istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 15:20 radələrində o, Sumqayıt şəhəri, Karvan ticarət mərkəzinin yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ona narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli bilindiyini və buna görə də onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Polis İdarəsində xidməti otaqların birində müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla, əvvəlcə ona üzərində olan əşyaları təqdim etməsi təklif olunmuşdur. O, əynindəki şalvarının sağ yan cibində saxladığı bir ədəd bükümdə narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Sorğu zamanı o, bükümün içərisində narkotik vasitə heroin olduğunu və onu həmin gün Xırdalan şəhəri ərazisində tanımadığı şəxsdən özü istifadə etmək üçün 8 manata alıb üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra onun təqdim etdiyi bir ədəd bükümdə narkotik vasitə olan heroin elektron tərəzi ilə çəkilmişdir. Daha sonra onun üzərində şəxsi axtarış keçirilmiş, lakin qanunsuz heç bir şey aşkar edilməmişdir. Hazırda o, etdiyi əməldən peşman olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Oqtay oğlu vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Belə ki, 18 dekabr 2023-cü il tarixdə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə o və digər polis əməkdaşları Şahid2, Elsevər Quliyevdən və Asəf Həbibovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin məlumat əsasında saat 15:20 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Karvan Ticarət mərkəzinin yaxınlığında yerləşən «Papa Johns» restoranının yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmışdır. Bundan sonra onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı izah edilərək, onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Polis İdarəsində xidməti otaqlardan birində müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Hətta axtarış keçirilməmişdən öncə ona üzərində olan qeyriqanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ yan cibinin üzərindəki kiçik cibdən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik maddəni xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində tanımadığı şəxsdən 8 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqdim olunmuş bükümün içərisinə baxış keçirilərkən içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Aşkar edilmiş 01 ədəd bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və 0,82 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra həmin narkotik maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq o, bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatı olmuş, lakin narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında dindirilmiş Şahid1 Oqtay oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 19 dekabr 2023-cü il tarixli 3- 16-16/2-6/6470 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “...saxlanılan şəxs : (imza) Təqsirləndirilən şəxs ...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,615 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 27 yanvar 2024-cü il tarixli 492 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli amnistiya elan edilməsi haqqında qərarının 3-cü bəndinə əsasən cəzası 6 ay müddətinə azaldılaraq cəzası 1 ilə endirilmişdir. Bundan sonra Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 03 ay 10 gün müddətini vaxtından əvvəl şərti azad edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2019-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə qeydiyyata düşmüş və xx.xx.2021-ci il tarixədək cəzasını çəkmiş və qeydiyyatdan çıxarılmışdır. İş materillarında olan Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 1(060)-36/2024 saylı hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 09 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı 13 fevral 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dindirib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilən sübutlara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Belə ki, məhkəmə istintaqı zamanı sübut olundu ki, Təqsirləndirilən şəxs istintaq orqanına məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,615 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 18 dekabr 2023-cü il tarixdə saat 15:20 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, «Karvan» ticarət mərkəzinin yaxınlığında yerləşən «Papa Johns» restoranının yaxınlığında saxlanılaraq Polis İdarəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibinin üzərindəki kiçik cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,615 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Göstərilən hərəkəti ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası hədləri daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Eyni zamanda iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun saxlanıldığı müddət nəzərə alınmaqla üzərində qəti olaraq 09 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə təyin edilmiş qəti cəzadan ibtidai araşdırma zamanı tutulduğu iki gün çıxılmışdır. Məhkəmə hesab edir ki, CM-in 66.5-ci maddəsinə əsasən əvvəlki hökm üzrə təyin edilmiş cəza hazırki cəza ilə toplandıqdan sonra çəkilmiş cəza çıxıldığı üçün əvvəlki iş üzrə saxlanıldığı iki gün müddət hazırda məhkəmənin təyin ediyi vahid cəzadan çıxılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,565 qram təşkil edən narkotik vasitə heroin qanuna müvafiq qaydada məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 81 (səksən bir) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD-R” disk cinayət işində saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,565 qram təşkil edən narkotik vasitə heroin qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 81 (səksən bir) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə isə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD-R” disk cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar