Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-313/2022 25.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Yardımlı rayonu, Sırıq kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olan, Sabirabad rayonu, Axısxa kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs kirayə yaşadığı Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində yerləşən fərdi yaşayış evinə sonuncunun öz xahişi ilə dərman siyahısını götürmək üçün daxil olduğu zaman, özgənin əmlakını talama məqsədi ilə evin yataq otağında olan dolabdan, Zərərçəkmiş şəxs məxsus 7800 (yeddi min səkkiz yüz) manat pulunu gizli yolla talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ilə özünü təqsirli bilərək göstərdi ki, Qaradağ rayonu ərazisində yerləşən daş karxanalarında günəmuzd işlərdə işləyir və buna görə də Sumqayıt şəhəri 12-ci mikrorayonda yaşayan bacısı Vəsilənin yaşadığı ünvanda qalır. Sumqayıt şəhərində qaldığı zaman Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində yerləşən kafeyə müştəri kimi getmişdir. Həmin Kafedə sonradan adının Məhluqə olduğunu öyrəndiyi bir qadınla tanış olmuş, sonradan münasibətləri daha sıx olmuş və ondan nömrəsini götürərək onunla bir neçə dəfə kənarda görüşmüşdür. Sonradan ona evində görüşməyi təklif etmiş, Məhluqə də bu təklifi qəbul etmiş və bir neçə dəfə də onun yaşadığı Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində yerləşən fərdi evdə görüşmüş və hətta iki dəfə onun evində gecələmişdir. xx.xx.2021-ci il tarixdə də birlikdə Məhluqənin yaşadığı evə getmiş, gecəni orada qalmış, xx.xx.2021-ci il tarixdə saat 09 radələrində Məhluqə həkim yanına getmək istədiyini deyib dərman almaq üçün evin yataq otağından 1000 (bir min) manat pul götürdükdə orada çoxlu pul olduğunu görmüşdür. Məhluqə hazırlaşmış, birlikdə Sumqayıt şəhəri ərazisində yerləşən dəqiq nömrəsini xatırlamadığı xəstəxanaya getmiş, yolda olduqları zaman Məhluqə həkimə aparmalı olduğu dərman siyahısını evdə unutduğunu deyərək, açarı ona verib dərman siyahısını evdən gətirməyini xahiş etmiş, özü xəstəxanaya getmişdir. O, Məhluqənin yaşadığı evə getmiş, qapını açaraq içəri daxil olmuş və Məhluqənin pul götürdüyü yerə yəni yataq otağına keçərək pulu götürdüyü yerə baxdıqda orada çoxlu pul olduğunu görmüş, həmin pulları oğurlamaq fikrinə düşərək və pulları götürüb saydıqda 7800 (yeddi min səkkiz yüz) manat pul olduğunu görmüşdür. Həmin pulların hamısını cibinə qoyaraq dərman siyahısını Məhluqəyə aparıb vermişdir. Həkimdən geri qayıtdıqdan sonra da gecəni Məhluqənin yaşadığı evdə qalmış və səhəri gün səhər saatlarında Məhluqə evdə olmamış, o da hazırlaşıb oradan bacısının yaşadığı ünvana daha sonra isə Qaradağ rayonunda yerləşən daş karxanasına getmişdir. Oğurladığı 7800 manat pul cibində olmuş, saat 14 radələrində Məhluqə ona dəfələrlə zəng etdikdə, onun pulları oğurladığını bildiyini düşünüb zənglərinə cavab verməmişdir. Bundan sonra Məhluqənin evinə qayıda bilməyəcəyi üçün bacısıgildə gecələmişdir. Oğurladığı pulları üzərində gəzdirmiş, daha sonra Xırdalan şəhər dairəsi yaxınlığında mağaza işlədən tanışı Kərəmin mağazasına getmişdir. Orada aralarında söhbət etdikləri zaman Kərəm ona təcili olaraq borca pul lazım olduğunu demiş, öz aralarında danışaraq razılaşmış və o, Kərəmə borc kimi 3750 manat pul vermiş və qalan 3050 manat pulu isə restoranlarda və şəxsi təlabatları üçün mağazalarda xərcləmişdir. Kərəm ondan pulları haradan əldə etiyini soruşduqda özünə məxsus olduğunu bildirmişdir. İlkin izahatında düzgün qeyd etməmişdir, Məhluqəyə məxsus 7800 manat pulu oğurlamış, əməlindən peşmandır. Bundan başqa hər hansısa ünvana oğurluq niyyəti ilə daxil olmamış, oğurluq etməmiş, ilk dəfə idi ki, belə bir hadisə törətmişdir. Həmin evdən başqa hər hansısa əşya və ya pul oğurlamamışdır. Məhluqənin evdən 1000 (bir min) manat götürdüyünü gördüyü zaman oradan pul oğurlamaq barədə düşünmüş daha sonra şərait yarandıqda oğurluq etmək niyyətində olmuş, buna görə də evdən dərman siyahısı götürdüyü zaman şəraitin yarandığını görüb oğurluq etmişdir. Oğurladığı pullardan 3750 manatını tanışı Kərəm adlı şəxsə borc kimi vermiş, qalan pulları xərcləmişdir. İlkin izahatında qeyd olunan 7800 manat puldan 5000 manatını qohumu Nadir adlı şəxsə verdiyini bildirməsinə səbəb qorxduğu üçün ifadəsində belə demişdir. Oğurluq etməyi barədə nə əvvəl, nə sonra heç kimə məlumat verməmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, təxminən 17 ildir ki, Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində yerləşən kafedə ofisiant işləyir və Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində yerləşən fərdi yaşayış evində kirayə yaşayır. 2021-ci ilin oktyabr ayının ortaları işlədiyi kafeyə bir nəfər sonradan adının İmaməddin olduğunu bildiyi müştəri gəlmişdir. Həmin müştəri bir neçə dəfə işlədiyi kafeyə gəldikdən sonra aralarında ünsiyyət yaranmışdır. Artıq onunla münasibət saxlamağa başlamış və sonradan onunla mütəmadi görüşürmüşlər. İmaməddinlə birlikdə onun yaşadığı ünvana getmiş, gecəni onun evində qalmışlar. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə birlikdə onun kirayədə yaşadığı ünvana getdərək, gecəni orada qalmışlar. xx.xx.2021-ci il tarixdə səhər saatlarında xəstəxanaya getmək istədiyini demiş və aralarında razılaşmışlar ki, birlikdə onunla xəstəxanaya getsinlər. Həmin tarixdə təxminən 08 radələrində birlikdə evdən çıxaraq xəstəxanaya getmiş və yolda avtobusda olduqları zaman o, həkimə verməli olduğu sənədin evdə qaldığını görmüş və İmaməddindən xahiş etmişdir ki, o, həkim sənədlərini götürüb gəlsin və buna görə də evin açarını ona verib özü avtobusla xəstəxanaya getmişdir. İmaməddin təxminən 15 dəqiqə sonra taksi ilə gəlmişdir. Birlikdə xəstəxanaya getmiş, orada işini yekunlaşdırıb, birlikdə aptekə getmiş, orada dərman almış və İmaməddin onu avtobusa mindirib yola salıb və özü dediyinə görə atasına pul vermək üçün getdiyini bildirib çıxıb getmişdir. O, öz yaşadığı evə gəlmiş, təxminən saat 13 radələrində İmaməddin ona zəng edib hal-əhval etmişdir. Bundan sonra saat 14 radələrində ona zəng etsə də zənglərinə cavab verməmişdir. Təxminən saat 20 radələrində ona təkrar zəng etdikdə zəng çatsa da zəngini açmamışdır. Hələ də pulun oğurlandığını bilməmişdir. Sonra İmaməddinin ona verdiyi nömrəyə zəng etdikdə, telefonu açan bacısı İmaməddinin ona danışdığı hər şeyin yalan olduğunu dedikdə onda şübhə yaranmış və kirayə yaşadığı evin yataq otağında olan dolaba pərdələrin arasına qoyduğu pullara baxdığı zaman oraya qoyduğu 7800 manat pulun yerində olmadığını gördükdə başa düşmüşdür ki, İmaməddin ona məxsus 7800 manat pulunu oğurlayıb. Buna görə də DİN-nin 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs ona məxsus 7800 manat pulundan başqa hər hansısa əmlakını oğurlamayıb, bundan başqa İmaməddin ondan 3650 manat pul da borc kimi almışdır. Təqsirləndirilən şəxs yanında evdə olan dolabdan pul götürmüşdür, o, həmin vaxt orada pul olduğunu görmüşdür. Oğurlanmış pulları qaytarılmamışdır, dəymiş ziyanın ödənilməsini tələb edir, təqsirləndirilən şəxsdən şikayətçidir. Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, belə ki, onun Binəqədi şossesində işlətdiyi ərzaq mağazasına dəfələrlə müştəri kimi gəlmiş və aralarında dostluq münasibətləri yaranmışdır. xx.xx.2021-ci il tarixdə saat 12 radələrində İmaməddin yenə də onun mağazasına gəlmiş, hal-əhval tutduqdan sonra öz aralarında danışdıqları zaman nə üçün mağazada belə boşluq olduğunu soruşduqda o, İmaməddinə pul olmadığından mağazaya satmaq üçün ərzaq ala bilmədiyini demişdir. Belə olduqda İmaməddin ona bir qədər pulu olduğunu borc kimi verə biləcəyini, geri qaytardıqda üzərində pul verməyini dedikdə və o, buna razı olmuşdur. İmaməddinin üzərində 6200 manat pul olduğunu deyib həmin pulu borc kimi ona verə biləcəyini demiş və razılaşmışlar ki, o həmin pul ilə mağazaya ərzaq alıb satsın gəlirdən əlavə olaraq İmaməddinə 800 manat pul versin. O, pulu götürmüş, təxminən 2 saatdan sonra İmaməddin mağazaya gələrək təcili pul lazım olduğunu 2000 manat pul verməyini xahiş etmişdir. O, ona 6200 manatdan 2000 manat qaytarmış, İmaməddin çıxıb getmişdir. Bir gün sonra o, yenə də mağazaya gəlmiş və ondan 1000 manat pul istəmişdir ki, özünə lazımdır, ona 1000 manat da pul qaytarmışdır. Bir gün sonra isə yenidən gələrək pul istədikdə onda pul olmamış, bir gün daha keçdikdən sonra 2000 manat ona vermişdir. Daha sonra isə bir neçə gün ərzində hissə-hissə olmaqla ümumilikdə 470 manat pul vermiş, ona 730 manat borcu qalmışdır. Təqsirləndirilən şəxs ona pul verdiyi zaman həmin pulları aqlay daşları işində işlədiyini və oradan işinin müqabilində aldığını demiş və hətta bir dəfə pulları İmaməddinə qaytardıqdan sonra eşitmişdir ki, pulları lazımsız yerlərə xərcləyir, ona bu pulları haradan əldə etdiyini və nə üçün belə çox xərclədiyini deyəndə o, əllərini göstərərək, usta kimi işləyib qazandığını demişdir. Təqsirləndirilən şəxs oğurluq etməsi barədə məlumatı olmamışdır. İstintaq zamanı şahid qismində dindirilmiş Mustafayev X3 Mustafayevin onun həyat yoldaşının qardaşı olduğunu və rayondan gələrək, Sumqayıt və Bakı şəhərlərində işlədiyini, xx.xx.2021-ci il tarixdən İmaməddinin bir daha onların evinə gəlmədiyini, sonradan onların evinə zəng edən bir qadının İmaməddinin ona məxsus 7800 manat pul oğurladığını bildirdiyini və sonradan polis əməkdaşlarının İmaməddini oğurluq hadisəsi törətdiyinə görə saxladıqlarını bildirmişdir. O, İmaməddinin oğurladığı pullardan 5000 manatını ona vermədiyini, onun ifadəsində yalan dediyini bildirmişdir. İmaməddinin onların evinə gəldiyi zaman polis əməkdaşlarına məlumat verdiyi üçün İmaməddinin ifadəsində belə qeyd etdiyini düşünür. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində uerləşən vətəndaş Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. Baxış zamanı həmin fərdi evə daxil olarkən evin otaqlarının dağınıq olması müşahidə olunur. Vətəndaş Zərərçəkmiş şəxs evin otaqlarını bir-bir təhqiqata təqdim edir. İş üçün həmiyyət kəsb edən fotoşəkillər çəkilərək götürülür.(i.v 5-9) İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 19:45-də tutulmuşdur.(i.v 29-30) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-624/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir.(i.v 77-78) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir.(i.v 86-91) İş materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2021-ci il tarixdə səhər saatlarında Məhluqədən evin açarını götürdükdən sonra onun yaşadığı evə gəlmiş və evin qapısını açar ilə açaraq içəri daxil olmuş, evin yataq otağına daxil olmuş və əvvəlcədən gördüyü, yataq otağında dolabın üst gözündə paltarların altında olan ümumilikdə 7800 manat pulu götürmüş və bundan başqa evdən Məhluqənin götürməli olduğu həkim sənədlərini də götürüb evdən çıxmış və evin qapısını açar ilə yenidən bağlayaraq Məhluqənin yanına yollanmışdır.(i.v 103-104) İş materiallarında olan Sabirabad rayonu, Axısxa kənd İƏD-nin 22 saylı, xx.xx.2022ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 109) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “həbs” qətimkan tədbiri, Zərərçəkmiş şəxs dəymiş ziyanın məbləği 7800 (yeddi min səkkiz yüz) manat olması nəzərə alınmışdır. Şahid1 əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət işi başlanması rədd edilmişdir.(i.v 117-121) Beləliklə, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi residiv sayılır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə CM-nın 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 17 noyabr 2021-ci il tarixdən hesablanmalı və o cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 18 (on səkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 108 (bir yüz səkkiz) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 17 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-313/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-313/2022
25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver