Məhkəmə qərarları › İş №1(060)-313/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-313/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-313/2024 24.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1958-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2arəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 24 iyun 2023-cü il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs işlətdiyi Sumqayıt şəhəri, 4-cü mikrorayon, H.Əliyev küçəsində yerləşən “Zəhra” daşınmaz əmlak agentliyinin giriş qapısının kilidini çıxararaq, binaya qanunsuz olaraq daxil olub, həmin binadan Zərərçəkmiş şəxs məxsus hər biri 450 manat dəyərində olmaqla 4 ədəd «Lenovo» markalı «intel Core İ3 10 TH Gen» modelli «notebook» tipli kompüterləri, 400 manat dəyərində 1 ədəd «Lenovo» markalı «Vİ30-15KB 81 HN» modelli «notebook» tipli kompüteri, 200 manat dəyərində 1 ədəd «Toshiba» markalı «Satellite C50-al67 intel Pentium inside» modelli «notebook» tipli kompüteri. 100 manat dəyərində 1 ədəd «Hikvision» markalı nəzarət kamerasının DVR yaddaş blokunu, 120 manat dəyərində 1 ədəd «iPhone 6 plus» markalı mobil telefonu, 200 manat dəyərində 1 ədəd «Xiaomi Note 9» markalı mobil telefonu, 30 manat dəyərində 1 ədəd «İnoi» markalı mobil telefonu, 30 manat dəyərində 1 ədəd «Samsung duos» markalı mobil telefonu, 50 manat dəyərində 1 ədəd «iPhone 5» markalı mobil telefonu gizli talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2930 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 21 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon, H.Əliyev küçəsində yerləşən “Zəhra” daşınmaz əmlak agentliyinin inzibati binasını görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Həmin yerin daşınmaz əmlakın alqı-satqısı və kirayəsi üçün istifadə edildiyini bildiyindən içəridə kompüter və digər qiymətli əşyaların olmasını ehtimal etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə təxminən saat 01 radələrində həmin agentliyin inzibati binasının yanma gələrək giriş qapısının kilidini özündə olan burğacla çıxararaq içəri girmiş və oradan 4 ədəd “notebook” tipli kompüteri, yadında qaldığı qədər 4 və ya 5 ədəd mobil telefonu, 1 ədəd «Hikvision» markalı nəzarət kamerasının DVR yaddaş blokunu oğurlamışdır. Oğurladıqları əşyaları götürərək Hacı Zeynalabdin qəsəbəsinə xalasıgilə getmiş və orada qalmışdır. Sonradan xx.xx.2023-cü ildə bir ədəd “notebook” tipli kompüteri götürüb evlərinə gəlmişdir. xx.xx.2023-cü il tarixində axtarışda olduğunu bilmiş və polis bölməsinə getmişdir. Polis bölməsinə gedərkən bir ədəd “notebook” kompüteri özüylə aparmışdır. Sonradan xalasıgilə xəbər göndərmiş və qalan əşyaları gətirmələrini xahiş etmişdir. Qalan əşyaları da gətirib polisə təhvil vermişlər. İttiham altında əşyaların sayı artıq yazılmışdır. Bunun səbəbini bilmir. Həmin oğurluq hadisəsini törədərkən tək olmuş və yanında başqa heç kim olmamışdır. Hadisə vaxtı onu görən olmamışdır. Əməlindən peşmandır və ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadələr arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsinə təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər məhkum olunmuşdur. O, Zərərçəkmiş şəxs şikayəti ilə tanış olmuşdur. xx.xx.2023cü il tarixdə, təxminən saat 21 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon, H.Əliyev küçəsində yerləşən “Zəhra” daşınmaz əmlak agentliyinin inzibati binasını görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə, təxminən saat 01 radələrində həmin agentliyin inzibati binasının yanına gələrək giriş qapısının kilidini özündə olan burğacla çıxararaq içəri girmiş və oradan 6 ədəd «notebook» tipli kompyuterləri, 1 ədəd «Hikvision» markalı nəzarət kamerasının yaddaş blokunu, 1 ədəd «iPhone 6 plus» markalı, 1 ədəd «Xiaomi Note 9» markalı, 1 ədəd qara rəngli açılıbbağlanan «İnoi» markalı, 1 ədəd qara rəngli «Samsung Duos» markalı, 1 ədəd «iPhone 5» markalı mobil telefonları oğurlayıb onları özündə olan çantaya qoymuş və obyektdən çıxaraq hadisə yerindən uzaqlaşmışdır. Qeyd olunan əşyaları oğurladıqdan sonra onlardan «İphone 5» markalı və «Xiaomi Note 9» markalı mobil telefonları, həmçinin 5 ədəd «notebook» tipli kompyuterləri Bakı şəhəri, Neftçilər metrostansiyası yaxınlığında tanımadığı şəxslərə xatırlamadığı qiymətə satmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, başqa heç bir yerdən oğurluq etməmiş və heç kəslə əlbir olub oğurluq etməmişdir. Hadisə vaxtı onu görən olmamışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, Heydər Əliyev küçəsində yerləşən “Zəhra” daşınmaz əmlak agentliyi adlı obyekti icarəyə götürüb orada daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olur. Həmin obyektdə müxtəlif markada «notebook» tipli kompyuterlər, mobil telefonlar və sair bu kimi elektron əşyalar vardır. 23 iyun 2023-cü il tarixdə o, həmişə olduğu kimi obyektdə olmuş və təxminən saat 22 radələrində obyektin qapısını bağlayıb yaşadığı evə getmişdir. Növbəli gün saat 09 radələrində obyektin yanına gəldikdə görmüşdür ki, obyektin qapısı açıqdır. O, dərhal obyektə daxil olmuş və obyektdən oğurluq olduğunu aşkar etmişdir. O, dərhal bu barədə DİN «102» xidmətinə məlumat vermişdir. Obyektdən 4 ədəd göy rəngli «Lenovo» markalı, «intel Core İ3 10 TH GEN» modelli «notebook» tipli kompüterlər, 1 ədəd, «Lenovo» markalı, «Vİ30-15KB 81 HN» modeli «notebook» tipli kompüter, 1 ədəd «Toshiba» markalı, «Satellite C50-al67» modeli, «Pentium inside» prosesorlu, «notebook» tipli kompüter, 1 ədəd «Hikvision» markalı nəzarət kamerasının yaddaş bloku, 1 ədəd istifadə olunmuş «iPhone 6 plus» markalı, 1 ədəd istifadə olunmuş «Xiaomi Note 9» markalı mobil telefon, 1 ədəd qara rəngli açılıb-bağlanan «İnoi» markalı mobil telefon, 1 ədəd qara rəngli işlənmiş «Samsung Duos» markalı mobil telefon, 1 ədəd işlənmiş «iPhone 5» markalı mobil telefon oğurlanmışdır. Hazırda ona dəymiş ziyan ödənilmişdir və təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixində Sumqayıt şəhəri, 4-cü mikrorayon, Heydər Əliyev küçəsində yerləşən “Zəhra” daşınmaz əmlak agentliyinə baxış keçirilmişdir. Zərərçəkmiş şəxs Sumqayıt şəhər Polis idarəsinə verdiyi izahatda ona məxsus “Zəhra” daşınmaz əmlak agentliyindən olan oğurluq nəticəsində ona 4500 manat maddi ziyan dəydiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. “Cinayət törətməkdə şübhəli şəxs kimi tutulma” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:00-da cinayət törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. “Götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərara əsasən 01 ədəd “notebook” tipli kompüter, 01 ədəd DVR bloku və 03 ədəd mobil telefon Təqsirləndirilən şəxs götürülmüşdür. “Təqsirləndirilən şəxs kimi cəlbetmə haqqında” qərara əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:00-da Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs kimi dindirilmişdir. xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin tarixdə o, Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 avqust 2023-cü il tarixli, 9/6031 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə təqdim edilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2930 manat müəyyən olunur. O cümlədən 4 ədəd, göy rəngli, “Lenova” markalı, “intel Core İ3 10 TH GEN” notebook hər biri 450 manat olmaqla, cəmi 1800 manat, 1 ədəd Lenova markalı “Vİ30-15 К В 81 NH” notebook 400 manat, 1 ədəd Toshiba markalı “Satelite C50-al67” model “intel Pentium inside” notebook 200 manat, 1 ədəd «Hikvision» markalı nəzarət kamerasını DVR yaddaş bloku 100 manat, 1 ədəd “iPhone 6 plus” markalı istifadə olunmuş mobil telefon 120 manat, 1 ədəd “Xiaomi Note 9” markalı istifadə olunmuş mobil telefon 200 manat, 1 ədəd “İnoi” markalı qara rəngli açılıb bağlanan (nokia 8800 markalı telefona bənzər) mobil telefon 30 manat, 1 ədəd “Samsung duos “qara rəngli mobil telefon 30 manat, 1 ədəd “iPhone 5” markalı işlənmiş mobil telefon 50 manat. xx.xx.2024-cü il tarixli qərarla təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş və eyni tarixli protokola əsasən onun təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 66.5, 69.3-cü maddələrinə əsasən 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilmiş və təqsirləndirilən şəxsin cəzası 01 il 09 ay 26 gün müəyyən edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)- 281/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin qərarla Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 1 (103)-120/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası “8 noyabr— Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 4, 9.2.3, 9.3-cü bəndlərinə əsasən 6 ay azaldılmış və ona 02 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həbsdə, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ev dustaqlığında və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu cəmi 8 ay 4 gün müddət cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 il 9 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2020-ci il tarixdən hesablanması nəzərə alınmaqla təyin olunmuş qəti cəzanın çəkilib başa çatması səbəbindən o, dərhal saxlanıldığı 16 saylı Cəzaçəkmə Müəssisəsindən həbsdən azad olunmuşdur. 1 saylı Mənzil Kommunal sahəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 38-də yaşayır. Həmin MKS-in arayına əsasən onun barəsində hər hansı şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş doğun haqqında şəhadətnamələrdən görünür ki, onun 3 yetkinlik yaşına çatmayan uşağı vardır. Ölüm haqqında şəhadətnamədən görünür ki, təqsirləndirilən şəxsin atası Mustafayev Ələsgər Cəmil oğlu xx.xx.1992-ci ildə Azərbaycan Respublikası uğrunda qəhrəmancasına həlak olmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır (63.1). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə (bundan sonra - CPM) əsasən məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir (351.1.). Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (351.2.). Məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (351.3.). Cinayət Məcəlləsində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (177.1.). Eyni əməllər yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (177.2.3.). Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin birinci bəndində göstərilir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz (19. ). Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir (20.). Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Şəxs «daxil olmaq» əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-nin 157-ci maddəsi ilə də tövsif etməyə ehtiyac yoxdur. Belə ki, bu cür qanunsuz hərəkət oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin tövsifedici əlamətidir (21. ). Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sahibliyində olan “Zəhra” daşınmaz əmlak agentliyinə qapını qırmaq yolu ilə daxil olmuş və orada oğurluq əməlini törətmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli Qərarının müddəaları nəzərə alınmaqla təqsirləndirilən şəxsin əməlində “daxil olma” mövcuddur. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində hadisə yerindən 4 ədəd “notebook” tipli kompüter götürdüyünü bildirsə də, ibtidai istintaq zamanı verdiyi ifadəsində oradan 6 ədəd “notebook” tipli kompüter götürdüyünü bildirmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəmə iclasında ona məxsus olan 6 ədəd “notebook” tipli kompüterin oğurlandığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsi iş üzrə digər sübutlarla təkzib edildiyindən məhkəmə həmin ifadəyə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsin həmin ifadəsi özünümüdafiə xarakteri daşıyır və həqiqəti əks etdirmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin oğurlamağa cəhd etdiyi əmlaklar və onların dəyəri ittiham aktında düzgün göstərilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, atasının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmasını, himayəsində azyaşlı uşaqların olmasını nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İşdən göründüyü kimi Təqsirləndirilən şəxs üzərində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-281/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə qəti olaraq 1 il 9 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2020-ci il tarixdən hesablanması nəzərə alınmaqla təyin olunmuş qəti cəzanın çəkilib başa çatması səbəbindən o, dərhal saxlanıldığı 16 saylı Cəzaçəkmə Müəssisəsindən həbsdən azad olunmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət Məcəlləsində göstərilir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır (65.1.). Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz (65.2.). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, ona islah edilməsi üçün təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddələsinin sanksiyasının həddində 02 il 06 ay müddətində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulub saxlanıldığı 01 gün cəzadan çıxılmalı və üzərində qəti olaraq 02 il 05 ay 29 gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulub saxlanıldığı 01 (bir) gün cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar