Məhkəmə qərarları › İş №1(060)-313/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-313/2025

20.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-313/2025 20.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1976-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, xx.xx.2025-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,521 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etməklə əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamaqla daşımış, 18 fevral 2025-ci il tarixdə, saat 18:10 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən 532 nömrəli evin yaxınlığında saxlanılmaqla orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin heroin əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə istifadə etmiş, həmin gün üzərində narkotik vasitə az miqdarda, yəni təxminən 0,1 qram olmuşdur. Polis əməkdaşları onu saxladıqdan sonra üzərini yoxlayaraq narkotik vasitəni götürmüş, üzərinə çəkisi daha artıq olan narkotik vasitə qoymuşdur. Həmçinin bildirmişdir ki, üzərində narkotikə vasitə ilə şübhəli şəxs qismində tutulan zaman videoçəkilişi aparılan vaxt Şahid2lə birlikdə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 1 saat qabaq yəni, 18 fevral 2025-ci il tarixdə Sumqayıt şəhəri, Novxanı ərazisində olarkən tanımadığı şəxsdən 20 manat məbləğində 1 ədəd bükümdə narkotik vasitə almış və əynində olan şalvarının sağ yan cibinə qoyub yaşadığı evə tərəf qayıtmışdır. Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olduğu zaman təsadüfən tanışı Şahid2 ilə rastlaşmış və söhbət edəedə gedən zaman saat təxminən 18:10 radələrində ünvan 2 ünvanının qarşısında olan zaman mülki geyimli şəxslər onlara yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onları üzərilərində narkotik vasitə daşımaqda, gəzdirməkdə, istifadəsində şübhəli olduqlarını bildirib və üzərilərinə şəxsi axtarış aparılacağını bildirmişlər və şəxsi axtarışa başlanılmamışdan qabaq hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet vardırsa təqdim etməsi təklif olunmuşdur. İlk öncə Şahid2 üzərində olan narkotik vasitə heroini təqdim etmiş və həmin narkotik vasitə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. Daha sonra o, əynində olan şalvarın sağ yan cibində saxladığı narkotik vasitə heroini təqdim etmişdir. Bundan sonra təqdim etdiyi narkotik vasitə də elektron tərəzidə çəkilərək büküm ilə birlikdə çəkisi 0,69 qram olduğu müəyyən edilmiş, zərf paketin üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onları Sumqayıt ŞPİ-nə dəvət etmişlər, onlar da etiraz etməmişlər və polislərlə birlikdə polis idarəsinə gəlmişlər. Orada xidməti otaqda videoçəkiliş vasitəsilə onları ora gətirən polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif olunmuş, o da polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt üzərində olan bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etdiyini bildirmişdir. Polis idarəsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş maddə narkotik vasitə heroindir, özünə məxsusdur, öz istifadəsi üçün üzərində saxlamışdır. Şahid2 üzərində narkotik vasitə olmasından məlumatı olmamışdır. Onun üzərində narkotik vasitə olmasından da Şahid2 məlumatı olmamışdır. Təqsirləndirilən şəxs çıxışında səhhətində problem olmasını, himayəsində olan övladının görmə məhdudiyyətli olmasını nəzərə alaraq ədalətdi qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması polis əməkdaşlarından ibarət şahid ifadələri, xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair”, xx.xx.2025-ci il tarixli “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” protokollar, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16/2-6/777/2025 saylı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1117 saylı rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhərində Elşən adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında həmin gün saat 18:10-da sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs ünvan 3 ünvanın qarşısında piyada hərəkət edərkən müəyyən edilərək ona yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirib, sonuncuya da özünü təqdim etməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yanında olan şəxs də özünü təqdim edərək Şahid2 olduğunu bildirmişdir. Daha sonra onlara narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirilib üzərinə yoxlama və götürmə aparılmamışdan əvvəl hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuş və üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş predmet və ya əşya vardırsa təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra videoçəkilişdən istifadə edilməklə Elşən və Cavadın üzərinə yoxlama keçirilmiş və yoxlama zamanı əvvəlcə Şahid2 üzərində olan heroini təqdim etmiş və həmin narkotik vasitə olan elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. Təqsirləndirilən şəxs da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızı bükümünü təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə olan heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Həmin heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,69 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinə bənzər maddənin kakos (heroin) olduğunu, onu 1 saat əvvəl Novxanı bağlarından tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin müvafiq qaydada qablaşdırılmış, sənədləşdirmə aparılması üçün daha sonra videoçəkiliş dayandırılaraq həmin şəxslər götürülmüş maddi sübutlarla birlikdə Sumqayıt ŞPİ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs polis orqanına gətirildikdən sonra üzərinə videoçəkilişlə, vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmiş, zəruri sənədləşmə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat baş müvəkkili Şahid3, NMB-nin baş əməliyyat müvəkkili Şahid4 və NMB-nin əməliyyat müvəkkili Şahid5 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə işlədiyi yerdə baş vermişdir. O, Təqsirləndirilən şəxs yaşadığı evin bitişik olan təmir yerində sonuncunun qarşı ilə birlikdə işləyir. Həmin vaxt Təqsirləndirilən şəxs atasının, anasının, qızının ağlamağını görmüşdür. Bundan sonra 3-4 polis əməkdaşı gəlmiş və Elşənlə onu ayrı-ayrı avtomobillərə əyləşdirib 3-4 saat gözlətmişlər. Həmin polislər 3 qram çəkidə olan narkotik vasitəni ondan götürməsini tələb etmişlər. O isə həmin narkotik vasitənin ona aid olmadığını və nəyə görə götürməli olduğunu soruşmuşdur. Polis əməkdaşları isə əvvəllər məhkumluğunun olub-olmamağını ondan soruşmuşlar. Beləliklə, polis əməkdaşları onları Corat qəsəbəsi yaxınlığında bir yerə gətirmiş və videoçəkiliş aparacaqlarını onlara bildirmişlər. Həmin vaxt polislər onun cibini yoxlamamış və Elşən və ona ayrı-ayrılıqda bükümdə narkotik vasitə verərək götürmələrini tələb etmişlər. Bildirmişdir ki, özü narkotik vasitə istifadəçisidir, lakin Təqsirləndirilən şəxsla bir yerdə işləməyinə baxmayaraq onun narkotik vasitə istifadə edib-etməməsindən xəbəri yoxdur. Məhkəmə iclası zamanı Şahid2 məhkəməyədək icraat zamanı ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, xx.xx.2025-ci il tarixdə, təxminən saat 18:10 radələrində ünvan 2 ünvanının qarşısında tanışı Təqsirləndirilən şəxs ilə birlikdə olan zaman polis əməkdaşları yaxınlaşıb onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib vıdeoçəkilişlə üzərinə baxış keçirtmişlər. Baxış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cib hissəsində olan 01 ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə olan büküm aşkar edilərək götürülmüş və elektron tərəizdə çəkilərək çəkisinin 0,68 qram olduğu müəyyən edilmişdir. Bundan sonra isə həmin bükülü zərfə qoyulub xüsusi qaydada qablaşdırılaraq üzərində müvafiq qeydlər aparıldıqdan sonra DİN-in 124 saylı möhürü ilə möhürlənmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs da üzərində olan bir ədəd bükümdə narkotik vasitə olan heroini çıxararaq təqdim etmişdir. Bundan sonra onu Pİ-nə dəvət etmişlər, o da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər Polis İdarəsinə getmişdir. Polis İdarəsində olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O, heç bir etiraz etməmişdir. Ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Saxlanılan zaman polis əməkdaşları tərəfindən üzərindən aşkar edilərək götürülmüş narkotik vasitədən başqa digər qadağan olunmuş əşya, predmet, narkotik vasitə olmadığını bildirmişdir. Bundan başqa o, saxlanılan zaman üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükumun içərisində olan maddənin "kakos", yəni narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə bükümünü xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən 10 manat ödəməklə aldığını və şəxsi istifadəsi uçun üzərində gəzdirdiyini, həmçinin saxlanılan zaman yanında olan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmamasından əvvəlcədən məlumatsız olduğunu bildirmişdir. Həmçinin üzərində ***-***-**-** mobil nömrəsi olan 01 ədəd "Redmi" markalı mobil telefonu da iş uçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, ancaq üzərindən əlavə olaraq heç bir qanunsuz əşya, predmet, narkotik vasitə aşkar edilməmişdir. Cinayət işinin 23-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 68-69-cu vərəqəsində olan təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında 20 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12.20-də MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 43-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/777 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Saxlanılan şəxs... Təqsirləndirilən şəxs...” qeydli zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,521 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Bu heroin kütləsi ilə Şahid2 üzərindən aşkar edilmiş heroin kütləsi kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Qeyd: Heroinin təmiz çəkisi 0,521 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,471 qram qalıq qalmışdır. Cinayət işinin 42-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat müəyyən edilmişdir. Cinayət işinin 83-84-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4-Narkoloji Tibbi Yoxlama ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1117 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alman məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində F11.2 diaqnozu ilə dispanser qeydiyyatındadır. Cinayət işinin 8-10, 32-34 və 75-76-ci vərəqələrində olan “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” və “şəxsi axtarış keçirilməsi və təqdim olunan əşyaların götürülməsi” protokollar və diskə baxış keçirilməsi haqında protokoldan müəyyən edilmişdir ki, Sumqayıt şəhərində Elşən adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında xx.xx.2025-ci il tarixdə saat 18:10 radələrində sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs ünvan 3 ünvanın qarşısında piyada hərəkət edərkən müəyyən edilərək, polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirib, ona da özünü təqdim etməsini xahiş etdilər. Elşən də özünü təqdim edir. Həmin vaxt Təqsirləndirilən şəxs yanında olan şəxs də özünü təqdim edərək Şahid2 olduğunu bildirir. Daha sonra onlara narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirilib üzərinə yoxlama və götürmə aparılmamışdan əvvəl hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüquq izah olunur və üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş predmet və ya əşya vardırsa təqdim edilməsi təklif edilir. Bu təklifdən sonra videoçəkilişdən istifadə edilməklə onların üzərinə yoxlama keçirilir və yoxlama zamanı əvvəlcə Şahid2 üzərində olan heroini təqdim edir və həmin narkotik vasitə olan elektron tərəzidə çəkidikdən sonra qablaşdırılır. Təqsirləndirilən şəxs da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızı bükümünü təqdim etir. Həmin bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə olan heroinə bənzər maddənin olması müəyyən edilir. Həmin heroinə bənzər maddə elektron tərəzidə çəkilir və ümumi çəkisinin 0,69 qram olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinə bənzər maddənin kakos (heroin) olduğunu, onu 1 saat əvvəl Novxanı bağlarından tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin müvafiq qaydada qablaşdırılır, sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılır. “Şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında’’ xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş 1 ədəd “DVD” diskdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:10-da Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanın qarşısında piyada hərəkət edərkən saxlanılaraq üzərinə yoxlama aparılarkən, üzərindən narkoti vasitə olan heroin aşkar edilmiş Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-yə gətirilmiş və orada xidməti otaqlarının birində onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılır. Orada Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kaptitanı Elnur Feyzullayev şəxsi axtarışa başlanılmazdan əvvəl özünü təqdim edir, daha sonra Təqsirləndirilən şəxs da özünü təqdim etməsini xahiş edir. Təqsirləndirilən şəxs da özünü təqdim edir. Həmçinin polis əməkdaşları da özlərini təqdim edirk. Daha sonra baş təhqiqatçı Elnur Feyzullayev tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi təqdim edilir, Elşən bildirişlə tanış olaraq, vəkilinə etiraz etmir. Daha sonra baş təhqiqatçı X6 polis əməkdaşları tərəfindən saxlanılan zamanı üzərindən narkotik vasitə olan heroinin aşkar edildiyini, yanında Şahid2 olduğunu bildirir. Həmin vaxt Elşənin üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmış zərf videoçəkiliş altında təqdim edilir. Polis əməkdaşı Şərail Quliyev həmin heroinin saxlanılan zaman Elşənin üzərindən aşkar edildiyini və tərəzidə çəkilərkən çəkisinin 0,69 qram olduğunu bildirir. Baş təqhiqatçı X3 həmin zərfin içərisində olan heroinin ona məxsus olubolmadığını soruşur. O da həmin heroinin ona məxsus olduğunu bildirir. Sorğu zamanı Elşən üzərindən aşkar edilmiş heroinin 1 saat əvvəl Novxanı bağlarında olarkən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını, Cavad Abdullayevlə təsadüfən Corat qəsəbəsində rastlaşdığını, sonuncunun onun üzərində narkotik vasitə olmasından xəbərsiz olduğunu bildirir. Daha sonra baş təhqiqatçı Elnur Feyzullayev tərəfindən Elşənin üzərinə şəxsi axtarış keçirilir və üzərindən əlavə olaraq heç bir qanunsuz əşya, predmet, narkotik vasitə aşkar edilmir. Təqsirləndirilən şəxs vəkili Müdafiəçi tərəfindən ona verilən suallara cavab olaraq narkotik vasitədən 3-4 aydır ki, istifadə etdiyini, saxlanılan zaman polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə, qeyri-insani rəftara məruz qalmadığını bildirir. Bundan sonra videoçəkiliş dayandırılır. Cinayət işinin 77-78-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib barəsində 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işinin 79-82-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 112-120-ci vərəqələrində olan 07 mart 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,471 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 4644 nömrəli məktubuna əsasən məhkum Təqsirləndirilən şəxs üzərində probasiya nəzarəti dayandırılmış və xx.xx.2025-ci il tarixindən Sumqayıt şəhər Probasiya şöbəsinin qeydiyyatından çıxırılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroinnı əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərində ödənilməmiş məhkumluğu və çəkilməmiş cəzası olsa da, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs çəkilməmiş cəzası azadlığın məhdudlaşdırılması növündə cəza ilə bağlıdır. Bu səbəbdən də onun əməlində cinayətlərin residivi yaranmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4-Narkoloji Tibbi Yoxlama ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1117 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməli və Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,471 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 2 saata görə 12 (on iki) manat, həmin tarixdən sonrakı dövrdə məhkəmədə iştirak etdiyi 14 saata görə 154 (yüz əlli dörd) manat, ümumilikdə 166 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 fevral 2025-ci il tarixdən 20 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin və barəsində “həbs”qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun. Sumqayıt Şəhər Narkoloji Mərkəzdə qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,471 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 2 saata görə 12 (on iki) manat, həmin tarixdən sonrakı dövrdə məhkəmədə iştirak etdiyi 14 saata görə 154 (yüz əlli dörd) manat, ümumilikdə 166 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar