Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-314/2021 25.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə 03.12.1985-ci ildə Dəvəçi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 12.01.2021-ci il tarixdə təxminən saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Yaşma bağlar ərazisində yerləşən həyətə dəmir listlərdən olan hasarın üzərindən keçərək qanunsuz daxil olaraq tövlədə olan biri 200 (iki yüz) manat olmaqla 5 baş qoyunu və 80 (səksən) manat dəyərində 1 baş quzunu gizli talayıb Zərərçəkmiş şəxs 1080 (min səksən) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1-də yaşayır, işsizdir, hər hansı psixi xəstəliyi yoxdur, 3 uşağı var və xeyli müddətdirki işsiz olduğundan oğurluq etmək qərarına gəlmişdir. O, Yaşma bağları ərazisinə gedərək oradan mal-heyvan oğurlayıb satmağı fikirləşmiş, çünki malheyvandan da başı çıxdığından oğurlayıb rahat sata biləcəyini fikirləşmişdir. O, 11.01.2021-ci il tarixdə havanın qaralmağını gözləmiş, sonra gecə saatlarında yaşadığı evdən çıxaraq təxminən 00 radələrində Yaşma bağlarına çatmışdır. O, orada evlərin arası ilə səssizcə gəzərək həyətlərin hansında tövlə olduğuna fikir vermişdir. O, saat təxminən 03 radələrində sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi kişinin evinin yanına çatdıqda orada həyətdə tövlə olduğunu görmüş və oradan oğurluq etmək qərarına gəlmiş, kənara və həyətə fikir verərək heç kəsin olmadığına əmin olmuşdur. Orada dəmir listlərdən hasar və bir ədəd dəmir listdən qapı olmuş, o, qapının üzərindən həyətə aşmış, orada tövlənin və mal-heyvanın olduğunu dəqiqləşdirmiş, daha sonra hasarın yanına gələrək dəmir listlərdən olan qapını açmış, sonra tövləyə qayıdaraq orada olan 5 baş qoyunu və 1 baş quzunu oğurlayaraq həyətdən çölə çıxartmışdır. O, heyvanlarla birlikdə təxminən 3-4 km gəldikdən sonra “Lukiol” YDM-nin yaxınlığında bir sahibsiz evin olduğunu və həmin evin həyətinin bir tərəfinin də açıq olduğunu görmüşdür. O, heyvanları həmin evin zirzəmisinə salaraq orada gizlətmiş, sonra orada səhərin açılmağını gözləmiş, səhər açıldıqda, yəni 12.01.2021-ci il tarixdə təxminən səhər saatlarında tanışı Cavidə zəng edərək 5 baş qoyununun və 1 baş da quzunun olduğunu, yoldaşının xəstə olduğuna görə satmaq istədiyini, alıb-almadığını soruşmuşdur. Cavid də hərdən mal-heyvan alqı-satqısı ilə məşğul olduğu üçün qoyunları gətirməsini, xoşuna gələrsə alacağını demişdir. O da təxminən 1 saatdan sonra yoldan keçən əvvəllər tanımadığı, dövlət qeydiyyat nişanını xatırlamadığı “Opel” markalı avtomobilə oğurladığı qoyunları yükləyərək Sumqayıt şəhəri, Tağıyev qəsəbəsinə gələrək Cavidlə görüşmüş, Cavid heyvanlara baxaraq xoşuna gəldiyini, alacağını demişdir. Onlar qoyunların birini 80 manata razılaşmışlar. O, bir baş quzunu isə ona pulsuz vermiş, taksinin pulunu da Cavid vermiş, sonra həmin pulları özünün və evinin tələbatları üçün xərcləmişdir. Oğurluğu 12.01.2021-ci il tarixdə saat təxminən 03 radələrində etmiş, tək olmuş, kiminləsə əlbir olmamış, qoyunları satdığı Cavid adlı şəxs qoyunların oğurluq olduğunu bilməmiş, ona öz qoyunları olduğunu, həyat yoldaşı xəstə olduğu üçün satdığını demiş, qoyunlardan başqa oğurluq etməmiş, “Opel” markalı avtomobilin sahibini tanımamış və dövlət qeydiyyat nişanını da xatırlamamışdır. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunun, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödəməyə maddi imkanının olmamasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, hazırda Sumqayıt şəhəri, Yaşma bağları, fərdi evdə yaşayır, fəhləliklə məşğul olur. 2020-ci ilin əvvəlində bir baş inək, 2020-ci ilin sentyabrında isə biri 100 manatdan olmaqla 2 baş qoyun, biri 60 manatdan olmaqla 3 baş qoyun alaraq saxlamağa başlamışdır. Həmin mal-heyvanları həyətində, evindən təxminən 4-5 metr aralıda olan tövlədə saxlamış, 2020-ci ilin dekabrında həmin qoyunlardan birinin balası da olmuşdur. O, həmin heyvanlara mütamadi baxaraq pulu olmadığında satmağı fikirləşmiş, harasa işə də getdikdə həyat yoldaşı heyvanlara baxmış, 11.01.2020-ci il tarixdə təxminən saat 18 radələrində hava qaraldığından qoyunları tövləyə salaraq evə keçmişdir. O, həmin günü axşam saat 00 radələrində də inəyə baxmaq üçün tövləyə getdikdə qoyunlar da yerində olmuş, sonra evə gələrək yatmış, hər səhər saat 08 radələrində heyvanları çölə çıxartdığı üçün 12.01.2021ci il tarixdə də səhər saat 08 radələrində tövləyə gəlmiş, tövləyə yaxınlaşdıqda tövlənin taxta qapısının açıq olduğunu görmüş və tövləyə daxil olmuşdur. Tövləyə girərək heyvanları çölə çıxartmaq istədikdə 5 baş qoyun və bir baş quzunun tövlədə olmadığını görmüş, ondan sonra tövlədən çıxaraq həyətə baxdıqda həyətinin dəmir list və armaturlardan düzəlmiş hasarının söküldüyünü görmüşdür. Həmin vaxtı oğurluq olduğunu anlamışdır. Onun evinin üç tərəfi mişar daşından hasarlanıb, lakin arxa tərəfi isə imkanı olmadığından dəmir list və armaturlardan yığılmış, həmin heyvanları oğurlayan şəxs də qabaq qapıdan apardıqda onların eşidəcəklərini fikirləşib arxa tərəfdən dəmir list və armaturları sökərək heyvanları oğurlayıb aparmışdır. O, həmin vaxtı “102” xidmətinə məlumat vermiş və oraya Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin əməkdaşları gələrək baxış keçirtmişlər. O, 18.01.2021-ci il tarixdə 2-ci Polis Bölməsindən həmin qoyunların əvvəlcədən tanımadığı Elçin adlı şəxs tərəfindən oğurlandığını öyrənmişdir. Oğurluq 11.01.2021-ci il tarixdə saat 00 radələrindən 12.01.2021-ci il tarixdə saat 08 radələrinədək olan müddət ərzində baş vermiş, çünki sonuncu dəfə 11.01.2021-ci il tarixdə saat 00 radələrində tövləyə gələrək baxmış və hər şey qaydasında olmuş, sonra da 12.01.2021-ci il tarixdə səhər saat 08 radələrində tövləyə baxdıqda 5 baş qoyun və 1 baş quzunun olmadığını, oğurlandığını görmüş, oğurlanmış 5 baş qoyundan ikisi dişi, 3 baş qoyun isə erkək olmuş, 2 baş dişi qoyunun diri çəkisi təxminən 40 kilo, 3 baş erkək qoyunların isə təxmini çəkiləri 35 kilo olarmış, 1 baş quzu da erkək olmuş və diri çəkisi təxminən 10 kq olmuş, qoyunlar və quzunun hamısı yerli cins olmuş, 2 baş dişi qoyunun hərəsi hazırda təxminən 180 manat, 3 baş erkək qoyunun hərəsi təxminən 140 manat, bir baş quzunun qiyməti də hazırda təxminən 70 manat, 2 baş dişi qoyunun yaşı təxminən 4, 3 baş qoyunun yaşı təxminən 2, quzunun yaşı da iki aylıq olmuşdur. Ona oğurluq nəticəsində ümumilikdə təxminən 850 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs ona vurulmuş maddi zərər ödənilmədiyi üçün təqsirləndirilən şəxsə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, Məktəbli küçəsi, ev 17, mənzil 7-də yaşayır, dövlətin verdiyi yardımla 22 baş keçi alaraq onlara baxır, hərdən də mal-heyvan alıb sataraq öz çörək pulunu qazanır. O, Təqsirləndirilən şəxs əvvəlcədən qəsəbədə yaşadığından tanımış, Elçinin tikintidə fəhləlik etdiyini bilmiş, onu tez-tez qəsəbədə görmüşdür. 12.01.2021-ci il tarixdə Elçin ona zəng edərək 5 baş qoyun 1 baş quzusunun olduğunu, satdığını, almaq istəyib-istəmədiyini soruşmuş, Elçin tikintidə fəhləlik etdiyindən o, ondan qoyunların hardan aldığını soruşmuşdur. Elçin ona həyat yoldaşının xəstə olduğunu və maddi vəziyyətinin pis olduğu üçün qoyunları ona xalasının oğlunun verdiyini, ona görə satdığını demişdir. O da ona əvvəlcə qoyunları gətirməsini və qoyunlara baxdıqdan sonra xoşu gələrsə alacağını demişdir. Sonra Elçin “Opel” markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobillə onun yaşadığı evin yanına qoyunları gətirmiş, o, qoyunlara baxmış və qoyunlar xoşuna gəldiyndən qoyunları almaq qərarına gəlib Elçinlə 5 baş qoyunun hərəsini 80 manata razılaşmış və yerdə qalan bir baş quzu balaca olduğundan Elçin həmin quzunu ona pulsuz vermişdir. O, ümumilikdə ona 400 manat pul verərək 5 baş qoyunu və 1 baş quzunu ondan almış, hərdən bir mal-heyvan da alıb satdığından həmin qoyunları da satmaq qərarına gəlmiş və həmin günü saat təxminən 16 radələrində yük taksisi sifariş edərək həmin qoyunlardan 4 başını Bakı şəhəri, Məştağa qəsəbəsində yerləşən heyvan bazarına apararaq orada tanımadığı bir nəfərə iki qoyunun hərəsi 100 manatdan və digər iki qoyunun da hərəsi 110 manatdan olmaqla ümümilikdə 420 manata satmış, sonra isə yaşadığı evə gəlmişdir. O, adətən heyvanları baha satmaq olduğu üçün aparıb Məştağada heyvan bazarında satmış, yerdə qalan qoyunlardan birini 14.01.2021-ci il tarixdə taksi sifariş edərək Abşeron rayonu, Saray qəsəbəsində yerləşən əvvəlcədən tanıdığı, lakin adını bilmədiyi qəssaba 100 manata satmış, yerdə qalan qoyunu isə təxminən 5-10 gün bundan qabaq tanışı Elmirə qurbanlıq qoyun lazım olduğundan, ona verərək yerinə başqa qoyun götürmüşdür. Təqsirləndirilən şəxs ona satdığı 5 baş qoyun və 1 baş quzunun oğurluq olduğunu bilməmiş, Elçin ona həmin qoyunları xalası oğlunun verdiyini, hazırda həyat yoldaşı xəstə olduğundan satdığını demiş, Elçin onun hərdən bir mal-heyvan alıb satdığınıı bildiyi üçün ona satmağı təklif etmiş, o da qoyunları bəyəndiyi üçün ondan almışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 15.03.2021-ci il tarixli, 9/914 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 3 adda xırda buynuzlu heyvanların 2021-ci ilin yanvar ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1080 manat müəyyən edilir. -biri 200 manat, ikisinin dəyəri 400 manat olan yerli cins, yaşı təxminən 4, dişi hərəsinin təxminən diri çəkisi 40 kiloqram olan qoyunlar, -biri 200 manat, üçünün dəyəri 600 manat olan yerli cins, yaşı təxminən 2, erkək hərəsinin təxminən diri çəkisi 35 kiloqram olan qoyunlar, -80 manat dəyərində yerli cins, 2 aylıq erkək diri çəkisi təxminən 10 kiloqram olan 1 baş quzu. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən məhkumluğu olmamışdır. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları- 08.11.2009-cu il təvəllüdlü X3 və X2 vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 20.02.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin əvvəli 19 fevral 2021-ci il tarixdən hesablanmaqla istintaq müddətinin sonuna kimi, yəni 23.04.2021ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 20.04.2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 19 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 12 aprel 2021-ci il tarixli (iş № 1(060)-314/2021) qərarını icra edərək, 13 aprel 2021-ci il tarixli 314 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 7 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan RespublikasıNazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 19 fevral 2021-ci il tarixdən hesablansın. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 7 saat hüquqi yardıma görə 42 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-314/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-314/2021
25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver