Məhkəmə qərarları › İş №1(060)-314/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-314/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-314/2024 14.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Hüseyn qızının, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-ci ildə Cəbrayıl rayonu, Nüsüs kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvələr məhkum edilməmiş, Cəbrayıl rayonu, Nüsüs kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, 07 fevral 2019-cu il tarixdən başlayaraq övladları 09 oktyabr 2013-cü il təvəllüdlü X2, 24 oktyabr 2015-ci il təvəllüdlü X3 və 15 avqust 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, bir uşağa 160,00 manat olmaqla, üç uşağa cəmi 480,00 manat sabit pul məbləğində alimenti Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Cəbrayıl Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 07 mart 2019-cu il tarixli, 2(072)-155/2019 saylı qətnaməsinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən həmin məhkəmənin 21 aprel 2021-ci il tarixli, 3(072)-43/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə və Sumqayıt şəhər Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 3(060)-2294/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 12 (on iki) gün müddətində inzibati həbs edilməsinə, məhkəmə aktını icra etməsi ilə əlaqədar ona 13 oktyabr 2023-cü il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi bildiriş verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 16 noyabr 2023-cü il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 14544,00 manat aliment borcunu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödəməmiş, habelə sonuncuya maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də dəmirçi işləyir, aylıq əmək haqqısı 345,00 manat təşkil edir, bundan başqa hər ay 150,00 manat pensiya təminatı olduğu aylıq ümumi gəliri 495,00 manatdır. O, Zərərçəkmiş şəxs ilə 2012-ci ildə evlənmiş, birgə nikahlarından X5, X6 və X7 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığı üçün ayrılmış, 2019-cu ildə Zərərçəkmiş şəxs aliment tələbinə dair məhkəmədə ona qarşı iddia qaldırmış, məhkəmənin qətnaməsi ilə iddia təmin edilərək hər ay uşağa 160,00 manat, üç uşağa cəmi 480,00 manat sabit pul məbləğində aliment ondan tutularaq övladları Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar icra məmuru ona bildiriş təqdim edərək qətnamənin icrasını tələb etmiş, o, isə maddi imkanı olmadığı üçün alimenti ödəyə bilməmişdir. Buna görə inzibati qaydada bir dəfə cərimə, bir dəfə isə həbs edilmişdir. Bundan sonra icra məmuru məhkəmə aktının icrasını təmin etməsinə dair ona yeni müddət təyin etmiş, rəsmi xəbərdarlıq verməsinə baxmayaraq aliment borcunu ödəməmişdir. Hal-hazırda tam ödəməyə imkanı yoxdur, ittihamda qeyd edilən məbləğdən 400 manat ödəniş etmişdir. Qeyd edilən halların nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2012-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından X5, X6 və X7 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığı üçün Təqsirləndirilən şəxs ayrılaraq uşaqları ilə yaşamış, Təqsirləndirilən şəxs övladlarının saxlanması ilə əlaqədar maddi köməklik göstərmədiyi üçün aliment tələbinə dair Cəbrayıl Rayon Məhkəməsində ona qarşı iddia qaldırmış, məhkəmənin qətnaməsi ilə iddia təmin edilmiş, hər ay uşağa 160,00 manat, üç uşağa cəmi 480,00 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi qət edilmişdir. Qətnamənin icrası ilə əlaqədar icra məmuru borcluya bildiriş təqdim edilsə də, sonuncu alimenti ödəməkdən imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün o, bir dəfə 500,00 manat məbləğində inzibati cərimə edilmiş, bir dəfə isə 12 (on iki) gün müddətində həbs edilmişdir. Bunda sonra da ödənişlər edilməmiş və Təqsirləndirilən şəxs alimenti ödəməyərək məhkəmə aktının icrasından qərəzli olaraq yayınmışdır. Hazırda himayəsində üç uşaqla çox çətin maddi vəziyyətdə yaşayır. Borclunun başqa ailəsi var, onlara normal baxır, həmçinin normal işi var və normal gəliri mövcuddur. Alimenti qərəzli olaraq ödəmir. Yaranmış borcdan cəmi 400 manat ödəniş edilmişdir. Göstərilən halları nəzərə alaraq aliment pulunun ödənilməsi üçün tədbirlər görülməsini və iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Cəbrayıl Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 07 mart 2019-cu il tarixli, 2(072)-155/2019 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs əvvəli 07 fevral 2019-cu il tarixdən başlayaraq hər ay, bir uşağa 160,00 manat, üç uşağa cəmi 480,00 manat sabit pul məbləğində aliment tutularaq övladları 09 oktyabr 2013- cü il təvəllüdlü X2, 24 oktyabr 2015-ci il təvəllüdlü X3 və 15 avqust 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi ilkin olaraq Cəbrayıl rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra sənədi orada icraata qəbul edilərək icraata başlama haqqında qərar qəbul edilmiş, alimentin ödənilməsi tələbinin təmin edilməsi ilə əlaqədar icra məmuru Təqsirləndirilən şəxs bildiriş təqdim etmiş, sonuncu icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayınması ilə əlaqədar həmin məhkəmənin 21 aprel 2021-ci il tarixli, 3(072)- 43/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə edilmişdir. Təqsirləndirilən şəxs faktiki yaşayış yeri Cəbrayıl rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən müəyyən edildiyi üçün həmin qətnamə icra olunması məqsədilə Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərildikdən sonra icraata qəbul edilmiş, qətnamənin icrasının təmin edilməsi üçün ona yeni müddət təyin edilərək yenidən bildiriş verilmiş, tələbi təmin etmədiyi üçün məcburi icra tədbiri olaraq onun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, dəfələrlə idarəyə dəvət olunaraq izahatları alınmış, qanunun tələbləri və məsuliyyəti ona izah edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini bir daha yerinə yetirməkdən yayındığı üçün Sumqayıt şəhər Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 12 (on iki) gün müddətində inzibati həbs edilmiş, qətnaməni icra etməsi üçün ona yeni müddət təyin edilsə də, sonuncu hərəkətsizliyini davam etdirməklə məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. Məhkəməyədək icraat zamanı zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyini bildirmişdir. Cinayət işinin 8-9 vərəqələrində olan 15 dekabr 2023-cü il tarixli təqdimatdan görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli, 2(072)-155/219 nömrəli icra sənədinə əsasən 14.544,00 manat aliment borcu üzrə ödəniş etməmişdir. Ona görə də borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması məsələsi xahiş edilmişdir. Cinayət işinin 10-12-ci vərəqəsində olan Cəbrayıl Rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli, 2(072)-155/219 nömrəli qətnaməsindən və 13-cü vərəqəsində olan eyni tarixli və nömrəli icra vərəqəsindən görünür ki, xx.xx.2013-cü ildə anadan olmuş X2, xx.xx.2015-ci ildə anadan olmuş X3 və xx.xx.2017-cii ldə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixindən başlayaraq hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla üç uşağın saxlanılması üçün ümumilikdə 480 (dörd yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs Hüseyn qızına ödənillməlidir. Cinayət işinin 17-ci vərəqəsində olan Cəbrayıl rayon İcra və Probasiya Şöbəsinin İcraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli, 2(072)-155/219 icra sənədi üzrə icraata başlanılmışdır. Cinayət işinin 18-ci vərəqəsində olan Cəbrayıl rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, həmin bildirişlə ona Cəbrayıl Rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli, 2(072)- 155/219 nömrəli icra sənədində göstərilən tələbin yerinə yetirilməsi üçün 10 gün müddət verilmişdir. Cinayət işinin 26-cı vərəqəsində olan Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzürsüz səbəbdən icra etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat inzibati cərimə olunmuşdur. Cinayət işinin 30-cu vərəqəsində olan Cəbrayıl Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli qərardadından görünür ki, borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işinin 23-cü vərəqəsində olan Cəbrayıl rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 07 mart 2019cu il tarixli, 2(072)-155/219 icra sənədi aidiyyəti üzrə üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Cinayət işinin 48-ci vərəqəsində olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin borclunun axtarılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli, 2(072)-155/219 nömrəli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs axtarışı elan edilmişdir. Cinayət işinin 58-60-cı vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini üzürsüz səbəbdən icra etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 gün müddətə inzibati qaydada olunmuşdur. Cinayət işinin 65-ci vərəqəsində olan Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 13 oktyabr 2023-cü il tarixli yeni könüllü icra müddəti barədə bildirişdən görünür ki, həmin bildirişlə ona Cəbrayıl Rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli, 2(072)-155/219 nömrəli icra sənədində göstərilən tələbin yerinə yetirilməsi üçün 10 gün müddət verilmişdir. Könüllü icra müddəti ərzində tələbi yerinə yetirməyəcəyi halda müvafiq məsuliyyəti barədə xəbərdar edilmişdir. Cinayət işinin 37-ci vərəqəsində xx.xx.2023-cü il tarixli və 40-cı vərəqəsində xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsində verdiyi izahatların surətlərindən görünür ki, o, 3-cü qrup əlil olduğunu, Cəbrayıl Rayon Məhkəməsinin 07 mart 2019-cu il tarixli, 2(072)-155/219 nömrəli icra sənədi üzrə qısa müddətə imkan daxilində ödənişlər edəcəyini bildirmişdir. Cinayət işinin 98-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 19 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 103-104-cü vərəqələrində olan əmlak və gəlirlər haqqında elektron məlumatlara dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəliyə görə İİİ qrup əlil kimi hər ay 150,00 manat pensiya alır. Cinayət işinin 131-ci vərəqəsində olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin MMC-də tam ştat 345 manat aylıq məvacib almaqla avtobus xəttində “dəmirçi” vəzifəsində çalışır. Cinayət işinə əlavə olunmuş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 3-cü qrup əlildir, evlidir, həmçinin aliment təyin edilmiş üç uşaqdan əlavə xx.xx.2021-cü il təvəllüdlü bir övladı da var. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə və digər iş materialları ilə onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmmiş, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsi haqqında” Qərarına əsasən ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs evli olmaqla himayəsində bir azyaşlı övladının olmasını və 3-cü qrup əlilliyini və alimnet borcundan 400 manat olmaqla qismən ödəniş etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Göstərilənləri əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 14 may 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar