Məhkəmə qərarları › İş №1(060)-314/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-314/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-314/2025 24.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(060)-917/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 3875 saylı “Əfv” Sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmış, xx.xx.2023-cü il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 04 ay 09 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 5-ci mikrorayon, Səməd Vurğun küçəsi, 8/12 nömrəli yataqxana, ev 134, otaq 519 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, 01 (bir) ədəd bükümdə, xeyli miqdarda, təmiz çəkisi 0,170 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 (bir) ədəd bükümdə, xeyli miqdarda, təmiz çəkisi 0,190 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etməklə əynindəki tünd göy rəngli şalvarının sağ yan cibində daşıyaraq saxlamış, 28 fevral 2025-ci il tarixdə, saat 14:12 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən “Overtime” oyun klubunun arxasında saxlanılmaqla orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin heroin və metamfetamin əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 14:12-də Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən “Overtime” playstation oyun klubunun arxası ilə piyada hərəkətdə olan zaman üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb Sumqayıt ŞPİnin 3-cü PB-nin əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqla, gəzdirməkdə şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər. Polislər videoçəkiliş aparmaqla üzərinə yoxlama keçirtmişlər. O, əynində olan cins şalvarın cibində saxlamış olduğu içərisində “kakos” adlanan narkotik vasitə heroin, “patı” adlanan psixotrop maddə metamfetamin olan 02 ədəd kağız bükümləri çıxarıb təqdim etmişdir. O, həmin maddələri şəxsi istifadəsi üçün xx.xx.2025-ci it tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində olarkən tanımadığı şəxsdən 2 bükümünə cəmi 20 manat verməklə əldə etdiyini bildirmişdir. Həmin bükümlər elektron tərəzi vasitəsi ilə çəkilmiş, daha sonra zərfə qoyulmuşdur. Daha sonra müvafiq sənədləşdirmə işinin aparılmasından ötrü onu 3-cü PB-yə dəvət etmişlər. O, da etiraz etmədən onlarla birlikdə 3-cü PB-yə gəlmişdir. Bölməyə gətirildikdən sonra orada xidməti otaqların birində ona müdafiəçi təqdim olunmuş, bundan sonra üzərindən aşkar olunmuş maddə olan zərfə baxış keçirilmişdir. Son söz olaraq Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və müalicə almasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 28 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmış, sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən “Overtime” oyun klubunun ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. 28 fevral 2025-ci il tarixdə, saat 14:10 radələrində Təqsirləndirilən şəxs “Overtime” oyun salonunun arxası ilə tək piyada hərəkətdə olduğunu gördükdən sonra Şahid3 videokamera vasitəsilə çəkiliş aparmağa başlamışdır. Təqsirləndirilən şəxs bir neçə dəqiqə müşahidə etdikdən sonra sonuncuya yaxınlaşaraq saxlamışlar və özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər. Sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya narkotik maddə varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs də əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd qızılı rəngli kağız bükümləri çıxarıb təqdim etmişdir. Həmin büküm baxış keçirilən zaman birinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin, digərinin içərisində isə ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdəki maddələrin heroin və metamfetamin olduğunu, həmin maddələri xx.xx.2025-ci il tarixdə, səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin bükümlər elektron tərəzi vasitəsilə çəkildikdən sonra qablaşdırılmış və qablaşdırmanın üzəri imzalanmışdır. Sonra isə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-yə aparmışlar. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr təhqiqatçıya təqdim olunduqdan sonra polis bölməsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, sonuncunun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və üzəri imzalanmışdır. Məhkəmə iclasında iştirak edən şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işi üzrə məhkəməyədək icraatda şahid qismində dindirilmiş Sumqayıt ŞPİnin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, məhkəmə iclasında ifadə vermiş şahidlər Şahid1 və Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokol və həmin yoxlama zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni tanımadığı şəxsdən əldə edib üzərində gəzdirməsi və saxlaması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx.xx.2025-ci il tarixdə saat 14:12-də, Sumqayıt şəhəri, 4-cü mikrorayon, Overtime oyun zalının arxasında yerləşən binanın yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılmış, ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş predmet və əşya vardırsa, təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən saxladığı 02 ədəd qızılı rəngli kağız bükümü təqdim etmiş, həmin bükümün daxilindəki kütlənin narkotik vasitə heroin və matamfetamin olduğunu, özünün istifadəsi üçün xx.xx.2025-ci ilil tarixdə səhər saatlarında Corat qəsəbəsində tanımadığı şəxsdən 20 manat qarşılığında aldığını, istifadə etməsi üçün Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində münasib yer axtaran zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Üzərindən başqa heç bir əşya aşkar edilməmişdir. Ş.Abdullayevin üzərindən aşkar edilmiş 02 ədəd qızılı rəngli kağız büküm açılmış, bükümün birinin daxilində qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroinə, digərində isə ağ rəngli kristalik metamfetaminə bənzər kütlə aşkar edilmiş, qeyd olunan bükümlər elekton tərəzidə çəkilmiş, çəkisinin 0,27 və 0,29 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin büküm zərfə qoyularaq üzərinə möhür vurulub qablaşdırılmışdır. (i.v.9-11) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:12-də Sumqayıt şəhəri, 4-cü mikrorayon, “Overtime” playstation oyun klubunun arxasında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.22) Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sübut əhəmiyyəti kəsb edəcək, saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və psixotrop maddənin götürülməsi qərara alınmışdır. (i.v. 30) “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokol və həmin axtarış zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 15:30-dan 15:43-dək təqdim olunan əşyaya baxış keçirilmə və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkil təqdim olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmış 01 ədəd ağ rəngli zərfə baxış keçirilmiş, zərf açılmış içərisində 02 ədəd qızılı rəngli siqaret kağızı bükümləri açılmadan baxış keçirilmiş və 01 ədəd ağ rəngli zərfə qoyulmaqla yenidən qablaşdırıb möhürlənmişdir. Həmçinin, Şahid1 tərəfindən təqdim edilən və keçirilmiş əməliyyat tədbirinin nəticələrini əks etdirən 01 ədəd DVD disk götürülmüşdür. Təqsirləndirilən şəxs içərisində “kakos” və “patı” olduğunu bildirdiyi 2 ədəd qızılı rəngli bükümün özünə məxsus olduğunu, xx.xx.2025-ci il tarixdə səhər radələrində Corat qəsəbəsində tanımadığı şəxsdən iki bükümə ümumilikdə 20 manat pul verməklə əldə etdiyini, “kakos” və “patı” adlanan həmin narkotik və psixotrop maddəyə bənzər kütlələri şəxsi istifadəsi üçün üzərində saxladığını, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki, psixi təzyiq edilmədiyini bildirmişdir. (i.v.31-33) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/913 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №127 dairəvi möhür əksi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə, təmiz çəkisi 0,190 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd bükümdə təmiz çəkisi 0,170 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edildi 0,190 qram psixotrop maddə metamfetamin, nümunə götürüldü 0,05 qram, 0,140 qram kütlə geri qaytarıldı. Tədqiqata qəbul edildi 0,170 qram narkotik vasitə heroin, nümunə götürüldü 0,05 qram, 0,120 qram kütlə geri qaytarıldı. Ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat məbləğində müəyyən edilmişdir. (i.v.40-44) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək saat 10:25-də həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v.51-52) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır.(i.v.61-63) Təqsirləndirilən şəxsin X5 azad edilməsi və qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X5 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, qərar həmin tarixdə saat 11:40-da Təqsirləndirilən şəxs təqdim edilmişdir. (i.v.64-65) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsin ambulator-məcburi nakoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 1316 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci maddəsinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq ediməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.74-75) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.3-cü maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2007-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il hökmü ilə CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 3875 saylı “Əfv” sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmış, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il qərarı ilə cəzadan 04 ay 09 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir.(i.v.86-87) Sübutların qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,170 qram narkotik vasitə olan heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,190 qram metamfetamin və 2 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, 2 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, ekspertiza tətqiqatına sərf edildikdən sonra qalıq qalan 0,120 qram heroin və 0,140 qram metamfetamin saxlanılması üçün Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş və cinayət işi üzrə əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılmasına, üzərinə baxış keçirilməsi və diskə baxış keçirilməsi haqqında protokollar, təqsirləndirilən şəxsin, şahidlərin dindirmə protokolları, ekspert rəyləri və digər sənədlər sübut əhəmiyyətli olduğundan sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v.103-110) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-917/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(002)-591/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzadan 04 ay 09 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i.v.88-92) Elektron Məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ikinci qrup əlil olmaqla 220 (iki yüz iyirmi) manat məbləğində pensiya alır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, üstünü yoxlama və şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək özünü təqsirli bilməsini və ikinci qrup əlil olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il hökmü ilə CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 3875 saylı “Əfv” sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il qərarı ilə cəzadan 04 ay 09 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən xx.xx.2025-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici hal kimi təqsirləndirilən şəxsin əməlini səmimi etiraf edərək özünü təqsirli bilməsini və ikinci qrup əlil olmasını, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsin ambulator-məcburi X6nın xx.xx.2025-ci il tarixli, 1316 nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyil, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X4 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1316 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 0,120 qram narkotik vasitə olan heroin və 0,140 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, həmin qərara xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərə əsasən 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,120 qram narkotik vasitə olan heroin və 0,140 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 28 saata görə 242 (iki yüz qırx iki) manat (6 saat 6 manatdan, 22 saat 11 manatdan hesablanmaqla) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar