Məhkəmə qərarları › İş №1(060)-315/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-315/2021

02.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-315/2021 02.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 qızının, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Füzuli rayonu, Əbdürrəhmanlı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 41-ci məhəllə, y/x 1, otaq 22 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 04.02.2021-ci il tarixdə Bakı şəhəri, “20 Yanvar” metrostansiyasının yaxınlığından istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq 465,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 04.02.2021-ci il tarixdə, saat 19:00-da Sumqayıt ŞPİ-nin 3-cü PB-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, 4-cü mkr ərazisində yerləşən 14 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılaraq 3-cü PB-ya gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçənin sağ yan içəri hissəsindən şəffaf rəngli, üzərində “BRAVO” sözləri yazılmış sellofana bükülmüş, təmiz çəkisi 465,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, hazırda Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 1, otaq 22-də ailəs ilə birlikdə yaşayır, əvvəllər Azərbaycan Respublikası CM-nın 234.1, 221.2., 315.1-ci maddələri ilə məhkumluğu olmuşdur. О, 2010-cu ildən narkotik vasitə aludəçisidir, asıllıq yaranıb, mütəmadi olaraq narkotik vasitə qəbul edir. О, 04.02.2021-ci il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, “20 Yanvar” metrostansiyasının yaxınlığında olan zaman tanımadığı şəxslə söhbət zamanı onun da narkotik vasitə aludəçisi olduğunu anlamış, həmçinin o da onun narkotik vasitə aludəçisi olduğunu bilmişdir. Söhbət zamanı o, ona narkotik vasitə olan “nəşə”si olduğunu, satmaq istədiyini, istəyib-istəmədiyini soruşmuşdur. O da ondan nə qədər olduğunu və neçəyə satdığını soruşduqda, həmin şəxs ona təxminən 500 qrama yaxın olduğunu və 40 manata satdığını demişdir. O da onunla razılaşaraq ona 40 manat verərək narkotik vasitə olan “nəşə” ni almış və onu bükülmüş olduğu sellofanla birlikdə əynində olan göy rəngli gödəkçəsinin sağ yan içəri hissəsində gizlətmişdir. O, sonra Sumqayıt şəhərinə gələrək gün ərzində həmin narkotik vasitə olan ”nəşə”ni üzərində gəzdirmiş və evə getdikdə onu gizlətmişdir ki, yavaş-yavaş özü istifadə etsin. 04.02.2021-ci il tarixdə, saat 19:00 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən 14 nömrəli tam orta məktəbin yaxınlığında olarkən orada sakit və heç kəsin olmadığı bir yer tapıb narkotik vasitə istifadə etmək istəmişdir. O, orada olan zaman birdən ona üç nəfər mülki geyimli şəxs yaxınlaşaraq onu saxlamışlar və onun narkotik vasitə istifadəsində, qəbulunda şübhəli olduğunu, 3-cü Polis Bölməsinə aparılacağını, orada üzərinə çəkilişlə şəxsi axtarış keçiriləcəyini, etirazının olub-olmadığını soruşmuşlar. O da etirazı olmadığını bildirmiş və birlikdə 3-cü Polis Bölməsinə getmişlər. Orada xidməti otaqların birində polis formasında şəxs özünü təqdim edərək Sumqayıt Şəhər Polis idarəsinin 3-cü Polis Bölməsinin baş təhqiqatçısı Səbuhi Dadaşov olduğunu deyərək ona özünü təqdim etməsini bildirmişdir. O da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demiş, sonra onu saxlayan mülki geyimli şəxslər də özlərini təqdim edərək 3-cü Polis Bölməsinin əməkdaşları olduqlarını demişlər. Təhqiqatçı ona narkotik vasitələrin qanunsuz əldə olunmasında, üzərində gəzdirməkdə şübhəli bilindiyini, ona görə saxlanıldığını, video çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyini deyərək etirazı olub-olmadığını soruşmuş və o da etirazı olmadığını demişdir. Təhqiqatçı onun üzərinə şəxsi axtarış keçirmiş və axtarış zamanı onun əynində olan göy rəngli gödəkçənin sağ yan içəri hisəsindən şəffaf rəngli, üzərində “BRAVO” sözləri yazılmış sellofan, daha sonra 7 ədəd 20 qəpik, 1 ədəd 50 qəpik olmaqla ümumilikdə 1 manat 90 qəpik, 1 ədəd üzərində nömrə olmayan “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Təhqiqatçı sellofanın içərisində nə olduğunu soruşduğu zaman, o ona narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, özünə məxsus olduğunu, özü istifadə etdiyini, təxminən 10 ilə yaxındır ki narkotik vasitə qəbul etdiyini demişdir. O, ondan narkotik vasitəni nə vaxt, hardan, neçəyə aldığını soruşduqda ona narkotik vasitəni 04.02.2021-ci il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, “20 Yanvar” metrosunun yaxınlığında tanımadığı şəxsdən 40 manata aldığını, özü istifadə etdiyini bildirmişdir. Sonra təhqiqatçı qurudulmuş marixuananı onun iştirakı ilə tərəziyə qoymuş və həmin narkotik vasitə qurudulmuş marixuananın sellofan ilə birlikdə çəkisi 0,470 kq olmuş, sonra ondan hər hansı sualı, etirazı olub-olmadığı soruşulmuş o da heç bir etirazı olmadığını demişdir. Daha sonra həmin kütlə müvafiq qaydada qablaşdırılmış, o və digər iştirakçılar imza çəkmişlər. 1 manat 90 qəpik pulu ona qaytarılmışdır. Onu polis əməkdaşları Sumqayıt şəhəri, 4-cü mkr ərazisində yerləşən 14 nömrəli tam orta məktəbin yaxınlığında saxlayan zaman bütün hərəkətlər kamera video görüntüsü ilə qeydə alınmış, bununla bağlı olaraq heç bir etirazı olmamış, ona qarşı hər hansı zor tətbiq olunmamışdır. O, narkotik vasitə alqı-satqısı ilə məşğul olmamış və yalnız özü istifadə etmişdir. Əməlindən peşmandır, Füzuli rayonundan məcburi köçkün olmasını, valideynləri ilə yaşamasını, onların işləməməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, düz yola qayıtmaq istəməsini nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nın cinayət axtarış üzrə kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3 göstərdi ki, 04.02.2021-ci il tarixdə Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 1, otaq 22-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nın cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Sumqayıt ŞPİ-nin 3-cü PB-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid2lə birlikdə həmin məlumat əsasında saat 19:00 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən 14 nömrəli tam orta məktəbin yaxınlığında Təqsirləndirilən şəxs hərəkət etdiyini, özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim edərək onu saxlamışlar. Onlar ona narkotik vasitələrin qanunsuz əldə olunmasında, üzərində gəzdirməkdə şübhəli bilindiyini, ona görə saxlanıldığını, 3-cü Polis Bölməsinə aparılacağını, orada video çəkilişlə üzərində şəxsi axtarış keçirələcəyini və etirazının olub-olmadığını soruşmuşlar, o da etirazı olmadığını söylədiyi üçün onu 3-cü Polis Bölməsinə aparmışlar. Orada xidməti otaqların birində kriminalist Orxan Aslanov video çəkilişi qoşmuş, bölmənin baş təhqiqatçısı Səbuhi Dadaşov özünü təqdim edərək 3-cü Polis Bölməsinin əməkdaşlarına daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs saxlanılaraq 3–cü Polis Bölməsinə gətirildiyini, Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmiş və o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu söyləmişdir. Daha sonra onlara da özlərini təqdim etmələrini söylədiyi üçün onlar da özlərini təqdim etmişlər. Səbuhi Dadaşov daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 4-cü mkr ərazisində saxlanılaraq bölməyə gətirildiyini, həmin məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, qəbulunda şübhəli bilindiyini, ona görə də saxlanıldığını, polis bölməsində çəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyini, müdafiəçisi kimi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 olacağını, etirazının olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs da etirazının olmadığını bildirdikdən sonra X2 Məmmədovu hüquq və vəzifələri ilə tanış etmiş, üzərində olan əşyaları çıxartmasını bildirmiş və o da üzərində olan telefonu çıxardaraq təhqiqatçıya təqdim edərək üzərində nömrə olmadığını bildirmişdir. Təhqiqatçı ondan həmin telefonu nə məqsədlə üzərində gəzdirdiyini soruşduqda o da telefonun lentinin xarab olduğunu, ustaya aparacağını demişdir. Təhqiqatçı sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirtmiş və baxış zamanı onun əynində olan göy rəngli gödəkçənin sağ yan içəri hissəsindən şəffaf rəngli sellofana bükülmüş üzərində “BRAVO” sözləri yazılmış bükülü çıxmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin bükülünün nə olduğunu, nə vaxt, haradan aldığını soruşduqda o, həmin kütlənin marixuana, “nəşə” olduğunu, 04.02.2021-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, “20 Yanvar” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 40 manata öz istifadəsi üçün aldığını demişdir. Ondan sonra həmin bükülü hamının iştirakı ilə tərəzidə çəkilmiş və 0,470 kq olması müəyyən edilmiş, sonra narkotik vasitə marixuanaya bənzər kütlə qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Şahid1 həmçinin, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələri qəbul etməsi ilə bağlı onlarda əməliyyat məlumatının olduğunu, ancaq onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatının daxil olmadığını bildirdi. Şahidlər Sumqayıt ŞPİ-nin 3-cü PB-nın cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Sumqayıt ŞPİ-nin 3-cü PB-nın cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 Şahid3 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan “Cinayət törəkməkdə şübhəli şəxsin tutulması haqqında” 04 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2021-ci il tarixdə tutulmuşdur. (i.v. 19) İş materiallarında olan “Qətimkan tədbiri seçmək haqqında” 06.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən 06.02.2021-ci il tarixdə dərhal azad edilmişdir. (i.v.67-68) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 26.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan olunaraq barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması haqqında” 22 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2021-ci il tarixdə tutulmuşdur. İşdə olan məhkəmə-bioloji ekspertizasının 05.02.2021-ci il tarixli, 7/151 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vət.Təqsirləndirilən şəxs..” yazısı və imzalar olan 01 (bir) ədəd sellofan torbadakı təmiz çəkisi – 465,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (i.v. 37-39) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 25.02.2021-ci il tarixli, 592 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.106-107) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserin 1100 saylı, 19.02.2021ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2017-ci ilin noyabr ayından Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatdadır. (i.v. 112) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 16.02.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. (i.v.78-80) İş materiallarında olan 12 saylı MKS-ın 26.03.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 109) İş materiallarında olan 06.02.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 465 qram narkotik vasitə hesab olunan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanc üçün Sumqayıt ŞPİ-nin anbarına təhvil verilmişdir. (i.v. 71) İş materiallarında olan 23.02.2021-ci il tarixli qəbzdən görünür ki, “Samsung SHH- 250” markalı mobil telefonu Təqsirləndirilən şəxs özünə təhvil verilmişdir. (i.v. 87) İş materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” 24.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitənin ekspert rəyində göstərildiyi kimi təmiz çəkisi 465 (qalıq 464,80 qr.) qram əsas götürülmüş, maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 ədəd DVD-R formatlı disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. (i.v.113-120) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 465 qram çəkidə narkotik vasitə olan marixuananı əldə edib daşıyaraq üzərində saxlaması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnın 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi, onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Füzuli rayonundan məcburi köçkün olmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkündür. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmədə işə baxılarkən Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 464,80 qram çəkidə olan qurudulmuş marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd DVD-R formatlı disk iş materiallarında saxlanılmalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokollardan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2021-ci il tarixdən 06 fevral 2021-ci il tarixədək tutulub iki gün saxlanmış, 22 may 2021-ci il tarixdən həbsdədir. Ona görə də, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı 03 (üç) ay 13 (on üç) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 fevral 2021-ci il tarixdən 06 fevral 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün və 22 may 2021-ci il tarixdən həbsdə olduğu müddət 03 (üç) ay 11 (on bir) gün, cəmi 03 (üç) ay 13 (on üç) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 05 (beş) ay 04 (dörd) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minədək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 41-ci məhəllə, y/x 1, otaq 22 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 464,80 qram çəkidə olan narkotik vasitəqurudulmuş marixuana məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar