Məhkəmə qərarları › İş №1(060)-316/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-316/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-316/2023 05.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Onun müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, N saylı hərbi hissədə qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdə saat 19:00 radələrində yaşadıqları ünvan 2 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə ailə-məişət zəmnində aralarında yaranmış mübahisə zamanı yumruqla baş və sol göz nahiyyəsinə vuraraq sonuncuya qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol gözətrafının qançırı, təpiklə kürək nahiyyəsinə vuraraq sol kürək nahiyyəsinin sıyrığı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxsnm qəsdən sağlamlığına YÜNGÜL zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanında anası ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs həyat yoldaşıdır. Ailə qurandan sonra hərdən aralarında ailə-məişət münasibətləri zəminində mübahisə baş versə də, normal münasibətləri olmuşdur. Nuranəni qısqandığından sonuncuya mobil telefon işlətməyə icazə verməmişdir. 17 may 2022-ci il tarixdə Nuranənin işlədiyi marketə gedib sonuncunu işdən götürüb əvvəllər birlikdə yaşadıqları ünvan 2 ünvanına gətirmişdir. Nuranənin çantasından markasını xatırlamadığı mobil telefonu tapmış, Nuranənin ondan gizli mobil telefon işlətdiyini bilib daha da əsəbiləşmiş və ona bir sillə vurmuşdur. Mübahisənin səhəri günü Nuranə evdən getmişdir. Uşaqlardan biri onun yanında, digəri isə Nuranənin yanında qalır. Bütün mübahisələrin səbəbi isə onda qalan uşağın Nuranə tərəfindən ondan alınmaq istəməsidir. Əməlindən peşman olmasını, himayəsində 01 (bir) azyaşlı uşağının olmasını və “Aprel” döyüşlərinin iştirakçısı olmasını nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bildirərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında anası ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs həyat yoldaşıdır. Onlar 2015-ci il tarixdə ailə həyatı qurmuşlar, birgə nikahlarından 2016-cı il təvəllüdlü İrfan Vəlixanov və 2018-cü il təvəllüdlü Banu Vəlixanova olmaqla 02 (iki) azyaşlı övladları vardır. Ailə qurandan sonra hərdən aralarında ailə-məişət münasibətləri zəminində mübahisə baş versə də, normal münasibətləri olmuşdur. Nuranəni qısqandığından sonuncuya mobil telefon işlətməyə icazə verməmişdir. 17 may 2022-ci il tarixdə təxminən saat 19:00 radələrində Nuranənin işlədiyi marketə gedib sonuncunu işdən götürüb əvvəllər birlikdə yaşadıqları ünvan 2 ünvanına gətirmişdir. Həmin vaxt anası Amalya da onların evində olmuşdur. İşsiz olduğundan pulu olmadığına görə Nuranədən maaş alıb-almamasını soruşmuş, Nuranə isə ona əsəbi şəkildə cavab vermişdir ki, maaş almamışdır, alsa belə ona verməyəcəkdir. O da Nuranənin çantasını götürüb içərisinə baxmağa başlamışdır. Həmin vaxt çantadan markasını xatırlamadığı mobil telefonu tapmış və Nuranənin ondan gizli mobil telefon işlətdiyini bilib daha da əsəbiləşmişdir. Buna görə Nuranə ilə aralarında mübahisə yaranmış və mübahisə zamanı əli ilə Nuranənin başına və göz nahiyyəsinə zərbə vurmuşdur. Zərbənin təsirindən Nuranə yerə yıxılanda isə təpiklə kürək nahiyyəsinə bir dəfə zərbə endirmişdir. Sonra isə anası Amalya onu sakitləşdirmişdir. Səhəri gün isə Nuranə yaşadıqları evdən çıxaraq anası Natəvanın evinə getmiş və ondan polisə şikayət etmişdir. Arvadı Nuranə ilə dalaşan zaman evdə anası Amalya və azyaşlı oğlu İrfan olmuşdur. Mübahisə zamanı Nuranə onu vurmamış və xəsarət yetirməmişdir. Məhkəmədə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həyat yoldaşıdır. Azərlə 2015-ci il tarixdə ailə həyatı qurmuş, birgə nikahlarından 2016-cı il təvəllüdlü İrfan Vəlixanov və 2018-ci il təvəllüdlü Banu Vəlixanova olmaqla 02 (iki) azyaşlı övladları vardır. Ailə qurandan sonra Azərlə əvvəllər normal münasibətləri olsa da, sonradan Azər pis vərdişlərə öyrəşmiş, ailəsinə, uşaqlarına baxmamış, tez-tez evdə mübahisə yaratmış və onu döymüşdür. Lakin, o heç vaxt Azərin barəsində şikayət etməmişdir. Azər onun mobil telefonunu qırdığından anası Natəvan ona mobil telefon vermiş və o həmin telefonu Azərdən gizli işlətmişdir. 17 may 2022-ci il tarixdə saat 19:00 radələrində Azər əvvəllər işlədiyi Sumqayıt şəhərində yerləşən “Bərəkət” marketə gələrək onu yaşadığı ünvan 2 ünvanına aparmışdır. Həmin vaxt onlarla birlikdə 02 (iki) azyaşlı övladı və Azərin anası Şahid2 da olmuşdur. Evə gəldikdən sonra Azər ondan maaş alıb-almadığını soruşmuş, o, sonuncuya maaş almadığını deyəndə isə Azər çantasını götürüb içinə baxmağa başlamışdır. Həmin vaxt Azər gizlin işlətdiyi mobil telefonu görüb əsəbiləşmiş və onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı isə Azər əli ilə onun başına, sol göz nahiyyəsinə və sol kürək nahiyyəsinə zərbələr vuraraq ona xəsarət yetirmişdir. O, çətinliklə Azərin əlindən çıxıb başqa otağa keçmişdir. Səhəri gün, yəni 18 may 2022-ci il tarixdə isə evdən çıxaraq anası Natəvanın yaşadığı evə gedərək Azərin onu döyməsi barədə bildirmişdir. Anası isə ona polisə müracitə etməsini demişdir. O da Azərin onu döyməsi barədə Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. 17 may 2022-ci il tarixdə təxminən saat 19:00 radələrində Azər yaşadıqları ünvan 2 ünvanında əli ilə və təpiklə başına, sol göz nahiyyəsinə və sol kürək nahiyyəsinə vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt onların yanında 02 (iki) azyaşlı övladı və Azərin anası Şahid2 da olmuşdur. Amalya harayçılıq edərək onu Azərin əlindən almağa çalışmışdır. Onların yanında başqa heç kim olmamışdır. Azərin onu döyməsi təxminən 30 (otuz) dəqiqə ərzində davam etmişdir. O, Azəri vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma qızıdır, Təqsirləndirilən şəxs isə Nuranənin əridir. Nuranə 2015-ci il tarixdə Azərlə ailə həyatı qurmuşdur və onların birgə nikahlarından 02 (iki) azyaşlı övladları vardır. Ailə qurandan sonra Azərlə əvvəllər normal münasibətləri olsa da, sonradan Azər pis vərdişlərə öyrəşdiyi üçün ailəsinə, uşaqlarına baxmamış və evdə mübahisə yaratmış, Nuranəni döymüşdür. Azər dəfələrlə azyaşlı övladlarının gözü qarşısında Nuranəni döymüşdür. O, Azərə öz iradını bildirib ailəsi ilə normal rəftar etməsini desə də, sonuncu onlara məhəl qoymayaraq yenə də yaşadıqları evə səbəbsiz yerə münaqişə yaradıb Nuranəni döymüşdür. 18 may 2022-ci il tarixdə yaşadığı evdə olduğu zaman Nuranə onun evinə gəlmişdir. O, baxanda Nuranənin sol göz nahiyyəsində xəsarət olduğunu və Nuranənin vəziyyətinin yaxşı olmadığını görmüşdür. Nuranədən nə baş verdiyini soruşanda isə sonuncu ona bildirmişdir ki, 17 may 2022-ci il tarixdə yaşadıqları ünvan 2 ünvanında olduqları zaman Azər təpiklə və əli ilə onun başına, sol göz nahiyyəsinə və kürək nahiyyəsinə vuraraq xəsarət yetirmişdir. O, baxanda Nuranənin başında və kürək nahiyyəsində də xəsarətlərin olduğunu görmüşdür. 17 may 2022-ci il tarixdə Azər qızı Nuranəni döyərək ona xəsarət yetirən zaman orada olmamış, bu barədə ona qızı Nuranə özü səhəri gün evinə gələrək danışmışdır. Baxanda Nuranənin bədənində xəsarətlərin olmasını da görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs həyat yoldaşıdır. Onlar 2015-ci il tarixdə ailə həyatı qurmuşlar, birgə nikahlarından 2016-cı il təvəlüldlü İrfan Vəlixanov və 2018-ci il təvəllüdlü Banu Vəlixanova olmaqla 02 (iki) azyaşlı övladları vardır. Ailə qurandan sonra onların normal münasibətləri olmuş və 2021-ci ilin dekabr ayından oğlu ailəsi ilə Sumayıt şəhəri, 34-cü məhəllə ərazisində kirayədə yaşamağa başlamışdır. Azər arvadı Nuranəni qısqandığından ona mobil telefon işlətməyə icazə verməmişdir. Azər 17 may 2022-ci il tarixdə təxminən saat 19:00 radələrində Nuranənin işlədiyi marketə gedib onu işdən götürüb əvvəllər birlikdə yaşadıqları ünvan 2 ünvanına gətirmişdir. Həmin vaxt o da Azərgilin evində olmuşdur. Evdə Azər sonuncunun çantasını götürüb içərisinə baxmağa başlamışdır. Həmin vaxt çantadan markasını xatırlamadığı Nuranəyə məxsus mobil telefonu tapmış və Nuranənin ondan gizli mobil telefon işlətdiyini bilib əsəbiləşmişdir. Buna görə Nuranə ilə Azərin arasında mübahisə yaranmış və mübahisə zamanı Azər əli ilə Nuranəyə bir sillə vurmuşdur. O, Azəri danlayaraq tənbeh edib sakitləşdirmişdir. Səhəri gün isə Nuranə anası Natəvanın evinə getmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 661 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər – QKBT. Baş beyin silkələnməsi, sol gözətrafının qançırı, təpiklə kürək nahiyyəsinin sıyrığı vardır. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 23 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağı vardır (xx.xx.2016-cı il təvəllüdlü X1). İş materiallarında olan ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən xx.xx.2020-ci il tarixədək gizir kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əməlindən peşman olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlililk dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cinayət qanununun onun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-354-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar