Məhkəmə qərarları › İş №1(060)-316/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-316/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-316/2025 29.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sumqayıt şəhəri, Yaşma Bağlar ərazisi, Şirvan-Yaşma B/Y- 311 ünvanında daimi qeydiyyatda olmaqla ünvan 2 78-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cm-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 03 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 252.083 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 06 mart 2025-ci il tarixdə saat 16:12-də, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri X5 həyətı ərazisində, BDYPİ-nin Sumqayıt Regional QİTBŞ-nin yaxınlığında saxlanılıb üzərinə axtarış keçirilmiş və axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin iç hissəsindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, uzun müddətdir ki, narkotik vasitə istifadəçisidir. Belə ki, 06 mart 2024-cü il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri X5 həyəti ərazisində Sumqayıt Regional QİTBŞ-nin yaxınlığında olan zaman yerdə qara rəngli sellofan torba görüb götürmüş və həmin torbanı açan zaman içərisində narkotik vasitə olan marixuana olduğunu görüb istifadə etmək məqsədilə əynində olan gödəkçənin iç hissəsində saxlamaqla yoluna davam etmişdir. Bir qədər sonra mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşı olduqlarını deyib nədə şübhəli olduğunu bildirərək üzərində qanunla qadağan olunmuş hansı əşya olub-olmadığını soruşmuş, o, əynində olan qara rəngli gödəkçənin sol yan iç hissəsində saxladığı torbada olan narkotik vasitə marixuananı və əynində olan tünd göy rəngli şalvarının cibində olan 01 ədəd Samsung A10 markalı telefonu polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi büküm tərəzidə çəkilərək çəkisinin 0,265 kq olması müəyyən edilmiş və daha sonra üzərinə baxış keçirilmişdir. Bundan sonra PB-nə aparılmış, bölmədə ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuşdur. Üzərində aşkar edilmiş və qablaşdırılmış narkotik vasitə PB-də xidməti otaqda yenidən açılmış, ona aid olub-olmadığı soruşulmuş, o bu barədə suallara cavab vermişdir. Həmin bükülü tərəzidə çəkilmiş, çəkisi müəyyən edildikdən sonra ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Həmçinin üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmamış, ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq edilməmiş, heç bır hüququ pozulmamışdır. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, rütbəsi polis leytenantıdır. Belə ki, 06 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmış, sonra isə onlar tərəfindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri X5 həyəti ərazisində Sumqayıt Regional QİTBŞ-nin yaxınlığında əməliyyat müşahidəsinə götürülmüşdür. 06 mart 2025-ci il tarixdə, saat 16:12 radələrində Təqsirləndirilən şəxs həmin yerdə tək piyada hərəktədə olduğunu gördükdən sonra Şahid2 videokamera vasitəsilə çəkiliş aparmağa başlamışdır. Təqsirləndirilən şəxs bir neçə dəqiqə müşahidə etdikdən sonra sonuncuya yaxınlaşaraq saxlamışlar və özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş hər hasnı əşya və ya narkotik maddə varsa təqdim etməsini təklif etmiş, o, əynində olan gödəkçənin iç hissəsindən 01 ədəd qara rəngli sellofan torbanı təqdim etmiş, bükümə baxış keçirildikdə içərisində spesifik iyə malik narkotik maddə qurudulmuş marixuanaya bənzər maddə olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin torbadakı maddənin marixuana olduğunu, həmin maddəni saxlanıldığı ərazidən tapıb şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmış və qablaşdırmanın üzəri imzalanmışdır. Aşkar olunmuş 01 ədəd “Samsung A10” markalı mobil telefon da götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 5-ci PB-nə aparmışlar. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə təhqiqatçıya təqdim olunduqdan sonra PB-də müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, sonuncunun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və üzəri imzalanmışdır. Məhkəmə iclasında Şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 07 mart 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış (saat 15:00) və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 06 mart 2025-ci il tarixdə, saat 16:12-də Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.20); Təqsirləndirilən şəxs 08 mart 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 52-53); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 08 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı saat 12:20-də ifadəsi alınmışdır (i.v. 61-62); “Təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi” barədə 08 mart 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 63-64); “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan və mülki geyimli polis əməkdaşları xx.xx.2025-ci il tarixdə, saat 16:12 radələrində Sumqayıt şəhəri X5 həyəti ərazisində Sumqayıt Regional QİTBŞ-nin Təqsirləndirilən şəxs yaxınlaşaraq saxlayırlar. Sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələrim izah edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxladıqlarını bildirirlər. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya narkotik vasitə varsa təqdim etməsi təklif olunur, sonuncu da əynində olan qara rəngli gödəkçəsinin sol iç hissəsindən 01 ədəd qara rəngli sellofan bükülünü çıxarıb təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün birinin içərisində narkotik vasitə marixuana olduğunu, həmin torbam tutulduğu ərazidə tapdığını, şəxsi istifadəsi üçün gəzdirdiyini bildirir. Həmin torba açılan zaman içərisində qəhvəyi narkotik vasitə qurudulmuş marixuanata bənzər bitki tərkibli maddə olması aşkar olunur. Həmin maddələr elektron tərəzi vasitəsilə çəkildikdə heroinə bənzər maddənin 265 qram olması müəyyən edilir. Həmçinin Təqsirləndirilən şəxs üzərində 01 ədəd “Samsung A 10" markalı mobil telefon aşakr edilərək götürülür. Bundan sonra həmin maddə qablaşdırılaraq üzərində qeydlər aparılır və qablaşdırmanın üzəri imzalanır. Sonda isə çəkiliş dayandırılır. (i.v 08-09); “Şəxsi axtarış və təqdim olunmuş əşyaya baxış keçirilməsi haqqında" xx.xx.2025-cı ıl tarixli protokoldan görünür ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci ıl tarixdə, saat 16:12 radələrində Sumqayıt şəhəri X5 həyəti ərazisində Sumqayıt Regional QİTBŞ-nin yaxınlaşaraq saxlanılmış və üzərində yoxlama aparılan zaman bir bükümdə ümumi çəkisi 0, 255 kq narkotik vasitə marixuanaya bənzər kütləı və 01 ədə “Samsung A 10" markalı mobil telefon aşakr edilərək Sumqayıt ŞPİ-nin 5-ci PB-ə gətirilmişdir. Polis bölmədə xidməti otaqların birində videoçəkiliş aparılmaqla sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs təhqiqatçı Ramil Əhmədov özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanılmasının səbəbini bildirib. Təqsirləndirilən şəxs də özünü təqdim edir. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı Ramil Əhmədov tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıt Regional Vəkil Bürosunun vəkili Sədirxan Sədirxanov təqdim olunur. O. hüquq və vəzifələri ilə tanış olııb. vəkilinə etiraz, etmir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkılişlə şəxsi axtarış aparılarkəıı ona üzərindən qanunla qadağa olunmuş heç bır maddə, əşya, predtmək aşkarlanmır. Bundan sonra polis əməkdaşları tərəfindən təqdim olunan Elşin Vəliyev saxlanılan zaman üzərindən aşkar edilərək miivaqif qaydada qablaşdırılan ıkı ədəd ağ rəngli kağız zərfdə olan bağlamalara baxış keçirilir və birinci bağlamada açılan zaman içərisində olan qara rəngli sellofan bükülüdə içərisində yaşıl rəngli, spesifik iyə malik, ot halında narkotik vasitəyə bənzər kütlə çəkilir və çəkisinin 0.255 kq olması müəyyən olunur. Həmin bükümdə olan kütlə maddi sübut əhəmiyyəti kəsb etdiyindən müvafiq qaydada qablaşdırılır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni Sumqayıt şəhər Dəmir yol yük həyəti ərazisində olan zaman tapıb üzərində gəzdirdiyini bildirir. Daha sonra ikinci zərf açılır və 01 ədəd “Samsung A 10" markalı mobil telefon aşkar olunur. Həmin mobil telefon da müvafiq qaydada qablaşdırılır. Bundan sonra videoçəkiliş dayandırılır. (i.v. 27-28) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Sumqayıt Regional Bölməsinin 20/32 07 mart 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, AR DİN “Arayışlar üçün №242” möhür əksi, “Saxlanılmış şəxs: /imza/ İştirakçı: /imza/; Tərtib eti: /imza/” əl yazıları olan paketdəkı 01 ədəd bağlamada təmiz çəkisi: 252,083 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qudurulmuş marixuanadır. ( i.v. 36-39); AR Səhiyyə Nazirliyi Respublika X3 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 1501 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Sumqayıt şəhər NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır.(i.v. 91-92) Məhkəmə istintaqı zamanı tədqiq edilən disklərə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon Vəliyevin özünə qaytarılmışdır. (i.v. 71) AR DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 03 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 82-90) Sumqayıt şəhər Probasiya Şöbəsinin 29 aprel 2025-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə cəzasının 05 (beş) ay 29 (iyirmi doqquz) gününü çəkmiş, çəkilməmiş cəzası 01 (bir) il 09 (doqquz) ay 27 (iyirmi yeddi) gün təşkil edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayəti törədərkən məhkumluğu ödənilməmişdir. Lakin onun əməli CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətlərin residivini yaratmır. “sübutların qiymətləndirilməsi haqqında” 13 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs ifadəsi, şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının və məhkəmə-narkoloji ekspertizasının rəyləri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “diskə baxış keçirilməsi haqqqında” protokol sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Vəliyevin üzərindən aşkar olunmuş ümumi təmiz çəkis 252.083 qram narkotik vasitə “marixuana” maddi sübut kimi tanınmış, kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 251.983 qram narkotik vasitə “marixuana” Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, 02 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v.94-100); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 5-ci bəndinə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il tarixli 28 iyun tarixli Qanunun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair, 1.0.9-cu maddəsində qanunsuz əldə edilməsinin izahları verilmişdir. Saxlama - bu həmin maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən marixuananın 5 qram daxil olmaqla yuxarı hədləri xeyli miqdarından artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il). Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməklə, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə marixuananın miqdarının xeyli miqdarın yuxarı həddinə yaxın olmasını, cəzasını yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, CM-in 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuş olsa belə, onu həmin cəza ilə islah etmək mümkün deyildir. Ona əvvəlki cinayətinə görə qeyd olunan cəza təyin olunmuş, lakin o, həmin cəza ilə islah olunmamış, yenidən qəsdən az ağır cinayət törətmişdir. Göründüyü kimi onun narkotik maddələrdən asılılığı vardır. Məhkəmə məhz qeyd edilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi daha ədalətli, qanuni və əsaslı hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 1(060)-717/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 03 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il 09 ay 27 gün bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə birləşdirilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən sonuncu tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 29 aprel 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, onun xx.xx.2024-cü il tarixdən Sumqayıt şəhər NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar cəmi 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut - Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 251.983 qram narkotik vasitə “marixuana” məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 08 (səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 88 (səksən səkkiz) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)- 717/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi, yəni 01 (bir) il 09 (doqquz) ay 27 (iyirmi yeddi) gün azadlığın məhdudlaşdırılması cəzası 10 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 mart 2025-ci il tarixdən 08 mart 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 29 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, onun xx.xx.2024-cü il tarixdən Sumqayıt şəhər NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 251.983 qram narkotik vasitə “marixuana” məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən iki ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar