Məhkəmə qərarları › İş №1(060)-317/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-317/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-317/2023 24.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə verilən ittihamda qeyd olunur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaq məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd “Winchester” siqaret qutusuna yerləşdirilmiş 13 ədəd siqaret kağızı bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri -0,021 qram, -0,027 qram, -0,022 qram, -0,033 qram, -0,028 qram, -0,047 qram, -0,048 qram, -0,025 qram, -0,022 qram, -0,020 qram, -0,023 qram, -0,032 qram, -0,020 qram olmaqla ümumi təmiz çəkisi -0,368 qram olan ağ rəngli kristallşəkilli, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən 14 noyabr 2022-ci il tarixdə saat 11:30 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsində yerləşən yaşadığı ünvanın qarşısında piyada olarkən saxlanılaraq həmin bölməsinin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümlərdə olan psixotrop maddə metafetamin əynindəki şalvarın sol yan cibindən 01 ədəd siqaret qutusunun içində aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə və psixotrop maddə alüdəçisidir, təxminən bir ildir ki, istifadə edir. 12 noyabr 2022-ci il tarixdə şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərinə getmiş, işlərini yekunlaşdırıb Sumqayıt şəhərinə, yaşadığı ünvana geri qayıtmağından ötrü Bakı şəhəri, 20 Yanvar dairəsinə getmişdir. Orada olarkən tanımadığı narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olan şəxslə qarşılaşmış, 20 manat qarşılığında 01 ədəd sellofan bükümdə psixotrop maddə metafetamin almışdır. Həmin şəxsdən aldığı 01 ədəd sellofan bükümdə psixotrop maddə metafetamini əynindəki şalvarın cibinə qoyub həmin şəxsdən uzaqlaşaraq taksi ilə Sumqayıt şəhərinə yaşadığı ünvana gəlmişdir. O, qardaşına narkotik vasitədən artıq istifadə etmədiyinə dair söz verdiyindən, əldə etdiyi psixotrop maddə metafetamini əynindəki şalvarın cibindən çıxartmamışdır, lakin həmin gün narkotikin bir qismini istifadə etmişdir. Daha sonra əldə etdiyi psixotrop maddənin geri qalanını öz dozasına, yəni ona bəs edəcək təsir gücünə uyğun şəkildə istifadə etməkdən ötrü hissələrə bölmüşdür. Ümumilikdə 13 ədəd siqaret kağızı bükümlərinə ayırıb həmin bükümləri də özünə məxsus “Winchester” markalı siqaret qutusuna yerləşdirib evə qoymuşdur. Həmin tarixdə, yəni 14 noyabr 2022-ci il tarixdə, saat 11 radələrində yaşadığı ünvanın həyətində olan zaman həyətdə bir nəfər şəxsin olduğunu görmüş, yaxınlaşdıqda polis əməkdaşı olduğunu görmüş, 4 polis əməkdaşı onun yaşadığı evin həyətinə daxil olmuşlar. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını və barəsində narkotik vasitələrin dövriyyəsi ilə bağlı şübhələr olduğunu deyib, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına dəvət etmişlər, o da etiraz etməmiş, evdə olan 13 bükümü gətirərək polis əməkdaşlarına təqdim etmişdir. Polis bölməsində olan zaman polis əməkdaşları həmin bükümləri ona verərək videoçəkiliş zamanı təqdim etməsini bildirmişlər. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. 13 ədəd siqaret bükümündə psixotrop maddə metafetamin kütlələri ona məxsusdur, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən qanunsuz olaraq əldə etmişdir. Narkotik vasitədən artıq istifadə etməmək üçün bükümlərə bölmüşdür. Gündə iki dəfə istifadə edərək işə getmişdir. Narkotiki bütöv şəkildə almış, özü bükümlərə bölmüş, keyfiyyətini itirməsin deyə kağız bükümlərə bükmüşdür. Lakin narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmamışdr. Müayinədən keçən zaman narkotik vasitədən qurtulmaq üçün tutulmaq istədiyini bildirmişdir. Ona polis əməkdaşları tərəfindən nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatları əsasında əməliyyat qrupu yaradılmışdır. 14 noyabr 2022-ci il tarixdə, saat 11:30 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsində yerləşən yaşadığı ünvanın qarşısında piyada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişdir. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına dəvət ediblər. Polis bölməsinin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilən zaman üzərində qanunsuz əşya və predmet varsa təqdim edilməsi təklif olunmuş, o da əynindəki şalvarın sol yan cibindən 01 ədəd “Winchester” siqaret qutusu, 01 ədəd təsbeh, 01 ədəd açar, bir manatlıq əskinaslar, əynindəki şalvarın sağ yan cibindən isə 01 ədəd markalı mobil telefon və 01 ədəd alışqan çıxardıb təqdim etmişdir. Təqdim olunmuş 01 ədəd siqaret qutusunun içinə baxıldıqda təhqiqatçı tərəfindən 13 ədəd siqaret kağızı bükümləri aşkar olunub həmin bükümlərin içində nə olduğu Malik Müsrəlovdan soruşulduqda, o, həmin bükümlərin hər birinin içində “şüşə”, yəni psixotrop maddə metafetamin olduğunu, həmin bükümlərin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini və daha sonra qrafik şəklində istifadə etməsini tənzimləməkdən ötrü bükümlərə ayırdığını demişdir. Daha sonra aşkar olunmuş psixotrop maddə metafetamin bükümləri təhqiqatçı tərəfindən ayrı-ayrılıqda və həmçinin birlikdə elektron tərəzidə çəkilmişdir. Belə ki, aşkar olunmuş bükümlərin birlikdə çəkisi 0,80 qram olmuşdur. Həmin kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənib imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar olunmuş psixotrop maddə metafetamin kütləsini Bakı şəhəri, 20 Yanvar dairəsində tanımadığı şəxsdən əldə etdiyini, ona qarşı hər hansı bir zor tətbiq olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatına məlumat daxil olsa da, dəqiq olaraq kim və ya kimlərə satması, həmçinin üzərindən aşkar olunmuş psixotrop maddəni dəqiq olaraq kimdən əldə etməsi barədə məlumat əldə olunmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin polis sahə rəisi, polis baş leytenantı Şahid2 ifadəsində bildirmişdir ki, bir neçə ildir ki, həmin ərazinin sahə müvəkkilidir. Bölmənin əməliyyat müvəkkili Şahid1 icraatına ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü 14 noyabr 2022-ci il tarixdə, saat 11:30 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsində yerləşən yaşadığı ünvanın qarşısında piyada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına dəvət etmişlər. Polis bölməsinin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuş, o da əynindəki şalvarın sol yan cibindən 01 ədəd “Winchester” siqaret qutusunu çıxardıb təqdim etmişdir. Təqdim olunmuş 01 ədəd siqaret qutusunun içinə baxıldıqda təhqiqatçı tərəfindən 13 ədəd siqaret kağızı bükümləri aşkar olunub həmin bükümlərin içində nə olduğu Malik Müsrəlovdan soruşulduqda, o, həmin bükümlərin hər birinin içində “şüşə”, yəni psixotrop maddə metafetamin olduğunu, həmin bükümlərin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini və lazım olandan daha artıq istifadə etməməsi üçün bükümlərə ayırdığını demişdir. Bükümlər təhqiqatçı tərəfindən ayrı-ayrılıqda və həmçinin birlikdə elektron tərəzidə çəkilmiş, ümumilikdə bükümlərin çəkisi təxminən bir qrama yaxın olmuşdur. Həmin kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənib Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunmuş mobil telefonun araşdırma üzrə əhəmiyyət kəsb edəcəyi nəzərə alınaraq götürülmüşdür, həmçinin Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar olunmuş psixotrop maddə metafetamin kütləsini Bakı şəhəri, 20 Yanvar dairəsində tanımadığı şəxsdən əldə etdiyini, ona qarşı hər hansı bir zor tətbiq olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat əməliyyatçıda olmuş, o, Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasını eşitməmiş, yalnız istifadə etdiyini bilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması və üzərində gəzdirilməsi barədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə daxil olmuş məlumatın yoxlanılması üçün yerinin müəyyən edilməsi məqsədi lə vətəndaşların sorğusu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qeyd olunmuşdur. İş materiallarında olan Sumqayııt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, üzərində gəzdirilməsi barədə məlumat daxil olduğundan əməliyyat tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis baş leytenantı Şahid2 və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin kiçik inspektoru, polis serjantı X2 ibarət əməliyyat qrupu yaradılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yerləşən yaşadığı evin qarşısında xx.xx.2022-ci il tarixdə saat 11:30-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb ediməklə ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-459/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və vəkili X8 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmmuş əşyanın olub -olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs özü əynində olan boz göy rəngli cins sol yan cibində saxlamış olduğu 1 ədəd “Vincester” markalı siqaret qutusunu və həmin qutunun içində olan ağ rəngli kağızda olan 13 ədəd bükümü təqdirn etdi. Həmin bükümlər açıldı, 13 ədəd bükümün içərisində ağ rəngli kristal şəkilli psixotorp maddə olan “metamfetamin”ə bənzər maddə olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar olunmuş ağ kristal şəkilli maddə narkotik vasitə olan "metamfetamin” dir, aşkar olunmuş həmin maddəni xx.xx.2022-ci il tarixdə Bakı şəhərində 20 Yanvar deyilən yerdən şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, 13 ədəd ağ kağızda olan bükülülər elektron tərəziyə qoyulub çəkilən zaman 1-ci bükümün 0,05, 2-ci büküm 0,05, 3-cü büküm 0,08, 4-cü büküm 0,06, 5-cı büküm 0,03, 6-cı büküm 0,08, 7-ci büküm 0,07, 8-ci büküm 0,05, 9-cu büküm 0,06, 10-cu büküm 0.06, 11-ci büküm 0,04, 12-ci büküm 0,05, 13-cü büküm 0,05 qram, ümumi çəksinin isə 0.80 qram olması müəyyən olundu və həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürləndi. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd alışqan, 1 ədəd təsbeh, 1 ədəd açar, 1 ədəd gümüşü rəngli “Samsung' markalı mobil telefon və 6 ədəd 1 manatlıq pul əskinazı aşkar edildi, iş üçün əhəmiyyət kəsb edə bilcəyindən həmin mobil telefon da Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürləndi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/6541 saylı, xx.xx.2022ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №195” dairəvi mğhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qutuda olan bükümlər...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində “Winchester” siqaret qutusunda 13 (on üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi -0,021 qram, -0,027 qram, -0,022 qram, -0,033 qram, -0,028 qram, -0,047 qram, -0,048 qram, -0,025 qram, -0,022 qram, -0,020 qram, - 0,023 qram, -0,032 qram, - 0,020 qram ümumi təmiz çəkisi -0,368 qram olan ağ rəngli kristallşəkilli maddə kütləsi xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,13 qram sərf edildikdən sonra 0,238 qram qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən 01 ədəd "‘Winchester” siqaret qutusu, 01 ədəd təsbeh, 01 ədəd açar, 06 ədəd bir manatlıq əskinaslar, əynindəki şalvarın sağ yan cibindən isə 01 ədəd “Samsung GT-C3322” markalı mobil telefon və 01 ədəd alışqan çıxardıb təqdim etdiyi, təqdim olunmuş 01 ədəd siqaret qutusunun içinə baxıldıqda təhqiqatçı tərəfindən 13 ədəd siqaret kağızı bükümlərinin aşkar olunaraq həmin bükümlərin içində nə olduğu Malik Müsrəlovdan soruşulduqda, sonuncunun həmin bükümlərin hər birinin içində “şüşə”, yəni psixotrop maddə metafetamin olduğunu, həmin bükümlərin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini və daha sonra qrafik şəklində istifadə etməsini tənzimləməkdən ötrü bükümlərə ayırdığını dediyi, daha sonra aşkar olunmuş psixotrop maddə metafetamin bükümlərinin təhqiqatçı tərəfindən ayrı-ayrılıqda və həmçinin birlikdə elektron tərəzidə çəkildiyi, aşkar olunmuş metafetamin kütlələrinin ayrı-ayrılıqda əükümləri ilə birlikdə çəkisinin 0,05 qram, 0,05 qram, 0,08 qram. 0,06 qram, 0,03 qram, 0,08 qram, 0,07 qram, 0,05 qram, 0,06 qram, 0,06 qram, 0,04 qram, 0,05 qram, 0,05 qram, birlikdə çəkisinin isə 0,80 qram olduğu, həmin kütlələrin ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənib Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imzalandığı, Təqsirləndirilən şəxs üzərindən başqa cinayət xarakterli əşya və ya predmetin aşkar olunmadığı, üzərindən aşkar olunmuş mobil telefonun araşdırma üzrə əhəmiyyət kəsb edəcəyi nəzərə alınaraq götürüldüyü, həmçinin Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar olunmuş psixotrop maddə metafetamin kütləsini Bakı şəhəri, 20 Yanvar dairəsində tanımadığı şəxsdən əldə etdiyini, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir zor tətbiq olunmadığını bildirdiyi müəyyən edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sumqayıt ŞPİ-nin İŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə tərəflərindən keçirilən əməliyyat tədbirləri çərçivəsində 14 noyabr 2022-ci il tarixdə, saat 11:30 dəqiqədə ünvan 6 ünvanının qarşısında piyada olarkən saxlanılmış Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməklə bərabər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatına məlumat daxil olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metafetamini haradan əldə etməsi barədə, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satdığı şəxslərin dairəsinin müəyyən edilməsi istitqamətində aparılan əməliyyat-axtarış tədbirləri çərçivəsində hal-hazırki müddət ərzində müsbət nəticə əldə olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Winchester” siqaret qutusuna yerləşdirilmiş 13 ədəd siqaret kağızı bükümündə ayrı-ayrılıq təmiz çəkiləri -0,021 qram, -0,027 qram. - 0,022 qram, -0,033 qram, -0,028 qram, -0,047 qram, -0,048 qram, -0,025 qram, -0,022 qram, -0,020 qram, -0,023 qram, -0,032 qram, -0,020 qram olmaqla ümumi təmiz çəkisi - 0,368 qram (qalıq -0,238 qram) psixotrop maddə metafetamin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini əks etdirən 01 ədəd DVD diskdə videogörüntünü maddi sübut hesab edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 1855, 1856 saylı, xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 524V ünvanında qeydiyyatdadır, ailə tərkibi qardaşı-xx.xx.1992-ci il təvəllüdlü X6, bacısı-xx.xx.1990-cı il təvəllüdlü X11, dayısının həyat yoldaşı-xx.xx.1968-ci il təvəllüdlü X5, dayısı qızı-xx.xx.2001-ci il təvəllüdlü X3, dayısın həyat yoldaşı-xx.xx.1973cü il təvəllüdlü X1 ibarətdir, yaşayış yeri üzrə müsbət xaraketrizə olunur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 7418 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 13 ədəd bükümdə ümumi təmiz çəkisi -0.368 qram (qalıq -0.238 qram) olan psixotrop maddə metafetamin və şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd DVD diskdə videogörüntünün maddi sübut hesab edilməsi nəzərə alınmış, cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra tədqiqata sərf edilmiş hissə çıxarılmaqla qalıq qalmış -0,238 qram psixotrop maddə metafetamin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD diskdə videgörüntü cinayət işinin materiallarında saxlanılmışdır. Göründüyü kimi, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün 13 bükümdə olmasından başqa onun aşkar olunmuş narkotik vasitəni satmaq niyyəti ilə əldə etməsini təsdiq edən sübut, ən əsası isə onun bu kimi fəaliyyətlə məşğul olub-olmamasına və ondan aşkar olunmuş narkotik vasitəni satmaq üçün hər-hansı istehlakçı ilə razılıq əldə etməsini və ya danışıqlar aparmasına dəlalət edən hər hansı dəlil mövcud deyildir. Qeyd edilməlidir ki, cinayət işi üzrə toplanmış və tədqiq edilmiş sübutlar təhlil edilərkən müəyyən olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitəni əldə etməsi ittihamını irəli sürərkən ittihamın əsasını təşkil edən sübut kimi yalnız onun özünün qismən etirafına və narkotik vasitənin 13 bükümdə olmasına istinad etmiş, Təqsirləndirilən şəxs satış məqsədi ilə həmin narkotik vasitəsini əldə etməsini təsdiq edən hər-hansı əlavə sübut əldə edə bilməmiş, məhkəmə iclasında isə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təkzib etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin polis sahə rəisi, polis baş leytenantı Şahid2 bir neçə ildir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin sahə müvəkkili olduğunu, onun psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat olmadığını, sadəcə istifadə etməsi barədə məlumatı olduğunu bildirmişdir. Bundan başqa iş materiallarından da görünür ki, xx.xx.2022-ci il tarixli “əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə” qərarda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması və üzərində gəzdirilməsi barədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat axtarış tədbirlərinin keçirilməsi zərurəti yaranmış və bu məqsədlə həmin tarixdə əməliyyat qrupu yaradılmışdır. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xx.xx.2022-ci il tarixli məktubunda Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməklə bərabər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatına məlumat daxil olması, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə metafetamini haradan əldə etməsi barədə, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satdığı şəxslərin dairəsinin müəyyən edilməsi istitqamətində aparılan əməliyyat-axtarış tədbirləri çərçivəsində hal-hazırki müddət ərzində müsbət nəticə əldə olunmaması qeyd olunmuş, lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatı təsdiq edəcək hər hansı sübut və ya mənbə aşkar edilməmişdir. Göründüyü kimi əməliyyat axtarış tədbirinin keçirilməsinə əsas olan ilkin məlumat məhz şəxsin narkotik vasitələrinin şəxsi istehlakı ilə bağlı olmuş, həmin məlumat əsasında əməliyyat axtarış tədbiri keçirilmiş, şəxs saxlanıldıqdan sonra onun üzərindən aşkar edilmiş bükümlərin sayı ilə ibtidai istintaq orqanı onun narkotik vasitənin satışı və ya satmaq niyyətinin olması qənaətinə gəlmişdir. Başqa hər hansı sübut işdə mövcüd deyildir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsinə tənqidi yanaşır. Belə ki, yuxarıda qeyd oluduğu kimi onda belə bir məlumat mövcud olduğu təqdirdə ilkin əməliyyat məlumatında mütləq göstərmiş olardı. Hər hansı sübuta söykənməyən yalnız şahidin ümumi ifadələrlə ehtimala əsaslanan fikir ilə şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilə bilməz. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini, eləcə də, məhz satış məqsədi ilə onun tərəfindən 13 ədəd ayrı-ayrı bükümlərə yerləşdirilməsini təsdiq edən mötəbər sübut aşkar edilmədiyi, habelə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını və ondan aşkar edilmiş narkotik vasitəni satmaq üçün istehlakçı müəyyən edilmədiyi, eyni zamanda onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut olmadığı üçün onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi yol verilməzdir. Çünki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Bununla yanaşı nəzərə alınır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühim əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən əlavə, onda narkomaniya xəstəliyinin aşkar olunması, onun narkotik maddələrin istifadəçisi olmasını bir daha möhkəmləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 13 bükümdə olan psixotrop maddə metamfetaminin ümumi çəkisinin 0,368 qram olması da nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təkzib olunsa da, sadalanan sübutlara əsasən onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı səhvən Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla sübuta yetirilir. Belə olan halda Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qismən əməlini etiraf etməsi və peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və kimyəvi ekspertiza nəticəsində qalıq qalmış 0,238 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-317/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 87 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan, iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və kimyəvi ekspertiza nəticəsində qalıq qalmış 0,238 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar