Məhkəmə qərarları › İş №1(060)-318/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-318/2023

07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-318/2023 07.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Bulvar küçəsi, Kristal ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 30 oktyabr 2022-ci il tarixdə, saat 22:00-da, Sumqayıt ŞPİ-nin 3- cü PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Sumqayıt şəhəri, Bulvar küçəsi, Kristal-Abşeron yaşayış massivi, ev 1-in qarşısında saxlanılaraq PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən “Sobranie” markalı, ağ rəngli siqaret qutusunun içərisində, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq üzərində saxlamış olduğu 4 bükümü qızılı rəngli siqaret kağızı kəsiyinə və 1 bükümü şəffaf sellofan kəsiyinə bükülmüş halda 5 (beş) ədəd bükümdə görünüş əlamətlərinə və tərkib komponentlərinə görə eyni olan, hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,372 qram, 0.410 qram, 0,120 qram, 0,368 qram və 4,618 qram, birlikdə ümumi təmiz çəkisi 5,888 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisidir. xx.xx.2022-ci il tarixdə, saat 22:00 radələrində Sumqayıt şəhəri, Bulvar küçəsi, Kristal Abşeron yaşayış kompleksi, ev 1-in yaxınlığında olan zaman 2 (iki) nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək, Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsi məqsədi ilə Sumqayıt şəhəri Pİ-nin 3-cü PB-nə dəvət etmişlər. PB-nə getdikdən sonra, xidməti otaqların birində vəkil təmin olunduqdan sonra video çəkilişlə üzərinə şəxsi axtarış başlanılmışdır. Təhqiqatçı, onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirib axtarış keçirilməzdən öncə üzərində narkotik vasitə vardırsa təqdim etməsini xahiş etmişdir. O, əynindəki qara rəngli gödəkçənin sağ yan cibində, içərisində 5 büküm narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd ağ rəngli sobranie siqaret qutusunu çıxardıb təqdim etmişdir. Həmin “marixuana” bükümlərini 3-4 gün əvvəl dəniz kənarında, bulvar ərazisindən tapmış, istifadəçisi olduğu üçün üzərində saxlamışdır. Təhqiqatçı 5 büküm narkotik vasitə olan qurudulmuş marixuana kütləsi bükümlərini elektron tərəziyə qoyub çəkisini ölçdükdə həmin bükümlərin birlikdə ümumi çəkisinin 6,69 qram olması müəyyən edilmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən heç bir fiziki zor və ya hər hansı bir təzyiqə məruz qalmamışdır. Əməlindən peşmandır. Himayəsində azyaşlı övladları vardır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşı Şahid1 ifadəsində bildirdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ- nə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə, Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, Bulvar küçəsi, Kristal-Abşeron yaşayış kompleksinin yaxınlığında pusqu qurulmuşdur. Təxminən saat 22:00-da Təqsirləndirilən şəxs Kristal-Abşeron yaşayış massivi, 1 saylı evin qarşısında saxlamışlar. Daha sonra saxlanılan şəxsə istintaq hərkətinin keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getməli olduğunu bildirib, Sumqayıt ŞPİ-nə getirmişlər. Xidməti otaqlardan birində təhqiqatçı Anar Axundov, özünün seçdiyi vəkili təmin edərək, Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd ağ rəngli sobranie siqaret qutusunu, içərisində 4 ədəd siqaret kağızma bükülmüş kütlə və 1 ədəd şəffaf sellofana bükülmüş yaşıl rəngli kütlə aşkar olunmuşdur. Təhqiqatçı həmin bükümlərin nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs cavab verərək “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq həmin “marixuana” bükümlərini 3-4 gün əvvəl dəniz kənarında, bulvar ərazisindən tapdığını, istifadəçisi olduğu üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş 5 büküm narkotik vasitə olan qurudulmuş marexuanaya bənzər yaşıl rəngli qurudulmuş ot kütləsi bükümlərini elektron tərəziyə qoyub çəkisini ölçdükdə həmin bükümlərin birlikdə ümumi çəkisinin təxminən 6-7 qram olması müəyyən edilmişdir. Saxlanılarkən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və ya hər hansı bir təziq edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 5 ədəd narkotik vasitə qurudulmuş marexuanaya bənzər ot kütləsi bükümləri məhkəmə ekspetiza mərkəzinə göndərilməsi üçün zərfə qoyularaq xüsusi qaydada qablaşdırılmiş və imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 göstərdiyi xüsusatları təstiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Bulvar küçəsi, Kristal Abşeron yaşayış kompleksi, 1 saylı yaşayış binasının yaxınlığında xx.xx.2022-ci il tarixdə saat 22:00-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022ci il tarixdə ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X7 təqdim olundu, daha sonra isə vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etdim. Təqsirləndirilən şəxs özü əynində olan qara rəgnli gödəkçənin sağ yan cibində saxlamış olduğu 1 ədəd Sabrani markalı siqaret qutusunu, sol yan cibindən ***-***-**-** nömrə ilə işləyən Samsung A 10 markalı mobil telefonu, LEO bank kartını 3 ədəd 5 manatlıq pul əskinaslarını tədqim etdi. Həmin Sabrani markalı siqaret qutusu açılan zaman siqaret qutusunun içərisində 4 ədəd qızılı rəngli siqaret kağız bükümlərini, 1 ədəd şəffaf sellofan bükümün olduğu görüldü. Həmin bükümlər açılan zaman bükümlərin hər birinin içərisində yaşıl rəngli spesifik iyə malik qurudulmuş, narkotik vasitə olan “marixuana”ya bənzər bitki kütlələrinin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə olan “nəşə” olduğunu, həmin bitki kütlələrini 3-4 gün bundan əvvəl Sumqayıt şəhəri Dənizkənarından tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 4 ədəd qızılı rəngli siqartet kağızına, 1 ədəd şəffaf sellofana bükülmüş bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman, həmin bitki kütləsinin ümumi çəkisinin 6,69 qram olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs aşkar olunmuş 4 ədəd qızılı rəngli siqaret kağızı və 1 ədəd şəffaf sellofan bükümlər içərsindəki bitki kütləsi ilə birlikdə Azərbaycan Respublikası ƏNnin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 127 saylı möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən aşkar edilmiş, 3 ədəd 5 manatlıq pul əskinasları əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldı, LEO bank kartı ***-***-**-** nömrə ilə işləyən Samsung A 10 markalı mobil telefon əhəmiyyət kəsb edə builəcəyindən tərəfimdən götürülərək qablaşdırıldı. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilmədi. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 7/1247 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “....Vət. Təqsirləndirilən şəxs üzərindən çıxan maddə......” yazılan zərfdə 5 ədəd bükümdə (4 ədəd kağız kəsiyi və 1 ədəd sellofan bükümündə) hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,372 qr, 0,410 qr, 0,120 qr, 0,368 qr və 4,618 qram olmaqla, ümumi çəkisi 5,888 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar eyni tərkiblidir. Tədqiqata tədqiqata 0,25 qram sərf edildikdən sonra 5,638 qram marixuana qalıq qalmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1689 saylı, xx.xx.2022-ci il tarixli rəyindən göürünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskə daxil olduqda, diskdə 20221030 225657 rəqəmləri yazılmış qovluq müəyyən edilir ki, həmin qovluqda 08 dəqiqə 16 saniyədən ibarət videogörüntü var. Həmin videogörüntünün ilk saniyəsində otaqda polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı polis kapitanı Anar Axundov özünü təqdim etdikdən sonra qarşısında dayanan mülki geyimli şəxsdən özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirir. Ardınca təhqiqatçı, narkotik vasitələrin istifadəsində üzərində gəzdirilməsində şüphəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 3- cü PB-nin əməkdaşları tərəfindən, Sumqayıt şəhəri, Bulvar küçəsi, Kristal Abşeron yaşayış kompleksi, ev 1-in yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirildiyini izah edib, Təqsirləndirilən şəxs saxlayan polis əməkdaşlarından özlərini təqdim etmələrini xahiş edir. Polis əməkdaşları növbə ilə özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik inspektoru Şahid2 və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin ə/müvəkkili polis baş leytenantı Şahid1 olduqlarını bildirirlər. Bundan sonra təhqiqatçı şüphəli şəxsin hüquq və vəzifələri barədə yazılı bildirişi Təqsirləndirilən şəxs verir və ardınca onun hüquqlarını müdafiə edən müdafiəçi Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X4 təqdim edir. Bundan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirib axtarış keçirilməzdən öncə ondan üzərində narkotik vasitə vardırsa təqdim etməsini xahiş edir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd ağ rəngli sobranie siqaret qutusunu, gödəkçənin sol cibindən 1 ədəd qara rəngli Samsung A10 markalı mobil telefonu, 1 ədəd bank kartını və 15 manat pulu çıxardıb təqdim edərək masanın üzərinə qoyur. Ardınca təhqiqatçı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir, ancaq onun üzərindən əlavə heç bir şey aşka olunmur. Videogörüntünün 02:52-ci anında təhqiqatçı, Təqsirləndirilən şəxs az öncə təqdim etdiyi ağ rəngli sobranie siqaret qutusunu açıb içərisinə baxdıqda siqaret qutusunun içərisində 4 ədəd siqaret kağızma bükülmüş kütlə və 1 ədəd şəffaf sellofana bükülmüş yaşıl rəngli kütlə aşkar olunur. Təhqiqatçı həmin bükümlərin nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs cavab verərək “nəşə”, yəni marixuana olduğunu bildirir. Ardınca təhqiqatçı, siqaret qutusunun içərisindən aşkar olunmuş 4 ədəd siqaret kağızma bükülmüş bükümləri açdıqda həmin bükümlərin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli, qurudulmuş ot kütləsi aşkar edilir. Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq həmin “marixuana” bükümlərini 3-4 gün əvvəl dəniz kənarında, bulvar ərazisindən tapdığını, istifadəçisi olduğu üçün üzərində saxladığını, 26 ildir ki, narkotik vasitə istifadəçisi olduğunu bildirir. Video görüntünün 04:13-cü anında təhqiqatçı, Təqsirləndirilən şəxs aşkar edilmiş, 5 büküm narkotik vasitə olan qurudulmuş marexuanaya bənzər yaşıl rəngli qurudulmuş ot kütləsi bükümlərini elektron tərəziyə qoyub çəkisini ölçdükdə həmin bükümlərin birlikdə ümumi çəkisinin 6,69 qram olması müəyyən edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçinin suallarını cavbalandıraraq, polis əməkdaşları tərəfindən saxlanılarkən heç bir fiziki zor və ya hər hansı bir təziqə məruz qalmadığını, üzərindən aşkar olunmuş şeylərin onun özünə məxsus olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 5 ədəd narkotik vasitə qurudulmuş marexuanaya bənzər ot kütləsi bükümləri məhkəmə ekspetiza mərkəzinə göndərilməsi üçün zərfə qoyularaq xüsusi qaydada qablaşdırılır, təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi Qoşqar Abbasov tərəfindən imzalanır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 15 manat pul onun özünə qaytarılsa da, 1 ədəd mobil telefon və 1 ədəd leobak kartı istintaqa təhvil verilməsi üçün təhqiqatçı tərəfindən götürülür. Bundan sonra video çəkliş dayandırılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 5,888 qram olmuş, aparılmış biloji tədqiqatlardan sonra qalıq çəkisi 5,638 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana sübut kimi tanınmış və saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsi “Xəzri” Məhəllə Komitəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır, ailə tərkibi həyat yoldaşı-xx.xx.1987-ci il təvəllüdlü X1, oğlu-xx.xx.2007-ci il təvəllüdlü X12 oğlu, qızı-xx.xx.2011-ci il təvəllüdlü X9, qızı-xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X3 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış zamanı müəyyən olundu ki, həmin mobil telefon korpusu qara rəngli, sensor ekranlı, “Samsung” markalı mobil telefondur. Həmin mobil telefonu açıb içərisinə daxil olduqda içərisində olan nömrələrin və zəng siyahısının silinmiş vəziyyətdə olduğu müəyyən edildi. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir məlumat aşkar edilmədi. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 6854 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 5,888 qram olan, tədqiqat zamanı aparılmış bioloji ekspertizalar nəticəsində qalıq xalis çəkisi 5, 638 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və Sumqayıt ŞPİnin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 1 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət həbsdə saxlanılmanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 5,888 qram olmuş, ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 5,638 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 88,00 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli (iş № 1(060)-318/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 86 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Bulvar küçəsi, Kristal ünvan 2 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın . Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 5,888 qram olmuş, ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 5,638 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 88,00 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs oğluna Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar