Məhkəmə qərarları › İş №1(060)-319/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-319/2021

02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-319/2021 02.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəşhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 191 qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə 24.01.2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən fərdi evinin həyətinə qanunsuz daxil olub evin yan tərəfdən plastik pəncərəsini sıxıb açaraq evə qanunsuz daxil olub orada evin qonaq mətbəxindən 1000 (bir min) manat dəyərində 01 ədəd “Samsung” markalı televizoru, yataq otağından hər birinin qiyməti 47 (qırx yeddi) manat ümumilikdə 94 (doxsan dörd) manat dəyərində 02 ədəd radiolu əl lampasını və evin həyətindən 70 (yetmiş) manat dəyərində 01 ədəd 5 litr həcmli samovarı gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1164(bir min bir yüz altmış dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər də Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. 2021-ci ilin yanvar ayında azadlığa çıxmışdır. Azadlığıa çıxdıqdan sonra maddi vəziyyəti aşağı olduğu üçün küçələrdən dəmir və plastik yığaraq satıb özünə çörək pulu edirmiş. Yanvar ayının 23-dən 24-nə keçən gecə saat 01 radələrində Sumqayıt şəhəri 21-ci mikrorayon ərazisində metal yığan zaman yol kənarında olan iki mərtəbəli evin işıqlarının yanmadığını görmüşdür. Bundan sonra həmin evdə heç kimin olmadığına əmin olmaq üçün evin hasarına qalxıb ətrafa baxmışdır. Evdə heç kimin olmadığına əmin olduqdan sonra hasardan həyətə düşmüşdür. Sonra düşdüyü yerdən ən yaxın plastik pəncərəni sıxıb açmış və qanunsuz içəri daxil olmuşdur. İçəri daxil olduqdan sonra evi axtarmağa başlamışdır. O, evdən pul və qızıl zinyət əşyaları axtarmışdır ki, oğurlasın. Lakin, heç bir şey tapa bilməmişdir. Bundan sonra o, evdən çıxıb getmişdir.Həmin evdən televizor, əl lampası,samovar kimi əşyaları oğurlamamışdır.Odur ki, ona bəraət verilməsini Məhkəmədən xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X3 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən İsmət Qayıbov küçəsində ona məxsus iki mərtəbəli fərdi həyət evi vardır. Həmin həyət evinin birinci mərtəbəsi təmirli, ikinci mərtəbəsi isə təmirsizdir. Həmin evdə o, özü yaşamasa da bacısı X1 yaşayırdı. Bacısı Qətibə artıq bir ilə yaxın bir müddətdir ki, Rusiya Federasiyasında olduğundan həmin evdə yaşayış yoxdur. Buna baxmayaraq o, tez tez həmin evə gedərək baş çəkir. Sonuncu dəfə həmin evə 22.01.2021-ci il tarixdə getmiş və biraz orada olduqdan sonra yaşadığı evə qayıtmışdır. 25.01.2021-ci il tarixdə səhər saatlarında həmin evə baş çəkmək üçün getmişdir. Həyətin giriş qapısından içəri daxil olduqdan sonra həyətdə olan 05 litrlik həcmdə mis materialdan olan samovarın həyətdə olmadığını görmüşdür. Onda evdən oğurluq ola biləcəyi ilə bağlı şübhələr yaranmışdır. Sonra evin pəncərələrinə diqqət yetirdikdə evin 1-ci mərtəbəsinin yataq otağının pəncərəsinin açıq olduğunu görmüşdür. Evə daxil olub baxış keçirdikdən sonra ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər 22.01.2021-ci il tarixdən 25.01.2021-ci il tarixədək evdə heç kimin olmadığı müddətdə evin həyətindən 75 manata dəyərində 05 litr həcmində 01 ədəd somavarı, evin yataq otağından hər birinin qiyməti 47 manat ümumilikdə 94 manat dəyərində 02 ədəd radiolu əl lampasını, mətbəxdən 1000 manat dəyərində 01 ədəd “Samsung” markalı 81 dioqanallı televizoru oğurlayaraq ona ümumilikdə 1169 manat dəyərində maddi ziyan vurmuşlar. Hazırda ona vurulmuş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Odur ki,təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə şahid qisimində ifadə vermiş Şahid ifadəsində göstərdi ki, hazırda Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 25.01.2021-ci il tarixdə PB-nin baş təhqiqatçısı Ruslan Hüseynovun ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, 21-ci mikrorayon, fərdi evdən məişət əşyalarının oğurlanması ilə bağlı raportu icraatına daxil olmuşdur.Tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində hadisənin törədilməsində sübhəli olan, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 191-də yaşayan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs saxlanılaraq Sumqayıt şəhər Pİ-nin 1-ci Polis Bölməsinə aparılmışdır. Təqsirləndirilən şəxs bölmədə izahat verən zaman 24.01.2021-ci il tarixdə saat 01:00-da Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən fərdi evdən 01 ədəd somavar, 01 ədəd televizor, və 02 ədəd radiolu əl lampası, oğurladığını, oğurladığı əmlakı evində gizlətdiyini, sonra onu tanımadığı şəxslərə satdığını, satdığı pulu öz istifadəsi üçün xərclədiyini etiraf etmişdir. Şahid bildirdi ki, təqsirləndirilən şəxs evə girsə də oğurluq etmədiyini bildirməklə məsuliyyətdən yayınmaqdan ötrü belə bir ifadə vermişdir. Cinayət işinin materiallarında olan Məhkəmə daktiloskopik ekspertizasının 21/155R nömrəli, 25 fevral 2021-ci il tarixli rəyindən görünür ki, 24.01.2021-ci il tarixdə Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində yerləşən vətəndaş Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 02 ədəd yapışqan lent kəsiklərin üzərində olan əl izlərindən 01 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş vətəndaş Təqsirləndirilən şəxs adına çıxarılmış daktiloskopik xəritə müqayisəli tədqiqat üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izi xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ linin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 mart 2021-ci il tarixli 9/617 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin yanvar ayına olan orta bazar qiymətləri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur: - 01 ədəd “Samsung” markalı televizor haqqında kifayət qədər məlumat (modeli, ölçüləri, istehsal yeri, texniki vəziyyəti və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. - 02 ədd radiolu əl lampası haqqında kifayət qədər məlumat (markası, modeli, ölçüləri, texniki vəziyyəti və s.) olmadığı üçün qiymətləndirmə aparmq mümkün olmadı. 01 ədəd 5 litr həcmli samovar – 70,00 manat. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 29.08.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 30.08.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrum edilmiş, 18.09.2018-ci ildə Xəzər rayon Məhkəməsinin qərarı ilə cəza 03 il 09 ay təyin edilmiş, 24.07.2020-ci il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunub, 06.01.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Ona görə də Təqsirləndirilən şəxs məhkum olunmuş şəxs hesab olunur və onun əməli Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi kimi qiymətləndirilmişdir. Cinayət işinin materiallarından görünür ki,Təqsirləndirilən şəxs 02.02.2021-ci il tarixində CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 04.02.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.həbsdə saxlama müddətinin əvvəli 02 fevral 2021-ci il tarixdən hesablanmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndiriməsinə dair 22.03.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1 və 180.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə törədilən cinayət əməlində təqsirinin olması zərərçəkmiş şəxsin, şahidin ifadələri, məhkəmə daktiloskopik eksepertizası üzrə verilmiş rəy və digər sübutlarla da təsdiq olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətməkdə şübhəli şəxs kimi tutularkən oğurluğun onun tərəfindən törədildiyini izahatnda, şübhəli şəxs kimi dindirilməsində və ilk dəfə təqsirləndirilən şəxs kimi dindirilərkən səmimi olaraq bildirərək oğurladığı əşyaları şəhərdə tanımadığı şəxsə ümumilikdə 200 manata satdığını da etiraf etsə də daha sonra istintaqa təqsirləndirilən şəxs qismində verdiyi sonrakı ifadəsində və məhkəmədə ifadə verərkən 24.01.2021-ci il tarixində qeyd olunan mənzilə daxil olduğunu bildirsə də pul və qızıl zinət əşyaları tapmadığından mənzili tərk etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs bu ifadəsi cinayət işinin materialları və toplanmış digər sübutlarla təkzib olunduğundan özünümüdafiə kimi qiymətləndirlməlidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsini istisna edən halların dairəsi isə CPMnin 125.2-ci maddəsində göstərilmişdir. CPM-nin 125.7-ci maddəsi cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyü üzrə məsələnin həllini bir vəzifə olaraq icraatı aparan orqanın, o cümlədən məhkəmənin üzərinə qoymuşdur. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal əməlində cinayətin residivinin olmasıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda tətbiq olunur ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını, həmçinin təqsirləndirilən şəxsin əvvəllər də məhkumluğunun olması və məhkumluğu ödənilmədən yenidən cinayət əməli törətməsi sonuncunun islah olunmadığını göstərir. Bu səbəbdən də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 02 fevral 2021-ci il tarixindən hesablanmalıdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Cinayət işi üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ödənilməsi məqsədi ilə iş üzrə hökm qanuni qüvvəyə mindikdən sonra mülki iddia qaydasında iəhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 12.04.2021-ci il tarixli (iş № 1(060)-319/2021) qərarını icra edərək, 16 aprel 2021-ci il tarixli 335 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 Məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 (səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. “xxxx” ASC-nin Sumqayıt şəhər filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 21, 39, 42, 344-349, 350; 351-353, 356, 358, 381, 384.1, 385 və 435-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 02 fevral 2021-ci il tarixindən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs" qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ödənilməsi məqsədi ilə mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar