Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-319/2024 02.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayı Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 1(060)- 856/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və qeyd edilən hökm Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə qüvvədə saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda yəni, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,254 qram çəkidə psixotrop maddə olan metamfetamin qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, 28 dekabr 2023-cü il tarixdə saat 15:00 dəqiqədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən “Buxara” restoranın qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,254 qram olan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə isfadəçisidir. xx.xx.2023-cü il tarixdə təxminən saat 15:00-da Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən “Buxara” restoranın qarşısında olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları narkotik vasitə ilə bağlı şübhəli olmasını bildirirək onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə 3-cü PB-nə gəlmişdir. Bölmədə ona hüquq və vəzifələri izah edilmiş, həmçinin vəkil təqdim olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində hər hansı qanunsuz əşya və predmetin varsa təqdim etməsi təklif edilmiş, o da əynindəki şalvarının cibindən 01 ədəd bükümdə olan metamfetamini çıxarıb təqdim etmişdir. Sorğu zamanı bükümün içərisində metamfetamin olduğunu, onu bir gün əvvəl axşam saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində olarkən təsadüfən rastlaşdığı, üzdən tanımadığı, adını və ünvanını bilmədiyi şəxsdən özü istifadə etmək üçün 10 manata alıb üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş maddə elektron tərəziyə qoyulub çəkilmiş, xüsusi qaydada qablaşdırılaraq möhürlənmiş və zərfin üzəri iştirakçılar təəfindən imzalanmışdır. Şəxsi axtarışla əlaqədar protokol tərtib edilmiş və iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. O, saxlanılarkən və polis bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. Daha sonra özünü təqsirli bilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeyə alınmış videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu təşkil edilmiş, həmin məlumat əsasında saat 15:00 dəqiqədə əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 18-ci məhəllə, Buxara restoranının qarşısında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Özlərini Təqsirləndirilən şəxs təqdim edərək onun narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olmasını bildirmişlər və onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə 3-cü PB-nə gəlmişdir. Bölmədə xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş verilmiş, həmçinin vəkil təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmiş, sonuncu isə əynindəki şalvarın cibindən bir ədəd bükümü çıxarıb təqdim etmiş və bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümə baxış keçirilərkən içərisində şəffaf rəngli kristallik psixotrop maddə olan metamfetaminə oxşar maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddəni bir gün əvvəl Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını və istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəzidə çəkilmiş, xüsusi qaydada qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin cinayətaxtarışı üzrə əməliyyat müvəkkili Şahid2 ondan öncə məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmiş ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümdə olan maddəni təqdim edərək həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Cinayət işinin 17-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 67-68-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 24-25-ci vərəqələrində olan şəxsi axtarış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokola və şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 28 dekabr 2023-cü il tarixdə saat 16:20-dən 16:50-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-də şəxsi axtarış keçirilmişdir. Şəxsi axtaışdan öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş verilmiş, həmçinin vəkil təqdim edilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmiş, o da əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaret kağızı bükümü çıxardaraq təqdim etmişdir. Təqdim edilmiş 01 ədəd siqaret kağızı bükümünün içərisinə baxıldıqda psixotrop vasitə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin maddə bükümü ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisinin 0,32 qram olduğu müəyyən edilmiş və zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərin iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin metamfetamin olmasını, onu bir gün əvvəl Sumqayıt şəhəri, Corat ərazisində tanımadığı şəxsdən istifadəsi üçün 10 manata aldığını, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təsir və təzyiqlərin olmamasını bildirmişdir. Cinayət işinin 40-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2023-cü il tarixli 3-16-16/2-6/6586 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün Nİ27” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,254 qram olan ağ rəngli kristallik m iddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Metamfetamin təmiz çəkisi 0,254 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 0,204 qram qalıq qalmışdır. Cinayət işinin 39-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 82-83-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 17 yanvar 2024-cü il tarixli 273 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 74-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,204 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 79-81-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübüta yetirilmədiyi üçün bəraət verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 94-100-cü vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 1(060)-856/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəlllənin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət nəzərə alınaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 1(060)-856/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Cinayət materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Probasiya Şöbəsinin 02 aprel 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 1(060)-856/2023 saylı hökmü ilə ona təyin edilmiş cəzanın 01 (bir) ay 14 (on dörd) gününü çəkmiş, çəkilməmiş cəzası isə 01 (bir) il 10 (on) ay 12 (on iki) gün təşkil edir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etrirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməklə özünü təqsirli bilməsini cəzasını yüngülləşdirən hal nəzərə alır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, ağırlaşdırıcı halların isə olmamasını habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 1(060)-856/2023 saylı hökmü ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəlllənin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət nəzərə alınaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökm Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 yanvar 2024-cü il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Qeyd edilən iş üzrə Təqsirləndirilən şəxs bu günədək, yəni xx.xx.2024-cü il tarixədək cəzasından 01 (bir) ay 14 (on dörd) gününü çəkmiş, çəkilməmiş cəzası isə 01 (bir) il 10 (on) ay 12 (on iki) gün təşkil edir. Göründüyü kimi hazırki iş üzrə cinayət əməli 28 dekabr 2023-cü il tarixdə törədilən zaman Təqsirləndirilən şəxs barəsində olan Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 1(060)-856/2023 saylı hökmü hələ qüvvəyə minməmişdir. Belə ki, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının yekun qərarı 09 yanvar 2024cü il tarixdə qəbul edilmiş və hökm də həmin tarixdə qüvvəyə minmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 1(060)-856/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-856/2023 saylı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, hazırki iş üzrə 28 dekabr 2023-cü il tarixdən 30 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 1(060)-856/2023 saylı hökmü təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası üzrə hazırki tarixədək çəkdiyi 01 (bir) ay 14 (on dörd) gün müddətə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, ümumilikdə 26 (iyirmi altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Mhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 02 aprel 2024-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 273 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,204 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayı Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 1(060)-856/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-856/2023 saylı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 21 noyabr 2023cü il tarixli 1(060)-856/2023 saylı hökmü təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası üzrə hazırki tarixədək çəkdiyi 01 (bir) ay 14 (on dörd) gün müddətə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, ümumilikdə 26 (iyirmi altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 04 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 02 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,204 qram psixotrop olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 65 (altımış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayı Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-319/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-319/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver