Məhkəmə qərarları › İş №1(060)-32/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-32/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-32/2023 15.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 24 avqust 1982-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq Şamaxı rayonu, Çarhan kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 yanvar 2022-ci il tarixdə saat 23:30 radələrində Sumqayıt şəhəri, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Baş Sumqayıt-Güzdək dəmir yolu mənzilinin 2622-ci km-nin 1-ci piketi ərazisindən 198 manat 24 qəpik dəyərində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 2 nömrəli Biləcəri işarəvermə və rabitə sahəsinə məxsus 14 metr uzunluğunda olan 48x1 tipli (SBPZU) naqili yerindən söküb apararkən, Baş Sumqayıt st. X5 baş əməliyyat müvəkkili, polis kapitanı Şahid tərəfindən aşkar edilərək həmin qanunsuz hərəkət dayandırıldığından o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmiş, bununla da dəmir yol xətlərinə münasibətdə oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2-ci maddəsi ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 27 yanvar 2022-ci il tarixdə yaşadığı evdə spritli içki qəbul etdikdən sonra yaşadığı ərazidə yerləşən dəmir yolu xətlərindən metal və ya mis oğurlayıb yaxınlıqda yerləşən metal qəbulu məntəqələrinə sonradan təhvil vermək qərarına gəlmişdir. Buna görə də o, saat 23:30 radələrində yaşadığı evdən çıxıb yaxınlıqdakı dəmir yolu xətləri ərazisinə getmiş və orada olan içi mis tərkibli kabellərdən kəsmək qərarına gələrək yerdən bir daş parçası götürüb kabeli qıraraq sökməyə başlamışdır. Həmin kabelin təxminən 13-14 metr hissəsini kəsib apararkən onu polis əməkdaşı görüb hara getməsini və nə aparmasını soruşmuşdur. O, hər şeyi olduğu kimi etiraf edərək danışmışdır. Bundan sonra onu polis əməkdaşı Baş Sumqayıt st. XPB-nə dəvət etmiş, bölmədə o, sökdüyü kabeli təqdim etmişdir. Bölmədə təhqiqatçı həmin kabelə baxış keçirərək maddi sübut kimi kabeli götürmüş və qablaşdırmışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmiş, barışıq əldə etmişdir. Bunları nəzərə alaraq Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. İbtidai istintaq dövründə zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, Azərbaycan Dəmir Yolları QSC-nin 1 nömrəli H.Z.Tağıyev İşarəvermə və Rabitə sahəsində böyük elektromexanik vəzifəsində işləyir. Azərbaycan Dəmir Yolları QSC-nin İfrastruktur Departamentinin verdiyi etibarnaməyə əsasən ona ********* saylı cinayət işində zərərçəkmiş şəxsin, yəni Azərbaycan Dəmir Yolları QSC-nin nümayəndəsi kimi iştirak etmək hüququ verilmişdir. 27 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Baş Sumqayıt-Güzdək dəmir yolu mənzilinin 2622-ci km-nin 1-ci piketi ərazisindən işlək vəziyyətdə olan 14 metr uzunluğunda SBPZU markalı rabitə kabelini oğurlanmasına cəhd edilməsi nəticəsində maddi ziyanın ümumilikdə 182 manat dəyərində hesablanması ilə tanış olsa da kabelin oğurlanması nəticəsində maddi ziyanın 198 manat 24 qəpik dəyərində olması kimi qəbul edilməsini xahiş etmişdir. "xxxx" QSC-nin nümayəndəsi Emin Mursaqulov tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əmlaklar "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qaytarılmışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir iddia, tələb və şikayətləri yoxdur. Cəzanın təyin edilməsi hissəsini məhkəmənin mülahizəsinə buraxırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Xaçmaz st. XPŞ-də Baş Sumqayıt st. XPB-nin CAQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 27 yanvar 2022-ci il tarixdə xidmətdə olduğu zaman xidməti ərazinin yoxlanılması üçün Baş Sumqayıt dəmir yolu stansiyası ərazisinə çıxmışdır. Saat 23:30 radələrində dəmir yolu stansiyası, Sumqayıt-Güzdək dəmir yolu mənzilinin 2622-ci km-nin 1-ci piketində olarkən bir nəfər şəxsin dəmir yolu xətləri ərazisindən kabel apardığını görmüş, dərhal ona tərəf gedərək özünü təqdim edib hara getdiyini və kabeli hardan götürdüyünü soruşmuşdur. Həmin şəxs yerində duraraq kabeli dəmir yolu xətlərindən sökdüyünü bildirmiş, buna görə də o, həmin şəxsi Baş Sumqayıt st.XPB-nə kabellə birlikdə dəvət etmişdir. Orada o, kabeli təqdim edərək əməlini etiraf etmiş və kabel təhqiqatçı tərəfindən baxış keçirilərək maddi sübut kimi götürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci iltarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-2-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinin Baş Sumqayıt- Güzdək dəmiryolu mənzilinin 2622-ci km-nin 1-ci pk-ti ərazisində hərəkətin sağ tərəfində 1 (bir) metr məsafədə yerləşdiyi məlum oldu. Qeyd olunan yerə baxış keçirilərkən torpaq örtüyünün üzərində yerləşən işarəvermə və rabitə kabelinin 14 metr uzunluğunda kəsildiyini və həmin hissənin yerində olmadığı müəyyən edildi. Orada olan 2 nömrəli Biləcəri İşarəvermə və Rabitə sahəsində böyük elektromexannik vəzifəsində işləyən X2 zamanı dəmiryoluna məxsus 48x1 tipli 14 metr uzunluğunda SBPZU markalı işarəvermə kabelinin xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində kənar şəxslər tərəfindən kəsilib aparılarkən işlək vəziyyətdə olduğunu bildirdi. Polis əməkdaşları tərəfindən maddi sübutla birgə saxlanılmış Təqsirləndirilən şəxs qeyd olunan 14 metr uzunluğunda olan kabel xəttini 27 yanvar 2022ci il tarixdə saat 23:30 radələrində satmaq məqsədi ilə yaşadığı evin yaxınlığından keçən dəmir yolu ərazisindən kəsib apararkən polis əməkdaşları tərəfindən saxlandığını bildirdi. Hadisə yerində çəkilmiş fotoşəkillər iş materiallarına əlavə edildi. İş materiallarında olan məhkəmə-əmətəəşünaslıq ekspertizasının 9/845 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında 2021-ci ildən istismar olmuş, istifadəyə yararlı olan 14 metr 48x1 tipli (SBPZU) naqilin 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 182,00 (14 metr x 13 man) manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Dəmir Yolları QSC-nin İnfrastruktur Departamentinə məxsus 14 metr 48x1 tipli (SBPZU) naqil öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Xaçmaz st.XPŞ-nin anbarına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Dəmir Yolları QSC zərərçəkmiş şəxs kimi tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nümayəndə ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş Azərbaycan Dəmir Yolları QSC-nin nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2262 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt şəhər 3 nömrəli xəstəxana tərəfindən verilmiş 197 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 3 nömrəli xəstəxananın poliklinika şöbəsində psixiatrik kabinetdə ambulator və dispanser müşahidədə yoxdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 23 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurlamağa cəhd etdiyi Azərbaycan Dəmir Yolları QSC-nin İnfrastruktur Departamentinə məxsus 14 metr uzunluğunda olan 48x1 tipli (SBPZU) naqili iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanması üçün Xaçmaz st.XPŞ-nin anbarına təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-574/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs haqqında axtarış elan olunaraq barəsində “həbs” qətimkan tədbiri seçilmiş və cinayət işinin icraatı Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi NBPİ-nin DYNP-nin Xaçmaz st.X6 213-2862-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq Xaçmaz RPŞ-nin MST-na yerləşdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının xx/xx- 6353 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Çarhan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhərində qeydiyyatda olmasına baxmayaraq Şamaxı rayonunun Çarhan kəndində qeydiyyatsız yaşayır. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü Dadaşova Aynurə adlı övladı vardır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13cü maddələrinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət əməli nəticəsində dəymiş ziyanı ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən cəzanı yüngülləşdirən halları nəzərə alır və belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Cəzaçəkmə müddətinin əvvəli Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 01 (bir) ay 22 (iyirmi iki) gün müddət həbsdə saxlanıldığı bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan ləğv edilməli və o, məhkəmə iclas zalından həbsdən azad edilməlidir. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs oğurlamağa cəhd etdiyi Azərbaycan Dəmir Yolları QSC-nin İnfrastruktur Departamentinə məxsus 14 metr uzunluğunda olan 48x1 tipli (SBPZU) naqilin Azərbaycan Dəmir Yolları QSC-nə qaytarılması nəzərə alınmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-574/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli, 1059 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 01 (bir) ay 22 (iyirmi iki) gün müddət həbsdə saxlanıldığı bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Cəzasının əvvəli Şamaxı rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Şamaxı rayon, Çarhan kəndində yerləşən evi tərk etməmək, Şamaxı şəhəri hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şamaxı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs oğurlamağa cəhd etdiyi Azərbaycan Dəmir Yolları QSC-nin İnfrastruktur Departamentinə məxsus 14 metr uzunluğunda olan 48x1 tipli (SBPZU) naqilin Azərbaycan Dəmir Yolları QSC-nə qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardıma görə 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar