Məhkəmə qərarları › İş №1(060)-32/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-32/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-32/2025 15.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Kürdəmir rayonu Cəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Ağsu rayonu, Padarqışlaq kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün, xeyli miqdarda, bir bükümdə təmiz çəkisi 0,508 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 25 may 2024-cü il tarixdə saat 17:25-də Sumqayıt ŞPİ-nin 4-cü PBnin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən Sumqayıt ŞPİ-nin DYPŞ-nin yaxınlığında saxlanılaraq bölmənin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutularaq üzərinə keçirilən şəxsi axtarış zaman əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,508 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, psixotrop maddə və narkotik vasitə istifadəçisidir. xx.xx.2024-cü ildə səhər saatlarında Abşeron rayonu, Saray qəsəbəsində olarkən tanımadığı şəxsdən 15 manata psixotrop maddə metamfetamin almış və istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün axşam tərəfi Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Sumqayıt DYPŞ-nin yaxınlığında iki nəfər polis əməkdaşı ona yaxınlaşıb narkotik maddə ilə bağlı şübhəli şəxs kimi Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nə gətirmişlər. Bölmədə ona hüquq və vəzifələri izah edilmiş, həmçinin vəkil təqdim edilmiş və video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o əynində olan cins şalvarın cibində olan bir büküm metamfetamini təqdim etmişdir. Büküm açılan zaman içərisində psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Həmin vaxt üzərindən aşkar edilmiş 01 ədəd büküm elektron tərəziyə qoyulub çəkilmiş, müvafiq qaydada qablaşdırılmış və üzəri möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və imzalamışlar. Saxlanılan zaman və ya daha sonra ona qarşı heç bir təsir və ya təzyiq olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilən tədbirlər nəticəsində xx.xx.2024-cü il tarixdə saat 17:25 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Sumqayıt ŞPİ-nin DYPŞ-nin yaxınlığında saxlayaraq Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən onlarla bölməyə gəlmişdir. Bölmədə Təqsirləndirilən şəxs vəkil təqdim edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Daha sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qeyri-qanuni nə varsa təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmiş, o da əynində olan şalvarın cibində saxladığı bir ədəd bükümü təqdim etmişdir. Büküm açıldıqda içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni səhər saatlarında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olarkən tanımadığı bir şəxsdən 15 manata aldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəziyə qoyulub çəkilmiş, müvafiq qaydada qablaşdırılmış və üzəri möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ondan əvvəl şahid qismində ifadə vermiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək göstərmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibində saxladığı bir ədəd bükümdə olan maddəni təqdim edərək həmin maddənin psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Cinayət işinin 20-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 63-cü vərəqəsində olan şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və sonuncu tapılanadək iş üzrə icraat dayandırılmışdır. Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinin xx.xx.2025-ci il tarixli məktubundan və xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:05-də saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 29-30-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibində saxladığı bükümün içərisində bir ədəd şəffaf sellofan bükümdə olan maddəni təqdim edərək həmin maddənin şüşə, yəni psixotrop maddə olan metamfetamin olmasını bildirmiş, aşkar edilmiş büküm açıldıqda içərisində qəhvəyi rəngli, psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Həmin maddə elektron tərəzidə çəkilərkən bükümü ilə birlikdə çəkisinin 0,80 qram olması müəyyən olunmuşdur. Cinayət işinin 39-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2973 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №128” dairəvi möhür əksi və “şübhəli şəxs:Təqsirləndirilən şəxsimza,müdafiəçi- imza,Təhqiqatçı: N.Rəhimov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,508 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,508 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,458 qram. Cinayət işinin 38-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat müəyyən edilmişdir. Cinayət işinin 70-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,508 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 91-95-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndiirlməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 89-90-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3805 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu(narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 72-74-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; 2) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistisya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış və xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistisya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış və xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən 25 may 2024-cü ildə yenidən qəsdən az ağır cinayət törətmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdiriən hal kimi təqsirləndirilən şəxsin özünü təqsirli bilməsini, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 may 2024-cü il tarixdən 27 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hazırki iş üzrə həbsə alındığı 01 fevral 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3805 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,458 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 may 2024-cü il tarixdən 27 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,458 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci- cəmi 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar