Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-321/2024 29.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-1ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 17 yanvar 2024-cü il tarixdə saat 19:55 radələrində Sumqayıt ŞPİ-nin, NMB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanının arxasında saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilərək üzərində aparılan şəxsi axtarış zamanı 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri, 0,189 qram və 0,278 qram, ümumi təmiz çəkisi 0,467 qram kustar üsulla hazırlanmış, kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitə heroin əynindəki şalvarının sağ yan kiçik cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminən 20:00 radələrində polis əməkdaşları Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində tanışı X3 ilə görüşdüyü polis əməkdaşları onlara yaxınlaşmışlar və onları narkotik vasitə üzərində daşımasında, gəzdirməsində və istifadəsində şübhəli olduqları üçün Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Xidməti otaqda onu idarəyə gətirən polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif olunmuş, o da əynindəki şalvarının sağ yan kiçik cibində saxlamış olduğu 2 ədəd bükümü təqdim etmişdir. Həmin bükümlər açılan zaman içərisində narkotik vasitə heroinə bənzər maddə olduğu müəyyən olunmuşdur. Narkotiki həmin gün Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində Esmira şadlıq evinin yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manat müqabilində almış və özünün istifadəsi üçün üzərində saxlamışdır. Narkotik ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq imzalanmışdır. Üzərində narkotik vasitə olmasından tanışı X1 məlumatı olmamışdır. Həmçinin Məhəmmədin də üzərində psixotrop maddə olmasından özünün məlumatı olmamışdır. Onlar təxminən 1-2 dəqiqə idi ki, görüşmüşlər ki, polis əməkdaşları onları saxlamışlar, onun narkotik vasitə satmaq niyyəti olmamışdır. Əməlindən peşmandır. Bir anası və nənəsi ilə yaşayır. Astma xəstəliyi vardır. Məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadəsində göstərdi ki, NMB-nin əməkdaşları tərəfindən 17 yanvar 2024-cü il tarixdə saat 19:55 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində, istifadə etməsində şübhəli olduğu üçün Sumqayıt şəhəri, 7-8-12ci məhəllə yaxınlığında küçədə saxlanılaraq Sumqayıt ŞPİ-nə dəvət edilmiş, o, həmin tədbirdə iştirak etməmiş, lakin saxlanılan şəxsin üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilərkən iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə vəkil dəvət edilmiş, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra idarənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd şəffaf selofan təqdim etmişdir. Təqdim etdiyi şəffaf rəngli sellofanın içərisində iki ədəd ağ rəngli kağızların içərisində hər birində qəhvəyi rəngli, spesifik iyə malik maddələrin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələrin narkotik vasitə olan heroin olduğunu və həmin gün adını bilmədiyi şəxsdən 20 manat pul verməklə öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilmiş iki ədəd ağ rəngli kağızlarda olan kütlələr ayrıayrılıqda elektron tərəziyə qoyulub çəkilən zaman iki bükümün ümumi çəkisinin təxminən yarım qramdan bir az artıq olduğu müəyyən olunmuşdur. Bükümlər sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı əsasında Sumqayıt ŞPİ-nin NMBnin əməkdaşı Şahid1 ilə birlikdə əməliyyat tədbiri keçirmişlər. Tədbir nəticəsində 17 yanvar 2024-cü il tarixdə təxminən saat 20:00 radələrində Təqsirləndirilən şəxs ünvan 3 ünvanının arxasında küçədə saxlayaraq Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə vəkil dəvət etmişlər, inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri-qanuni nə varsa təqdim etməsini Təqsirləndirilən şəxs təklif etdikdən sonra o, əynində olan açıq göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd şəffaf selofan təqdim etmişdir. Təqdim etdiyi şəffaf rəngli sellofanın içərisində iki ədəd ağ rəngli kağızların içərisində hər birində qəhvəyi rəngli, spesifik iyə malik maddələrin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələrin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd ağ rəngli kağızlarda olan kütlələr elektron tərəziyə qoyulub çəkilən zaman ümumi çəkisinin 0,62 qram olduğu müəyyən olunmuşdur. Həmin bükümlər təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid2 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, icraata qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 7-8-12-ci məhəllə, ev 1a-nın arxasında xx.xx.2024-cü il tarixdə saat 19:55-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X5 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub -olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etdim. Təqsirləndirilən şəxs özü əynində açıq göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd şəffav selofanı təqdim etdi. Təqdim etdiyi şəffav rəngli sellofanın içərisində iki ədəd ağ rəngli kağızlarının içərisində hər birində qəhvəyi rəngli, spesifik iyə malik maddələrin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələrin narkotik vasitə olan “Heroin” olduğunu bildirdi. Həmin maddələri xx.xx.2024-cü il tarixdə təxminən 16-17 radələrində adını bilmədiyi şəxsdən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Esmira şadlıq evinin yaxınlığında iki bükümünə 20 manat pul verməklə öz şəxsi istifadəsi üçün aldığını bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd ağ rəngli kağızlarda olan qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan “Heroin”ə bənzər maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin 0,26 və 0,36 qam olmaqla ümumi çəkisinin 0,62 qram olduğu olduğu müəyyən edildi və aşkar olunmuş qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 3-16-16/2-6/318 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqat obyekti üzərində AR DİN “Zərflər üçün №124” möhür əksi, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs.” və s. soyadlar, imzalar olan 01 ədəd zərfdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,189 qram, 0,278 qram, ümumi təmiz çəkisi 0,467 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. Tədqiqata 0,1 qram sərf edildikdən sonra 0,367 qram heroin qalıq qalmışdır. İş materiallarında olan məhkəmə-tibbi eskpertizasının 106 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs, Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Regional Vəkil bürosunun vəkili X2 iştirakları ilə Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd şəffaf selofan təqdim etdi. Təqdim etdiyi şəffaf rəngli sellofanın içərisində iki ədəd ağ rəngli kağızlarının içərisində hər birində qəhvəyi rəngli, spesifik iyə malik maddələrin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələrin narkotik vasitə olan heroin olduğunu bildirdi. Həmin maddələri xx.xx.2024-cü il tarixdə təxminən 16-17 radələrində adını bilmədiyi şəxsdən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Esmira şadlıq evinin yaxınlığında iki bükümünə 20 manat pul verməklə öz şəxsi istifadəsi üçün aldığını bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd ağ rəngli kağızlarda olan kütlələr ayrı ayrılıqda elektron tərəziyə qoyulub çəkilən zaman birinin çəkisinin 0,26 qram və digərinin çəkisi 0,36 qram olmaqla ümumi çəkisinin 0,62 qram olduğu müəyyən olunaraq “Panasonic” markalı video kamera ilə görüntüsü qeydə alındı. Həmin bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırıldı və Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürləndi. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 430 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə Sumqayıt ŞPİ-də istintaqı aparılan ********* nömrəli cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-136/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “həbs” və “ev dustaqlığı” qətimkan tədbirində olduğu 03 ay 27 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 07 ay 24 gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 02 il 04 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)-136/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib 02 il 04 ay 06 gün azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs qanunamüvafiq qaydada şöbədə qeydiyyata alınmadığından ona təyin olunmuş cəzanı çəkməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,467 qram heroin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,367 qram heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,467 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,367 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, məhkəmənin hökmünə qədər Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, iş üzrə “Şəxsi axtarış keçirilməsi” barədə xx.xx.2024-cü il tarixli istintaq hərəkətinin videogörüntüsü əks etdirilmiş 01 ədəd “DVD-R” formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən xx.xx.2024-cü il tarixli qərarla maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmışdır. İş materiallarında olan 902 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs tez-tez boğulma tutmaları ilə müşayiət olunan bronxial astma, infeksion-allergik forma, orta ağır gedişli, remissiya mərhələsində, xarici tənəffüs funksiyasının pozulmaması ilə xəstəliyi vardır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, barəsində gizli talama ilə bağlı cinayət işi məhkəmədə baxılarkən Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətmişdir və bu hal onun kriminala meyilli olduğunu göstərir. Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “həbs” və “ev dustaqlığı” qətimkan tədbirində olduğu 03 ay 27 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 07 ay 24 gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 02 il 04 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə təyin edilmiş qəti cəzadan xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “həbs” və “ev dustaqlığı” qətimkan tədbirində olduğu müddət çıxılmışdır. Məhkəmə hesab edir ki, CM-in 66.5-ci maddəsinə əsasən əvvəlki hökm üzrə təyin edilmiş cəza hazırki cəza ilə toplandıqdan sonra çəkilmiş cəza çıxıldığı üçün əvvəlki iş üzrə saxlanıldığı müddət hazırda məhkəmənin təyin ediyi vahid cəzadan çıxılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza nəticəsində qalıq qalmış 0,367 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 110,00 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-321/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 414/2024 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbs və ev dustaqlığı qətimkan tədbirində olduğu 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 01 (bir) il 04 (dörd) ay 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza nəticəsində qalıq qalmış 0,367 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 110,00 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçinın göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-321/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-321/2024
29.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver