Məhkəmə qərarları › İş №1(060)-323/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-323/2022

17.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-323/2022 17.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1962-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Masallı rayonu, Sığdaş kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana 1, otaq 102 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 17.09.2021-ci il tarixdə saat 21:19 radələrində “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında baş etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 21103” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Koroğlu prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində 30 km/saat sürətlə hərəkətdə olarkən Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində yerləşən “Tərlan Banket zalı” nın yanında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yolu keçən piyadanın onun hərəkət zolağını boşaltıqdan sonra hərəkətini davam etdirməli və hərəkət üçün təhlükə yaratmamalı olduğu halda bunları etməyərək, eləcə də hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək yolun hərəkət hissəsini soldan sağa doğru keçməkdə olan piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön hissəsi ilə ehtiyatsızlıqdan vurmuş və nəticədə ona “açıq kəllə beyin travması, baş beyinin orta ağır dərəcəli əzilməsi, hər iki alın və sağ ənsə payının travmatik subaraxnoidal qansızması, sol gicgah payının kontuziyası, alın sümüyünün sınığı, sağ almacıq qövsünün sağ maksilyar sinusun divarında az yerdəyişiən sınığı, alının sağ yarısının yuxarı göz qapağına keçən yarası, sağ təpə nahiyyəsinin əzilmiş yarası, hər iki tərəfli paraorbital hematoma” kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, “VAZ 21103” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı, açıq mavi rəngli avtomobili baş etibarnamə ilə “B” kateqoriyalı AF 713492 nömrəli sürücülük vəsiqəsi ilə 2004-cü ildən idarə edir. 17.09.2021-ci il tarixdə idarə etdiyi “VAZ 21103” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı texniki cəhətdən saz vəziyyətdə olan avtomobil ilə Sumqayıt şəhəri Koroğlu prospekti ilə yaşadığı evə gedirmiş, həmin tarixdə saat təxminən 21:10 radələrində Koroğlu prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən işıqfordan sola dönərək Ü.Hacıbəyov küçəsi ilə üzü Sumqayıt Dəmiryolu vağzalına tərəfə təxminən 25-30 km/saat sürətlə hərəkətdə olan zaman Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində yerləşən “Tərlan” banket zalının yanında anidən bir nəfər piyadanın idarə etdiyi avtomobilinin mühərrik örtüyünün sağ tərəfindən üzərinə çırpıldığını görüb dərhal avtomobilini saxlamışdır. O, avtomobildən yerə düşərək yerədə uzanmış vəziyyətdə olan bir nəfər 55 yaşlarında olan kişiyə yaxınlaşmış, həmin vaxt ətrafda olan şəxslər hadisə yerinə toplaşmış, həmin piyada baş nahiyyəsindən xəsarət aldığı üçün həmin nahiyyəsindən qan axırmış, o orada olan tanımadığı iki nəfər şəxsin köməkliyi ilə xəsarət almış piyadanı öz avtomobilinə əyləşdirdirmiş və Sumqayıt şəhər X5 Xəstəxanasına aparmışdır. Daha sonra polis əməkdaşlarının dəvəti ilə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə getmiş, sərxoş olmamış, oradan isə polis əməkdaşları ilə hadisə yerinə getmiş və hadisə yeri onun iştirakı ilə müayinə olunaraq fotoşəkillər çəkilmiş və protokol tərtib edilmişdir. Hadisə baş verməmişdən əvvəl idarə etdiyi avtomobilin sürəti təxminən 30 km/saat olmuş, həmin vaxt avtomobildə sərnişin və ya yük olmamış, hadisə vaxtı özü heç bir xəsarət almamış, hadisə zamanı avtomobilin ön hissəsinin mühərrik örtüyünün sağ kənarı zədələnmiş, hadisədən əvvəl spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödədiyini, barışdığını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını göstərərək barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 17 sentyabr 2021-ci il tarixdə saat təxminən 21:00 radələrində Bakı şəhərindən taksi ilə işdən gələrək Sumqayıt şəhəri Koroğlu prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində takisdən düşmüşdür. Həmin tarixdə saat təxminən 21:20 radələrində Koroğlu prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən “Tərlan banket zalı”nın qarşısı ilə piyada hərəkət edib Ü.Hacıbəyov küçəsi ilə yolu 11-ci mikrorayon tərəfə keçmək istəyərkən düzünə hərəkət edən avtomobillər üçün işıqforun qırmzı işığı yandığını görüb sürətli addımlarla piyada keçidi ilə yolu keçməyə başlamış, təxminən yolun hərəkət hissəsinə 7-8 addım daxil olduqdan sonra sağ tərəfindən hərəkət edən markasını və rəngini bilmədiyi avtomobil onu vurmuş və o bundan sonra baş verənləri xatırlamamışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını, barışdığını və sonuncunun barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş “Təhlükəsiz şəhər” kamerası vasitəsilə qeydə alınmış videogörüntünü əks etdirən 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 17.09.2021-ci il tarixdə saat 21:19-da Sumqayıt şəhəri Koroğlu prospekti ilə hərəkət edib sola Ü.Hacıbəyov küçəsinə dönərək hərəkət edən “VAZ-210103” markalı hava rəngli avtomobil Ü.Hacıbəyov küçəsi ilə yolu soldan sağa keçən piyadanı avtomobilin ön hissəsi ilə vurur, piyada yolun sağ kənarına yıxılır. Həmin vaxt orada olan şəxslər yerdə uzanmış vəziyyətdə olan piyadanın ətrafına toplaşır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 25.01.2022-ci il tarixli, 8/113 saylı rəyindən görünür ki, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş üzrə təyin keçirilmiş məhkəmə-tibbi ekspertizasının 22.01.2022-ci tarixli, 101 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Açıq kəllə beyin travması. Baş beyinin orta ağır dərəcəli əzilməsi. Hər iki alın və sağ ənsə payının travmatik subaraxnoidal qansızması. Sol gicgah payının kontuziyası. Alın sümüyünün sınığı. Sağ almacıq qövsünün sağ maksilyar sinusun divarında az yerdəyişən sınığı. Alının sağ yarısının yuxarı göz qapağına keçən yarası, sağ təpə nahiyyəsinin əzilmiş yarası. Hər iki tərəfli paraorbital hematoma. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla 17.09.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır zərərvurmaya aid edilir. Cinayət işi materiallarında olan 02.02.2006-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin AA seriyalı 692319 №li qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-21103 minik» markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r. Cinayət işi materiallarından görünür ki, qeyd olunan avtomobil hadisə baş verən zaman ƏN-İİ seryalı 940102 nömrəli etibarnamə əsasında 16.02.2010-cu il tarixdən 15.02.2030-cu il tarixinədək olan müddətə Təqsirləndirilən şəxsa etibar edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsindən daxil olmuş 08.02.2022-ci il tarixli 016-302-634-1222 saylı məktubda Təqsirləndirilən şəxs adına 09.10.2020-ci il tarixdə AF 713492 saylı “B” kateqoriyalı 10 illik sürücülük vəsiqəsi verilmişdir. Kompüter bazasına əsasən sürücülükdən məhrum edilənlər arasında yoxdur. Təqsirləndirilən şəxs adına 09.10.2020-ci il tarixdən 09.10.2030-cu ilədək qüvvədə olan AF 713492 saylı “B” kateqoriyalı sürücülük vəsiqəsi var. Sumqayıt şəhər Narkoloji dispanserin 26.01.2022-ci il tarixli 544 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 17.09.2021-ci il tarixdə saat 23:30-da sərxoşluq vəziyyətinin tibbi müayinəsi üçün Dispanserə gətirilmiş, müayinə olunaraq 7249 saylı akt tərtib edilmiş və Təqsirləndirilən şəxs alkoqol sərxoşluq vəziyyəti olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir və ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün tövsif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 20.12.2021-ci il tarixli arayışdan (tələbnamədən) müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyani tam olaraq ödədiyini, hazırda ona qarşı şikayətinin və tələbinin olmadığını və onunla barışdığını göstərərək, sonuncunun barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş maddi ziyani tam olaraq ödədiyini nəzərə alıb barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Qərarın surəti Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna göndərilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “CD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 25 fevral 2022-ci il tarixli (iş № 1(060)-323/2022) qərarını icra edərək, 03 mart 2022-ci il tarixli 386/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri nə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddələri nə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 40, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərarın surəti Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna göndərilsin. İş üzrə maddi sübut olan bir ədəd “CD” disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar