Məhkəmə qərarları › İş №1(060)-323/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-323/2024

19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-323/2024 19.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi X2, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin binasında xx.xx.1988-ci ildə Daşkəsən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 100/2022 saylı, 17 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən 10 (on) ay 10 (on) gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün, xeyli miqdarda, 01 (bir) bükülüdə təmiz çəkisi - 435,0 qram bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, 21 dekabr 2023-cü il tarixdə saat 18:55 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Bərpa” xəstəxanasının yaxınlığında saxlanılaraq idarənin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutularaq üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin iç hissəsindən 01 (bir) bağlamada təmiz çəkisi 435,0 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə iclasında qanuni nümayəndə X2 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 21 dekabr 2023-cü il tarixdə 18:55 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Bərpa” xəstəxanasının yaxınlığında piyada gedən zaman mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİnin əməkdaşları olduqlarını bildirmişlər və onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə və üzərində gəzdirməkdə şübhəli olduğumu bildirərək üzərində şəxsi axtarış keçirilməsindən ötrü polis idarəsinə dəvət etmişlər, o, etiraz etməmiş və birlikdə polis idarəsinə gəlmişlər. Saxlanılan zaman onun üzərində narkotik vasitə olmamışdır. Videoçəkiliş aparılan zaman üzərindən aşkar olunan narkotik vasitə polis əməkdaşları tərəfindən ona verildiyini və o da ona daha ağır maddə ilə ittiham irəli sürüləcəyindən qorxaraq həmin narkotik vasitənin onun olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor tətbiq edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən dörd ilə yaxındır fasilələrlə narkotik maddələr qəbul edir. Əvvəllər bir neçə dəfə CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Heç bir yerdə işləmir. 21 dekabr 2023-cü il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, “Esmira” şadlıq sarayının yaxınlığında təsadüfən rastlaşdığı tanımadığı şəxslə söhbət zamanı həmin şəxs onda 400 (dörd yüz) qramdan biraz artıq qurudulmuş marixuana olduğunu və əgər istəyirsə ona 200 (iki yüz) manat müqabilində sata biləcəyini demiş, o,etiraz etməmiş, düşünmüşdür ki, özünə hissə-hisə qəbul edər, həmin şəxs ona 01 (bir) sellofan bağlamada qurudulmuş marixuana vermiş, o, da həmin şəxsə 100 (bir yüz) manat pul vermiş və qalan 100 (bir yüz) manatı da da bir-iki günə həmin yerdə görüşüb verəcəyi ilə razılaşmışdır. Əldə etdiyi 01 (bir) bağlamada qurudulmuş marixuananı əynində olan gödəkcəsinin iç hissəsində gizlədib saxlamışdır. Həmin gün saat 18:55 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Bərpa” xəstəxanasının yaxınlığında piyada gedən zaman mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin əməkdaşları olduqlarını bildirmişlər və onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə və üzərində gəzdirməkdə şübhəli olduğumu bildirərək üzərində şəxsi axtarış keçirilməsindən ötrü polis idarəsinə dəvət etmişlər, o, etiraz etməmiş və birlikdə polis idarəsinə gəlmişlər. Polis idarəsində xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunaraq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə X6 hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O, da, əynində olan qara rəngli gödəkcəsinin iç hissəsində saxladığı 01 (bir) ədəd sellofan bağlamanı çıxarıb təqdim etmişdir. Həmin sellofan bağlama açılan zaman içərisindəki digər sellofan bağlamada qurudulmuş marixuana aşkar olunmuş və verilən suallara cavab olaraq həmin bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) bağlamada olan qurudulmuş marixuana əl elektron tərəzisində çəkilmiş və həmin maddə ekspertizaya göndərilməsindən ötrü xüsusi qaydada qablaşdırılıb möhürlənmişdir. Üzərindən aşkar olunaraq götürülmüş qurudulmuş marixuana özünə məxsusdur, öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Qurudulmuş marixuananı aldığı şəxsi üzdən görsə tanıyır, adını ünvanını və mobil nömrəsini bilmir. Heç kimə narkotik vasitə verməmiş və satmamış, satışı ilə heç vaxtı məşğul olmamış, özü qəbul etmişdir. İstifadəsində mobil telefon yoxdur. Polis işçiləri onu saxlayan və idarəyə gətirən zaman üzərinə şəxsi axtarış keçirilməmişdir, sadəcə sorğu-sual olunmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olunmamış, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin X1 əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis baş leytenantı rütbəsindədir. İcraatına ünvan 2aşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr üzərində gəzdirməsi vıə saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. Bununla bağlı idarə rəisinə raportla məruzə olunaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna ondan başqa bölmənin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 də daxil edilmişdir. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat marağı kəsb edən məlumatların yoxlanılması məqsədilə 21 dekabr 2023-cü il tarixdə onun ola biləcəyi yerlər tərəflərindən müşahidəyə götürülmüş, saat 18:55 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Bərpa” xəstəxanasının yaxınlığında olmasını görmüşlər və yaxınlaşıb özlərini təqdim edərək onu saxlamışlar. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərində şəxsi axtarış keçirilməsini bildirmişlər və həmin yerdə şəxsi axtarış keçirilməsi üçün normal şərait olmadığına görə onu polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə polis idarəsinə idarəyə gəlmişdir. Polis idarəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək Sumqayıt şəhər 1 saylı Vəkillər Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs siyahıdan özünə vəkil X6 müdafiəçi kimi seçmişdir. Müdafiəçinin iştirakı təmin edildikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin iç hissəsində saxlamış olduğu sellofan bağlamanı təqdim etmişdir. Həmin bağlamanın içərisində olan digər ağ rəngli bağlama açılarkən içərisində narkotik vasitə qurudulumş marixuanaya bənzər maddə aşkar olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, “Esmira” şadlıq sarayının yaxınlığında tanımadığı şəxsdən aldığını, həmin şəxsə 100 (bir yüz) manat borclu qaldığını və həmin maddəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli digər predmet və əşya aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) ədəd sellofan bağlamada olan maddə elektron əl tərəzisində çəkilmiş və ekspertizaya təqdim edilməsi məqsədilə xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmamış, onun narkotik vasitə qurudulmuş marixuananı konkret olaraq kimdən əldə etməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 da Şahid1 ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan qurudulmuş marixuananın aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin TŞ-də xidməti otaqda baş təhqiqatçı, polis mayoru Elsevər Quliyev tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 və Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunduğu, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin iç hissəsində saxlamış olduğu sellofan bağlamanı təqdim etdiyi, həmin bağlamanın içərisində olan digər ağ rəngli bağlama açılarkən içərisində narkotik vasitə qurudulumş marixuanaya bənzər maddə aşkar olunduğu, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, “Esmira” şadlıq sarayının yaxınlığında tanımadığı şəxsdən aldığını, həmin şəxsə 100 (bir yüz) manat borclu qaldığını və həmin maddəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdiyi, bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli digər predmet və əşya aşkar olunmadığı və götürülmədiyi, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 (bir) ədəd sellofan bağlamada olan maddə elektron əl tərəzisində çəkildiyi və olduğu selofanla biridikdə çəkisi 450 qram olduğu, həmin maddə ekspertizaya təqdim edilməsi məqsədilə xüsusi qaydada qablaşdırıldığı və möhürləndiyi, üzərində qeydlər aparılaraq imzalandığı müəyyən olunmuşdur. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 22 dekabr 2023-cü il tarixli 3-16-16/2-7/1728 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində " Şübhəli şəxs Təqsirləndirilən şəxsimza...." yazı və imzalar olan polietilen bağlamada bir ədəd şəffav selofanda çəkisi 435,0 qram bitki mənşəli kütlə çətənə(kakkabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi – 435,0 qram, tədqiqata istifadə edildi - 0,05 qram, qalıq – 434,95 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 702 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə təsdiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X10 tərəfindən verilmiş kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 191 saylı rəyindən görünür ki, İ Motivləşdirici hissə: Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Təqsirləndirilən şəxs hazırda "Üzvi mənşəli (epilepsiya xəstəliyi nəticəsində) şəxsiyyət pozuntusu" müəyyən edilir. Təqsirləndirilən şəxs qeyd edilən"Üzvi mənşəli şəxsiyyət pozuntusu" onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosseslərinin tədqiqi diqqətində dayamqsızlıq(tez yayınıb, gec mərkəzləşməsi), təfəkküründə torpidik, proqnozlaşdırma qabiliyyətinin normadan aşağı olması müəyyən edilir. Müayinə zamanı emosional-iradi sferasında gərginlik, hövsələsizlik, emosional dəyişkənlik müşahidə edilir. Fərdi-psixi xüsusiyyətlərində inadkarlıq, özünümüdafiə etməyə meyillilik, tez özündən çıxmaq, davranışında özünü idarəetmənin çatışmazlığı və s.müəyyən edilir. İİ Yekun hissəsi: Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: - Təqsirləndirilən şəxs hazırda "üzvi mənşəli (epilepsiya xəstəliyi nəticəsində) şəxsiyyət pozuntusu" müəyyən edilir. Təqsirləndirilən şəxs qeyd edilən"Üzvi mənşəli şəxsiyyət pozuntusu" onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs anlaqhğı istisna etməyən psixi pozuntusu olan şəxs kimi törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə ədər etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. - Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə ehtiyac yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən qoyulmuş suallar aşağıdakı kimi cavablandınlır: - Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyllilik, inadkarlıq, hövsələsizlik, kinlilik, tez özündən çıxmaq, davranışında özünü idarəetmənin çatışmazlığı, konfliktə və mübahisəyə meyllilik və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. - Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu, onun konqnitiv funksiyalarında, həmçinin emosional-iradi sferasında müəyyən dəyişikliklər əmələ gətirmiş, bununla əlaqədar o, öz hərəkətlərinin mahiyyətini tam həcmdə dərk etmək qabiliyyətinə malik olmamışdır. - Törətdiyi əməl zamanı Təqsirləndirilən şəxs psixiemosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. - Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. - Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar özündən uydurmağa meyillik əlamətləri aşkar edilmədi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 435,0 qram olan narkotik vasitə qurudulmuş marixuanadan tədqiqatdan sonra qalıq qalmış 434,95 qram marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qimsində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-487/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş 2067 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan 18 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olsa da, satışı ilə bağlı hər hansı əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4928/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İş materiallarında olan Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının 15 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamından görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs anası X3 qəyyumluğuna verilmişdir. İş materiallarında olan ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Sumqayıt Psixiatriya Xəstəxanasında baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları diaqnozu ilə müalicə almışdır. Həmçinin Təqsirləndirilən şəxs İİ qrup əlildir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qanuni nümayəndə təyin edilməsi haqqında qərardan görünür ki, X5 cinayət prosesində üzvi (epilepsiya xəstəliyi nəticəsində) şəxsiyyət pozuntusu və davranış pozuntuları formasında psixi xəstəliyi ilə əlaqədar olaraq fəaliyyət qabiliyyəti olmadan şəxs hesab edilmiş Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmış və cinayət prosesində iştirakı təmin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-100/2022 saylı, 17 fevral 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-100/2022 saylı, 17 fevral 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay 10 (on) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayəti törədərkən məhkumluğu ödənilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən xüsusilə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti anlaqlılığı istisna etməyən psixi pozuntusu olaraq törətməsini Azərbaycan Respublikası CM-nin 59.1.9-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 06 (altı) saat sərf etmişdir. Ona görə də, 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır, onun törətdiyi əməl ibtidai istintaq zamanı özünün etirafedici və şahid ifadələri, iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır və o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici və ağırlaşdırıcı halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 435,0 qram olan narkotik vasitə qurudulmuş marixuanadan tədqiqatdan sonra qalıq qalmış 434,95 qram marixuana məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 70,00 (yetmiş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 434,95 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 70,00 (yetmiş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar