Məhkəmə qərarları › İş №1(060)-325/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-325/2022

10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-325/2022 10.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda və bu barədə 27.11.2021-ci il tarixdən rəsmi məlumatı olaraq yaşadığı evdə özünü təcrid rejimində qalmalı olduğu halda, Azərbaycan Respublikası ərazisində yeni növ koronovirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiya yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” 28.02.2020-ci il tarixli 73-1 №-li, 12.09.2020-ci il tarixli 336 №-li, 28.10.2020-ci il tarixli 427 №-li, 19.11.2020-ci il tarixli 450 №-li qərarların tələblərini, yəni epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimləri qaydalarını, habelə özünü təcrid qaydalarını qəsdən pozaraq və bu tələblərə riayət etməyərək, 01.12.2021-ci il tarixdə saat 12:00 radələrində yaşadığı ünvan 3 ünvanını tərk edib ünvan 4 insanların hərəkətdə olduğu küçə ilə piyada hərəkətdə olarkən karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmış və həmin vaxt ərazidə xidmət aparan Sumqayıt ŞPİnin 1-ci PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yeni koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu halda xüsusi karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığı aşkar edilmiş və Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq yaşadığı ünvana aparılması təmin edilmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, asma xəstəliyindən əziyyət çəkir və 3-cü qrup əlildir. Belə ki, o, koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş və 27.11.2021-ci il tarixdən 5 saylı Ailə sağlamlıq mərkəzi tərəfindən qeydiyyata alınaraq ev şəraitində müalicə olunması üçün karantinə götürülmüşdür. Karantin qaydaları barədə ona SMS vasitəsilə xəbərdarlıq gəlmiş, daha sonra ərazi həkimi tərəfindən də məlumatlandırılmışdır. Lakin 01.12.2021-ci il tarixdə saat 12:00 radələrində o, aptekə getmək üçün yaşadığı ünvan 2 ünvanından çıxmış və küçə ilə hərəkət edərkən polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Polis əməkdaşları ondan maraqlanarkən o, koronavirus (COVİD-19) infeksiyasına yoluxduğunu, ev şəraitində müalicə almaq üçün karantinə alındığını etiraf etmişdir. Lakin o, məcburiyyət qarşısında evi tərk etdiyini və ailə üzvləri üçün dərman almağa çıxdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu yaşadığı evə qaytarmış və bir müddət sonra onun barəsində cinayət işi başlanmışdır. Hazırda o, etdiyi əməldən peşman olduğunu, həmçinin 3-cü qrup əlil olmaqla, asma xəstəsi olduğunu bildirərək barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi vəzifəsində işləyir. O, 1-ci Polis Bölməsinin əməkdaşları ilə birlikdə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə, həmçinin insanlar arasında sosial məsafəni gözləmək şərti ilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsi qaydalarına nəzarət etmək məqsədilə dövlət proqramı çərçivəsində tədbir keçirərkən 01.12.2021-ci il tarixdə saat 12:00 radələrində ünvan 4 küçədə koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini müəyyən etmişlər. Təqsirləndirilən şəxs soruşularkən o, 27.11.2021-ci il tarixdən yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxduğunu və ev şəraitində müalicə olunması üçün karantinə alındığı etiraf etmişdir. Lakin ailə üzvləri də xəstəlikdən əziyyət çəkdiyi üçün dərman almaq məqsədi ilə aptekə getmək üçün evdən küçəyə çıxdığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən videoçəkiliş aparılmış və bu barədə protokol tərtib edilmiş, daha sonra o, yaşadığı evə geri qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iş materiallarında olan diskə baxış keçirilərək Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən 01 dekabr 2021-ci il tarixdə saat 12:00 radələrində ünvan 4 saxlanılması, onun 27 noyabr 2021-ci il tarixdə «COVİD-19» virusuna yoluxması haqqında daxil olmuş “sms” məlumatı olsa da, buna baxmayaraq evə dərman almaq məqsədi ilə evinin yaxınlığında olan aptekə getməyini etiraf etməsi müəyyən olunmuşdur. İşmateriallarında olan Sumqayıt Tibb Mərkəzi PHŞ Sumqayıt 5 nömrəli Ailə Sağlamlıq Mərkəzinin 03 dekabr 2021-ci il tarixli 24 saylı məlumatından görünür ki, ünvan 6 ünvanında yaşayan xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 27.11.2021-ci il tarixində (COVİD-19) görə evdə çeşidlənmişdir və 14 gün karantin günü evdən bayıra çıxmamaq tövsiyyə olunmuşdur. İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi PHŞ-nin 06 yanvar 2022-ci il tarixli, 02 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “COVİD-19” analizinin cavabı 27.11.2021-ci il tarixdə pozitiv çıxmış və 14 gün karantin qaydalarına əməl etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş 07.01.2022-ci il tarixli tələbnamə – arayışdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dindirib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilən sübutlara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Belə ki, məhkəmə istintaqı zamanı sübut olundu ki, Təqsirləndirilən şəxs yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda və bu barədə 27.11.2021-ci il tarixdən rəsmi məlumatı olaraq yaşadığı evdə özünü təcrid rejimində qalmalı olduğu halda, Azərbaycan Respublikası ərazisində yeni növ koronovirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiya yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” 28.02.2020-ci il tarixli 73-1 №-li, 12.09.2020-ci il tarixli 336 №-li, 28.10.2020-ci il tarixli 427 №-li, 19.11.2020-ci il tarixli 450 №-li qərarların tələblərini, yəni epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimləri qaydalarını, habelə özünü təcrid qaydalarını qəsdən pozaraq və bu tələblərə riayət etməyərək, 01.12.2021-ci il tarixdə saat 12:00 radələrində yaşadığı ünvan 3 ünvanını tərk edib ünvan 4 insanların hərəkətdə olduğu küçə ilə piyada hərəkətdə olarkən karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmış və həmin vaxt ərazidə xidmət aparan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yeni koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu halda xüsusi karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığı aşkar edilmiş və Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq yaşadığı ünvana aparılması təmin edilmişdir. Göstərilən hərəkəti ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası hədləri daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs öz əməlini etiraf etməsini və törətdiyi əməldən peşman olmasını, asma xəstəsi olmasını və 3-cü qrup əlil olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təyin edilmiş cəzanı təqsirləndirilən şəxs yaşadığı yer üzrə çəkməlidir. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmənin əvvəli təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD-R” disk cinayət işində saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASC-nin 1 saylı Sumqayıt filialı, 09Aİİ********************, VÖEN:**********) hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD-R” disk cinayət işində saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar