Məhkəmə qərarları › İş №1(060)-325/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-325/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-325/2025 29.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci ildə Ermənistan Respublikası, Keşişkənd rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində fərdi yaşayış ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(002)-1560/2024 saylı qərarı ilə 10 ay 25 gün cəzadan vaxtından əvvəl şərti olaraq azad edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,222 qram, 0,073 qram, ümumi təmiz çəkisi 0,295 qram kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etməklə əynində olan qara rəngli şalvarının sağ yan kiçik cibində saxlamaqla daşımış, 03 mart 2025-ci il tarixdə, saat 16:28 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 19A nömrəli evin yaxınlığında saxlanılmaqla orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin metamfetamin əynində olan qara rəngli şalvarının sağ yan kiçik cibindən aşkar edilərək götürülmüşdür Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, təxminən saat 16:28 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 19A-nın yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirmiş, videoçəkilişlə üzərinə baxış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, o, üzərində saxlamış olduğu 4 ədəd bükümdəki narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, həmin narkotik vasitəyə polis əməkdaşları tərəfindən baxış keçirilmiş daha sonra təqdim etdiyi həmin narkotik vasitələr polis əməkdaşları tərəfindən götürülərək zərfə qablaşdırılmışdır. Daha sonra o, Pİ-nə gətirildikdən sonra xidməti otaqların birində onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkil təqdim olunmuşdur. Üzərinə şəxsi axtarış davam etdirilən zaman başqa qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxud maddi sübut aşkar edilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtda və yerdə üzərində saxlamış olduğu 4 ədəd bükümdə olan narkotik vasitələri polis əməkdaşlarına təqdim etdiyini, daha sonra həmin narkotik vasitələrin müvafiq qaydada götürülərək qablaşdırıldığını bildirmişdir. O, üzərindən aşkar edilmiş maddələrin "kakos", ağ rəngli kristal şəkilli maddələrin "patı" olduğunu, həmin maddələri İran vətəndaşı ilə əlaqə saxlayaraq ona deyilən Bakı şəhərinin kəndlərinin birinə gedərək oradan əldə etdiyini, qarşılığında İran vətədaşının hesabına 45 manat pul ödəyərək həmin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Narkotik vasitələrin istifadəçisidir, heç vaxt satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis idarəsində ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Əməlindən peşmandır. Himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 03 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmış, Ağayarovun ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, 3- cü mikrorayon ərazisində yerləşən 19A nömrəli evin ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. 03 mart 2025-ci il tarixdə, saat 16:28 radələrində Təqsirləndirilən şəxs 19A nörəli evin yaxınlığı ilə tək piyada hərəktədə olduğunu gördükdən sonra videokamera vasitəsilə çəkiliş aparmağa başlamışlar və sonuncuya yaxınlaşaraq özlərini təqdim edib saxlamışlar. Təqsirləndirilən şəxs nədə şübhəli olduğu bildirərək, hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya narkotik maddə varsa təqdim etməsini təklif etmişlər. Nail əynində olan şalvarın cibindən bir ədəd şəffaf sellofan torbanı çıxararaq təqdim etmiş, həmin torbanın içərisində xatırladığı qədərilə 02 ədəd gümüşü rəngli, bir ədəd ağ rəngli kağız bükümlərin və bir ədəd sellofan bükümün olması müəyyən edilmişdir. Həmin bükümlərdə narkotik vasitə olan heroinə bənzər maddələr və psixotrop maddə metamfetaminə bənzər maddələrin olması müəyyən edimişdir. Sorğu zamanı Nail Həmin bükümlər elektron tərəzidə çəkilmiş, çəkildikdən sonra çəkisi müəyyən edilmişdir. Sonra isə digər prossesual hərəkətlər aparılması üçün Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nə aparılmış, aşkar edilmiş maddələr təhqiqatçıya təqdim olunduqdan sonra polis idarəsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, sonuncunun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və üzəri imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları Şahid2 və Şahid3 Şahid1lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 04 mart 2025-ci il tarixdə (saat 15:10) fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 03 mart 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 16:28 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 24); Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 54-55); “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 05 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 64-66); Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-nin X4 05 mart 2025-ci il tarixdə azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v. 67-68); “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, mülki geyimli polis əməkdaşları xx.xx.2025-ci il tarixdə, saat 16:28 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 19A nömrəli evin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq saxlayırlar. Sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxladıqlarını bildirirlər. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya narkotik vasitə varsa təqdim etməsi təklif olunur, sonuncu da əynində olan qara rəngli şalvarının sağ yan kiçik cibindən bir ədəd sellofan torbanı çıxararaq təqdim edir. Həmin sellofan torba açıldıqda içərisində 2 ədəd gümüşü rəngli, bir ədəd ağ rəngli kağız və bir ədəd sellofan bükümlərin olması aşkar olunur. İki ədəd gümüşü rəngli kağız bükülü açıldıqda içərilərində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin, bir ədəd ağ rəngli kağız bükülü və bir ədəd sellofan bükülü açıldıqda isə içərilərində ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddələrin olması aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs qəhvəyi rəngli maddələrin narkotik vasitə “kakos”, ağ rəngli maddələrin isə psixotrop maddə “patı" olduğunu, həmin maddələri İran vətəndaşı ilə əlaqə saxlayaraq şəxsi istifadəsi üçün əldə etdiyini, İran vətəndaşının həmin maddələri Bakı şəhərinin kənlərinin birində qoydurduğunu və oradan götürdükdən sonra İran vətəndaşına 45 manat pul ödədiyini bildirir. Həmin maddələr elektron tərəzi vasitəsilə çəkildikdə heroinə bənzər maddələrin ümumi çəkisinin 0.18 qram, metamfetaminə bənzər maddələrin ümumi çəkisinin 0,34 qram olması müəyyən edilir. Bundan sonra həmin maddələr qablaşdırılaraq üzərində qeydlər aparılır və qablaşdırmanın üzəri imzalanır. (i.v. 9-11) “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında“ xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, təhqiqatçı Elsevər Quliyev özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, vətəndaş da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində və saxlamasında şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirildiyini bildirir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığını bildirib polis əməkdaşlarına və müdafiəçi X3 özlərini təqdim etməsini deyir, onlar da özlərini təqdim edirlər. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, sonuncunun üzərindən qanununla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Sonra CAŞ-ın əməliyyat müvəkkilləri tərəfindən təqdim edilmiş zərf açılaraq içərisindəki 4 ədəd bükülü Təqsirləndirilən şəxs təqdim edilir və sonuncudan həmin bükümlərdə nə olması, ona məxsus olubolmaması soruşulur. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin və metamfetamin olduğunu, həmin maddələri İran vətəndaşı ilə əlaqə saxlayaraq Bakı kəndlərinin birindən şəxsi istifadəsi üçün əldə etdiyini və həmin maddələr görə İran vətəndaşının bank kartına 45 manat pul göndərdiyini, xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq həmin maddələrin üzərindən götürülüb qablaşdırıldığını bildirir. Həmin bükümlərə baxış keçirilən zaman içərilərində heroin və metamfetaminə bənzər maddələrin olması müəyyən edilir. Sonra isə həmin maddələr ekspertizaya göndərilməsi üçün qablaşdırılır, üzərində qeydlər aparılır və qablaşdırmanın üzəri imzalanır. Sonda isə çəkiliş dayandırılır. (i.v. 33-34) Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Sumqayıt Regional Bölməsinin 20/08 nömrəli 04 mart 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün 124” möhür əksi, “Saxlanılan şəxs N. Ağayarov /imza/; xx.xx.2025” əl yazıları olan zərfdəki 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,222 qr; 0,073 qram; ümumi təmiz çəkisi: 0,295 qram olan ağ rəngli, kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir: həmin metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; həmçinin 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,018 qr; 0,028 qram; ümumi təmiz çəkisi: 0,046 qram olan qəhvəyi rəngli maddələr kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; həmin heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər ( i.v. 42-46). Səhiyyə Nazirliyi Respublika X5 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 1306 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 73-74). Məhkəmə istintaqı zamanı tədqiq edilən disklərə baxış zamanı Təqsirləndirilən şəxs psixotrop maddə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. DİN BƏSİİ-dən alınmış tələbnamədən və Qaradağ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 29,120.1 və 228.4-ci maddələri ilə təqsirli bilinib barəsində 08 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Qaradağ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı 10 ay 21 gün vaxtından əvvəl şərti azad edilmişdir. (i.v. 86-91) Göründüyü kimi Təqsirləndirilən şəxs şərti olaraq vaxtından əvvəl azad edildiyi müddət keçməmiş (müddət xx.xx.2025-ci il tarixdə başa çatır), yəni cəzanın çəkilməmiş hissəsi ərzində yenidən az ağır cinayət (xx.xx.2025-ci il tarixdə) törətmişdir. Ona görə də, onun barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona Cinayət Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilsə də, həmin müddətdə yenidən cinayət törətmiş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. “sübutların qiymətləndirilməsi haqqında” 10 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsilə ittiham elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ümumi təmiz çəkisi 0.046 qram narkotik vasitə heroin şəxsi istehlak miqdarında olduğundan həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilərək sonuncunun İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti 3-cü PBə göndərilmiş, 02 ədəd bükümdə 0.046 qram narkotik vasitə heroin, 02 ədəd bükümdə 0.295 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.026 qram heroin və 0.235 qram metamfetamin iş üzrə saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, sonuncunun barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Ağayarovun özünün etirafedici ifadələri, şahid ifadələri, şəxsi axtarış protokolları, həmin protokola əlavə edilmiş videogörüntülər, maddi sübutlar, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertiza rəyi, həmçinin ilkin tədqiqat materialları sübut kimi qiymətləndirilmiş, 02 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 92-100); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.(CPM144-146). CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və yaüç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 5-ci bəndinə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il tarixli 28 iyun tarixli Qanunun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair, 1.0.9-cu maddəsində qanunsuz əldə edilməsinin izahları verilmişdir. Saxlama - bu həmin maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən metamfetaminin 0.15 qram daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını olmasını, himayəsində 1 övladının olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə qəsdən cinayət törədilmənin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməklə, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin çəkisini, bundan əvvəl də məhkumluq həyatı yaşamasına baxmayaraq islah olunmamasını və yenidən cinayət törətməsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir və ona CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 29 aprel 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar cəmi 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut - Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan-tədqiqatdan sonra qalıq qalmış 0.235 qram psixotrop maddə metamfetamin və 0.026 qram narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 08 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 88 manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, bu hökmlə təyin edilmiş cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-422/2018 saylı, xx.xx.2018ci il tarixli hökmü ilə təyin edilmiş 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 ay 25 gün hissəsi ilə hökmlərin məcmusu qaydasında qismən birləşdirilsin və Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 03 mart 2025-ci il tarixdən 05 mart 2025-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 29 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0.235 qram psixotrop maddə metamfetamin və 0.026 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən 02 (iki) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 88 manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar