Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-327/2021 08.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, xüsusi ittiham qaydasında şikayət verən şəxs Fateh (İbrahimova) Lalə Salman qızının, təqsirləndirilən şəxs X4, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 03.10.1984-cü ildə Gürcüstan Respublikası, Marnauli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Fateh (İbrahimova) Lalə Salman qızı X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmü çıxarılması, X3 ondan üzr istəmək tələb olunması və ya X3 ona dəyən mənəvi ziyana görə 5000 manat məbləğində pulun tutulmasına dair xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Fateh (İbrahimova) Lalə Salman qızı 21.04.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin xahiş etdim hissəsində 2 abzasda qeyd etdiyi X4 ondan üzr istəməsinin tələb olunması və ya X16 oğlundan ona dəyən mənəvi ziyana görə 5000 manat məbləğində pulun tutulmasının nəzərə alınmadan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə ittiham hökmü çıxarılmasını və soyadının Fateh kimi nəzərə alınmasını xahiş etmişdir. Xüsusi ittihamçı Fateh (İbrahimova) Lalə Salman qızı şikayətini onunla əsaslandırmışdır ki, X8 “Whatsapp” sosial şəbəkəsində ondan başqa 10 nəfərin də olduğu qrupda onun şərəf və ləyaqətini alçaldaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətində AR CM) 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinəyət əməlini törətmişdir. Belə ki, 05.06.2020-ci il tarixdə baş tutmuş bir tədbirdə çəkilmiş şəkillərin həmin tədbirdə iştirak edən şəxslərə göndərilməsi məqsədi ilə “Whatsapp” sosial şəbəkəsində ümumilikdə 12 nəfərdən ibarət qrup yaradılmışdır. 12.06.2020-ci il tarixində X8 qrupda olan xanılmlarla kobud danışdığı üçün o, Borçalının özünə yazaraq qızlarla bu formada danışmasına irad bildirmişdir. Bundan sonra Borçalı ona qarşı nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən də o, Borçalının nömrəsini əngəlləmişdir. Daha sonra o, həmin “Whatsapp” qrupuna keçərək biri 22 saniyə, digəri 19 samiyə olmaqla, başdan-ayağa ona qarşı deyilən nalayiq ifadələrdən ibarət olan 2 səsli mesaj yollamışdır. Ona qarşı deyilən nalayiq ifadələrdən utandığından, qrupda olan digər 10 nəfərin mobil nömrəsini qrupdan çıxartmışdır. Məqsədi onların həmin səsləri dinləməməsi olmuşdur. Buna baxmayaraq, ona bəlli olmuşdur ki, həmin səsli mesajlar onlara çatmışdır və onlar mesajları dinləmişdirlər. Sözügedən “Whatsapp” qrupunda olan şəxslərin bəzilərinin adları ünvanları və əlaqə nömrələri aşağıdakı kimidir: 1) +**********30-Səadət (Ünvan: Yeni suraxanı, 4 İyul küçəsi, döngə 8), 2) +**********94-Bahar (Ünvan: Yasamal rayonu, Xıdır Mustafayev küçəsi), 3) +**********63-İlknur Həsrətli (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 196), 4) +**********54-Billurə (Ünvan: Zirə qəsəbəsi, Babayev küçəsi, ev37), 5) +**********08-Şərgiyə. Həmin hadisə nəticəsində o, çox utanmış, sözügedən “Whatsapp” qrupunda yaxın münasibətinin olduğu çox sayda insanlar olmuşdur. Bu qədər insanın qarşısında vulqar ifadələrlə alçaldılması onun mənəvi izdirab keçirməsinə səbəb olmuşdur. X8 “Whatsapp” sosial şəbəkəsində 10 nəfərin qarşısında onun şərəfini və ləyaqətini qəsdən alçaltmışdır. Onun bu əməli CM-nin 148-ci maddəsi ilə qadağan olunmuş cinayət əməlinə uyğun gəlir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs Fateh (İbrahimova) Lalə Salman qızı məhkəmə iclasında şikayətinə uyğun ifadə verərək qeyd olunanların nəzərə alınaraq, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb olunmasına dair hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X8 xüsusi ittiham qaydasında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, xüsusi ittiham qaydasında şikayət verən şəxs Fateh (İbrahimova) Lalə Salman qızı tərəfindən yaradılmış “Whatsapp” sosial şəbəkəsinə qoşularaq onlarla yazışmışdır. Həmin qrupun həqiqətən də 10 nəfərdən artıq üzvləri olmuşdur. Onlar qrupda yazışıb tanış olduqdan sonra qrupun üzvlərinin görüşü təyin olunmuş və o, da həmin görüşdə iştirak etmişdir. Sonra o, qrupun üzvlərindən olan Günel adlı xanımın hansı post altında nələr yazdığını görmüşdür. Bundan sonra o, da maraq üçün həmin qrupa şəkil ataraq altından sözlər yazmışdır. Onun yazdığı yazı və atdığı şəkillə bağlı ondan xahiş olunduğu üçün onları silmişdir. Onun Lalə ilə əvvəllər münasibəti yaxşı olmuş, elə olub ki, o, Lalə ilə saat 3-4 də kimi danışıb yazışmışdır. Lakin, onun qrupa atdığı şəkil və altından yazdığı sözlə bağlı Lalə onun şəxsisinə yazaraq “sənin bacın haqqında bu cür sözlər desələr qəbul edərsən” demişdir. Bundan sonra o, əsəbləşərək Lalənin şəxsisinə yazaraq onu söyüb təhqir etmişdir. Lakin, Lalə onun nömrəsini əngəllədiyi üçün o, əsəbləşərək həmin söyüşləri qrupa atmışdır. X8 məhkəmə iclasında diskə baxış keçirilərkən həmin danışıqların ona məxsus olduğunu bildirərək qeyd olunanların nəzərə alınmaqla barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, o, xüsusi ittiham qaydasında şikayət verən şəxs Fateh (İbrahimova) Lalə Salman qızı tərəfindən yaradılmış “Whatsapp” sosial şəbəkəsinin və “Whatsapp” qrupunun üzvüdür. Onlar həmin qrupda bəzi məsələləri müzakirə edir, qrup üzvləri ilə bəzi xeyriyyə işlərində iştirak edirlər. O, X4 Fateh (İbrahimova) Lalə Salman qızına “Whatsapp” qrupuna göndərdiyi nalayiq sözlər və söyüşlərdən ibarət səsli mesajına qulaq asaraq həmin söyüşləri eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9, X10 və X11 şahid X5 ifadəsinə oxşar ifadə vermişdirlər. Məhkəmə təqsirləndirilən şəxs X8 tərəfindən Fateh (İbrahimova) Lalə Salman qızını təhqir, yəni kütləvi çıxışlarda, kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayətində ittiham etməsinə xüsusi ittihamçı tərəfindən irəli sürülən dəlillərə münasibət bildirərək belə hesab edir ki, həmin dəlillər əsaslıdır və məhkəmə araşdırması zamanı tədqiq olunmuş və biri digərini tamamlayan mötəbər sübutlarla açıq-aşkar təsdiq olunur. Belə ki, məhkəmə araşdırması zamanı xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim olunmuş diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs X1 informasiya vasitəsi hesab olunan “Whatsapp” sosial şəbəkəsində Fateh (İbrahimova) Lalə Salman qızını nalayiq söyüşlərlə təhqir etməklə sonuncunun şərəf və ləyaqətini qəsdən alçaltmışdır. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun “Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi”ndən bəhs edən 10-cu maddəsində deyilir ki, …dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şaiyələr, yalan və qərəzli yazılar, …çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində hər kəsin fikir və söz azadlığı hüququ təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 10-cu maddəsində də nəzərdə tutulur ki, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyasında fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs X8 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf – cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Həmin cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, ilk növbədə isə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə. idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin mənasına görə, təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Aparılmış məhkəmə istintaqı zamanı X4 10 nəfərdən artıq üzvü olan “Whatsapp” sosial şəbəkəsində yaradılmış “Whatsapp” qrupunda Fateh (İbrahimova) Lalə Salman qızını təhqir etməsi sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə özünü qismən təqsirli bilməsi özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş xüsusi ittihamçının, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən,cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən X4 cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmədə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, X6 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və cəzanın məqsədi ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilən X4 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 15.04.2021-ci il tarixli (iş № 1(060)-327/2021) qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42, 197-198, 344-347, 349, 350, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təyin olunmuş cərimə cəzası hökm qanuni qüvvəsini aldığı gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilən X7 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X15 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-327/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-327/2021
08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver