Məhkəmə qərarları › İş №1(060)-327/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-327/2024

17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-327/2024 17.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxx 1987-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2yan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs Sumqayıt Şəhər Məhkəməsində olan tanışlarının vasitəsilə sonuncunun övladları X7 barəsində CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 234.1-ci, X8 barəsində CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə Sumqayıt Şəhər Məhkəməsində baxılan məhkəmə işində hər birinə görə 1.500 (bir min beş yüz) manat ümumi 3.000 (üç min) manat müqabilində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza almalarına köməklik göstərəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq 2023-cü ilin iyun ayının sonlarında Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanda sonuncunun etibarından sui-istifadə etmə və aldatma yolu ilə 3.000 (üç min) manat pulunu alıb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək Zərərçəkmiş şəxs 3.000 (üç min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs sonuncunun övladları X7 və X2 məhkəmə işinin Sumqayıt Şəhər Məhkəməsində həllini tapmadığını, Bakı şəhərində başqa tanışlarının vasitəsilə övladlarının azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza almalarına köməklik göstərəcəyi üçün əlavə 1.500 (bir min beş yüz) manat pulun verilməsinin zəruri olmasını bildirərək həqiqətə uyğun olmayan məlumatlar verməklə yalan vəd verib aldadaraq 2023-cü ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanda sonuncunun etibarından suiistifadə etmə və aldatma yolu ilə 1.500 (bir min beş yüz) manat pulunu ahb ələ keçirdikdən sonra öz şəxsi məqsədləri üçün istifadə edərək Zərərçəkmiş şəxs 1.500 (bir min beş yüz) manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, X7 onun bacanağıdır, qohum kimi münasibətləri yaxşıdır, heç bir düşmənçilik və ədavətləri olmamışdır, ailəvi gediş-gəlişləri olmuşdur. Vahid, qardaşı Vüqar və tanışları X6 ilə birlikdə 2022-ci ilin avqust ayında Sumqayıt şəhəri ərazisində cinayət törətdiklərinə görə barələrində Sumqayıt ŞPİ-də İstintaq Şöbəsində CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə istintaqı aparılmış cinayət işi 2023-cü ilin iyun ayında Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İstintaq zamanı Vahid, Vüqar və Fərid barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş məhkəmədə olan zaman Vahidin anası Nargilə ona övladlarının məhkəmədə olan işlərinin həll etmək üçün adam tapmağını ondan xahiş etmiş, həmin vaxtı onun maddi vəziyyəti aşağı olduğu üçün Nargiləyə özündən demişdir ki, bu iş pul müqabilində həll oluna bilər, özündən Vahid və Vüqarın hər birinə 1.500 (bir min beş yüz) manat, ümumi 3.000 (üç min) manat müqabilində onların məhkəmədə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza almalarına köməklik göstərə biləcəyini demiş və Nargilə onunla razılaşmışdır. Nargiləyə bu işin həlli üçün Sumqayıt Şəhər Məhkəməsində tanış adam olduğunu, həmin adam vasitəsilə Vahid və Vüqar barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza almalarına köməklik göstərəcəyini və bununla bağlı bütün danışıqları aparacağını söyləmişdir. 2023-cü ilin iyun ayının son günlərində dəqiq xatırlamadığı tarixdə günorta saatlarında Nargilənin yaşadığı evə gedərək özündən Vüqar və Vahidin şərti cəza verilməsi işini danışdığını demiş və Nargilə ona evində 3000 (üç min) manat pulu vermiş, o, pulu götürüb Nargiləyə narahat olmamağını, bu işi 3.000 (üç min) manata həll edəcəyini, Vüqar və Vahidin çöldə qalacaqlarını bildirmişdir. Nargilədən aldığı 3.000 (üç min) manat pulu öz ehtiyaclarına xərcləmiş və vəd verdiyi kimi Vahid və Vüqarın işi ilə bağlı heç kimlə görüşüb danışıqlar aparmamışdır. Vahid və Vüqardan eşitmişdir ki, məhkəmədə onların işi Ramiz Quliyev adlı hakimin icraatındadır, ona görə də özündən Nargiləyə demişdir ki, bu işi X11n köməkçisi vasitəsi ilə həll edəcəkdir. 3.000 (üç min) manat pulu xərcləyib bitirdikdən sonra yenidən pula ehtiyacı olmuş, ona görə də, Nargilədən yenə də pul almağı düşünmüşdür. Bu minvalla təxminən 01(bir) aydan sonra Nargiləyə zəng edərək Vüqar və Vahidin işini Sumqayıtda həll olunmadığını, Bakıda tanışlarının vasitəsilə həll edəcəyini, ona görə də əlavə də 1.500 (bir min beş yüz) manat pul lazım olduğunu və həmin pulu təcili ona verməyini demiş və bir neçə gündən sonra 2023-cü ilin iyul ayının sonlarında dəqiq xatırlamadığı tarixdə günorta saatlarında Nargilə ilə zəngləşib evinə getmiş və Nargilə ona 1.500 (bir min beş yüz) manat pulu vermişir. Bundan sonra Nargilədə inam yaratmaq üçün keçirilən məhkəmə iclaslarında Vahid və Vüqarla birlikdə məhkəməyə getmiş, hər dəfə də Nargiləyə narahat olmamağını, danışdıqları kimi övladlarının çöldə qalacağını demişdir. Düşünürmüş ki, Vahid və Vüqarı tutmayacaqlar, əgər tutsalar belə Nargilədən aldığı pulu qaytaracaq, əsas o idi ki, o, öz maddi problemlərini həll etməli imiş, öz problemlərinə görə Nargiləyə həqiqəti gizlədib övladlarının məhkəmədə işini həll edəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə son məhkəmə olmuş, Vahid CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsiri bilinərək 01 (bir) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına, Vüqar isə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Son məhkəməyə işi olduğu üçün getməmişdir. Həmin gün axşam saatlarında Nargilə və ailə üzvləri ona zəng edərək nə baş verdiyini soruşub Vahid barəsində məhkəmə hökmündən narazı olduqlarını bildirmişlər, o, da həmin vaxtı Nargiləyə həqiqəti danışaraq, aldığı ümumilikdə 4.500 (dörd min beş yüz) manat pulu məhkəmədə heç kimə vermədiyini, ümumiyyətlə Vahid və Vüqarın işi ilə bağlı heç kimlə danışıqlar aparmadığını, pulu öz ehtiyaclarına xərclədiyini və onlara qaytaracağını demişdir. Sonra bilmişdir ki, Nargilə və oğlu Ceyhun Sumqayıt Şəhər Məhkəməsinə gedib orada onun barədə ərizə yazmışlar. Nargilədən əvvəlcə 3.000 (üç min) və sonradan 1.500 (bir min beş yüz) manat pulu özü almış və həmin puldan heç kimə verməmişdir. Həmin pulu almağını da ona heç kim deməmişdir. Nargilənin övladlarının məhkəmədə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza almalarına köməklik göstərilməsi ilə bağlı heç kimə bir söz deməmiş və heç bir aidiyyəti orqana müraciət etməmişdir. X11 və onun köməkçisini tanımır və həmin şəxslərlə heç bir əlaqəsi və danışığı olmamışdır. O, belə bir şəxslərin olduğunu Vahid və Vüqardan eşitdiyinə görə onlar barədə Nargiləyə özündən demişdir ki, guya həmin şəxslərlə işi həll edəcəkdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödəmiş və dövlət büdcəsinə ödəniləcək məbləği ödədiyini nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, dəymiş maddi ziyanı tam ödəmiş, eyni zamanda cinayət nəticəsində vurulmuş ziyanın 25%-i miqdarında pulu dövlət büdcəsinə ödəmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 3 oğlu vardır, birinci nikahdan Şahid, ikinci nikahdan X7 və X3r. Vahid, Vüqar və tanışları X6 ilə birlikdə 2022-ci ilin avqust ayında Sumqayıt şəhəri ərazisində cinayət törətdiklərinə görə barələrində Sumqayıt ŞPİ-də İstintaq Şöbəsində CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234-cü maddələri ilə istintaqı aparılmış cinayət işi 2023-cü ilin iyun ayında Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İstintaq zamanı Vahid, Vüqat və Fərid barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi X11n icraatına daxil olmuşdur. İş məhkəmədə olan zaman Vahidin bacanağı Təqsirləndirilən şəxs da Vahid və Vüqarla birlikdə məhkəməyə gedirmiş, həmin ərəfədə Ramal ona demişdir ki, məhkəmədə adam tapmışdır, həmin adam vasitəsilə Vahid və Vüqar barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza almalarına köməklik göstərəcəkdir və bununla bağlı bütün danışıqları aparacaqdır. O da Ramalın onların qohumu olduğu üçün sözünə inanmış, düşünmüşdür ki, köməklik edəcəkdir və Ramala ona dediyi işi danışmağını tapşırmışdır. 2023-cü ilin iyun ayının son günlərində dəqiq xatırlamadığı tarixdə günorta saatlarında Ramal yaşadığı evə gələrək X11n köməkçisi vasitəsilə Vüqar və Vahidin şərti cəza verilməsi işini danışdığını və bunun müqabilində hər birinə 1.500 (bir min beş yüz) manat ümumi 3.000 (üç min) manat verilməli olduğunu demişdir. O da Ramalın sözünə inanıb yaşadığı evdə 3.000 (üç min) manat pulu Ramala vermiş, Ramal pulu götürüb ona narahat olmamağını, 3.000 (üç min) manata işi həll edəcəyini, Vüqar və Vahidin çöldə qalacaqlarını bildirmişdir. Təxminən 10 (on) gündən sonra Ramal ona zəng edərək demişdir ki, Vüqar və Vahidin işini Sumqayıtda həll edə bilmirlər, Bakıda kiminləsə həll edəcəkdir, ona görə də əlavə də 1.500 (bir min beş yüz) manat pul lazımdır və həmin pulu təcili ona verməyini bildirmişdir. O da Ramala inanıb evinə çağırmış, 2023-cü ilin iyul ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə günorta saatlarında Ramal evinə gəlmiş və Ramala 1.500 (bir min beş yüz) manat pulu da vermişdir. Bundan sonra keçirilən məhkəmə iclaslarında Ramal Vahid və Vüqarla birlikdə məhkəməyə getmiş, hər dəfə də ona narahat olmamağını, danışdıqları kimi onların çöldə qalacağını demişdir. xx.xx.2023-cü il tarixdə son məhkəmə olmuş, Vahid CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsiri bilinərək 01 (bir) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına, Vüqar isə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin gün Ramal məhkəməyə getməmişdir. Ramalla əlaqə saxlayıb nə baş verdiyini soruşduqda, Ramal gələcəyini desə də gəlməmişdir. xx.xx.2023-cü il tarixdə böyük oğlu Ceyhun özü məhkəməyə gedib maraqlanmış, orada ona Ramalı tanımadıqlarını və Ramalla heç bir danışıqlar aparılmadığını, ümumiyyətlə onların Ramalla aralarında olan danışıqlardan məlumatları olmadıqlarını demişlər və həmin gün o, və Ceyhun Sumqayıt Şəhər Məhkəməsinə Ramalın onların etibarından istifadə edərək dələduzluq yolu ilə pulunu ələ keçirməsi ilə bağlı ərizə ilə müraciət etmişlər. Sonra Ramala əlaqə saxlayıb məhkəmədə heç kimlə danışıqlar aparmadığını bildirəndə Ramal demişdir ki, 4.500 (dörd min beş yüz) manat puldan 2500 (iki min beş yüz) manatı Vüqarın çöldə qalması üçün X11n köməkçisinə vermiş, qalan 2.000 (iki min) manat pulu isə Vahidin buraxdırılması üçün Bakıya kiməsə göndərmiş, lazım olsa onlara 2.000 (iki min) manat pulu qaytaracaqdır. O da Ramala yalan danışdığını, Vüqar barədə verilən hökmün təmannasız olduğunu və bu işlə özünün məhkəmədə maraqlandığını dedikdə Ramal danışdığı yalanların üstünün açıldığını görüb etiraf etmişdir ki, ondan aldığı ümumilikdə 4.500 (dörd min beş yüz) manat pulu öz borclarına xərcləmiş və məhkəmədə Vüqar və Vahidin işi ilə bağlı heç kimlə danışıqlar aparmamışdır və yenə də narahat olmamağını, pulunu ona qaytaracağını bildirmişdir. Sonradan o, pulunu Ramaldan geri tələb etdikdə ona müxtəlif bəhanələr gətirməyə başlamış, bilmişdir ki, ona pul qaytarmaq fikrində deyildir. Vüqar ondan ilk dəfə 3000 (üç min) manat, daha sonra isə 1.500 (bir min beş yüz) manat pul almışdır. Məhkəmə işində vəkil xərcləri ilə bağlı vəkil Məhərrəm Səfızadəyə 500 (beş yüz) manatı özü vermiş, bunun Ramala aidiyyəti yoxdur. Ərizədə Ramala 5000 (beş min) manat pul verməyi ilə bağlı fikrini düzgün ifadə edə bilməmişdir,o, Ramala ümumi 4.500 (dörd min beş yüz) manat pul vermişdir. Ona ümumilikdə 4.500 (dörd min beş yüz) manat maddi ziyan dəymişdir. Bildiyinə görə X10 anasından da eyni məqsədlə 2.000 (iki min) manat pul almış və sonradan qaytarmışdır. Məhkəmədə ərizə yazarkən Ramalan bu işlə bağlı daha kimdən pul aldığını soruşanda bunu qeyd etmişdir. İlkin araşdırma zamanı izahat verərkən fikrini düzgün ifadə edə bilməmiş, hazırda düzgün olaraq bildirir ki, Ramala 2023-cü ilin iyun ayının son günlərində dəqiq xatırlamadığı tarixdə günorta saatlarında yaşadığı evdə ilk dəfə 3.000 (üç min) manat, daha sonra isə 2023-cü ilin iyul ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə günorta saatlarında yaşadığı evdə 1.500 (bir min beş yüz) manat pul vermişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan tam ödənildiyindən ona qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barəşdəğənə, onun tərəfindən ona vurulmuş 4500 (dörd min beş yüz) manat və əlavə 300 (üç yüz) manat maddi ziyanı tam olaraq ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, X7 və X8 onun ögey qardaşlarıdır. Vahid və Vüqar tanışları X6 ilə birlikdə 2022-ci ilin avqust ayında Sumqayıt şəhəri ərazisində cinayət törətdiklərinə görə barələrində Sumqayıt ŞPİ-də İstintaq Şöbəsində CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234-cü maddələri ilə istintaqı aparılmış cinayət işi 2023-cü ilin iyun ayında Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İstintaq zamanı Vahid, Vüqar və Fərid barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İş məhkəmədə olan zaman anası Nargilə ilə söhbət zamanı demişdir ki, Vahidin bacanağı Təqsirləndirilən şəxs Vahid və Vüqar barəsində məhkəmədə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza almalarına köməklik göstərəcəyini söz verərək məhkəmədə tanışları olduğunu demiş və bunun müqabilində Ramala ilk olaraq 3.000 (üç min) manat daha sonra isə əlavə olaraq 1.500 (bir min beş yüz) manat ümumilikdə 4.500 (dörd min beş yüz) manat pul vermişdir. O da anasına heç bir söz deməmişdir. xx.xx.2023cü il tarixdə məhkəmə olmuş, Vahid CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsiri bilinərək 01 (bir) il 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına, Vüqar isə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Anası demişdir ki, həmin gün Ramal məhkəməyə getməmişdir. Onlar Ramalla əlaqə saxlayıb nə baş verdiyini soruşduqda, Ramal gələcəyini desə də gəlməmişdir. xx.xx.2023-cü il tarixdə o, özü məhkəməyə gedib maraqlanmış, orada ona Ramalı tanımadıqlarını və Ramalla heç bir danışıqlar aparılmadığını, ümumiyyətlə anası Nargilənin Ramalla aralarında olan danışıqlardan məlumatları olmadıqlarını demişlər və həmin gün anası və o, Sumqayıt Şəhər Məhkəməsinə Ramalın onların etibarından istifadə edərək dələduzluq yolu ilə pullarını ələ keçirməsi ilə bağlı ərizə ilə müraciət etmişlər. Sonra Ramala əlaqə saxlayıb məhkəmədə heç kimlə danışıqlar aparmadığını bildirəndə Ramal demişdir ki, 4.500 (dörd min beş yüz) manat puldan 2500 (iki min beş yüz) manatı Vüqarın çöldə qalması üçün X11n köməkçisinə vermiş, qalan 2.000 (iki min) manat pulu isə Vüqarın buraxdırılması üçün Bakıya kiməsə göndərmişdir, lazım olsa bizə 2.000 (iki min) manat pulu qaytaracaqdır. Anası da Ramala yalan danışdığını, Vüqar barədə verilən hökmün təmannasız olduğunu və bu işlə özünün məhkəmədə maraqlandığını dedikdə Ramal danışdığı yalanların üstünün açıldığını görüb etiraf etmişdir ki, anasından aldığı ümumilikdə 4.500 (dörd min beş yüz) manat pulu öz borclarına xərcləmiş, məhkəmədə Vüqar və Vahidin işi ilə bağlı heç kimlə damlıqlar aparmamış və yenə də narahat olmamağını, pulu anasına qaytaracağını bildirmişdir. Sonradan anası pulunu Ramaldan geri tələb etdikdə müxtəlif bəhanələr gətirməyə başlamış, bilmişlər ki, Ramal pul qaytarmaq fikrində deyildir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tutulmuşdur. İş materiallaında olan şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs götürülmüş Təqsirləndirilən şəxs ilə bir-birinə votsap proqram tətbiqi ilə göndərmiş olduğu səs yazılarını əks etdirən 01 (bir) ədəd CD diskə baxış keçirilən zaman: - "X17 2023-12-13" 75 KB həcmli 32 saniyəlik səs yazısında "Sala Nargilə xala, mən dünən danışdım axı sizinlə, axşam saat 10-da, indi mən də axtarıram, sizdən də xahiş elədim, görün siz tapa bilirsizsə tapın mən ödəyəcəm, fərqi yoxdu mənim üçün, indi mən də axtarıram, görək nə təhər edirik, siz tapsaz siz götürərsiz mən ödəyərəm, mən tapsan yenə də özüm ödəyərəm", - "X17 2023-12-13" 42 KB həcmli 18 saniyəlik səs yazısında "4500-dir də, adam ola hamısını götürərəm, birdəfəlik verərəm, mənə əslində bank sərf eləyir, bankdan götürən olsaydı 4500 hamısını götürüb verərdim, bilərdim ki, bir dənə bakın ödəyirəm", - "X17 2023-12-13" KB həcmli 18 saniyəlik səs yazısında qadın səsi-" Sabahın xeyr Ramal, nətərsən, bizi Bakıya çağırmışdılar, o pula görə, o 5000 görə, ora getdik, qaldı birici günə, indi neynəyək, nə fikirləşirsən Sən" - "X17 2023-12-13" 149 KB həcmli 01 dəqiqə 04 saniyəlik səs yazısında " Bilirəm Nargilə xala, özüm bilirsən ki, mənim də xasiyyətimi də bilirsənki, bu dəqiqə əlimdə ola gətirib verərəm, o, arvada verdiyim adamdan 2000 götürmüşdüm, 1000 bir, 1000-də bir tapıb verdim, o, adamın da biri dirənib ki, bu ayın axırı 1000 manatımı qaytar, dekabrın axırı 1000 manatı da qaytar, dünən Ceyhuna da dedim, ona görə də çaşıb qalmışam mən, qurban olum bir ana kimi, bilirsən ki, sizdən başqa mənim kimim var ki, sizdi-bizdi köməklik edəy, axırı düzəldəyə verəy mən ödəyəcəm, indi mən də çalışıram, görən nətər olur" - "X17 2023-13- 12" 38 KB həcmli 16 saniyəlik səs yazısında qadın səsi-" Ramal özüm də qalmışam belə, mən də istəyərm ki, tezliklə tapam, səninlə də biz qohumuq, istəmirəm də, biz qohumuq pislitk olsun, biz də çalışırıq" səs yazıların olması müəyyən olunmuşdur. Həmin səs yazılarını dinləyən Təqsirləndirilən şəxs bildirmişdirki, həmin yazılarda olan səs yazısı ona və Zərərçəkmiş şəxs məxsusdur, votsapla bir birinə səs göndərmişlər. İstintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək Sumqayıt Şəhər Məhkəməsində tanışlarının vasitəsilə sonuncunun övladları X7 barəsində məhkəmə işində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza almalarına köməklik göstərəcəyi barədə yalan məlumatlar verməklə yalan vəd verib aldatmaqla ayrı-ayrılıqda 3000 (üç min) və 1500 (bir min beş yüz) manat pulu özü tək almış, bu barədə qabaqcadan heç kimlə sövdələşməmiş və heç kimə bildirməmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Baş ofisinin 8389 №li, xx.xx.2024-cü il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında, yəni 1125 (bir min yüz iyirmi beş) manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs götürülmüş Təqsirləndirilən şəxs ilə aralarında bir-birilərinə votsap proqram tətbiqi ilə göndərmiş olduğu səs yazılarını əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşaq vardır (xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018ci il təvəllüdlü X5). İş materiallarında olan 22 MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda. təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə maddi sübut olan 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hazırki iş üzrə “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar