Məhkəmə qərarları › İş №1(060)-327/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-327/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-327/2025 10.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2025-ci il tarixdə saat 23:00 radələrində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən Şaurma restoranının yaxınlığında şəxsi münasibətlərin pozulması zəminində baş verən mübahisə zamanı bıçaqla Zərərçəkmiş şəxs sağ əl nahiyəsinə bir dəfə qəsdlə vuraraq sağ əlin 4-cü barmağının cərrahi tikişə ehtiyacı olan deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Səma onun keçmiş həyat yoldaşıdır. Onlar 2012-ci ildə ailə həyatı qurmuşlar və 6 övladları var. 2024-cü ildə isə rəsmi şəkildə ayrılıblar. Ayrıldıqdan sonra tez-tez övladlarını görmək üçün onun yaşadığı ünvana gedirmiş. Son günlərdə övladlarına görə onunla barışmaq istəmiş və buna görə Zərərçəkmiş şəxs ilə mübahisələri olmuşdur. xx.xx.2025-ci il tarixdə təxminən saat 23:00 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən Şaurma restoranının yaxınlığında ona yaxınlaşaraq barışmaq istədiyini bildirmiş, lakin o, onun üzərinə qışqıraraq təkidlə barışmayacağını demiş və aralarında mübahisə yaranmışdır. Bu zaman o, şalvarının arxa cibində saxladığı, meyvə doğramaq üçün istifadə etdiyi bıçaqla onu qorxutmaq istəmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs bıçağın tiyəsindən yapışıb onu burmağa çalışmışdır. O bıçağı özünə tərəf çəkməyə çalışmış və həmin vaxt bıçaq əlini kəsmişdir. Dərhal Zərərçəkmiş şəxs kömək edərək yaxınlıqda olan aptekdən bint alaraq onun əlini sarımış və evə aparmışdır. Sonradan Səmanın ondan polisə şikayət etdiyini öyrənmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə aralarında barışıq əldə edilmiş, ailələrini bərpa etmişlər və bir evdə yaşayırlar. Törətdiyi əməldən peşmandır, vurulmuş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2012-ci ildə ailə həyatı qurmuşdur. Birgə nikahlarından altı övladları var və 2024cü ildə rəsmi şəkildə ayrılmışlar. Ayrılmaqlarına baxmayaraq Təqsirləndirilən şəxs övladlarını görmək üçün tez-tez onların yaşadığı mənzilə gəlmişdir. Son dönəmlərdə Təqsirləndirilən şəxs onunla barışmaq istədiyini bildirmiş və bununla əlaqədar aralarına mübahisələr yaranırmış. xx.xx.2025-ci il tarixdə saat 23:00 radələrində Sumqayıt şəhəri, 5ci mikrorayon ərazisində yerləşən Şaurma restoranının yaxınlığında ona yaxınlaşaraq yenidən onunla barışmaq istədiyini bildirmiş, o isə barışmayacağını bildirmişdir. Təqsirləndirilən şəxsla aralarında mübahisə yaranmış, mübahisə zamanı Eminin əlində bıçaq olmasını görmüş və qorxmuşdur. Ona görə də bıçağı tiyəsindən tutaraq almağa çalışmışdır. Həmin vaxt Emin bıçağı geri çəkdiyi üçün bıçaq əlini kəsmişdir. Mübahisə zamanı Emin onu bıçaqla vurmaq istəməmişdir, özü bıçağı almaq istəyərkən bıçaq əlini kəsmişdir. Mübahisədən dərhal sonra Emin ona kömək edərək əlini sarımış və evə aparmışdır. Əlini sarıdıqdan sonra isə işə getmişdir. Xəsarəti elə ciddi olmamış, hazırda əli tam sağalmışdır. Eminlə əvvəllər aralarında belə mübahisələri olmamış və heç vaxt xəsarət almamışdır. Bu hadisədən sonra da aralarında hər hansı mübahisə olmamışdır. Əksinə ailə mübasibətlərini bərpa etmişlər və hazırda altı az yaşlı uşaqları ilə bir evdə yaşayırlar. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, sonuncu ona dəymiş ziyanı ödənimiş, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X3 Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 326 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ əlin İV barmağının cərrahi tikişə ehtiyacı olan deşilmiş-kəsilmiş yarası, sol əlin ovuc səthinin və həmin əlin İİ-İİİ-İV barmaqlarının səthi kəsilmiş yaraları. Qeyd olunan xəsarətlər iti kənarlı əşyanın (alətin) ola bilsin ki, bıçağın təsirindən yaranmışdırlar, müayinədən 1-2 gün əvvəl olmaqla qərarda göstərilnə xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə-sağ əlin İV barmağının cərrahi tikişə ehtiyacı olan deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya, digər xəsarətlər yəni- sol əlin ovuc səthinin və həmin əlin İİ-İİİ-İV barmaqlarının səthi kəsilmiş yaraları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3/318 saylı məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan əlavə və düzəlişlər edilməmişdir. - Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur; - Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş zərəri ödəmiş, sonuncunun ona qarşı heç bir tələb və şikayəti yoxdur. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki,Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Cinayət prosesini həyata keçirən orqan Cinayət Məcəlləsinin 73-cü maddəsinin tətbiqi ilə bağlı yekun nəticəyə gələrkən zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasına dair iradəsinin təzyiq və yaxud hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyini nəzərə almalıdır. Müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs ər-arvaddırlar, hazırda barışmışlar, ailə münasibətləri davam edir və eyni mənzildə yaşamağa davam edirlər. Belə ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasında təkrar verilmiş suallara hər dəfə daha cavab vermişlər ki, əvvəllər aralarında belə mübahisələr olmamış, hazırda barışmışlar, ailə münasibətləri davam edir və eyni mənzildə yaşamağa davam edirlər. Həmçinin, zərər çəkmiş şəxs bildirmişdir ki, barışıq ərizəsini heç bir kənar təsir olmadan vermiş, ərizəsi öz iradəsini əks etdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar