Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-328/2023 13.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət edən şəxs X1, Barəsində Xüsusi ittiham qaydasında şikayət olunan şəxs X2 iştirakı ilə, Xüsusi ittiham qaydasında X1 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən X1 müraciəti əsasında toplanmış material xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirilməsi məqsədi ilə Sumqayıt şəhər məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş İlhamə Kərimovanın şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Məlikova (Vəliyeva) Gülafət Vəli qızı ona məxsus bir neçə fotoşəklin üzərinə əxlaqsız sözlər yazaraq və nalayiq ifadələr ilə müşayət olunan musiqi ilə videorolik yazırlamış, “Tiktok” sosial şəbəkəsində “@gülafet00_” profilində paylamış və bunun çox sayda şəxs tərəfindən baxılmasına səbəb olmuşdur. Bu səbəbdən Məlikova (Vəliyeva) Gülafət Vəli qızı barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun ifadə verərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq da bildirdi ki, Vəliyeva Gülafət ona şər-böhtan ataraq “tik-tok” sosial şəbəkəsində profil açaraq onun şəkillərindən ibarət videorolik hazırlamış və əxlaqsız sözlər yazaraq həmin səhifədə paylaşmışdır. Ona görə də o, bütün tanışları arasında biabır olmuşdur. O, bu barədə DİN 102 qaynar xəttinə müraciət etmişdir. Gülafət Vəliyevanın dediyinə görə guya həmin səhifəni onun özü açmışdır. Lakin onun “Tik-tok” sosial şəbəkəsində yalnız bir profili vardır. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 bildirdi ki, o, əvvələr Kərimova İlhamənin dayısı ilə evli olmuşdur. Lakin sonradan məhkəmə qərarı ilə rəsmi nikahlarına xitam verilmişdir. Bundan sonra Kərimova İlhamə o və ailəsi ilə münaqişələr etmiş, onlara şər-böhtan ataraq barələrində polisə və məhkəməyə əsassız şikayət etmişdir. Hal-hazırda da İlhamə Kərimova yenə ona şər-böhtan ataraq guya adına “Tik-tok” sosial şəbəkəsində profil açaraq onun şəkillərindən ibarət videorolik hazırladığını və əxlaqsız sözlər yazaraq həmin səhifədə paylaşdığını bildirmişdir. Lakin o, həmin sosial şəbəkədə qeydiyyatdan keçməmişdir. Bu, Kərimova İlhamənin onun barəsində olan növbəti yalan şikayətidir. Qeyd olunanların nəzərə alınmasını və barəsində olan xüsusi ittiham qaydasında şikayət əsassız olduğundan və xüsusi ittihamçı tərəfindən şikayətə heç bir sübut əlavə edilmədiyindən şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ilkin olaraq aşağıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun deyildir, həmçinin şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1- 293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə Məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikasının CPM-nin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin məcəllənin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirir Bununla da, X1 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı şikayətin məzmununun Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Həmçinin iş materiallarından görünür ki, xüsusi ittiham qaydasında şikayət məhkəməyə X3 tərəfindən deyil, Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən göndərilmişdir. Bundan başqa məhkəməyə daxil olan materialda həmin videorolikin məhz Gülafət Vəliyeva tərəfindən hazırlanaraq sosial şəbəkədə paylaşılmasını təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə Məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət forma və məzmunca Azərbaycan Respublikasının CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib edilmədiyindən məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293-cü, 302-ci və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt şəhər Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-328/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-328/2023
13.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver