Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-328/2025 02.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, X5 katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu, Canbar Ə/D, Pirveys kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,267 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 01:42-də Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən ev 11/22-nin yan hissəsində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq üzərinə yoxlama keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu bir ədəd bükümdə təmiz çəkisi 0,267 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq, götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 45-ci məhəllədə yerləşən 3 nömrəli məktəbin qarşısında olan xəstəxanın yanında saxlanılmışdır. Saxlanılan zaman onun üzərində telefon və və pul olmuşdur. Bölmədə üzəri yoxlanılan zaman qanunsuz predmet aşkar edilməmişdir. O və tanışı Sadiq İmanova fiziki əziyyət verildikdən sonra sənədlərə imza atılması istənilmiş və savadsız olduğuna görə onlarla razılaşmışdır. Bölmədə polis əməkdaşları müayinəyə aparılan zaman narkotikin aşkar olunması üçün ona narkotik vasitə verdiyini, həmin narkotik vasitədən “2 tüstü” çəkdiyini bildirmişdir. Polis əməkdaşları ilə razılaşmasına səbəb isə qanında narkotik vasitə çıxmazsa satış ilə sənədləşdirilə biləcəyinin deyildiyini, bu səbəbdən onlarla razılaşdığını bildirmişdir. İlk dəfə ondan sənədlərə imza atılması tələb ediləndə buna etiraz edərək prokurorla görüşmək istədiyini bildirmiş, müstəntiq Murad tərəfindən 3-cü PB-yə aparılaraq sənədlərə imza atması tələb edilmişdir. Axşam saatlarına kimi bölmədə saxlanılmış, oradan çıxmaq üçün məcbur sənədləri imzalamışdır. Etiraf edir ki, cavanlığında “nəşə” adlanan narkotik vasitədən istifadə etmiş, lakin sonra istifadə etməmişdir. Saxlanılan zaman məhəllədən tanışı olan Sadiq İmanov da yanında olmuşdur. Çəkiliş aparılmazdan əvvəl narkotik vasitə cibinə polis əməkdaşı tərəfindən qoyulmuş, çəkiliş zamanı da onlar tərəfindən cibindən çıxarılmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onu təxminən axşam 11 radələrində 45-ci məhəllə ərazisində saxlamışlar. Həmin saatda tanışı Sadiq İmanovla rastlaşmış və birgə evə qayıdan zaman “Zəfəran” aptekin qarşısında saxlanılmış, Sadiq İmanovun narkotik vasitədən istifadə edib-etməməsi barədə məlumatı olmamışdır. Onun başına, kürəyinə və bel nahiyyəsinə zərbələr yetirilmiş, lakin bədəni üzərində hər hansı xəsarət izi qalmamışdır. X7 tərəfindən təzyiqə məruz qalmamış, onunla yaxşı davranmışdır. Bu baş verənlərlə bağlı savadsızlığına görə heç bir orqana müraciət etməmiş, çəkiliş aparılmazdan əvvəl müdafiəçisi ilə təkbətək görüşməmişdir. Əlavə olaraq bildirir ki, Şahid3 tərəfindən ona narkotik vasitə verilməmiş, adını bilmədiyi başqa bir polis əməkdaşı narkotik vasitə vermişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 01:42-də Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 11/22-nin yan hissəsi ilə piyada hərəkətdə olan zaman ona 3 nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları olduqlarını, onu qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqla, gəzdirməkdə şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər. Onlar videoçəkiliş aparmaqla üzərini yoxlamağa başlamışlar. Yoxlamadan öncə ona üzərində hər hansı qanunsuz predment varsa təqdim etməyi təklif olunmuşdur.O da əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu içərisində “patı” adlanan psixotrop maddə metamfetamin olan ağ rəngli kağız bükümünü təqdim etmişdir. Həmin büküm açılmış, içərəisndə metamfetamin aşkar olunmuşdur. Sorğu zamanı o həmin maddəni şəxsi istifadəsi üçün dadma baxmaqdan ötrü Sumqayıt şəhəri, Corat qəsəbəsində olarkən tanımadığı şəxsdən bükmünə 10 manat verməklə əldə etdiyini bildirmişdir. Bundan əlavə, polis əməkdaşı tərəfindən onun üstü yoxlanılmış və üstündən başqa heç bi əşya və predmet aşkar edilməmişdir. Həmin büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş, çəkisi 0,39 qram olmuş və ağ rəngli zərfə qoyulub qablaşdırılmışdır. Həmin zərfin üzərinə o da imza etmişdir. Daha sonra müvafiq sənədləşdirmə işinin aparılmasından ötrü onu 3-cü PB-nə dəvət etmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə 3-cü PB-nə gəlmişdir. Bölməyə gətirildikdən sonra orada ximdəti otaqlardan birində ona şübhəli şəxs qismində tutulmağı elna edilərək, hüquq və vəzifələri barədə bildiriş, özünün vəkili olmadığından təqdim edilmiş vəkillərin siyahısından hüquqlarının müdafiəsi üçün seçdiyi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vüqar Nəsirov təyin olunmuşdur. O bildirişlə tanış olaraq, vəkilə etirazının olmadığını bildirmişdir. Daha sonra qablaşdırılmış zərf açılaraq, içərisindən o saxlanılarkən üzərindən aşkar edilmiş 01 ədəd ağ kağız bükümdə olan metamfetamin yenidən vidoçəkiliş altında təqdim edilmişdir. Ondan həmin bükümün saxlanılarkən üzərindən aşkar olunub-olunmadığını soruşulmuş, o da həmin bükümün üzərindən aşkar olunan büküm olduğunu bildirmişdir. Sorğu zamanı o həmin maddəni şəxsi istifadəsi üçün dadma baxmaqdan ötrü Sumqayıt şəhəri, Corat qəsəbəsində olarkən tanımadığım şəxsdən bükümünə 10 manat verməklə əldə etdiyini bildirmişdir. Daha sonra həmin büküm başqa bir yeni zərfə qoyularaq qablaşdırılmış və üzəri tərəfindən imzalanmışdır. Bundan sonra müvafiq sənədləşmə aparılmış, o da həmin sənədlərə imza etmişdir. Narkotik vasitə və psixotop maddələrin satışı ilə heç vaxt məşğul olmamışdır. O həyacanlı olduğu üçün videoçəkiliş zamanı saxlanıldığı yeri səhvən 34-cü məhəllə kimi göstərmişdir. Əsl həqiqət ifadəsində göstərdiyi kimi olmuşdur. Bir daha bildirmişdir ki, o polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri 34-cü məhəllədə deyil, 36-cı məhəllədə saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs çəkilişin təzyiq altında aparıldığını, üzərindən aşkar olunan narkotik vasitənin ona məxsus olmamasını, narkotik vasitə istifadəçisi olmadığını, himayəsində az yaşlı övladının və anasının olmasını, yoldaşının şəhid övladı olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ 3-cü PB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər polis idarəsinin 3cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə Sumqayı şəhəri, 4-cü mkr, ev 30/80 mənzil 34 ünvanında qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu təşkil edilmişdir. Həmin məlumat əsasında saat 01:42 dəqiqədə əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 11/22 yaxınlığında piyada hərəkətdə olan zaman Təqsirləndirilən şəxs saxlanılmış, onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən tərəflərindən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah etmişlər və Bəhruz heç bir etiraz etməmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd ağ rəngli kağız bükümü çıxarıb təqdim etmiş,həmin bükümə baxarkən içərisində şəffaf rəngli kristallik psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin psixotrop maddəni xx.xx.2025-ci il tarixdə axşam saatlarında Corat qəsəbəsində tanımadığı şəxsdən 10 manat aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan maddə elektron tərəzidə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşmə işlərinin aparılmasından ötrü maddi sübut ilə birlikdə 3-cü PB-yə gətirilmiş, xidməti otaqlardan birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs vəkil təqdim olunmuş, bükülmüş büküm 01 ədəd zərfə qoyularaq yenidən möhürlənmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu demişdir. Şahid3 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs istifadə etməsi üçün narkotik vasitə verilməmiş, ona qarşı hər hansı təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1 və X3 ifadələrində Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 20-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarix, saat 01:42də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 67-ci vərəqəsində olan “qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarix, saat 17:00 radələrində müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 8-9-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılması” haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 04 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saat 01:42 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 11/22 yaxınlığında piyada hərəkətdə olan zaman saxlanıldı. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd ağ rəngli kağız bükümü təqdim edir. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində “metamfetamin” olan psixotrop maddə olduğunu deyir. Polis əməkdaşları tərəfindən bükümə baxış keçirilən zaman içərisində ağ rəngli kristallik metamfetaminə bənzər kütləyə bənzər maddənin olması müəyyən edilir. Həmin maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,39 qram olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs həmin maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin psixotrop maddəni xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri. Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini deyir. Cinayət işinin 29-30-cu vərəqəsində olan 04 mart 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması” haqqında protokoldan və protokola əlavə edilmiş 01 ədəd DVD diskdə videogörüntüyə keçirilmiş baxışdan görünür ki, 04 mart 2025ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir. Xidməti otaqların birində təhqiqatçı özünü təqdim etdikdən sonra şübhəli şəxsdən özünü təqdim etməsini istəyir. Şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını izah edir və ona hüquq və vəzifələri ilə bağlı bildiriş təqdim edir. Sonra polis əməkdaşları özlərini təqdim edirlər. Təqsirləndirilən şəxs vəkil təqdim olunur. O, vəkilə etiraz etmir. Təhqiqatçı tərəfindən 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən təqdim olunan 01 (ədəd) zərfə baxış keçirildi. Üzərində Təqsirləndirilən şəxs və polis əməkdaşlarının imzası olan 01 (ədəd) zərfdə 0,39 qram olan 01 ədəd ağ kağıza bükülmüş büküm 01 ədəd zərfə qoyulmaqla yenidən qablaşdırılıb mühürlənmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin psixotrop maddəni xx.xx.2025-ci il tarixdə axşam saatlarında saat Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini deyir. Təhqiqatçı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutularkən və polis bölməsində olarkən ona qarşı hər hansı bir qanunsuz hərəkət olub-olmadığını soruşur. Təqsirləndirilən şəxs ona qarşı heç bir qanunsuz hərəkət olmadığını bildirir. Müdafiəçi Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq olub-olmamadığını soruşur. Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq olunmadığını bildirir. Daha sonra təhqiqatçı çəkilişin dayandırılmasını qeyd edir. Cinayət işinin 42-43-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 20/6 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Vət. Bəhruz Mirəyevin üzərindən götürülmüş 01 ədəd bükümdə narkotik maddə..” sözlər və imzalar olan zərfdəki, 01 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,267 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Qeyd, Metanfetaminin təmiz çəkisi 0,267 qram, təhqiqata sərf edildi 0,05 qram qalıq 0,217 qram. Cinayət işinin 41-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 62.50 (altmış iki manat əlli qəpik) manat müəyyən edilmişdir. Cinayət işinin 81-82-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1484 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoliji tibb müəssisəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 87-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,267 qram olan psixotrop maddə olan “metamfetamin” cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza təhqiqatına sərf edilmiş kütlələr çıxmaqla təhqiqatdan sonra qalıq qalmış 0,217 qram çəkidə psixotrop maddə olan “metamfetamin” saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 103-107-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, baxış və götürmə aparılması ilə bağlı videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD diskdə videogörüntünün maddi sübut kimi hesab edilmiş və videogörüntü cinayət işinin materiallarında saxlanılmışdır. Cinayət işinin 84-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 86-cı vərəqəsində olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X4 vardır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (üzərində psixotrop maddə olmaması, həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından və görünür ki, təqsirləndirilən şəxs, məhkəməyədək icraat dövründə törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarının ona qarşı hər-hansı qanunsuz hərəkətlər etməsi barədə özü heç bir orqana şikayət və vəsatət verməmişdir. Həmçinin, ifadəsində polis əməkdaşları tərəfindən ona hər hansı fiziki zor tətbiq edilmədiyini qeyd etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan ziddiyyətlər özünü müdafiə xarakeri daşıyır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci il tarix, saat 01:42-dən xx.xx.2025-ci il tarix, saat 17:00-dək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhəri İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 23.00-dan növbəti gün, saat 07.00dək yaşadığı ünvan 1 ünvanında olan evi tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1484 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,217 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 62.50 (altmış iki manat əlli qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarix, saat 01:42-dən xx.xx.2025-ci il tarix, saat 17:00dək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23.00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji tibb müəssisəsində profilaktiki qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,217 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 62.50 (altmış iki manat əlli qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 08 saata görə 88 (səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin bitdiyi gündən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-328/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-328/2025
02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver