Məhkəmə qərarları › İş №1(060)-329/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-329/2021

07.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-329/2021 07.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1997-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 28.01.2021-ci il tarixdə saat 13-14 radələrində Bakı şəhəri, Bakıxanov qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd bükümdə təmiz çəkisi 0,480 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib daşıyaraq, üzərində saxlamış, 29.01.2021-ci il tarixdə saat 19:39 radələrində Sumqayıt şəhəri, 6-cı məhəllə ərazidə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-də xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,480 qram olan kustar üsulla hazırlanmış narkotik vasitəheroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, narkotik vasitə olan kakosdan (heroin) 6-7 dəfə müxtəlif vaxtlarda istifadə etmişdir. 28.01.2021-ci il tarixdə saat 13-14 radələrində şəxsi işi ilə bağlı Bakı şəhəri, Bakıxanov qəsəbəsi ərazisində olarkən tanımadığı şəxs ona yaxınlaşaraq üzərində 1 büküm narkotik vasitə olan kakos (heroin) olduğunu, 25 manata satdığını bildirmiş, o da 25 manat verib həmin 1 büküm narkotik vasitə kakosu (heroin) alaraq üzərində olan qara rəngli göndəkçəsinin sol iç cibinə qoyaraq saxlamışdır. 29.01.2021-ci il tarixdə saat 19 radələrində işlədiyi Sumqayıt şəhəri, “Əşya bazarı”ından taksi ilə Sumqayıt şəhəri, 6-cı məhəllə ərazisində yerləşən “Fəxri Market”ə getmişdir. Saat 19:39 radələrində həmin marketdən çıxdıqda 3 nəfər mülki geyimli və 2 nəfər polis formasında şəxslər videoçəkiliş ilə ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirərək ona hüquq və vəzifələr barədə bildiriş təqdim etmişlər. Həmin vaxt onun üzərində şəxsi axtarış keçirilməsi üçün video çəkiliş davam etməklə yanaşı onu Sumqayıt ŞPİ-nin 4-cü PB-yə dəvət etmişlər. PB-də xidməti otaqların birində təkrar saxlanılmağının səbəbi izah edilməklə ona hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 təqdim edilmişdir. O, təqdim edilmiş vəkilə etiraz etməmişdir. Ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması əgər vardırsa, həmin əşyanı təqdim etməyi təklif edilən zaman əynində olan qara rəngli gödəkçənin sol iç cibində saxladığı şəffaf rəngli sellofana bükülmüş, qəhvəyi rəngli maddəni təqdim edib onun narkotik vasitə olduğunu, Bakı şəhəri ərazisində tanımadığı şəxsdən aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və ümumi çəkisi yarım qrama yaxın olmuşdur. Həmin maddə kütləsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nə göndərilməsi üçün qablaşdırılıb möhürlənmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o da öz növbəsində həmin protokolu imzalamışdır. Narkotik vasitəni aldığı şəxsi həmin gün görmüş, əvvəllər onu tanımamış, onunla heç bir münasibəti yoxdur. Həmin şəxs haqqında heç bir şey bilmir, o, təxminən 28-29 yaşında, 170 sm hündürlükdə, arıq, qaraşın olmuşdur. Saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Həmin narkotik vasitə olan heroini üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün olmuş, kiməsə vermək və satmaq niyyəti olmamış, eləcə də kiməsə verməmiş və satmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunun nəzərə alınmaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində gəzdirilməsində şübhəli olduğundan 29.01.2021-ci il tarixdə saat 19:39-da onlar tərəfindən Sumqayıt şəhəri, 6-cı məhəllə ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı Röyal Rəcəbli saxlanılan şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim edib ona saxlanılmasının səbəbini izah etmişdir. Daha sonra o və Təqsirləndirilən şəxs saxlayan digər polis əməkdaşları özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər. Daha sonra X5 Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair bildirişin surətini təqdim etmiş, Təqsirləndirilən şəxs bildirişlə tanış olduqdan sonra X5 Təqsirləndirilən şəxs onun hüquqlarının Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən müdafiə oluncağı izah edilərək 4-cü Polis bölməsinə dəvət edilib orada onun üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Daha sonra videoçəkiliş dayandırılmadan 4-cü PB-yə gedib xidməti otaqların birinə daxil olduqdan sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 təqdim edilmişdir. X5 saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməsini bildirdikdə Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 1 ədəd büküm təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd büküm açıldıqda içərisində qəhvəyi rəngli maddə kütləsi aşkar edilmişdir. Ondan həmin maddənin nə olduğu soruşulan zaman həmin kütlənin “narkotik” olduğunu, Bakı şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 25 manata aldığını bildirmişdir. Həmin büküm tərəzidə çəkilərək yarım qrama yaxın oldugu müəyyən edilmişdir. Daha sonra həmin bükülü Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-ə göndərilməsi üçün qablaşdırılmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o da öz növbəsində protokola imza etmişdir. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nin cinayət-axtarış üzrə kiçik əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 29.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1 və Şahid3 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30.01.2021-ci il tarixli, 6/416 №li məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,480 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (heroinin təmiz çəkisi- 0,480 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-430 qramdır). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 25.02.2021-ci il tarixli, 589 nömrəli nömrəli rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 06.02.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29.01.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 31.01.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə o, həbsdən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla qəti cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,430 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 19.04.2021-ci il tarixli (iş № 1(060)-329/2021) qərarını icra edərək, 21 aprel 2021-ci il tarixli 362 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 (səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,430 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar