Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-329/2024 19.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X10, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 və onun müdafiəçisi Prestij Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X11 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X10, X5 və X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X15, X12 və X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X11 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində xüsusi ittiham qaydasında şikayət verdikləri X16 yaşadıqları binada qanunsuz şəkildə mənfəət əldə etmək üçün özünü tamamilə əsassız olaraq “komendant” elan edərək sakinləri davamlı olaraq təhqir edib, onlara böhtan atır. On ildir yaşadıqları binada sakinlərə qarşı özbaşına hərəkətlər sərgiləyən "xxxx" MTK müdiriyyəti bina idarəçiliyini AR Mənzil Məcəlləsinin tələblərinə uyğun şəkildə ümumi yığıncaq qaydasında onlara-payçılara təhvil vermək əvəzinə mülki qanunvericiliyə daban-dabana zidd olaraq müxtəlif firmalar vasitəsilə dələduzluqlarını davam etdirir. Bununla da MTK (!) direktoru Tahir Abbasov hüquqi öhdəliklərini yerinə yetirməmək üçün törətdiyi saxtakarlıqlara görə məsuliyyətdən qaçmağa cəhd edib. Belə ki, Tahir Abasov yuxarıda qeyd edilən ünvanda "xxxx" MTK-nm balansında olmuş 59A, 57B, 55A saylı binalara nəzarəti qanunsuz olaraq əvvəl özünün "xxxx" MMC firması, sonra isə birbaşa himayəsindəki "xxxx" MMC vasitəsilə həyata keçirməyə çalışır. Bu qanuna zidd əməlləri ifşa etdikdə isə qanunvericilik tələblərinə uyğun olmayaraq binanın idarəçiliyinin onların- sakinlərin əsla tanımadığı X16 adlı birinə məxsus "xxxx" MMC firmasına guya təhvil verildiyi bildirilib. Nəticədə isə qanunla tikilib başa çatdırılandan bir neçə ay sonra reklam vədləri və müqavilə şərtləri əsasında payçı sakinlərin sərəncamına verilməli olan binaya nəzarət növbəti dəfə də məlum fərman və məcəlləyə məhəl qoyulmadan, onlarınsakinlərin xəbəri və heç bir iştirakı olmadan yenidən əleyhilərinə dəyişdirilib. Sözügedən binalarda vəzifədən sui-istifadə etməklə dövlət səlahiyyətlərinin mənimsənilməsi halları da mövcuddur. Belə ki, heç bir qanuni əsas olmadan dövlət kommunal xidmətlərindən istifadəyə görə borcları olmadığı halda, guya hansısa “xidmət haqqı yığımları” üzrə borc olması iddiası ilə ümumi istifadə sahələri məhdudlaşdırılıb. Nəticədə sərbəst hərəkət azadlıqları pozulub. Qanunsuz varlanmaq üçün köməkçi (qaraj yeri, saxlanc otağı, çardaq çıxışı) sahələri əllərindən alınıb, (bilərəkdən bloklanaraq şantaj predmetinə çevrilmiş liftdəki saxta kilid sistemi ancaq sonuncu məhkəmə qərarına əsasən ləğv olunub), yanğın təxliyyə keçidləri isə hələ də bağlıdır (məsələ üzrə apellyasiya prossesi paralel davam edir). Bu ciddi qanun pozuntuları ilə bağlı "xxxx" MTK və "xxxx" MMC-yə qarşı “Xüsusi mülkiyyətçilərin ümumi istifadə sahələrinə qoyulan maneələrin aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişlər. Məhkəmənin 12 sentyabr 2023-cü il tarixli, 2(060)-3963/2023 saylı qətnaməsi ilə (işə baxan hakim Aynur Behbudova) iddia tələbi qismən təmin edilib və ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının ümumi istifadə sahələrinə qoyulmuş maneələrin - binanın girişinin, liftdən istifadənin, təxliyə çıxışlarının bloklanmasının aradan qaldırılması qət edilib (qətnamənin surəti əlavə edilir). Baş verən qanunsuzluqlara göz yummayıb haqqlarını tələb etmişlər, müxtəlif dövlət qurumlarına saysız-hesabsız şikayətlər ünvanlamışlar. İnsanlığa həqarət olan bu cür özbaşınalıqlara səssiz qalmadıqları üçün özünü “komendant” adlandıran Aygün Cavadova tərəfindən dəfələrlə onlara qarşı əxlaqa və mental dəyərlərə sığmayan hərəkətlərə - xof, yalan, şər, böhtan, təhdid, təhqirlərə yol verilib. Konkret olaraq 5 dekabr 2022-ci ildən 25 yanvar 2023-cü ilədək, təxminən bir ay boyunca “komendant” Aygün Cavadova hamilərinin verdiyi cəsarətlə digər bina sakinlərini də öz əməlinə alət etməklə, saxta, heç bir əsası olmayan elan yazaraq şəxsi hesablarına təmir etdirdikləri blok divarına asmaqla onları xuliqanlıqda şərləyib. Elan yazısında müvafiq olaraq mənzillərinin nömrələri - 90, 69, 67, 60, 57 də göstərilib, elanın altında yazının A.Cavadova tərəfindən vurulduğunu göstərən “komendant” vəzifəsi qeyd edilib. Elanda bildirilir ki, guya onlarqonşular liftin daxilini cızıb, səliqəsini pozmuşlar. Bu, absurd yazı tamamilə ağ yalan və heç bir sübutu olmayan qarayaxmadır! Onlar özləri hamını səliqə-səhmana, nümunəvi davranışlara səsləyən insanlardır, necə ola bilər ki, yuxarı mərtəbələrdə yaşayaraq ən çox liftdən istifadəyə ehtiyacları olduğu halda lifti cızıb və ya başqa hansısa bu kimi əməllərə yol versinlər!?. Bir çox məmur dostları da onları yaxşı tanıyır, hamısı da hörmətlə yanaşır. Çünki, daim riyakarlıqdan uzaq, ədalətdən yana və qanuna sədaqət nümayiş etdirən etatist vətəndaşlardırlar. Eləcə də şikayətçi Aytac Ədilova (Türkiyə Cümhuriyyəti vətəndaşı) da əsassız elana etirazını bildirərək elə vərəqdə türk dilində (!) “komendant”a öz irad qeydlərini edib, “komendant”ın böhtan atdığını elə elan yazısındaca qətiyyətlə bildirib. Ortada heç bir əsası, faktı olmadığı halda A.Cavadovaya kim ixtiyar verib ki, başqalarına böhtan atır, üstəlik, mənzilin nömrələrini ümumi yerdə yerləşdirir? A.Cavadova bu hərəkətilə onlara böhtan atıb, onları şərləyərək bütün bina sakinləri qarşısında ləkələməyə çalışıb, onları avara kimi qələmə verməklə işgüzar nüfuzlarına zərbə vurub. Telefonda müvafiq çəkiliş, şəkil də var (onlara böhtan atılan elanın fotoşəkili əlavə edilir). Özünü yalandan binanın “komendant’ı elan edən X11 davamlı özbaşınalıqlarından, qanunsuzluqlarından şikayət etdikləri üçün A.Cavadova onlardan qisas almağa çalışır. A.Cavadova binanın digər sakinlərinə onları gah xuliqan kimi tanıtmağa çalışır, gah da qisas məqsədilə hər birinə qarşı ayrı-ayrılıqda qanunsuz əməllər törədir. Belə ki, A.Cavadova bina sakinlərindən şikayətçi X7 qarşı görünməmiş özbaşınalıq edib. Bu ilin yazında A.Ədiİova liftdən istifadə edərkən “komendant” A.Cavadova qanunsuz tələb etdiyi pulu verməyəcəyi üçün lifti özbaşına söndürüb dayandırmaqla Aytac Ədilovanın liftdə qalmasına səbəb olub. Bu barədə mətbuatda da məlumat verilib (şəkil əlavə edilir). Cinayət tərkibli qanun pozuntularına yol verən A.Cavadovanın bundan sonra xoşlanmadığı şəxsdən qisas almaq üçün eyni tərzdə istədiyi zaman lifti dayandırıb xəstəliyi olan kimisə saatlarla liftə saxlamaqla ölümə tərk etməyəcəyinə kim zəmanət verə bilər?!. Aygün Cavadova “komendant” vəzifəsindən sui-istifadə edərək davamlı qanunsuz və özbaşına hərəkətləri ilə onları alçaltmaq, gözdən salmaq niyyəti güdür. O, məqsədinə nail olmaqdan ötrü şərəf və ləyaqətlərini təhqir edir, onlara böhtan atıb. Qeyd olunan məqamlar məhkəməyə təqdim olunan sübutlarda da təsdiqini tapıb. Davam edən dərəbəyliklərə etiraz etmiş digər narazı qonşular da bütün yaşananlara şahiddirlər. Aygün Cavadovanın qanunsuzluqlarını bina sakinlərindən xüsusilə aşağıdakı şəxslər də təsdiqləyə bilərlər, aşağıda adı keçən şəxslər indiyədək binalarında A.Cavadova tərəfindən də törədilən bütün özbaşınalıqlara şahiddirlər: 1. X1: Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi 589,bina 57B, mənzil 60. Telefon (050-335 80 69); 2. X2: Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi 589, bina 57B, mənzil 57 Telefon: (070-234 45 35). “Komendant” Aygün Cavadova heç bir sübut olmadan onları guya lifti korlamaqda ittiham edir. Onlara qarşı böhtan atılması faktı özlüyündə şikayət üçün ciddi əsas yaradır. Qarşı tərəflə bugünədək baş vermiş saysız-hesabsız insident hallarına görə dəfələrlə aidiyyatı qurumların qaynar xəttinə məlumat vermişlər, həmin qurumlara şikayətlər göndərmişlər, vəzifəli şəxslərin qəbulunda olmuşlar, video müraciətlər ünvanlamışlar. Lakin, müraciətlərinin heç birinə baxılmayıb. Sonuncu dəfə 29 mart 2023-cü il tarixində növbəti insidentə görə polis Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsində ərizə və izahatlar verdikdən sonra A.Cavadova polis bölməsinin rəisinin qəbuluna çağırılıb və ciddi tənbeh olunub. Sonradan onlara məlum olub ki, A.Cavadova barəsində inzibati xətayla bağlı keçirilən 31 mart 2023 tarixli məhkəmə iclasında sahə müvəkkili, polis kapitanı Rüstəm Fərəcov zərərçəkmişlərin yerinə imza atmaqla saxta protokol tərtib edib, izahatlarını inzibati xəta haqqında protokolda qeyd etməyib. Bunu aşkara çıxarandan sonra müvafiq sorğular vermişlər. Polis əməkdaşı cəzalansa da məhkəməyə həqiqi protokol sənədi təqdim edilməyib. Hazırda bu şikayətlə məhkəməyə müraciətlərinin səbəbi məsələyə hüquqi qiymət verilməsi və ədalətli qərarın yalnız məhkəmə qaydasında verilə biləcəyinə olan sonsuz inamlarıdır. İnanırlar ki, onlara böhtan atan biri ədalətli məhkəmə araşdırması nəticəsində cəzasız qalmayacaq və cinayət məsuliyyətinə cəlb olunacaq. Qeyd edilənlərə əsasən onların haqqında yalan yayan, onlara böhtan atan, nüfuzlarını ləkələyən, onları təhqir edən, ictimai şəkildə şərəf və ləyaqətlərini alçaldan X11 AR Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X15 şikayətinin məzmununa uyğun çıxış etmiş, həmçinin əlavə olaraq bildirmişdir ki, tərəflərindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən bir neçə dəfə imtina edilmişdir. İmtina üçün hər dəfə bir əsas qeyd edilmiş və həmin hallar aradan qaldırılmışdır. Ona görə də şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi bildirmişdir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsində şəxsin konkret olaraq nədə ittiham olunması göstərilməlidir. Lakin, hazırki şikayət üzrə heç bir sübut mövcud deyil. Sübut kimi yalnız binanın blokuna asılmış müraciət göstərilmişdir, orada isə ümumi bir yazı yazılmışdır. Bundan əvvəl də eyni məzmunda xüsusi ittiham qaydasında şikayətlər verilmiş, məhkəmə tərəfindən şikayətin icraata götürülməsindən imtina edilmiş, həmin imtina qərarlarından şikayətçilərin apellyasiya şikayəti təmin edilməmişdir. Hazırda da, heç bir əlavə və düzəliş olmadan, eyni əsaslarla məhkəməyə müraciət edilmişdir. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X16 müdafiəçisinin qeyd etdiklərini təsdiq edərək xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X12 və X6 məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür, ona görə də şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)- 475/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən X11 baəsində Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə X15, X12, X6, X8 və X9 xüsusi ittiham qaydasında verdikləri şikayət ərizəsinin icraata götürülməsindən imtina edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərin xüsusi ittiham qaydasında şikayətlərinin məhkəmənin hazırlıq iclasında yoxlanılması zamanı şikayətin məzmununun Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Bundan başqa cinayət hadisəsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadığı, o cümlədən şikayətin əsassız olduğu, şikayət vermiş şəxslərin dəlillərini əks etdirən sübutların şikayətə əlavə edilmədiyi müəyyən edilmişdir. Məhkəməyə daxil olan materiallarda Aygün Cavadovanın həqiqətən də şikayət edən şəxslərə böhtan atmasını (yəni, yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) və ya təhqir etməsini (yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) etməsini təsdiq edəcək hər hansı mötəbər sübut şikayətə əlavə olunmamış, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edilməsi qeyd olunmamışdır. Bundan başqa qanunda xüsusi ittiham qaydasında cinayət təqibinin yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında yəni fərdi qaydada həyata keçirilməli olduğunun qeyd edildiyini, şikayətin isə ümumilikdə 5 nəfər şəxs tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmişdir. Şikayətçilər öz izahatlarında Aygün Cavadovanın onları müxtəlif vaxt və yerlərdə təhqir etdiklərini bildirmişlər. Hadisələrin müxtəlif vaxtlarda baş verməsini nəzərə alaraq, onların kollektiv qaydada vahid şikayət ərizəsini imzalamaqla məhkəməyə müraciət etmələri tam olaraq əsassızdır. Həmin qərardan apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-345/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-475/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin 1(060)-618/2023 saylı, xx.xx.2023- cü il tarixli qərarı ilə eyni əsaslarla X11 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə X15, X12, X6 və X4 xüsusi ittiham qaydasında verdikləri eyni məzmunlu şikayət ərizəsinin icraata götürülməsindən imtina edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-487/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-618/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasında təqdim edilmiş sübutlara mahiyyəti üzrə qiymət verilməsə də, ilkin olaraq həmin sübutların mövcudluğuna, şikayət vermiş şəxsin dəlillərini təsdiq edib-etməməsinə, eyni zamanda bu mərhələdə istinad əmələ mahiyyəti üzrə qiymət verilməsə də, ilkin olaraq həmin əməldə cinayət əlamətlərinin olub-olmamasına diqqət yetirilməlidir. Bu Azərbaycan Respublikası CPM-nin 302.1.6 və 302.1.7-ci maddələrinin imperativ tələbidir. Hazırda şikayətçilər ərizələrində göstərdikləri halları təsdiq edən ilkin sübut kimi yaşadıqların binanın blokunun divarına asıldığını bildirdikləri elanın surətini iş materiallarına əlavə etmişlər. Rəsmi formada hər hansı şəxs və ya şəxslər tərəfindən imzalanmamış və təsdiq edilməmiş həmin bir səhifədən ibarət müraciətin məzmununa baxdıqda isə müəyyən edilir ki, orada hər hansı şəxs və ya şəxslərin adı qeyd edilməmiş, ümumi formada 90, 69, 67, 60 və 57 saylı mənzillər qeyd edilmişdir. Həmçinin müraciəti yazan şəxs də müəyyən edilmir, ümumi formada qeyd edilir ki, “59A-57B-55B bina sakinləri və komendant”. Yəni, nə qeyd edilən müraciəti yazan şəxs (şəxslər), nə də həmin müraciətin ünvanlandığı konkret şəxs (şəxslər) müəyyən edilmir. Beləliklə də, qeyd edilən müraciətin hazırki iş üzrə bilavasitə şikayət vermiş şəxslərə ünvanlanması öz təsdiqini tapmır. Həmçinin müraciətin məzmununa diqqət yetidikdə müəyyən edilir ki, məzmunda hər hansı şəxs və ya şəxslərin şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salmağa yönəlmiş xarakterdə məlumatlar yoxdur. Müraciət liftin səliqəsinin pozulması və cızılması ilə bağlı irad xarekterində yazılmışdır. Məhkəmə qeyd edir ki, şikayətçilərin iddia etdiyi bu əməl Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinin dispozitiv şərtləri ilə uyğunluq təşkil etmir və həmin əməldə Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinin ilkin əlamətləri müəyən edilmir. Yuxarıda da qeyd edildiyi kimi iş üzrə hazırlıq iclasında məhkəmə əmələ mahiyyəti üzrə qiymət verməsə də, ilkin olaraq şikayət verilmiş əməldə cinayət əlamətlərinin olub-olmamasına mütləq diqqət yetirməlidir. Məhz istinad edilən əməldə cinayət əlamətləri olduqda, şikayət əsaslı olmaqla şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirdikdə və işin məhkəmə baxışına təyin edilməsini istisna edən digər hallar olmadıqda şikayətin məhkəmənin icraatına götürülməsi mümkün ola bilər. İş icraata götürülərək məhkəmə baxışında təyin edildiyi halda isə artıq barəsində şikayət verilmiş şəxs təqsirləndirilən şəxs statusu almış olur və bu qərar öz prosessual əhəmiyyətinə görə ictimai ittiham qaydasında icraatı aparılan cinayət işləri üzrə cinayət işinin başlanması və təqsirləndirilən şəxs qismində cəlb etmə qərarlarını bir növ əvəz edir. Bu baxımdan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasında qeyd edilən məsələlərin yoxlanılması əhəmiyyətlidir. Qeyd edildiyi kimi şikayət icraata götürüldüyü halda bu barəsində şikayət verilmiş şəxs üçün ciddi məhrumiyyətlər yaradır və bu baxımdan hazırlıq iclası mərhələsində şəxsin hüquq və mənafelərinin təmini baxımından qeyd edilən məsələlər ciddi yoxlama və qiymətləndirmə tələb edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından, həmçinin şikayət əsassız olmaqla şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi üçün şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.6, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X11 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X10, X5 və X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-329/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-329/2024
19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver