Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-33/2023 26.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, orla təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əsassız ittiham irəli sürülmüşdür ki, o, 03 mart 2022-ci il tarixdə saat 22:30-da Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsində yerləşən 19 nömrəli orta məktəbin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli gödəkçəsinin sol iç cibindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə təmiz çəkisi 1.340 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 03 mart 2022-ci il tarixdə səhər saat 10 radələrində işdə olan zaman Sumqayıt ŞPİ-nin 2-ci PB-nin CA üzrə kiçik inspektoru Şahid2 gələrək ona fəhlə işi olduğunu bildirmiş və onu bölməyə getməyə dəvət etmişdir. Avtomobilə əyləşərək polis bölməsinə getmişlər. Polis bölməsində narkotik vasitənin ona məxsus olduğunu etiraf etməsi üçün İsmayıl və Nəsir adlı polis əməkdaşları tərəfindən dəfələrlə döyülmüş, ona işgəncə verilmiş, sonda ağrılara dözə bilmədiyi üçün narkotik vasitəsinin ona məxsus olması barədə etirafedici izahat vermək məcburiyyətində qalmışdır. Videoçəkiliş edərək üzərinə baxış keçirilmiş, guya narkotik vasitənin onun üzərindən aşkar edilərək götürülmüş və bu barədə sənədləşmə aparılmışdır. Onu səhər saatlarında bölməyə aparsalar da anasının bu barədə günorta vaxtı xəbəri olmuş və bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Onu buraxdıqları gündən 2-3 gün sonra 2-ci Polis Bölməsinin Zaur adlı polis əməkdaşı onların yaşadığı ünvana gələrək onları bölməyə dəvət etmiş, birlikdə polis bölməsinə getmişlər. Orada onunla profilaktiki söhbət apardıqdan sonra, anası X18 oğlunu, yəni onu xəsarətlə bağlı ekspertizaya aparacağını bildirdikdə polis əməkdaşı ona ekspertizaya aparmamasını, onsuzda tutulmayacağını, məhkəmədə yalnız qandal vurub buraxılacağını bildirmişdir. Psixi və fiziki təsirə məruz qaldığından qorxmuş, nə özü, nə də anası heç bir yerə məlumat verməmiş, şikayət etməmişlər. Əvvəllər narkotik vasitə istifadə etsə də, həmin gün onun üzərində narkotik vasitə olmamışdır. Himayəsində bir azyaşlı uşağı vardır, uşaq doğulandan anası onu atıb getmiş, hal-hazırda qızını tək böyüdür. Məhkəmədən təqsirsiz olduğu üçün ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və satışında şübhəli olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra müvafiq əmrlə ondan, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin polis sahə rəisi Şahid3, kiçik inspektor Şahid2 ibarət əməliyyat qrupu təşkil etmişlər. Təqsirləndirilən şəxs gecə saatlarında tarixi dəqiq xatırlamadığı vaxtda Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, 19 saylı məktəbin yaxınlığında saxlamış, özlərini təqdim edərək həmin şəxsi Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmiş, sonuncu da heç bir müqavimət göstərmədən onlarla birlikdə 2-ci PB-nə gəlmişdir. Baş təhqiqatçı Mətləb Abbasov saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilmişdir. Təqsirləndirilən şəxs özü əynindəki gödəkçənin cibindən 01 ədəd gümüşü bükümdə içərisində qəhvəyi rəngli narkotik vasitə heroin kütləsini çıxarıb stolun üzərinə qoyaraq təqdim etmişdir. Üzərindən çıxan narkotik maddənin kütləsi təxminən 1 qramdan çox olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitəni qəbul etməsi dəqiq olsa da satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq olmamışdır. Məhkəmə iclasına yenidən dəvət edilən şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs əməliyyat tədbirləri nəticəsində saxlanılmış, 2-ci PB-nə gətirilmişdir. Bölmədə hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. Lakin həmin gün bir neçə şəxs tutulduğundan hansı vəkilin dəvət edildiyini xatırlamır. Təqsirləndirilən şəxs üzərindən heroin aşkar edilmişdir. Şəxs özü də narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxsin günorta saatlarında tutulması ilə bağlı bildirdi ki, ola bilsin ki, o başqa işlə bağlı tutulmuşdur, lakin bu iş üzrə gecə saatlarında tutulmuşdur. Təqsirləndirilən şəxs yalan ifadə verir. Hadisənin ibtidai istintaq zamanı verdiyi ifadədə olduğu kimi baş verdiyini və ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin polis sahə rəisi, polis baş leytenantı X7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin üzərində gəzdirilməsində və istifadəsində şübhəli olması barədə məlumat daxil olmuşdur. Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 və kiçik inspektor, polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Məktəbli küçəsində saxlamışlar. Vaxtı dəqiq xatırlamır. Həmin şəxsi Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmiş, sonuncu da heç bir müqavimət göstərmədən onlarla birlikdə 2-ci PB-nə gəlmişdir. Üzərinə baxış keçirilərkən şəxsin üzərindən heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin kiçik inspektor, polis baş serjantı Şahid2 ifadəsində göstərdi ki, təxminən mart ayında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən H.Z.Tağıyev qəsəbəsində yerləşən Məktəbli küçəsində saxlanılaraq 2-ci PB-nə dəvət edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Bu zaman şəxsin üzərindən narkotik maddə aşkarlanmışdır. Lakin narkotik maddənin növünü xatırlamır. Sorğu zamanı Təqsirləndirilən şəxs xəstəsi olduğunu, istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs gündüz vaxtı fəhlə işi ilə bağlı aparılması barədə izahatına dair bildirdi ki, onun usta kimi fəaliyyət göstərməsindən xəbəri yoxdur, onu əməliyyat tədbirləri nəticəsində saxlamışlar, əməliyyat tədbirində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin polis sahə rəisi, polis baş leytenantı Ziyad Nuraliyevin və Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 iştirak etmişdir. Təqsirləndirilən şəxs gündüz vaxtı saxlanıldığını, saxlanılma saatını xatırlamadığını, havanın şəxsi üzdən tanıyacaq dərəcədə açıq olduğunu bildirmişdir. İstintaq zamanı verdiyi ifadəsi elan olunarkən şəxsin tutulma saatı ilə bağlı ziddiyyəti izah edə bilməmiş, işlərin çoxluğundan başqa işlə səhv sala biləcəyini qeyd etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında şahid X18 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs anasıdır. Həmin tarixdə səhər Etibar işə getmişdir. O da Etibarın nahara gələcəyini gözləmiş, lakin təxminən saat 12 radələrində qonşuluqda mağazada işləyən bir qadın ona Etibarın polislər tərəfindən aparıldığını bildirmişdir. O, Etibarın ardı ilə polis idarəsinə getmişdir. Orada Etibarı nə üçün tutduqlarını soruşmuş, Etibarın üzərindən narkotik vasitə aşkar olunduğunu bildirmişlər. Daha sonra Etibarı görmüş, o, döyülmüş vəziyyətdə olmuşdur. Etibarın niyə döyüldüyünü soruşmuş, şikayət edəcəyini bildirmiş, bu zaman ona “nə istəyirsən et” deyə cavab vermişlər. Etibar oradan qışqıraraq üzərində heç nə olmadığını, narkotiki ona verərək çəkiliş apardıqlarını, narkotik vasitənin guya onun üzərindən aşkar olunduğunu bildirmişdir. Əvvəllər də dəfələrlə bu cür hallar baş vermiş, Etibarı aidiyyatı olmadığı cinayət əməllərinə görə tutmuşlar, həqiqət üzə çıxdıqdan sonra onlardan üzr istəyərək onu buraxmışlar. Daha sonra evə gələrək dəfələrlə DİN-nin 102 xidmətinə zəng etmiş, sonda Etibarın döyülməsi ilə bağlı müraciət etmişdir. Telefonla zəng etməsi saat təxminən 15:00-15:30 aralığında olmuşdur. Bir gün yarımdan sonra Etibar evə gəlmiş, gəldikdə başında yaralar, şişlər olmuş, ayaqlarını çətinliklə yerə basmışdır. Lakin həmin vaxt Etibarı ekspertizaya aparmamış, heç yerə şikayət etməmişdir. Etibar evə gəldikdən bir neçə gün sonra onları yenə 2-ci PB-nə dəvət etmişlər. Bu zaman o, Etibarı ekspertizaya aparacağını, şikayət edəcəyini bildirmiş, lakin ona ekspertizaya getməməsini, şikayət etməməsini, onsuzda Etibarı tutmayacaqlarını bildirmişlər. Özü heç vaxt Etibarın narkotik maddədən istifadə etdiyini görməmişdir. Sonrakı məhkəmə iclasına yenidən dəvət edilən şahid X18 ifadəsində göstərdi ki, polis bölməsi tərəfindən bir neçə dəfə dəvət edilmiş, ona DİN-nin 102 xidmətinə etdiyi müraciətlə bağlı araşdırma aparıldığı bildirilmiş, bununla bağlı ona sənədlər imzalatmışlar. Məhkəmə tərəfindən sorğu edilərək polis idarəsindən alınmış materiallarda onun adından yazılmış ərizə ilə bağlı bildirdi ki, həmin ərizəni o yazmamışdır. Həmçinin polis idarəsinə özü müraciət etməmiş, dəvət edilmişdir. İmzaladığı sənədlərin, ərizələrin məzmunundan xəbəri olmamış, ona Etibarın buraxıldığı üçün işin bağlanılmalı olduğunu, prosedur qaydalarına uyğun olaraq imza etməli olduğu bildirilmişdir. Eyni zamanda cinayət işi məhkəməyə daxil olduqdan sonra həm özünün, həm də Etibarın polis əməkdaşları tərəfindən psixi təsir və hədə-qorxuya məruz qaldıqlarını, dəfələrlə ona məhkəmədə verdikləri ifadələrə görə Etibarı tutacaqları bildirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan protokol və qəraradan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, 19 nömrəli məktəbin yaxınlığında xx.xx.2022-ci il tarixdə saat 22:30-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra inspektorkriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə saldı və iştirakçılarla birlikdə həmin tarixdə, saat 23:00-də PB-də, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və vəkili X10 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli gödəkçənin sol iç cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümü təqdim etdi. Həmin büküm açıldı, bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin “kakos” olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə 20 Yanvar metrosu ərazisində 10 manata tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qəhvəyi rəngli spesifik iyə malik olan maddə tərəziyə qoyulub çəkilən zaman bükümdəki maddənin çəkisinin 1,58 qram olduğu müəyyən olundu və həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM- nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 126 saylı möhürü ilə möhürləndi. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1317 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 126" dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən..." və s. sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 1.340 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata sərf edildi-0,05 qram, qalıq-1,290 qram. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 1,340 qram olmuş, lakin təhqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1,290 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı 01 (bir) ədəd disk "HP" markalı kompüterə daxil edildikdən sonra, kompüterin "Windows Media" proqramı işə salındıqda diskin yaddaşında 01 (bir) ədəd faylın olduğu müəyyən olundu. Həmin fayla kompüterin “maus” adlanan aləti vasitəsilə toxunduqda isə faylın yaddaşında rəngli formatda videogörüntünün olduğu müəyyən olundu. Həmin görüntülərdən görünür ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nın inzibati binasında, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin 2-ci PB-nın baş təhqiqatçısı, polis mayoru X1 Etibar Vahid oğluna əvvəlcə özünü təqdim edir. Sonra baş təhqiqatçı X22 Nəcəfova qanunsuz olaraq narkotik vasitələrin istifadəsində, qəbulunda, saxlanmasında və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün 2-ci PB-nə gətirildiyini bildirir. Həmin vaxt 2-ci PB-nın əməkdaşları özlərini həmin şəxsə təqdim edir. Daha sonra ona hüquq və vəzifələri barədə bildiriş və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X10 təqdim edilir. Baş təhqiqatçı Mətləb Abbasov saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşur. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilir. Təqsirləndirilən şəxs özü əynindəki göy rəngli gödəkçənin sol iç cibindən 01 ədəd gümüşü bükümdə içərisində qəhvəyi rəngli narkotik vasitə heroin kütləsini çıxarıb stolun üzərinə qoyaraq təqdim edir. Həmin 01 ədəd gümüşü rəngli büküm Mətləb Abbasov tərəfindən açıldıqda bükümün içərisindən qəhvəyi rəngli, heroin maddə aşkar olunur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, üzərindən aşkar olunan maddənin narkotik vasitə “kakos“olduğunu, narkotik vasitə olan heroini xx.xx.2022-cı il tarixdə Bakı şəhəri, 20 Yanvar metrosu ərazisində olan zaman tanımadığı şəxsdən istifadə etmək üçün 10 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroin elektron tərəzidə çəkilir. Maddənin çəkisinin 1,58 qram olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılır. DİN-nin 126 saylı möhürü ilə möhürlənir və üzərində qeydlər aparılaraq imzalanır. İş materiallarında olan 2021 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı MKS tərəfindən verilmiş 784 və 785 saylı, xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır, ailə tərkibi atası-1967-ci il təvəllüdlü Nəcəfov Vahid Nurbala oğlu, anası-1967-ci il təvəllüdlü X18, bacısı-1991-ci il təvəllüdlü X12, qardaşı-1996-cı il təvəllüdlü X3 ibarətdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı MKS tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs qızı X5 həqiqətən də anadan olandan, yəni xx.xx.2019-cu il tarixdən atasının himayəsindədir və qeyd olunan ünvanda yaşayır. İş materiallarında olan “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23:05-də MSY-nə gətirilmiş, ilkin müayinə zamanı xəsarət aşkar edilməmiş, şikayəti olmamış, xx.xx.2022-ci il tarixdə saat 09:00-da tibb işçisi tərəfindən keçirilmiş müayinə zamanı şikayəti olmadığı qeyd edilmiş, xx.xx.2022-ci il tarixdə saat 17:10-da azad olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən verilmiş 003-14564-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, vət.X18 xx.xx.2022-ci il tarixdə saat 15:42-də ***-***-**-** nömrəli telefonla “102” Xidməti-Zəng mərkəzi sisteminə zəng edərək oğlu Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkarlandığı üçün saxlanılması haqqında məlumat vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş 123-45344-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və gəzdirilməsində şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən bölməyə gətirilmiş, müdafiəçinin iştirakı ilə üzərindən aşkar olunmuş narkotik vasitə sənədləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən Sumqayıt şəhər Polis İdarəsinə ünvanlanmış 003- 3934-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubun məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:23-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi Məktəbli küçəsində yerləşən evlərdən birində yaşayan X16 ***-***-**-** nömrəli telefonla “102” Xidmətinə zəng edərək yaşadığı evin yaxınlığında oğlu Təqsirləndirilən şəxs yaxınlaşmış Sumqayıt ŞPİ 2ci PB-nin İsmayıl adlı baş əməliyyat müvəkkili və adlarını bilmədiyi digər əməkdaşları tərəfindən narkotik vasitələrin istifadəsində şübhəli olduğu bildirilərək PB-nə aparılması və sonuncu barəsində məlumat almaq məqsədilə PB-də olarkən oğlunun qışqıraraq əməkdaşların onu döyməsi nəticəsində xəsarət aldığını bildirməsi barədə məlumat vermişdir. Araşdırılaraq nəticəsi barədə DİN NHİX-nə və vətəndaşa məlumat verilməsi təmin edilsin. İş materiallarında olan X15 adından xx.xx.2022-ci il tarixdə yazılmış ərizənin məzmunundan görünür ki, oğlu Təqsirləndirilən şəxs uşaqlara qoşularaq narkotik maddə qəbul edir. Bu səbəbdən əsəbləşərək DİN-nin 102 xidmətinə zəng etmişdir. Onlara nə danışdığından xəbəri olmamışdır. Sonradan bilmişdir ki, onun cibində narkotik maddə olub. Bu səbəbdən də onu polis əməkdaşları tutmuş, bu barədə heç bir şikayəti yoxdur. Qanuni tədbir görülüb. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsi tərəfindən vət.X14 ünvanlanmış 125-22167-3222 saylı, xx.xx.2022-ci il tarixli məktubun məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixdə DİN-nin 102 zəng xidməti mərkəzinə ünvanladığı müraciəti baxımış və onun şikayətinin olmaması və araşdırmanın dayandırılması xahişi nəzərə alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinə ünvanlanmış 123-9753-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubun məzmunundan görünür ki, Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi Məktəbli küçəsi, ev 16, mənzil 4-də yaşayan vət.X13 yaşadığı evin yaxınlığında oğlu Təqsirləndirilən şəxs 2-ci PB-nin İsmayıl adlı əməliyyat müvəkkili tərəfindən narkotik vasitələrin istifadəsində şübhəli bilinərək bölməyə aparılması onun döyülməsi nəticəsində xəsarət alması ilə bağlı xx.xx.2022-ci ildə saat 15:23-də DİNin 102 zəng mərkəzinə etdiyi müraciətinə baxılmışdır. xx.xx.2022-ci ildə 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq üzərində 1,340 qram narkotik vasitə heroin aşkar olunduğundan barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılır. Vət.A.Əliyevanın müraciəti ilə bağlı şikayət və tələbinin olmaması nəzərə alınmışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq tədqiq və təhlil etmiş, toplanmış sübutları həm ayrı-ayrılıqda, həm də bir-biri ilə əlaqəli şəkildə müqayisə edərək sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qanunu və vicdanını rəhbər tutaraq qiymətləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək daxildir (maddə 8.0.3, 8.0.5). Sübutlar Azərbaycan Respublikası CPM-də müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan sübutlar başa düşülür. CPM-in 125-ci maddəsində məlumatların, sənədlərin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. İş üzrə sübutlar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi üzrə ittihamın düzgün həlli üçün sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Qərarında qeyd etmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Konstitusiyanın 129-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Bu mövqedən yanaşaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilən ittiham əsassızdır, o həmin cinayəti törətməmişdir. Belə ki, təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək narkotik vasitənin ona məxsus olmadığını, fiziki və psixi zorakılığa məruz qaldığından narkotik vasitənin ona məxsus olduğunu etiraf etməyə məcbur qaldığını bildirmişdir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs tutulduqdan sonra zorakılığa (fiziki və ya psixi) məruz qalmasına dair ciddi şübhələr yaranmışdır. Belə ki, məhkəmədə şahidlər Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadə verən zaman Təqsirləndirilən şəxs etirafedici ifadə verərək şahidin ifadəsini təsdiq edir və hadisənin onun ifadəsində qeyd etdiyi kimi baş verdiyini bildirir. Lakin şahidin ifadəsi alındıqdan sonra onun iştikarı olmadan sərbəst şəkildə təkzibedici ifadə verir. Həmçinin Təqsirləndirilən şəxs psixi və fiziki təsirə məruz qalması şahidlərin ifadə verərkən təqsirləndirilən şəxsə qarşı baxışları ilə Təqsirləndirilən şəxs anidən fikir dəyişikliyi, fikrini aydın izah edə bilməməsi, sərbəst şəkildə ifadə verə bilməməsi Təqsirləndirilən şəxs təsirə məruz qalması barədə məhkəmədə şübhə yaradır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 13-cü maddəsində cinayət təqibi zamanı proses iştirakçılarının şərəf və ləyaqətinə mənfi təsir edə biləcək və ya onların həyat və sağlamlıqlarını təhlükə altına qoya biləcək hər hansı hərəkət və ya qərarlar qadağan edilir. Həmin Məcəllənin 15-ci maddəsi ilə cinayət təqibi gedişində aşağıdakılar qadağan edilir: işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək; uzun sürən və ya kəskin fiziki iztirabla, yaxud səhhətin müvəqqəti pozulması ilə müşayiət olunan eksperimentlərdə və ya digər prosessual hərəkətlərdə iştiraka cəlb etmək, habelə buna bənzər hər hansı digər sınaqlar keçirmək; zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq. CPM-nin 19-cu maddəsində göstərilir ki, cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin həmin Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: • tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək; hüquqlarını izah etmək, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq, onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək; şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Bundan başqa şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin kiçik inspektor, polis baş serjantı Şahid2 məhkəmədə ifadəsində Təqsirləndirilən şəxs günorta saatlarında, havanın açıq olduğu vaxtda, saatı xatırlamasa da təxminən axşam tərəfi tutularaq bölməyə aparıldığını bildirmişdir. Lakin ifadəsi elan olunduqdan sonra işlərin çoxluğu ilə əlaqədar şəxsin tutulma saatı ilə bağlı qarışıqlıq ola biləcəyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında şəxsin tutulma vaxtı xx.xx.2022-ci il, saat 22:30 radələri göstərilsə də, ifadə verən şahid ilk öncə günorta saatları olduğunu, daha sonra axşam tərəfi olduğunu, həmçinin havanın şəxsi üzdən görüb tanıyacaq qədər açıq olduğunu bildirmişdir. Bu ziddiyyəti isə məhkəmə iclasında izah edə bilməmişdir. Məhkəmə şahidin verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, şahidin məhkəmədə verdiyi ilkin ifadə təsqirləndirilən şəxsin verdiyi ifadə ilə uzlaşır və bu səbəbdən ifadələri arasındakı ziddiyyət və şübhələr təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Bundan başqa şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin kiçik inspektor, polis baş serjantı Şahid2 ifadəsinə istinadən məhkəmə, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə və ya idarənin tabeliyində olan bölmələrə dəvət edilibedilməməsi, edildiyi təqdirdə saatı, dəvətin səbəbi və müvafiq rəsmiləşdirilməsi barədə məlumat verilməsindən ötrü sorğu vermiş, sorğuya cavab olaraq Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş 123-45344-1222 saylı, xx.xx.2022-ci il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və gəzdirilməsində şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən bölməyə gətirilmiş, müdafiəçinin iştirakı ilə üzərindən aşkar olunmuş narkotik vasitə sənədləşdirilmişdir. Eyni zamanda məhkəmədə şahid qismində ifadə vermiş Təqsirləndirilən şəxs anası X18 ifadəsində oğlunun üzərindən narkotik vasitə aşkarlandığı üçün polis əməkdaşları tərəfindən bölməyə gətirilərək döyülməsi barədə günorta radələrində DİN-nin 102 xidmətinə məlumat verdiyini bildirmişdir. Məhkəmə tərəfindən sorğular verilərək müəyyən edilmişdir ki, həqiqətən də X18 xx.xx.2022-ci il tarixdə saat 15:42-də 102 xidmətinə zəng edərək Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkarlandığı üçün saxlanılması haqqında məlumat vermişdir. Bununla da Təqsirləndirilən şəxs tutulma vaxtı barədə yaranmış şübhələr Təqsirləndirilən şəxs və anası X13 verdikləri ifadənin daha doğru olmasına əsas yaradır. Məhkəmə sorğusuna cavab alındıqdan sonra Sumqayət şəhər Polis İdarəsi tərəfindən cinayət işinə əlavə edilməsi üçün göndərilmiş materiallardan görünür ki, Təqsirləndirilən şəxs tutulma vaxtı ilə bağlı ziddiyyəti aradan qaldırmaq və pərdələmək məqsədi ilə X18 polis bölməsinə dəvət edilərək oğlu Təqsirləndirilən şəxsla əlaqədar etdiyi şikayətin əsasız olması, əsəbi olduğu üçün DİN 102 zəng xidmətinə zəng etməsi və hansı məlumat verdiyindən xəbərdar olmadığı, sonradan oğlunda narkotik vasitənin aşkar olunması ilə bağlı məlumatlandırıldığı üçün şikayətinin olmaması məzmununda ərizə alınmışdır. Məhkəmə araşdırması zamanı X18 ifadəsində həmin əlyazma ilə icra edilən ərizələrin onun tərəfindən yazılmadığını, ona sadəcə oğlu buraxıldığı üçün prosedur qaydalarına uyğun olaraq imza etməli olduğu bildirilmiş və imza etdiyi sənədlərin məzmunu ilə tanış olmamışdır. Məhkəmə diqqət yetirmişdir ki, həmin ərizənin başlığında müraciət edən şəxs “X15” kimi, ərizənin sonunda isə “Əliyeva Arzu” imza edən şəxs kimi qeyd olunmuş, ərizənin məzmunu yazılan xətt ilə ərizənin sonunda “imza”, ad və soyad qeydləri yazılan xətt kəskin şəkildə fərqlənir. Həmçinin Təqsirləndirilən şəxs tutulması anından hüquqları pozulduğundan artıq iş materiallarında olan “şübhəli şəxsin tutulması, şəxsi axtarış aparılması barədə protokol” və ardıcıllıqla edilmiş digər prosessual hərəkətlər qanunsuz olmaqla sübut kimi qəbul edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra işlərdə gəldiyi nəticəyə əsasən vurğulayır ki, Konvensiyasının 5-ci maddənin 1-ci bəndi ərizəçilərin otuz dəqiqədən artıq olmayan müddətə axtarış məqsədilə saxlandığı və azadlığının çox qısa müddətə məhdudlaşdırıldığı və ya ərizəçinin polis şöbəsində qırx beş dəqiqədən artıq olmayan müddətə saxlanıldığı hallara da tətbiq oluna bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, danılmaz fakt olaraq Təqsirləndirilən şəxs 03 mart 2022-ci il tarixdə polis tərəfindən rəsmiləşdirmə aparılmadan təxminən 8 saatdan artıq vaxtda azadlıqdan məhrum edilməsi qanunsuz və özbaşına olmuş, bununla da, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin pozuntusuna yol verilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş şəxsin üzərinə baxış keçirilməsi barədə videogörüntüləri əks etdirən diskə baxış zamanı müəyyən edilmişdir ki, qış ayında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman ayağında olan idman ayaqqabısının bağları ümumiyyətlə yoxdur, ayaqqabının içliyi çölə açılmış, ayaqqabı natamam şəkildə geyinilmiş vəziyyətdədir. Bu da zənn etməyə əsas verir ki, şəxsin üzərinə artıq qabaqcadan şəxsi axtarış aparılmışdır. Sadalanan hallar və faktlar Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar olunması barədə aparılmış prosessual hərəkətlərin formal xarakter daşımasına dair məhkəmədə inam yaradır. Qeyd olunanlara əsasən artıq məhkəmə-kimyəvi ekspertizasına təqdim edilmiş bükümün məhz Təqsirləndirilən şəxs üzərindən aşkar olunması şübhə yaradır. Bu şübhənin hazırda hüquqi prosedur daxilində aradan qaldırılması mümkün deyildir və bu şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxs günahsız olmasını bildirsə də istintaq orqanı əvvəlcədən, araşdırma aparmadan onun təqsirli olması qənaətinə gələrək heç bir əlavə sübut toplamadan, onun narazılığını ifadə etməsi üçün bununla bağlı dindirilməsini təmin etmədən, təqsirləndirilən şəxsin göstərdiyi xüsusatları yoxlamadan istintaq aparmışdır. Qərəzsiz, tam, hərtərəfli və obyektiv araşıdırma aparılması təmin edilməmişdir. Belə ki, N.Nəcəfovun anası A.Əliyeva tərəfindən oğlunun zorakılığa məruz qalmasına dair DİN-nin 102 zəng xidmətinə etdiyi müraciəti hərtərəfli ciddi araşdırma predmeti olduğu halda, bu məlumatdan bir neçə gün sonra onu PB-nə dəvət edilərək ərizə alınması ilə kifayətlənməsi əsaslı olmamışdır. «X4rşı» işdə məhkəmə qeyd etmişdir ki, polisin apardığı dindirmənin ümumi atmosferi təzyiq xarakterlidirsə və təqsirləndirilən şəxsin hüquqlarına düzəldilməsi mümkün olmayan ziyan vurursa, təqsirləndirilən şəxsin 6-cı maddənin 1 və 3 (c) bəndləri ilə nəzərdə tutulan hüquqları pozula bilər. Azərbaycan Respublikası CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahasını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamm sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən «İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda» həmçinin «istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda» əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Eyni Məcəllənin 125.3-cü maddəsinə əsasən «Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz». Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İV hissəsində göstərilir ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, “Mülki və siyasi hüquqlar haqqında Pakt”ın 14-cü maddəsinin 2-ci bəndində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. “İnsan Hüquqlarının və X6 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmə üzvlərindən vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxsin müdafiəsini müvafiq qaydada hazırlaması və təqdim edə bilməsi üçün ittiham tərəfi onu məhkəmə işi barədə məlumatlandırmalı və onun mühakimı olunması üçün yetərli sübut təqdim etməlidir (Barbera, Messegi və Cabardo İspaniyaya qarşı, § 77; Yanoseviç İsveçə qarşı, § 97). Sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur (Telfner Avstriyaya qarşı, § 15). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Məhkəmənin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olubolmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X6 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən «təqsirliliyi sübuta yetirilmədikdə» məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alan məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, ittiham tərəfi təqsirləndirilən şəxsin təqsirini mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayətprosessual qanunvericliklə müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, bu sübutlar şübhəli və ziddiyyətlidir. İttiham tərəfin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması, o cümlədən dindirilmiş şahidlərin cinayət prosesinin nəticəsində maraqlı olmaları, əməliyyatda iştirak edən şəxslərin ifadələrindən və onların iştirakı ilə toplanmış sübutlardan başqa işdə sübut olmaması, iş üzrə əsas sübut olan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntülərdə onun üzərindən aşkar edilmış narkotik vasitənin olması ilə bağlı təqsirləndirilən şəxsin ifadəsində göstərilən xüsusatların məhkəmədə yoxlanılaraq təsdiq edilməsi məhkəmənin gəldiyi qənaəti daha da möhkəmələndirir və onun ona istinad olunan cinayəti törətməkdə təqsirli olmadığına dair məhkəmədə qəti inam yaradır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasına əsas verən sübutların kifayətedici olmasını nəzərə alaraq məhkəmə iş üzrə yekun qərar çıxarılmasını məqsədəuyğun hesab edir. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir, bu qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə məhkəmə ekspertizası keçirilməsi ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilmiş Təqsirləndirilən şəxs onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 1,290 qram narkotik vasitə olan heroin həmin narkotik vasitənin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxs(lər) müəyyən olunanadək Sumqayıt ŞPİ-də, maddi sübut olan bir ədəd disk isə cinayət işində saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-578/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 1054 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 55, 344-350, 352-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Bəraət verilmiş Təqsirləndirilən şəxs onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 1,290 qram narkotik vasitə olan heroin həmin narkotik vasitənin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxs(lər) müəyyən olunanadək Sumqayıt ŞPİ-də, bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayəti törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar Sumqayıt şəhər Prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirimi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-33/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-33/2023
26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver