Məhkəmə qərarları › İş №1(060)-33/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-33/2025

09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-33/2025 09.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Korpus 37/51 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd selefon bükümdə ümumi təmiz çəkisi 0,905 qram narkotik vasitə heroini və təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram olan 04 ədəd metadon həblərini həmçinin, 01 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış üzərinə dəyişikliklər edilməmiş vurucu-əzici xassəyə malik soyuq silahı əldə edib daşıyaraq üzərində saxlamış, 29 mart 2024-cü il tarixdə, saat 15:45-da Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, M.Müşviq küçəsi, H.Əliyev parkında keçirilən əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə olan heroin, metadon həbləri və 01 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış soyuq silah əynindəki qara rəngli gödəkçənin iç tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə ilkin olaraq özünü təqsirli bildiyini qeyd etsə də, ifadəsində göstərmişdir ki, o saxlanıla kimi bir müddət imiş ki, narkotik vasitədən istifadə edirmiş. O “İnstaqram” sosial şəbəkəsində adını dəqiq xatırlamadığı səhifədən ona müxtəlif məzmunlu mesajlar gəlmişdir. Belə ki, sosial şəbəkədə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxs ona narkotik vasitə əldə etməkdə köməklik göstərəcəyini bildirmişdir. O, həmin şəxsə mobil nömrəsini verərək onunla “Whatsapp” vasitəsilə əlaqə saxlamışdır. Həmin şəxs ona narkotik vasitəni qoyacağı yerin məkanını göndərəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə həmin şəxs narkotik vasitəni qoyduğu yeri “Whatsapp” vasitəsilə göndərmişdir. Aralarında olan danışığa əsasən İran vətəndaşı ona bir-iki dəfə istifadə etmək üçün az miqdarda marixuana verməli imiş. O, Bakı şəhərində yaşadığı üçün taksi sifariş etmiş, sifariş etdiyi taksi onu həmin məkana gətirmişdir. Həmin məkan Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində H.Əliyev parkında yerləşirmiş. O, taksi ilə həmin məkana yaxınlaşmış və sürücüyə onu beş-on dəqiqə gözləməyini xahiş edərək avtomobildən düşmüşdür. O, həmin məkanda qara rəngli sellofan paketin olduğunu görmüş, paketi götürmüş və həmin bükümü əynində olan qara rəngli gödəkçənin içərisinə qoymuşdur. Həmin bükümün xeyli çəkisi olmuş, o da düşünmüş ki, yəqin az miqdarda narkotik vasitəni hansısa əşyaların içərisinə yerləşdirməklə həmin məkana qoymuşlar. Ona görə də ərazidə olan sellofan paketin içərisinə baxmadan götürmüşdür. Ərazidən kənarlaşmaq istəyən zaman polis əməkdaşlarını görmüş və başa düşmüşdür ki, ona qarşı plan qurulmuşdur. Ona görə qaçaraq parkdan çıxmış, polis əməkdaşları isə arxasınca qaçmışdır. O, parkın yanında olan yolu keçən zaman üzərində olan sellofan paketi yerə atmışdır. Lakin, polis əməkdaşlarından qaça bilməmişdir. Onu saxlayaraq Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə gətirmişlər. Parkdan götürdüyü paketdi də götürərək gətirmişlər və bölmədə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışdan öncə ona təsir və təzyiqlər etmişlər. Ona görə də həmin paketdə olanların ona məxsus olması barədə etirafedici izahat və ifadələr vermişdir. Paketi həqiqətən götüsə də içərisində olanların ona aidiyyəti yoxdur, onun İran vətəndaşı ilə danışıqlarında həmin vasitələr barədə heç bir razılaşma olmamışdır. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında ziddiyyətlər yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, bir müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Lakin, əvvəllər məhkumluğu olmamışdır. Son bir neçə həftədir ki, narkotik vasitə istifadə etmirmiş. Son bir neçə gün “instaqram” sosial şəbəkəsində adını dəqiq xatırlamadığı səhifədən ona müxtəlif məzmunlu mesajlar gəlmişdir. Belə ki, sosial şəbəkədə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxs ona narkotik vasitə əldə etməkdə köməklik göstərəcəyini bildirmişdir. O, həmin şəxsə mobil nömrəsini verərək onunla “Whatsapp” ani mesajlaşma sistemində əlaqə saxlamışdır. Həmin şəxs ona narkotik vasitəni qoyacağı yerin konumunu (məkanı) göndərəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə özünü iranlı kimi təqdim edən şəxs ona “Whatsapp” vasitəsilə narkotik vasitəni qoyduğu ərazinin məkanını göndərmişdir. O, Bakı şəhərində yaşadığı üçün məkanı tanımamış və taksi sifariş etmişdir. Sifariş etdiyi taksi onu həmin məkana gətirmişdir. Həmin məkan Sumqayıt şəhəri. H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşirdi. O, əvəllər burada olmamışdır. O, taksi ilə həmin məkana yaxınlaşmış və sürücüyə onu beş-on dəqiqə gözləməsini bildirərək avtomobildən düşmüşdür. Ona göndərilən məkana çatdıqda qara rəngli sellofan paketin olduğunu görmüşdür. O, həmin paketi götürmüş və əynində olan qara rəngli gödəkçənin sepini açaraq bükümü gödəkçənin içərisinə qoymuşdur. Həmin məkandan kənarlaşmaq istəyən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Onlar özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra onun qanunsuz olaraq narkotik vasitə istifadəsində və daşınmasında şübhəli olduğunu və üzərində şəxsi axtarış aparılması üçün polis bölməsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gəlmişdir. Bölmənin inzibati binasında otaqlardan birində ona təyin edilmiş müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunmuşdur. Sonra ona üzərində hər hansı bir qanunsuz əşya və ya narkotik vasitə vardırsa könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman o, əynində olan qara rəngli gödəkçənin sepini açaraq qara rəngli sellofana bükümü stolun üzərinə qoymuşdur. Sonra şəxsi axtarışı aparan polis əməkdaşı ona üzərində başqa hər hansı qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə olub, olmadığını soruşduqda üzərində başqa heç bir istifadəsi və daşınması qanunla qadağan edilmiş əşya və predmetin olmadığını bildirmişdir. Polis əməkdaşı onun üzərində şəxsi axtarış aparmış və heç bir şey aşkar olunmamışdır. Daha sonra onun təqdim etdiyi bükülüyə baxış keçirilmiş və bu zaman bükülünü içərisindən qara rəngli narkotik vasitə tiryəkə bənzər maddə, qızılı rəngli kağıza bükülmüş narkotik vasitə heroinə bənzər maddə, 04 ədəd metadon həbi və 01 ədəd dəmir “beşbarmaq” olduğu müəyyən edilmişdir. Həmin kütlələr elektron tərəzi vasitəsilə çəkildikdə tiryəkə bənzər maddənin çəkisi “785” qram, qəhvəyi rəngli maddənin çəkisi 1,3 qram təşkil edirdi. Sonra həmin sellofan bükülü ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Üzərində şəxsi axtarış aparılan zaman videoçəkilişdən istifadə olunmuşdur və sonda protokol tərtib edilmişdir. O və müdafiəçisi protokolu imzalamışdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də onun təqsirli olması özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeyə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Sumqayıt ŞPİ-nin 3-cü Polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən həmin tarixdə saat 15:45 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdini qəsəbəsi, M.Müşviq küçəsi, H.Əliyev parkında saxlayaraq özlərini təqdim etmişlər və onun narkotik vasitə ilə bağlı şübhəli olmasını bildirmişlər. Bu səbəbdən də onu Sumqayıt ŞPİ-ni 2-ci Polis bölməsinə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, həmçinin vəkil təqdim edilmişdir. Daha sonra isə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan gödəkçənin içəri cibindən bir ədəd sellofak paelt çıxarıb təqdim etmişdir. Həmin paket açıldıqda içərisində sellofana bükülmüş büküm, bir ədəd şəffaf rəngli sellofana bərkidilmiş və qızılı rəngli siqaret kağızına bükülmüş büküm, üzərində “Methadone 40” yazılmış 04 ədəd həb və bir ədəd metal materialdan hazırlanmış “beş barmaq” aşkar edilmişdir. Hər bir bükümə ayrılıqda baxılan zaman qara rəngli sellofana bükülmüş bir bükümdə içərisində qara rəngli narkotik maddə olan tiryəkə bənzər maddə, digər şəffaf sellofana və qızılı rəngli siqaret kağızına bükülmüş bir bükümdə qəhvəyi rəngli bərk narkotik vasitə olan heroinə bənzər maddə, üzərində “Methadone 40” yazılmış 04 ədəd həb olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələrin adını bilmədiyini, həmin maddələri və metal materialdan hazırlanmış barmaqlıq şəklində olan aləti sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşının “Whatsapp” sosial şəbəkəsində atdığı məkan üzrə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsinə gəlməklə götürdüyünü, həmin şəxsə bunun müqabilində pul vermədiyini bildirmişdir. Bundan sonra həmin maddələr elektron tərəzi vasitəsi ilə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş və imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən qaçmağa cəhd etsə də, sonradan hər hansı etirazı olmamış, törətdiyi əməli səmimi etiraf etmişdir. Məhkəmə iclasında şahid qimsində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid2 və Şahid3 onlardan öncə məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadələrinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişlər ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən üzərində “Methadone 40” yazılmış 04 ədəd həb və bir ədəd metal materialdan hazırlanmış “beş barmaq”, qara rəngli sellofana bükülmüş narkotik maddə olan tiryəkə bənzər maddə, həmçinin narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid4 İmamverdi oğlu ifadəsində göstərmişdir ki, o, **-NY-*** dövlət nömrə nişanlı “Toyota Prius” markalı gümüşü rəngli minik avtomobili ilə “Bolt” sərnişindaşıma xidmətində sürücü işləyir. var. O, xx.xx.2024-cü il tarixdə saat 14:38 dəqiqədə Bakı şəhəri Xətai rayonu ərazisində Bakı Metropoliteninin “Əhmədli” stansiyasının çıxışında olan zaman “Bolt” mobil tətbiqinə bildiriş gəlmiş, sərnişinin sifarişi “Əhmədli” stansiyasından Sumqayıt şəhərinə getmək olmuşdur. Sarayeva küçəsində sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi cavan oğlan avtomobilə minmişdir. O, həmin şəxsdən hara gedəcəyini soruşmuş, sonuncu ona Sumqayıt şəhərinə və oradan Qaradağ rayonu Qızıldaş qəsəbəsinə gedəcəyini bildirmişdir. Biz saat 15:31 dəqiqədə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsinə çatmışdır. Təqsirləndirilən şəxs avtomobildən düşmüş və ona beş-on dəqiqə gözləməyini xahiş etmişdir. Sərnişinin tələbi ilə o, təxminən 10 dəqiqə parkın qarşısındakı yolun kənarında gözləmişdir. Sonra bir neçə nəfər şəxsin Nurlanı tutaraq onun dayandığı istiqamətə gəldiklərini görmüşdür. Həmin şəxslər ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, onun sərnişin kimi gətirdiyi Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli olduğunu, üzərinə baxış və şəxsi axtarış aparılması üçün polis bölməsinə aparılacağını və onun da şahid kimi izahatın alınması üçün polis bölməsinə gəlməli olduğunu bildirmişdir. O, polis əməkdaşlarının tələbi ilə polis bölməsinə getmiş və orada izahat vermişdir. İzahat verən zaman Təqsirləndirilən şəxs tanımadığını, sadəcə sifariş əsasında Sumqayıt şəhərinə gətirdiyini və Təqsirləndirilən şəxs Sumqayıt şəhərinə narkotik vasitə əldə etmək niyyəti ilə gəldiyindən xəbərsiz olduğunu bildirmişdir. Cinayət işinin 20-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 72-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Sumqayıt ŞPİ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 27-28-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin iç tərəfindən bir ədəd qara rəngli sellofana bükülmüş iri həcmli bükümü çıxarıb təqdim edir. Təhqiqatçı tərəfindən sellofana baxış keçirilən zaman içərisindən bir ədəd ağ rəngli sellofana bükülmüş büküm, bir ədəd şəffaf rəngli sellofana bərkidilmiş və qızılı rəngli siqaret kağızına bükülmüş büküm, üzərində “Methadone 40” yazılmış 04 ədəd həb və bir ədəd metal materialdan hazırlanmış “beş barmaq” aşkar edilir. Hər bir bükümə ayrılıqda baxılan zaman qara rəngli sellofana bükülmüş bir bükümdə içərisində qara rəngli narkotik maddə olan tiryəkə bənzər maddə, digər şəffaf sellofana və qızılı rəngli siqaret kağızına bükülmüş bir bükümdə qəhvəyi rəngli bərk narkotik vasitə olan heroinə bənzər maddə, üzərində “Methadone 40" yazılmış 04 ədəd həb müəyyən olunur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələrin adını bilmədiyini, həmin maddələri və metal materialdan hazırlanmış barmaqlıq şəklində olan aləti sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşının “Whatsapp” sosial şəbəkəsində atdığı məkan üzrə Sumqayıt şəhər, H. Zeynalabdin qəsəbəsinə gəlməklə götürdüyünü, həmin şəxsə bunun müqabilində pul vermədiyini bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 büküm içərisindəki maddələrlə birlikdə tərəziyə qoyulub çəkilən zaman həmin bükümlərdən içərisində qara rəngli bərk maddə ilə birlikdə birinin çəkisinin “785” qram, qəhvəyi rəngli bərk maddə ilə birlikdə birinin çəkisinin “1,43” qram olduğu müəyyən edilir. Həmin maddələr, 04 ədəd üzərində “Methadone 40” yazılmış həblər və metal alət Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 126 saylı möhürü ilə möhürlənir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Xiaomi Redmi 6” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülür. Cinayət işinin 47-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1726 saylı məhkəmə kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan respublikası DİN Arayışlar üçün N126”-li dairəvi möhür əksi, “saxlanılan şəxs: (imza) Təqsirləndirilən şəxs o.” yazısı və imzalar olan 2 (iki) ədəd zərfdəki, üzərində “Methadone 40” markalanma göstəricisi olan bir ədəd konvalyutda 4 (dört) ədəd üzərində “ F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 4 (dört) ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla), 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,905 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir.Qeyd: Metadon tərkibli həblər: 4 həb, tədqiqata sərf edildi: 1 həb, qalıq: 3 həb. Heroinin təmiz çəkisi 0,905 qram, tədqiqata sərf edildi: 0,05 qram. qalıq: 0,855 qram. Cinayət işinin 42-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1727 saylı məhkəmə kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan respublikası DİN Arayışlar üçün N126”-li dairəvi möhür əksi, “saxlanılan şəxs: (imza) Təqsirləndirilən şəxs o” yazısı və imzalar olan bükümdəki təmiz çəkisi 780 qram tünd qəhvəyi rəngli maddə kütləsinin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur və həmin kütlə narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildir. Cinayət işinin 96-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 17 aprel 2024-cü il tarixli 3-16-16/2-3/586 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet, kustar kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır və üzərində dəyişikliklər edilməmişdir. Cinayət işinin 41, 46 və 95-ci vərəqələrində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertiza xərcləri müvafiq olaraq 114 manat, 114 manat və 64 manat, ümumilikdə 292 (iki yüz doxsan iki) manat təşkil edir. Cinayət işinin 125-126-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 4182 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannobioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 121-122-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,855 qram narkotik vasitə heroin, 03 ədəd metadon tərkibli həblər və 01 ədəd kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİnin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 92-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini və metadon əldə etmə, saxlama və daşıma, həmçinin qanunsuz olaraq soyuq silahı əldə edib saxlamaqla daşıma cinayətlərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün verdiyi ziddiyətli ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə tövsif edilmiş, o həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (təqdim etdiyi narkotik vasitələrin və soyuq silahın ona aid olmaması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından, həmçinin digər prosesual sənədlərdən görünür ki, təqsirləndirilən şəxs, məhkəməyədək icraat dövründə törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Həmçinin şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər, şahid ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri təkzib edilir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, X4 məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri (təqdim etdiyi narkotik vasitələrin və soyuq silahın ona aid olmaması) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Azərbaycan Respublikasının CM-in 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının CM-in 59 və 61-ci maddələrinə Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzaları təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla ona cəza təyin edilməli, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 mart 2024-cü il tarixdən 31 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı, hazırki hökmün qəbul edildiyi 09 yanvar 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 4182 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,855 qram narkotik vasitə heroin, 03 ədəd metadon tərkibli həblər və 01 ədəd kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 292 (iki yüz doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Eyni zamanda təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 mart 2024-cü il tarixdən 31 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 09 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,855 qram narkotik vasitə olan heroin, 03 (üç) ədəd metadon tipli həblər və 01 ədəd kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 292 (iki yüz doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar