Məhkəmə qərarları › İş №1(060)-330/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-330/2024

30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-330/2024 30.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 26, mənzil 37-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Xəzər bağlar massivi fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə 01 dekabr 2023cü il tarixdə günorta radələrində Sumqayıt şəhəri, BTZ bağları ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin kilidi qırılmış açıq vəziyyətdə olan qapısından içəriyə qanunsuz daxil olaraq, evin qonaq otağında yerləşən 400 manat dəyərində 01 ədəd «Zimmer 43 Led» markalı, ZM-TVSF4336 model televizoru gizli talamaqla Zərərçəkmiş şəxs 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək bildirdi ki, fərdi olaraq tikintilərdə fəhlə kimi işləmiş, əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) müxtəlif maddələri ilə məhkum olunmuş, sonuncu dəfə 2018-ci ilin may ayında CM-nin 180.2.1-ci maddəsi ilə məhkum olunmuş və 2021-ci ilin iyun ayında cəzasının sonu ilə azadlığa buraxılmışdır. 2020-ci ildə 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən zaman onunla birlikdə məhkumluq həyatı yaşayan Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Belə ki, 2023-cü ilin noyabr ayında Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində küçədə təsadüfən Anarla rastlaşmış, söhbət zamanı ona atası ilə mübahisə edib yaşadığı evdən çıxdığını, buna görə də küçələrdə yaşadığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Anarın yaşadığı evin yaxınlığında küçədə Anarla yenə rastlaşmış, o qalmağa yerinin olmadığını və müvəqqəti qalmaq üçün Anardan ev tapmasını istəmişdir. Anar da axşam onlarda gecələməsini söyləmişdir. Onlar bir-birlərinin mobil nömrələrini götürmüş və həmin gün təxminən saat 19:00 radələrində o, Anara zəng vurmuşdur. Anar da onu qarşılayaraq yaşadığı evə gətirmişdir. Həmin vaxt Anarın anası Şahid2 da evdə olmuşdur. Onlar birlikdə oturub çay içmiş, bundan sonra Anar ona demişdir ki, anası narazılıq edir və bundan sonra o, Anargildən çıxıb getmişdir. O Anargilə gələn zaman evin giriş qapısının kilidinin sınıq olduğunu və qapının bağlanmadığını, həmçinin Anarın evində bir ədəd plazma televizorun olduğunu görmüş, xx.xx.2023-ci il tarixdə günorta radələrində dəqiq xatırlamadığı saatda pula ehtiyacı olduğu üçün Anarın evində gördüyü televizoru oğurlamaq qərarına gəlmişdir. O, Anarın evinin yaxınlığında duran taksi sürücüsünə yaxınlaşmış və Anarın evini göstərək həmin evi öz evi kimi təqdim edib sürücüyə evin yanına maşını sürərək evdə xarab olmuş televizoru götürməsini demişdir. Sonuncu heç nədən şübhələnməyib onunla Anarın evinin qarşısına gəlmiş, o taksidən düşmüş, evin giriş həyətinə açıq vəziyyətdə olan darvazadan daxil olmuşdur. Daha sonra o, evin içərisinə daxil olmuş, orada gördüyü bir ədəd “Zimmer TV43 smart” markalı televizoru götürüb avtomobilin arxa oturacağına yerləşdirmişdir. Bundan sonra o, taksi ilə Sumqayıt şəhərində yerləşən 19 saylı məktəbin qarşısına gələrək orada düşmüş, orada o, Emin adlı şəxsə həmin televizoru 80 manata satmışdır. Televizordan satdışından əldə pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Taksi sürücüsünün onun oğurluq etməsi barədə heç bir məlumatı olmamışdır. Belə ki, o həmin taksi sürücüsünə oğurluq etdiyi evin ona məxsus olduğunu və orada yaşadığını demişdir. Qeyd edir ki, subaydır, boşandıqdan sonra övladları xx.xx.2012-ci il təvəllüdlü İbrahim Quliyev və xx.xx.2013-cü il təvəllüdlü Hüseyn Quliyev onun himayəsinə verilmişdir. Borcu olduğundan oğurluq etmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxsə vurmuş olduğu ziyan tərəfindən ödənilmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanların nəzərə alınmasını, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxslər və şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, əvvəllər CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş, sonuncu dəfə 2022-ci ilin dekabr ayında həmin məcəllənin 234.1-ci maddəsi ilə məhkum olunmuş və xx.xx.2023-cü il tarixdə cəzamın sonu ilə azadlığa buraxılmışdır. Belə ki, 16 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən zaman onunla birlikdə məhkumluq həyatı yaşayan Eminlə tanış olmuşdur. 2023-cü ilin noyabr ayının axırlarında Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində küçədə təsadüfən Eminlə rastaşmış, söhbət zamanı Emin ona guya narkotik vasitələrdən istifadə etdiyi üçün atası onu yaşadıqları evdən qovduğunu, buna görə də küçələrdə yaşadığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında küçədə Eminlə yenə rastlaşmış, Emin qalmağa yeri olmadığını və müvəqqəti qalmaq üçün ona ev tapmasını istəmiş, o da Eminə axşam anası işdən evə gəldikdən sonra onlara gəlməsini və bir gün onlarda gecələməsini demişdir. Onlar bir-birlərinin mobil telefon nömrələrini götürmüş və həmin gün saat 19 radələrində Emin ona zəng vurmuş, o yoldan Emini qarşılayaraq yaşadığı evə aparmışdır. Həmin vaxt anası Şahid2 evdə olmuşdur. Emin onlarla oturub yemək yeyib çay içmiş, anası Eminin onlarda gecə qalmasına razılıq vermədiyi üçün gecə saatlarında Emini yola salmış, o çıxıb getmişdir. Emin onlara evə gələn zaman evlərinin giriş qapısının kilidinin sınıq olduğunu və qapının bağlanmadığını görmüşdür. xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində o anası ilə evdən çıxıb getmiş, evin giriş qapısı açıq qalmış, həyətin giriş qapısının kilidini isə bağlamışlar. Anası işlədiyi “Bismark” zavoduna, özü isə Abşeron rayonu Saray qəsəbəsində yerləşən bir nəfər şəxsin evinin təmirində fəhlə kimi işləməyə getmişlər. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində anası ona zəng edərək evdə olan televizorun yerində olmadığını və ondan televizoru götürüb-götürmədiyini soruşmuş, o da bundan xəbərinin olmadığını bildirib Emin tərəfindən oğurlanmasından şübhələnərək DİN-in 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Sonradan yaşadığı ünvana gəlmiş və BTZ bağlarında yaşayan adını bilmədiyi bir nəfər taksi sürücüsü onların evinə gələrək xx.xx.2023-cü il tarixdə saat 13 radələrində bir nəfər cavan oğlanın onu yaşadıqları ünvana gətirib, həmin evin ona məxsus olduğunu və adının Anar olduğunu deyib, evdən həmin televizoru götürərək xarab olduğu üçün ustaya aparmaq istədiyini demişdir. Həmin taksi sürücüsü onu Sumqayıt şəhəri ərazisində bir neçə televizor təmiri obyektlərinə aparmış, lakin sata bilmədiyi üçün sonda Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Qayalı” marketin qarşısında düşürtdüyünü bildirmişdir. Taksi sürücüsü həmin şəxsin ***-***-**-** nömrəsi ilə onunla əlaqə saxladığını və əlamətlərini bildirdikdən sonra həmin şəxsin Emin olmasından əmin olmuşdur. Emin evdə olmadıqları müddətdə evin hasarından həyətə aşaraq evin açıq giriş qapısından içəriyə daxil olub bir ədəd televizoru oğurlamışdır. Hadisə zamanı ona məxsus bir ədəd “Zimmer TV 43 smart” markalı televizordan başqa heç nə oğurlanmamışdır. Həmin televizorun yenisini 2022-ci ilin dekabr ayında kreditlə 1200 manata almış, hazırki işlənmiş vəziyyətdə isə dəyəri 600 manat olmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxsa qarşı qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs 30 aprel 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma oğludur. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində işdən evə gələn zaman Anarın evə bir nəfər tanımadığı oğlan gətirdiyini görmüşdür. Anar həmin şəxsin adının Emin olduğunu, onunla əvvəllər həbsdə bir yerdə olduğunu və qalmağa yeri olmadığı üçün onlarda gecələməsini istəmişdir.O Eminin üzdən narkotik vasitə aludəçisi olduğunu görüb onun onlarda qalmasına razılıq verməmişdir. Anar da Emini apararaq yola salmışdır. Emin onlara gələn zaman evlərinin giriş qapısının kilidinin sınıq olduğunu və qapının bağlanmadığını görmüşdür. xx.xx.2023-cü il tarixdə saat 08:30 radələrində Anarla o evdən çıxıb getmişlər, evin giriş qapısı açıq qalmış, həyətin giriş qapısının kilidini isə bağlamışlar. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində evə gələn zaman həyətin giriş qapısı və evin giriş qapısı açıq vəziyyətdə olduğunu, evə daxil olduqda isə qonaq otağında olan televizorun yerində olmadığını görmüşdür. İlk əvvəl oğlu Anarın televizoru aparıb satdığını fikirləşərək Anara zəng vurmuş, Anar isə televizoru götürmədiyini demişdir. Bundan sonra BTZ bağlarında yaşayan bir nəfər taksi sürücüsü olan kişi yaşadığı ünvana gələrək xx.xx.2023-cü il tarixdə saat 13 radələrində bir nəfər cavan oğlan onu bu ünvana gətirib, həmin evin ona məxsus olduğunu və adının Anar olduğunu deyib, evdən həmin televizoru götürərək xarab olduğu üçün ustaya aparmaq istədiyini demişdir. Taksi sürücüsü onu Sumqayıt şəhəri ərazisində bir neçə televizor təmiri obyektlərinə aparmış, lakin televizoru sata bilmədiyi üçün sonda Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Qayalı” marketin qarşısında düşürtmüşdür. Taksi sürücüsü həmin şəxsin 077- ***-**-** nömrəsi ilə onunla əlaqə saxladığını və əlamətlərini bildirdikdən sonra həmin şəxsin Emin olmasından əmin olmuşdur. O, Eminin mobil nömrəsinə zəng vuraraq harada olmasını soruşmuş, Emin isə televizoru satmadığını oğlu Anarın vasitəsi ilə göndərəcəyini bildirmişdir. Lakin Emin televizorlarını gətirmədiyi üçün onlar polisə müraciət etmişlər. Hadisə zamanı bir ədəd “Zimmer TV 43 smart” markalı televizordan başqa heç nə oğurlanmamışdır. Həmin televizorun yenisini 2022-ci ilin dekabr ayında kreditlə 1200 manata almışlar, hazırki işlənmiş vəziyyətdə isə dəyəri 600 manat olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 01 dekabr 2023-cü il tarixdə günorta radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 19 saylı məktəbin qarşısında o, adını sonradan Emin kimi tanıdığı bir nəfər şəxsi görmüş, həmin şəxsin əlində bir ədəd televizor da olmuşdur. O həmin Emin adlı şəxsə yaxınlaşıb nə üçün televizor ilə orada durduğunu soruşmuş, Emin də ona pula ehtiyacı olduğu üçün yaşadığı evin televizorunu satdığını demişdir. O həmin şəxsdən televizoru neçəyə satdığını soruşmuş, Emin isə ona televizoru 100 manata satdığını demişdir. O isə Eminə cəmi 80 manat pulunun olduğunu dedikdə, sonuncu razılamışmışdır. O televizoru Emindən alan zaman həmin televizorun oğurluq olub-olmadığını soruşmuş, Emin isə israrla ona özünə məxsus olduğunu demişdir. Bundan sonra Emin televizoru açıb menyusunda rahat daxil olduqdan sonra oğurluq olmadığına əmin olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 15 dekabr 2023-cü il tarixdə, saat 20:00 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.31); 16 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 50-51) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 16 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v.63-64); Sumqayıt şəhər Məhkəməsinin 4(060)-475/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 15 dekabr 2023-cü il tarixdən hesablanmışdır.(i.v.71-72) xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı polis mayoru Zaur Ağayevin tərtib etdiyi “baxış keçirilməsi barədə” protokoldan göründüyü kimi, hadisə yeri Sumqayıt şəhəri, BTZ bağları ərazisində yerləşən v Anar Şahmuradoa məxsus fərdi yaşayış evidir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 05-07) xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurlayaraq ona satdığı 01 ədəd “Zimmer TV 43 Led” markalı televizoru istintaqa təqdim etmişdir. (i.v. 77-79) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/523 saylı əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkillərdə göstərilən istifadə olunmuş 01 ədəd «Zimmer 43 Led» markalı, ZM-TVSF4336 model televizorun 2023-cü ilin dekabr ayına orta bazar qiyməti nəzəri qaydada təxminən 400,00 manat müəyyən edilir. (i.v. 104- 106) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-cı il tarixli hökmü ilə CMnin 178.2.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.4-cü maddəsi nəzərə alınmaqla 2500 manat cərimə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü ilə CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-cı il tarixli hökmü ilə təyin edilmiş 2500 manat cərimə cəzası xx.xx.2018-ci il tarixli hökm ilə tam birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası və 2500 manat cərimə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəzanı xx.xx.2021-ci il tarixdə çəkib qurtarmış, xx.xx.2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə ona təyin edilmiş 2500 manat cərimə cəzası yüngülləşdirilərək üzərində 1800 manat cərimə cəzası saxlanılmış, xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin qərarı 1800 manat cərimə cəzası 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, sonuncu xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqelərini və Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinin tələblərini nəzərə alaraq bir daha qeyd edir ki, bir hökmlə qəti olaraq bir neçə cəzaya (həmin cəzaların hər birinin əsas cəza yaxud əsas və əlavə cəza olmasından asılı olmayaraq) məhkum edilmiş şəxsin məhkumluğunun ödənilməsi müddətinin axımı ümumi qaydaya müvafiq olaraq şəxs barəsində təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır və bu zaman qəti cəzanın parçalanmasına, hər bir cəza üçün məhkumluq müddətinin müstəqil, yəni cəzalardan birinə görə bu müddətin bir tarixdən, digərinə görə isə başqa tarixdən hesablanmasına yol verilə bilməz. Şəxs təyin olunmuş cəzalardan birini çəkməkdə davam etdiyi vəziyyətdə (nə qədər ki bu cəza qəti cəzanın tərkib elementidir) o, hökmlə müəyyən edilmiş cəzanı çəkib qurtarmış hesab edilə bilməz və bu səbəbdən ayrıca olaraq çəkilib qurtarmış cəzaya görə məhkumluğun ödənilməsi müddətinin axımının başlanması istisna edilir. Qəti cəzanın tərkibinə daxil olan cərimə cəzasının residivin müəyyən edilməsi zamanı nəzərə alınmamasının mümkünlüyü ilə bağlı müraciətdə qaldırılmış məsələyə dair qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsində məhz azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın yaratmış olduğu məhkumluğun nəzərə alınmaması müəyyən edildiyindən, cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın tərkib elementi olan cərimə cəzası residivin yaranmasına səbəb olmayan məhkumluq kimi qiymətləndirilə bilməz. Bu halda cinayətlərin residivi bütün cəzalar çəkilib qurtardıqdan, o cümlədən cərimə cəzası ödənildikdən sonra məhz azadlıqdan məhrum etmə cəzasına görə axmağa başlamış, lakin hələ bitməyən məhkumluğun ödənilməsi müddətində qəsdən yeni cinayətin törədilməsinə görə müəyyən edilir. Başqa sözlə, residivi şərtləndirən hallar qismində şəxsin üzərində azadlıqdan məhrum etmə cəzası ilə bağlı ödənilməyən məhkumluğun olması və qəsdən yeni cinayətin törədilməsi çıxış edir. Əks yanaşma, vahid hökmlə təyin olunmuş hər bir cəzanın müstəqil hesablanan bir neçə məhkumluq yaratması, həmçinin eyni bir hökmlə müxtəlif cəzalara məhkum olunmuş şəxsin həm məhkumluğu ödənilən, həm ödənilməyən, hətta cəza çəkən şəxs statusunda ola bilməsi kimi yanlış nəticəyə gətirib çıxarar. (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 28 sentyabr 2022-ci il tarixli qərarı) CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs oğlu bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarsa da, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. (i.v. 93-95,102) Elektron-məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2012-ci il təvəllüdlü İbrahim Quliyev və xx.xx.2013-cü il təvəllüdlü Hüseyn Quliyev adlı övladları var. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1143/2020 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə Aygün Əliyeva arasında nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2012-ci il təvəllüdlü İbrahim Quliyev və xx.xx.2013-cü il təvəllüdlü Hüseyn Quliyevin iddiaçı Təqsirləndirilən şəxs yanında saxlanılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “qəbz”dən görünür ki, 01 ədəd «Zimmer 43 Led» markalı, ZM-TVSF4336 model televizor saxlanılması üçün Zərərçəkmiş şəxs anası Şahid2 təhvil verilmişdir. (i.v. 123-124) “sübutların qiymətləndirilməsi haqqında” 05 mart 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham verilmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin nəzərə alınması qərara alınmış, sonuncunun əməllərində CM-nin 177.2.1 və 180-ci maddələrin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanılmasından imtina edilmiş, X3 və şəxsiyyəti istintaqla araşdırılan taksi sürücüsünün barələrində CM-nin 194cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs oğkuna vurulmuş ziyanın 400 manat olması nəzərə alınmş, təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi və digər istintaq hərəkəti protokolları sübut kimi qiymətləndirilmişdir. (i.v. 115-120) Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən Oğurluq - təkrarən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2015-ci il tarixli qərarının 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-non Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini CM-nin 59.1.4, 59.1.12 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 60.1-ci maddəsinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Hazırkı vəziyətdə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal olduğundan onun barəsində CM-nin 60.1-ci maddəsi tətbiq edilməməlidir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları-xüsusən himayəsində iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, cəzasını ağırlaşdıran halları, bundan öncə də məhkumluq həyatı yaşamasını, buna baxmayaraq hələ də islah olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmənin cəza təyin edərkən cəzanın həm də ümumi xəbərdarlıq (başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması) məqsədinə xidmət etməsi faktını da nəzərə alır. Belə ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yüngül həddə cəzanın təyin edilməsi cəzanın xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərindəki effektivliyini azaldacaq, cəzanın həmin şəxsləri cinayətdən çəkindirmək hədəsinə xələl gətirəcəkdir. Qeyd olunan hədəf qrupu isə sadə vətəndaşlardır. Cəzanın ümumi xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərində zəifləməsi isə, təkcə cinayətkarlıqla mübarizə üçün deyil, həmçinin milli və dövlət maraqları üçün də təhlükəlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 15 dekabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübutlar- 01 ədəd «Zimmer 43 Led» markalı, ZM-TVSF4336 model televizor saxlanılması üçün Zərərçəkmiş şəxs anası Şahid2 təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 15 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut- 01 ədəd «Zimmer 43 Led» markalı, ZM-TVSF4336 model televizor saxlanılması üçün Zərərçəkmiş şəxs anası Şahid2 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar