Məhkəmə qərarları › İş №1(060)-330/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-330/2025

19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-330/2025 19.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əliyeva Pərvanə Kazım qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam-orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 07 yanvar 2025-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə, Ağoğlan Rzayev küçəsi 64-də yerləşən bağ sahəsinə hasardan aşmaqla qanunsuz daxil olaraq oradan bir metri 40 qəpik olan cəmi 20 manat dəyərində Türkiyə istehsallı 50 metr uzunluğunda istifadə edilmiş 4-lük mis naqili, bir metri 1 manat olan cəmi 36 manat dəyərində Rusiya Federasiya istehsallı 09 ədəd 04 metrlik istifadə edilmiş 14 mm-lik armaturu, bir kiloqramı 40 qəpik olan cəmi 120 manat dəyərində Rusiya Federasiyası istehsallı təxminən 300 kq çəkidə 2 metr uzunluğunda istifadə edilmiş 40-lıq ölçüdə dəmir boruları gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 176 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə münasibəti yaxşı olmuşdur. Belə ki, işsiz olduğundan və pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2025-ci il tarixdə gecə saat 02 radələrində o Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 5-ci məhəllə ərazisindən Ağoğlan küçəsi ilə evə gedən zaman yolun kənarında yerləşən bağ evinin işıqlarının sönülü olduğunu görmüşdür. Həmin evdə heç kimin olmamasına tam əmin olduqdan sonra hasardan evin həyətinə keçmişdir. Həyətə baxış keçirən zamanı hasarın dibi ilə 09 ədəd 04 metrlik istifadə edilmiş 14 mm-lik armatur və hissə-hissə olmaqla təxminən 250-300 kiloqram metal hissəsinin olduğunu görmüşdür. O, həmin bağ evinin kimə məxsus olduğunu bilməmişdir. Pula ehtiyacı olduğu üçün həyətdə olan metal hissələrini oğurlamaq qərarına gəlmişdir. İlkin olaraq o, kiçik həcmli metal hissələri, təxminən 50 metr uzunluğunda olan 4-lük mis naqili, daha sonra həyətdə olan 09 ədəd 04 metrlik istifadə edilmiş 14 mm-lik armaturu da iki-iki həyətdən çıxarmış və evin yaxınlığındakı kolluqda gizlətmişdir. Həmin günün səhərisi saat 08 radələrində o, oğurladığı metal hissələri gizlətdiyi yerdən götürmüş və idarə etdiyi avtomobilin arxa saxlanc yerinə yığmışdır. Daha sonra həmin metal hissələrini H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən metal qəbulu məntəqəsinə aparmışdır. O, həmin metal hissələri satmaq istəyən zaman polis əməkdaşları onu saxlamışlar və avtomobildə olan metal hissələrini haradan əldə etməsi ilə bağlı sorğu-sual edilmiş və o, oğurluq etdiyini etiraf etmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə 2-ci PB-nə gətirilmişdir. Bölmədə ona oğurluq etdiyi bağ sahəsinin Zərərçəkmiş şəxs məxsus olduğu bildirilmişdir. Oğurluq yolu ilə əldə etdiyi metal hissələrin ümumi çəkisi 300 kq olmuş və o, alıcı ilə metalın 1 kq-nı 40 qəpiyə satmaq barədə razılığa gəlmişdir. Lakin, onu polis əməkdaşları saxladığı üçün oğurladığı metal hissələrini sata bilməmiş və həmin bağ sahəsindən başqa hər hansı bir əşya oğurlamamışdır. Bundan əlavə bildirmişdir ki, hazırda zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödəmiş, zərərçəkmiş şəxslə aralarında barışıq əldə edilmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayəti yoxdur. Göstərilən halları, həmçinin İİ qrup əlil olmasını və peşman olmasını nəzərə alaraq ona yengül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən 0,05 ha sahəsi olan bağ sahəsi almış və daha sonra həmin sahədə fərdi yaşayış evini tikməyə başlamışdır. Həyətdə saxlanc yeri olan tikili olmuşdur. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat 17 radələrinədək bağda usta ilə yüngül tikinti işləri gördüyü üçün oarada olmuş və daha sonra birlikdə bağdan çıxıb getmişlər. O, xx.xx.2025-ci il tarixdə saat 11 radələrində yenidən bağa gedən zaman həyətin qapısının açılmadığını müəyyən etmiş, buna görə də dükandan yeni açar almış və qapının açarını sındıraraq həyətə daxil olmuşdur. Həyətdə olan saxlanc yerinin pəncərəsinin açıq olduğuunu görmüşdür. Özü-özlüyündə həyətdən çıxan zaman fikrindən çıxıb qapını bağlamadığını fikirləşmişdir. O, pəncərədən içəri baxmış və içəridə olan laqunda və drel aparatlarının, armaturların və evin tikintisi üçün aldığı xeyli xamutların yerində olmadığını müəyyən etmişdir. Daha sonra o, həyətə nəzər salmış və evin tikintisi üçün hissə-hissə olmaqla aldığı, ümumi dəyəri 1200-1300 manat olan armatur, şvellər, künclük (uqolnik), profillərdən ibarət tikinti materiallarının da yerində olmadığını aşkar etmişdir. Buna görə də oğurluq hadisəsi ilə barədə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə müraciət etmişdir. Lakin o, sonradan saxlanc yerinə nəzər yetirən zaman yuxarıda sadaladığı tikinti materiallarının yerində olduğunu aşkar etmişdir. Bununla bağlı o, təkrar ərizə ilə 2-ci PB-nə müraciət etmişdir. Beləliklə də, həyətində olan saxlanc yerindən ancaq kiçik həcmli metal hissələr, yəni 01 ədədinin dəyəri 40 qəpik olan təxminən 300 kq çəkidə istifadə edilmiş kiçik ölçülü dəmir borular, ümumi dəyəri təxminən 200 manat olan Türkiyə istehsalı olan təxminən 50 metr uzunluğunda olan istifadə edilmiş 4-lük mis naqili, ümumi dəyəri 280 manat olan 09 ədəd 04 metrlik istifadə edilmiş 14 mm-lik armatur oğurlanmışdır. Onun həyətindən bu əşyalardan başqa başqa heç nə oğurlanmamışdır. Bundan əlavə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş zərərin tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qaşrı heç şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən “Lukoil” YDM-nin yaxınlığında yerləşən metal qəbulu məntəqəsini işlədir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Əvəz adlı şəxs məntəqəyə satmaq üçün avtomobillə təxminən 300 kq dəmir metal gətirmişdir. Lakin, həmin vaxt başqa müştəridən metal qəbul etdiyi üçün Əvəzi qəbul edə bilməmişdir. Həmin vaxt polis əməkdaşları işlədiyi metal qəbulu məntəqəsinə daxil olmuşlar və Əvəzi məntəqəyə təhvil vermək istədiyi metalı hardan əldə etməsi barədə sorğu sual etmişlər. Daha sonra Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 2-ci PB-nə aparmışlar. Daha sonra ona Əvəzin həmin metal hissələrini Zərərçəkmiş şəxs bağından oğurladığı məlum olmuşdur. Bundan əlavə şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, o Sumqayıt ŞPİ-nin 2ci Polis Bölməsində izahat versə də, bu işlə bağlı heç vaxt Sumqayıt ŞPİ-də olmamış və ifadə verməmişdir. Cinayət işinin 70-71-ci səhifələrində olan şahidin dindirilməsi protokolunda onun adının qarşısında olan imzalar onun tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Cinayət işinin 33-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 61-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və MYS-dən azad edilmişdir. Cinayət işinin 75-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2025-ci il tarixli, 9/1098 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Bakı şəhərində yerləşən inşaat malları satış mağazalarında olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda qeyd edilən malların 2025-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxmini aşağıdakı kimi müəyyən edilir: Türkiyə istehsalı olan 50 metr uzunluğunda istifadə edilmiş 4-lük mis naqil -20 manat (50 metr x 0,4 manat); Rusiya Federasiyası istehsalı olan 09 ədəd 04 metrlik istifadə edilmiş 14 mm-lik armatur - 36 manat (36 metr x 1 manat); qərarda qeyd edilən Rusiya Federasiyası istehsalı olan təxminən 300 kq çəkidə 2 metr uzunluğunda istifadə edilmiş 40-hq ölçüdə dəmir borunu istismar müddəti, divarının qalınlığı barəsində ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işinin 74-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tərəfindən verilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 4/840 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 1(060)-330/2025 nömrəli cinayət işinin 70-71-ci vərəqində hissəsində “Şahid:” qrafasındakı imza və “Şahid” yazısı, 2-ci vərəqində “İmza: Şahid” qrafasındakı imza - Şahid tərəfindən yox,başqa şəxs tərəfindən icra olunmuşdur. Cinayət işinə əlavə olunmuş ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 124 (yüz iyirmi dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 77-81-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 300 kq çəkidə Rusiya Federasiyası istehsalı olan 2 metr uzunluğunda istifadə edilmiş kiçik ölçülü 40-lıq ölçüdə dəmir borular, Türkiyə istehsalı olan təxminən 50 metr uzunluğunda olan istifadə edilmiş 4-lük mis naqili, 09 ədəd 04 metrlik istifadə edilmiş RFnın istehsalı olan 14 mm-lik armatur maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət işinin 69-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli, 137 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəliyə görə İİ qrup əlildir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmə cinayətini törətməsi tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, İİ qrup əlil olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri aradan qaldırmaqla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, İİ qrup əlil olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri aradan qaldırmaqla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmamasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 yanvar 2025-ci il tarixdən 10 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq qoyulmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci, ümumilikdə 176 (yüz yetmiş altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 300 kq çəkidə Rusiya Federasiyası istehsalı olan iki metr uzunluğunda istifadə edilmiş kiçik ölçülü 40-lıq ölçüdə dəmir boruların, Türkiyə istehsalı olan təxminən 50 metr uzunluğunda olan istifadə edilmiş 4-lük mis naqilin, 09 ədəd dörd metrlik istifadə edilmiş Rusiya Federasiyası istehsalı olan 14 mm-lik armaturun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 05 saata görə 30 (otuz) manat, xx.xx.2025-ci il tarixdən indiyədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 13 saata görə 143 (yüz qırx üç) manat, ümumilikdə 173 (yüz yetmiş üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Qeyd edilən qərara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə dəyişiklik edilmiş və dəyişikliyə əsasən Qərarın 1-ci hissəsində “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilmiş və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Bundan əlavə fəaliyyətində kobud qanun pozuntularına yol vermiş Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X3 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarımalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 yanvar 2025-ci il tarixdən 10 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Suqmayıt şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhəri Probasiya İdarəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 300 kq çəkidə Rusiya Federasiyası istehsalı olan iki metr uzunluğunda istifadə edilmiş kiçik ölçülü 40-lıq ölçüdə dəmir boruların, Türkiyə istehsalı olan təxminən 50 metr uzunluğunda olan istifadə edilmiş 4-lük mis naqilin, 09 ədəd dörd metrlik istifadə edilmiş Rusiya Federasiyası istehsalı olan 14 mm-lik armaturun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarının xərci, ümumilikdə 176 (yüz yetmiş altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 05 saata görə 30 (otuz) manat, xx.xx.2025-ci il tarixdən indiyədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 13 saata görə 143 (yüz qırx üç) manat, ümumilikdə 173 (yüz yetmiş üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar