Məhkəmə qərarları › İş №1(060)-331/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-331/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-331/2023 07.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olmayan, Sumqayıt şəhəri., Nizami kücəsi, 19C., məhəllə 6 ünvanında qeydiyyatda olan və Sumqayıt şəh., Kimyaçılar qəsəbəsi ərazisində yerləşən fərdi evdə yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaq orqanına məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,323 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 11 dekabr 2022-ci il tarixdə saat 02:15 dəqiqədə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 11-ci mikrorayonun arxası, Çerkasi küçəsində yerləşən avtomobil təmiri sexlərinin qarşısında saxlanılaraq 5-ci PB-nə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,323 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə təxminən gecə saat 01 və ya 02 radələrində sexdə işləyən zaman tanışı Rafiq adlı şəxs avtomobilinin işıqlandırma sistemində nasazlıq olduğu və həmin hissənin təmirə ehtiyacı olduğu üçün onun yanına gəlmişdir. Rafiq gəldikdən qısa müddət sonra, dəqiq sayını xatırlamadığı polis əməkdaşı sexə gəlmiş, həmin şəxslər özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirmişlər. Onlar sexdə axtarış aparmaq istəyəndə polis əməkdaşlarının gəliş səbəbini başa düşüb sexdə saxladığı falqa içəsində əridilmiş formada olan narkotik maddə olan heroini təqdim etmişdir. Onu tanışı Rafiqlə birlikdə 5-ci PB-nə aparılmışdır. Narkotik maddəni falqa içərsində təqdim etməsini Rafiq adlı tanışı da görmüşdür. Həmin gecənin səhəri təxminən saat 11 radələrində üzərinə baxış keçirilmişdir. Onun üzərindən verilmiş ittihamda qeyd edilən miqdarda narkotik maddə aşkar edilməmişdir. Həmin büküm ona məxsus olmamışdır. Polis əməkdaşları təqdim etmişdir. İbtidai istintaqda qorxduğu üçün belə bir ifadə vermiş, döyülməmiş, fiziki təsirə məruz qalmamışdır. Təqsirləndirirlən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, təxminən bir il olar ki narkotik vasitələrdən istifadə edir. Təxminən bir həftə əvvəl o, tanımadığı şəxsdən özü istifadə etmək üçün 20 manata narkotik vasitə olan heroin almışdır. Həmin heroinin bir hissəsini istifadə edib qalanını isə bir ədəd bükümdə üzərində saxlamışdır. O, Sumqayıt şəhəri, 11ci mikrorayonda Çerkasi küçəsində yerləşən dəmirçi sexi işlədir. Təxminən iki ildir ki, Sumqayıt şəhər sakini Rafiq adlı şəxsi tanıyır. Belə ki, Rafiq onun müştərisi olmuş, yəni o, Rafiqin avtomobilini təmir etmiş, buna görə də münasibətləri yaranmışdır. 11 dekabr 2022ci il tarixdə təxminən saat 02:00 radələrində o, işlədiyi avtotəmir sexində olan zaman Rafiq onun yanına gəlmişdir. Təxminən bir neçə dəqiqə sonra 4 nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb, polis əməkdaşları olduqlarını deyərək, xidməti vəsiqələrini göstərib özlərini onlara təqdim etmişlər. Onlar Rafiqlə onu üzərlərində narkotik vasitə gəzdirməkdə şübhəli olduqları üçün dəvət edərək Sumqayıt ŞPİ-nin 5-ci polis bölməsinə gətirmişlər. Polis Bölməsində otaqların birində polis əməkdaşlarının və ona təqdim olunmuş vəkil X2 iştirakı ilə və onun razılığı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan boz rəngli parça gödəkçənin sol yan cibində saxladığı şəffaf rəngli sellofan kəsiyinə bükülmüş içərisində narkotik vasitə olan "kakos"u, 20 qəpik pulu və əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibində olan 20 manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Lakin polis bölməsində ondan narkotik vasitəni haradan əldə etdiyini soruşduqda bildirmişdir ki, tanışı Rafiqdən pulsuz almış və özü istifadə etmək üçün üzərində saxlamışdır. Üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə olan narkotik vasitə onun iştirakı ilə elektron tərəzidə ölçülmüş və 0,4 qram olması müəyyən olunmuşdur. O, çəkiyə etiraz etməmişdir. Həmin narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq bu barədə protokol tərtib olunmuşdur. Bir ədəd 20 manatlıq kağız pul və bir ədəd 20 qəpik pul özünə qaytarılmışdır. Protokol tərtib olunduqdan sonra isə ucadan oxunmuş və o, digər iştirakçılarla birlikdə protokola imza etmişdir. O, izahat verərkən həyəcanlı olmuş və tutulduğu üçün qorxmuşdur. Buna görə də bu məzmunda izahat vermişdir. Əslində isə Rafiq ona narkotik vasitə olan heroin verməmişdir. Əvvəllər tanışı Rafiq ona pay olaraq və ya pulla narkotik vasitə verməmişdir. O, narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində mobil telefon olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, halhazırda Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ünvan 3 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ərazisində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs və Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 1, mənzil 55-də qeydiyyatda olan və ünvan 5 ünvanında yaşayan Şahid5 narkotik vasitələri əldə etməsi, qanunsuz üzərində saxlaması və dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, sahə rəisi, polis baş leytenantı Şahid3, kiçik inspektor, polis baş serjantı Şahid4 və KTB-nin baş inspekloru, polis mayoru X3 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında xx.xx.2022-ci il tarixdə saat 02:15 dəqiqədə əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 11-ci mikrorayonun arxasında «Çerkasi» küçəsində yerləşən avtotəmir sexlərinin qarşısında Təqsirləndirilən şəxs və Şahid5 onlar tərəfindən saxlanılmışdır. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs və Şahid5 özlərini təqdim etmələrini bildirmişlər. Həmin şəxslər özünü təqdim edərək Təqsirləndirilən şəxs və Şahid5 olduqlarını bildirmişlər. Onlar nə üçün saxlanıldıqlarını soruşduqda qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və dövriyyəsi ilə məşğul olmalarında şübhəli bilindikləri üçün saxlanıldıqlarını və bu səbəbdən videoçəkilişlə üzərlərinə şəxsi axtarış aparılacağını izah edərək onları 5-ci PB-nə dəvət etmişlər. Onlar heç bir etirazlarının olmadıqlarını bildirmişlər. Bundan sonra onlar birlikdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gəlmişlər. Polis bölməsində xidməti otaqlardan birində kriminalist Rasim Paşayev panasonik markalı videokameranı işə salmış, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X5 təqdim olunmuşdur. O, vəkilə etiraz etməmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki boz rəngli parça gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində narkotik vasitə olan heroin olduğunu demişdir. Həmin bükümə baxarkən içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Onlar ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni onunla birlikdə polis bölməsinə gətirilən tanışı Rafiq adlı şəxsin ona istifadə etmək üçün verdiyini demişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,4 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etməmişdir. Bundan sonra narkotik vasitə heroinə bənzər maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi və satması ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatı olmuşdur. Ancaq onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə olan əməliyyat məlumatı öz təsdiqini tapmamışdır. Onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə yenidən əməliyyat məlumatı daxil olarsa istintaqa bu barədə bildiriləcəkdir. Təqsirləndirilən şəxs izahatında üzərindən aşkar olunmuş narkotik vasitəni ona Şahid5 verdiyini bildirmişdir. Ancaq onun nə üçün bu məzmunda, yəni narkotik vasitəni tanımadığı şəxsdən almasını bildirməsi ilə bağlı ifadə verdiyini deyə bilmir. Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdikləri tam olaraq həqiqəti əks etdirməmiş, sonuncu tərəfindən polis əməkdaşlarına sexdə hər hansı bir falqa təqdim edilməmiş, üzərinə baxış polis şöbəsində keçirilmiş, baxış tutulduğu gecə aparılmış, baxış zamanı bir büküm heroin aşkar edilərək götürülmüş, nə o, nə də ki, digər polis əməkdaşları Təqsirləndirilən şəxs hər hansı bir təzyiq təsir göstərməmiş, sonuncu narkotik maddəni könüllü təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları Şahid2 və Şahid4 da da Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında Şahid5 bildirdi ki, təxminən bir ilə yaxındır ki, o, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir.xx.xx.2022-ci il tarixdə təxminən saat 01-02 radələrində Bayramın sexinə gəlmiş, gəliş səbəbi avtomobili ilə bağlı olmuşdur. O gəldikdən qısa müddət sonra polis əməkdaşları Çerkassi küçəsində yerləşən sexə gəlmişdir. Polis əməkdaşları gəliş səbəblərini bildirib onları birlikdə 5-ci PB-nə aparılmışdır. 5-ci polis bölməsinə gətirildikdən qısa müddət sonra ayrı ayrılıqda onun və Bayramın üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən 06 ədəd bükümdə psixotrop maddə olan metamfetamin, 01 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar olunmuşdur. Sonradan ona məlum olmuşdur ki, Bayramın üzərindən bir büküm narkotik maddə olan heroin aşkar edilmişdir. O nə Bayrama nə də ki, digər şəxslərə narkotik maddə satmamış və verməmişdir. Sexdə olan zaman polis əməkdaşlarına Bayramın falqa içərisində heroin təqdim etməsini görməmiş, belə bir hala şahid olamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 dekabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 11 dekabr 2022-ci il tarixdə, saat 02:15 dəqiqədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 19); 12 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 55-56) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/6995 nömrəli 11 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “...Vət Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,323 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir ( i.v. 42-45) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 7737 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 83-84). İş materialına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş bir ədəd “DVD” diskdə olan videogörüntüyə baxış keçirilməsi zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 02:15 dəqiqədə Təqsirləndirilən şəxs təhqiqatçı Zaur Ağayev özünü təqdim etdikdən sonra şübhəli şəxsdən özünü təqdim etməsini istəmişdir. Şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını izah etmiş, təhqiqatçı şübhəli şəxsə hüquq və vəzifələri ilə bağlı bildirişi təqdim etmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili X5 təqdim olunmuş. o, vəkilə etiraz etməmişdir. Sonra polis əməkdaşları özlərini təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt o, əynindəki gödəkçənin sol yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu və haradan əldə etdiyi soruşulduqda o, bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotiki ona Rafiq adlı şəxsin pay verdiyini demişdir. Təqsirləndirilən şəxs bir il olar ki, narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,4 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etməmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra narkotik vasitə heroinə bənzər maddə qablaşdırılmış, möhürlənmış və iştirakçılar tərəfindən imzalanmışdır. Vəkil Təqsirləndirilən şəxs harada saxlanıldığını, saxlanılarkən ona qarşı zor tətbiq olunub-olunmadığını, eyni zamanda üzərindən aşkar olunmuş kütlənin ona məxsus olub olmadığım soruşmuşdur. Təqsirləndirilən şəxs 11 -ci mikrorayon ərazisində saxlanıldığını, saxlanılarkən ona qarşı heç bir zorakılıq edilmədiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən götürülmüş 20,20 manat pul ona qaytarılmışdır.(i.v. 86); Təqsirləndirilən şəxsin X4 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə 12 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-nin X4 dərhal azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 67) İstintaq zamanı Təqsirləndirilən şəxs ilə 5-ci PB-nin əməliyyat müvəkkili Şahid1 və digər əməkdaşlar arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə zamanı da Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini ona Şahid5 vermədiyini və satmadığını, həmin narkotik vasitəni tanımadığı şəxsdən aldığını polis əməkdaşlarının üzünə qarşı demişdir. (i.v.102-109). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 82). İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, təqsirləndirilən şəxs ailəlidir və onun xx.xx.2018-ci il təvəllüdlü Mehin adlı bir uşağı vardır (i.v.74). İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. (i.v. 110) Sübutların qiymətləndirilməsi haqqında 26 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-kimyəvi ekspertizasının 6/6995 nömrəli 11 dekabr 2022-ci il tarixli rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7737 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin çəkisi 0.323 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.273 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 111-116); Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, üzərindən verilmiş ittihamda qeyd edilən miqdardan az miqdarda narkotik maddə olan heroinin aşkar edilməsi, həmin heroini sexdə falqa içərisində polis əməkdaşlarına təqdim etməsi, bu halın Şahid5 də şahid olmasını, baxışın səhər saatlarında aparılması barədə göstərilənlər işin faktiki halları ilə tam təkzib edilmişdir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə baxışında göstərilən saatda və yerdə tutulmuş, şahidlər Şahid5 və qeyriləri belə bir hala şahid olmadıqlarını, eləcə də şəxsi axtarış keçirilməsi haqqında protokoldan da görünür ki, şəxsi axtarış səhər saatlarında deyil, tutulduqdan qısa müddət sonra müdafiəçisinin iştirakı ilə aparılmış və üzərində bir büküm verilmiş ittihamda göstərilmiş miqdarda heroin aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs göstərdiyi hallara tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən boyun qaçırmaq üçün belə ifadə verir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə tam təsdiq edilir. Onun göstərdiyi hallar araşdırılsa da, təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs özü də istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsi işin digər bütün halları ilə araşdırılmışdır. Amma məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun təqsirsiz olması, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilməsinə baxmayaraq o, məhkəmə iclasında sərbəst şəkildə verdiyi ifadəsində həqiqətən də narkotik vasitələrdən istifadə etdiyini, həmçinin saxlanılan zaman üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımabir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0.328 qram olan narkotik maddə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 11 dekabr 2022-ci il tarixdən 12 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı (CM93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.328 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.273 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 81 (səksən bir manat) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində-ünvan 6 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhəri, Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 4 (dörd) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 24 (iyirmi dörd) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 dekabr 2022-ci il tarixdən 12 dekabr 2022-ci il tarixədək tutulub saxlanıldığı 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0,273 qram heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar