Məhkəmə qərarları › İş №1(060)-331/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-331/2025

16.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-331/2025 16.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X5, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri 41-ci məhəllə, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 420 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlayaraq daşımış, 13 fevral 2025-ci il tarixdə saat 18:14-də Sumqayıt şəhəri H.Zeynalabidin qəsəbəsi ərazisində yerləşən Heydər Əliyev adına parkda saxlanılıb üzərinə yoxlama keçirilən zaman üzərindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 420 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək ondan götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Xudat rayonundan narkotik vasitə almış, gələrkən Nasosnuda polis əməkdaşları yaxınlaşıb onu saxlamış, özlərini təqdim edərək ondan üzərində nə olduğunu soruşmuşlar, o da üzərində marixuana olduğunu bildirmiş, onu polis bölməsinə aparmışlar. Marixuananın çəkisi 420 qram olmuş, həmin narkotik vasitəni Xudat rayonunda anket məlumatlarını bilmədiyi tanışından 150 manata almışdır. Həmin tanışı barədə polisə məlumat vermişdir. Saxlanılan zaman ona qarşı heç bir təzyiq olmamışdır. Valideynləri xəstədir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, uzun müddətdir ki, narkotik vasitələrin müxtəlif növlərindən istifadə edir. 13 fevral 2025-ci il tarixdə saat təxminən 18 radələrində Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, Heydər Əliyev adına parkda piyada hərəkət edən zaman polis əməkdaşları tərəfindən saxlanılmış, saxlanıldıqdan sonra polis əməkdaşları onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli olduğunu bildirib üzərimə baxış keçirmək istədiklərini bildirmişlər. Videoçəkilişdən istifadə etməklə onun üzərinə baxış keçirilmiş və baxış zamanı üzərində saxlamış olduğu narkotik vasitəni özü təqdim etmişdir. Təqdim etdiyi həmin narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Daha sonra o, üzərindən götürülmüş narkotik vasitə ilə birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirilmişdir. Bölmədə ona hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 təqdim olunmuşdur. Sonra üzərində aşkar edilmiş və qablaşdırılmış, narkotik vasitə PB-də xidməti otaqda yenidən açılmış, ona aid olub-olmadığı soruşulmuş, o, bu barədə suallara cavab vermişdir. Həmin vaxt aşkar olunmuş narkotik vasitə sellofan torba ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin bükümlə birlikdə çəkisinin 485 qram olduğu müəyyən olunmuş və həmin maddə ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq DİN-in 126 saylı möhürü ilə möhürlənmişdir. O, həmin narkotik vasitənin özünə məxsus olduğunu, həmin narkotik vasitəni saxlanıldığı gün Xudat rayonunda tanımadığı şəxsdən 150 manata aldığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, o, nə saxlanılarkən, nə də sonradan polis bölməsinin inzibati binasında olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, digər qeyri-qanuni hərəkətlərə yol verilməmişdir. O, narkotik tərkibli maddələrdən istifadə etmişdir. O, narkotik vasitələrin və ya psixotrop maddələrin alqı satqısı ilə məşğul olmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitəni öz istifadəsi üçün saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərdi ki, Amidi əvvəllər tanımamış, aralarında heç bir ədavət olmamışdır. Saxlanıldığı gün X13 Tağıyev qəsəbəsində olması və üzərində narkotik maddə olması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu yaradılmış və həmin şəxs qəsəbə ərazisində saxlanılmışdır. Saxlanıldığı yerdə üzərinə şəxsi axtarış keçirilmiş və narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Tədbirin davamı olaraq həmin şəxs tərəflərindən polis bölməsinə gətirilmiş və orada sənədləşdirilmiş, üzərindən aşkar olunmuş maddə qablaşdırılaraq aidiyyatı üzrə göndərilmişdir. Şəxsin üzərində aşkar olunan maddə marixuana adlanan narkotik vasitə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsində göstərdi ki, Amid adlı şəxsin narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, H.Z.Tağıyev qəsəbəsində şəxsə yaxınlaşmış, üzərində narkotik vasitə aşkar etmişlər, orada çəkiliş olmuş, qablaşdırmışlar. Bölmədə də təhqiqatçı sənədləşdirmişdir. Çəkiliş zamanı Amid bildirmişdir ki, özü narkotik vasitə xəstəsidir, istifadəçisidir, satışı ilə məşğul olmur, heç kimə bu və ya digər formada pay verməmiş, satmamış, qazanc əldə etməmişdir, sadəcə özü xəstəsi olduğunu, istifadəçisi olduğunu bildirdi. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 elan edilmiş ifadəsindən görünür ki, 13 fevral 2025-ci il tarixdə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı bölmə rəhbərliyinə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 13 fevral 2025-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupda onunla bərabər, Sumqayıt ŞPİ-nin 2-ci Polis bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, əməliyyat müvəkkli, polis kapitanı Şahid4 və əməliyyat müvəkkili, polis kapitanı Şahid3 da iştirak etmişdir. Bölmə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin gün əməliyyat qrupunun üzvləri olaraq birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü onların ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhəri H.Zeynalabidin qəsəbəsində yerləşən Heydər Əliyev adına parkda olmasını müəyyən edərək yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin istifadəsi, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olmasını bildirib videoçəkiliş aparmaqla ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin istifadəsi, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olmasını bildirib ona hüquqlarını izah etdikdən sonra üzərinə yoxlama aparılacağını deyərək üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşyanın olub-olmamasını soruşmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman geyiminin sol iç qoltuqaltı hissəsində saxladığı şəffaf rəngli sellofan bükümdə saxladığı, ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütləni çıxarıb təqdim etmişdir. Həmin kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və həmin kütlə kağız zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman qanunla qadağan edilən hər hansı digər əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə ilə birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirmişlər. Polis bölməsində təhqiqatçı, polis leytenantı Qubad Vəliyev tərəfindən videoçəkilişlə, onların və Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Qubad Vəliyev tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və qablaşdırılmış halda olan kütlə təqdim edilərək onun üzərindən aşkar olunan kütlə olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin onun üzərindən aşkar olunmuş narkotik vasitə olmasını bildirmişdir. Təhqiqatçı tərəfindən büküm açılaraq yenidən elektron tərəzi vasitəsilə çəkilmiş və bükümlə birlikdə çəkisinin 485 qram olması müəyyən edilmişdir. Eyni zamanda təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq həmin narkotik vasitəni saxlanıldığı gün Xudat rayonunda tanımadığı şəxsdən öz istifadəsi üçün 150 manata aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş kütlə bükümlə birlikdə yenidən kağız zərfə qoyularaq möhürlənib qablaşdırılmışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı Xudat rayounda tanımadığı şəxsdən 150 manata aldığını bildirsə də, həmin xüsusat araşdırılır. Təqsirləndirilən şəxs narkotik vasitə haradan əldə etməsinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin əməliyyat müvəkkli, polis kapitanı Şahid4 elan edilmiş ifadəsindən görünür ki, o, ifadəsində Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. - xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib daşıması, istifadəsi, gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 13 fevral 2025-ci il tarixdə, saat 18:14 dəqiqədə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, “Heydər Əliyev” parkında saxlanıldı. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirdi. Üzərində olan boz rəngli idman geyiminin sol qoltuq hissəsindən şəffaf sellofana bükülmüş yaşıl rəngli narkotik vasitə olan marixuanaya bənzər kütləni təqdim etdi. Üstünü yoxlama Sumqayıt şəhər, H.Z.Tağıyev qəsəbəsi, "Heydər Əliyev" parkında keçirildi, üstünü yoxlama «Samsung» markalı mobil telefon ilə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 tərəfindən video çəkiliş aparıldı. - Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, “Heydər Əliyev” parkında xx.xx.2025-ci il tarixdə saat 18:14-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-38/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. - xx.xx.2025-ci il tarixli “şəxsi axtarışın keçirilməsi və təqdim olunan əşyaların götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X4 təqdim olundu. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkilə hər hansı bir etirazı olmadığını hüquq və vəzifələrinin ona tam aydın olduğunu bildirdi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən mühüm əhəmiyyət kəsb edən əşya aşkar olunmadı. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmış içərisində narkotik vasitəyə bənzər kütlənin olduğu 1 ədəd möhürlənmiş şəffaf yapışqan lent ilə bağlanılmış yaşıl rəngli sellofan bağlama videoçəkiliş altında təqdim edildi. Sorğu zaman Təqsirləndirilən şəxs təqdim olunan möhürlənmiş bağlama narkotik vasitənin ona məxsus olduğunu, həmin narkotik vasitəni bu gün Xudat rayonunda tanımadığı şəxsdən 150 manata aldığını bildirdi. Daha sonra təqdim edilmiş möhürlənmiş bağlama açıldı, həmin bağlama içərisində yaşıl rəngli paket olduğu görüldü. Həmin yaşıl rəngli paket açılan zaman içərisində yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan “mariuxana”ya bənzər maddənin olduğu müəyyən edildi və həmin kütlə şəffaf sellofan ilə birlikdə elektron tərəzidə çəkilən zaman içərisində qəhvəvi rəngli spesifik iyə malik narkotik vasitə olan “marixuana”ya bənzər maddənin olduğu yaşıl rəngli paketlə çəkisinin 485 qram müəyyən edildi, həmin yaşıl rəngli paket təkrar qablaşdırılaraq DİN-nin 126 saylı möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs vəkili X4 tərəfindən ona verilən suallara cavab olaraq polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə, qeyri insani rəftara məruz qalmadığını, üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu bildirdi. - Məhkəmə-bioloji ekspertizasının 7/300 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübur..” yazı və imzalar olan polietilen bağlamada 1 (bir) ədəd yaşıl rəngli sellofanın içində olan qara rəngli sellofanda təmiz çəkisi 420 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 419,95 qram marixuana qalıq qalmışdır. - xx.xx.2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, videoda 14 fevral 2025-ci il tarixdə 2 nəfər mülki geyimli və daha sonra 1 nəfər xüsusi geyim formasında polis əməkdaşlarının Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmələri və Təqsirləndirilən şəxs hansı səbəbdən saxlanılması izah edildikdən sonra üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşyanın olub-olmaması soruşulduqda əynində olan qara rəngli gödəkçəsinin sol iç hissəsindən şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etməsi və elektron tərəzidə çəkildiyi zaman çəkisinin 460 qram olması müəyyən olunur. Sellofan bükümdə olan kütləyə baxış keçirilərkən yaşıl rəngli, ilk baxışdan narkotik vasitə marixuanaya bənzər kütlə olması aşkar olunur. Daha sonra həmin büküm qablaşdırılır və üzəri imzalanır. Bundan sonra Namiq Haqverdiyevin üzəri yoxlanılır və qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmur. Bundan sonra 2-ci diskə baxış keçirilərkən 01 ədəd qovluq olduğu müəyyən edilir. Qovluqda olan fayla daxil olduqda 04:10 dəqiqə davam edən videonun olması müəyyən olunur. Videoda Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasında xidməti otaqların birində təhqiqatçı, polis leytenantı Qubad Vəliyev tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhər Regional vəkil bürosunun vəkili X2 və Sumqayıt ŞPİ-nin, 2-ci PB-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs hüquqlarının izah edilməsi və bu barədə yazılı bildirişin verilməsi, saxlanılması səbəbi bildirildikdən sonra təhqiqatçı tərəfindən ondan saxlanılarkən üzərindən aşkar olunmuş 01 ədəd zərfdə qablaşdırılmış halda olan şəffaf rəngli sellofan bükümdə olan maddənin onun üzərindən aşkar olunmuş kütlə olubolmaması və haradan əldə etməsi soruşulur. Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin ona məxsus olmasını, Xudat rayonunda tanımadığı şəxsdən almasını və şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmur. Üzərindən şakar olunmuş narkotik vasitəyə yenidən baxış keçirilərək elektron tərəzidə çəkilir və daha sonra yenidən qablaşdırılır. Daha sonra müdafiəçisi Müseyib Məhərrəmov tərəfindən ondan saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı təsir və təzyiqə məruz qalıbqalmaması soruşulur və o, heç bir təsir olunmadığını bildirir. Bununla da Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış başa çatdırılır. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, tədqiqatdan sonra qalıq qalmış, 419,95 qram narkotik vasitə olan qurudulmuş marixuana cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün iş üzrə maddi sübut kimi tanınmışdır. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan mıhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 08 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-385/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. - məhkəmə-narkoloji ekspertizasının 1402 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanserin qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, tədqiqatdan sonra qalıq qalmış, 419,95 qram narkotik vasitə olan qurudulmuş marixuana ibtidai istintaqın qurtarmasından sonra təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin istintaq materialları və maddi sübutlarla tanış etdikdən sonra saxlanılması üçün Sumqayıt ŞPİ-nin xüsusi saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 4-cü bəndində qeyd olunur ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. -1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. - 5-ci bəndinə əsasən Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. - 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan marixuananın (qurudulmuş) xeyli miqdarı təmiz halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə marixuana xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının: - 16-cı bəndinə əsasən satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə: - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının: - 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). - 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. - 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". - 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilibtörədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. - 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. - 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin: - 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Azərbaycan Respublikası CM-nin: - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 419,95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 70,00 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-331/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 565 saylı orderə əsasən vəkil X8 onun vəkili təyin etmişdir. X1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 09 (doqquz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, xx.xx.2025-ci il tarixli, 141 saylı qərarı ilə müəyyən edilmiş dəyişikliklərlə 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 419,95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 70,00 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 göstərdiyi 09 (doqquz) saat hüquqi yardıma görə 84 (səksən dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar