Məhkəmə qərarları › İş №1(060)-332/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-332/2021

17.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-332/2021 17.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi3, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1996-cı-c ildə ünvan 1ində kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fırdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 30.12.2020-ci il tarixdə saat 18 radələrində yaşaadığı Sumqayıt şəhəri, Sumqayıtçay ərazisində evinin qarşısında bir neçəay qabaq qonşusu Zaur Orucovun arvadı Aydan Orucova, onun qardaşı Şahid1 qoşulub qaçması səbəbindən aralarında yaranmış ədavətə görə, Zaur Orucovun qardaşı Zərərçəkmiş şəxs ilə Şahid1 arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisəyə müdaxilə edərək, Zərərçəkmiş şəxs şillə və yumruqla baş nahiyəsindən bir neçə dəfə vuraraq ona “qapalı kəllə beyin travması, baş beyin silkələnməsi” kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşayırlar. Təxminən bir neçə ay əvvəl onlarla qonşuluqda yaşayan Teymurun qardaşı Zaurun arvadı Aydan onun qardaşı Nurlana qoşulub qaçmışdır. Buna görə də onlarla Teymurun ailəsi arasında tez -tez mübahisələr olur. Belə ki, Teymur hər dəfə onu görədnə ona söz atıb qıcıqlandırır. 30.12.2020-ci tarixdə o qardaşı Nurlan, anası Samirə, xalası Kifayət və əmisi Ağahəsənlə birlikdə Qobustan rayonundan yaşadığı ünvana gəlmiş, o anasını və qardaşı Nurlanı yaşadığı evin qarşısında düşürüb əmisi Ağahəsənlə yoldaşı, yəni xalası Kifayəti; uşadıqları Sumqayıt şəhəri Tağıyev qəsəbəsinə apararkən yolda Nurlan ona zəng vuraraq bildirmiş ki, qonşu Teymur küçədə onunla mübahisə yaradaraq onu nalayiq söyüşlərlə söyür. O əmisinə bu barədə demiş, əmisi ona bildirmişdir ki, qayıdaq geri, birdən biribirlərinə nəsə edərlər. Buna görə onlar geri qayıtmış, saat təxminən 18:00 radələrində onlar yaşadıqları evə çatanda görmüşlər ki, Nurlan yaşadıqları evin qarşısında dayanıb. O əmisi və xalası Nurlana yaxınlaşaraq soruşmuşlar ki, nə məsələdir, nə olub? Nurlan bildirmişdir ki, onları düşürüb gedəndən sonra Teymur onun üzərinə gələrək onu söyüb təhqir edib və taxta parçası ilə onu vurub. O görmüşdür ki, Teymur onlardan bir neçə metr kənarda dayanıb və içkilidir. Teymura öz iradını bildirmişdir ki, nəyə görə mübahisə edir, nə olubsa qurtarıb gedib. Lakin Teymur onu və ailə üzvülərini küçə söyüşləri ilə söydüyünə görə o üç dəfə sillə ilə Teymurun sifət və baş nahiyyəsindən vurmuşdur. Kənarda dayanmış əmisi və qonşular onların aralarına keçərək onları ayırmışlar. Sonra hərə öz evinə getmiş, sonradan isə öyrənmişdir ki, Teymur onlardan polisə şikayət edibdir. İndi əməlindən peşmandır, belə halların baş verməməsi üçün evini satıb başqa yerə köçmək istəyir. Zərərçəkmiş şəxsdən üzr istəsə də barışıq olmamışdır. Ailə vəziyyətini nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs ilə heç bir düşmənçilik və ədavətləri yoxdur, bir neçə ay bundan əvvəl onunla qonşuluqda yaşayan qardaşı Zaurun həyat yoldaşı Aydan qonşuluqda yaşayan Nurlan adlı oğlana qoşularaq qaçmışdır. Buna görə də aralarında ədavət yaranmışdır. Nurlan hər dəfə küçədə onu görəndə ona acıq vermişdir. 30.12.2020-ci il tarixdə, saat 17:20 radələrində o yaşadığı evin qarşısında özünə məxsus «Mersedes C 18» markalı, **-NJ-*** dövlət nömrə nişanlı avtomaşına əyləşmək istəyəndə öz yaşadığı evin qarşısında dayanan Nurlanın iti ona tərəf gəlmiş, o Nurlandan itini kənara çəkməsini istəmiş, Nurlan isə onu təhqir etməyə başlamışdır. O da Nurlana eyni söyüşləri qaytaranda Nurlanın anası Samirə küçəyə çıxaraq onu söymüşdür. Samirə və Nurlan onun yanına gələrək paltarından tutaraq dartışdırmışlar. Bu vaxt həyat yoldaşı Xəyalə və adlarını xatırlamadığı qonşular oraya gələrək onları sakitləşdirmişlər. O da öz evlərinə getmiş və təxminən 10 dəqiqədən sonra küçədə səs-küy eşidib küçəyə çıxmış, görmüşdür ki, Samirə, adını bilmədiyi bacısı, Nurlan, qardaşı İlqar və əmisi Ağahəsən Xəyalə ilə mübahisə edərək onun ünvanına söyüşlər söyürlər. İlqar onun qızının ünvanına, Ağahəsən isə arvadının ünvanına nalayiq söyüşlər işlədirlər. İlqar yumruqla onun sol qulağından, Nurlan da yumruqla alnından, Ağahəsən isə yumruqla dodağından, başının sağ tərəfindən vurmuşdur. Samirə və bacısı əlində daşla başından, kürəyindən vurmuşlar. Həmçinin Ağahəsən və həyat yoldaşı onun avtomaşınının bir neçə hissəsini daşla və təpiklə vuraraq əzmişlər. Adlarını xatırlamadığı qonşular yenə onları ayırmışlar və o yaşadığı evə gedib DİN-nin 102 xidmətinə müraciət etmişdir. Şikayətçidir, qeyd edilənlərin nəzərə alınaraq təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Hüseyn oğlu və Şahid5 Əkbər qızı Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadə vermiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət və baş nahiyəsindən vurduğunu təsdiq etmişlər. Məhkəmə iclasında Şahid4 Zərərçəkmiş şəxs göstərdiklərini təsdiq etdilər. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 31 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən obyekt Sumqayıt ŞPİ-nin 5-ci PB-nin inzibati binasının qarşısında dayanmış Zərərçəkmiş şəxs məxsus “Mercedes C180” markalı, **- NJ-*** dövlət qeydiyyat nömrəli tünd boz rəngli avtomaşındır. Avtomaşının qabaq buferinin sol yan tərəfində, sağ yan tərəfində, qabaq sağ qapının alt hissəsində, arxa buferdə, arxa yük yerinin qapağında və arxa sağ stop şüşəsində, həmçinin qabaq sol qapının üzərindəki plastmasda zədə izləri vardır. Həmçinin hər iki qapıların (arxa qapılar) üzərində olan plastmaslar yerində yoxdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, avtomaşınında olan həmin zədələri 30.12.2020-ci il tarixdə saat 17:30 radələrində yaşadığı evin qarşısında aralarında yaranmış mübahisə zamanı tanıdığı Ağahəsən və onun həyat yoldaşı daşla və təpiklə vurub yetirmişlər. Baxış zamanı avtomaşının fotoşəkilləri çəkilərək protokola əlavə olundu. (i.v. 15-17) İş materiallarında olan məhkəmə tibb ekspertizasının 27.01.2021-ci il tarixli, 09 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədənində a.ağıdakı xəsarətlər vardır: QKBT. Baş beyin silkələnməsi. Alının sağ hissəsinin sıyrığı, alt dodağın sağ hissəsinin selikli qişasının yarası. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nin zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir gün əvvəl olmaqla 30.12.2020-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə- QKBT. Baş beyin silkələnməsi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya, digər xəsarətlər, yəni-alının sağ hissəsinin sıyrığı, alt dodağın sağ hissəsinin selikli qişasının yarası isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. (i.v. 23-25) İş materiallarında olan Sumqayıtçay ərazi üzrə 1 saylı məhəllə komitəsinin sədri Y.Əzizovun 02.04.2021-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Sumqayıtçay stansiyası ərazisində fərdi evdə yaşayır, yaşadığı yer üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v. 56- 57) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 06.04.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v. 58) İş materiallarında olan 06.04.2021-ci il tarixli “Qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir.(i.v. 84) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına yüngül zərər vurması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Zərərçəkmiş şəxs onu digər şəxslərin də vurmaları və əmlakına zərər yetirmələri barədə göstərdikləri ilə bağlı məhkəmə qeyd edir ki, verilən ittihamın hüdudlarında işə baxılır və göstərilənlər bu işin məhkəmə baxışının baxış predmeti deyildir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah oluna bilər və ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən həyata keçirilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 48 (qırx səkkiz) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) saat ictimai işlər cəzasına məhkum edilsin. Cəzasını yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə çəksin və cəzasının əvvəli hökm icra olunduğu andan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 48 (qırx səkkiz) manat pul Müdafiəçi3 vəkil işlədiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun nəfinə köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********) Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar