Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-332/2022 17.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Kəlbəcər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatla olan və ünvan 2ində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 05 ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,496 qram, 0,436 qram, 0,541 qram, 0,441 qram, 0,355 qram, 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,378 qram, 6,097 qram, 2,434 qram, 01 ədəd şəffaf sellofan bağlamada 35,591 qram, ümumi təmiz çəkisi 48,769 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 06 dekabr 2021-ci il tarixdə saat 18:17-də Sumqayıt ŞPİ-nin X4 əməkdaşları tərəfindən narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsində və satışında şübhəli olması ilə bağlı Sumqayıt şəhəri, 13-cü mikrorayon, TTYS-nın qarşısında piyada hərəkətdə olan zaman saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmiş və Sumqayıt ŞPİ-də onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində olan ağ rəngli sellofan torbadan həmin 05 ədəd ağ rəngli kağız büküm, 03 ədəd kibrit qutusu, 01 ədəd şəffaf sellofan bağlama ümumi təmiz çəkisi 48,769 qram narkotik vasitə qurudulmuş marixuana və həmin narkotik vasitələri çəkmək üçün istifadə etdiyi üzərində cüzi miqdarda marixuana hissəcikləri olan əl tərəzisi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, özünü Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilir. O fərdi qaydada avtobus sürücüsü işləməklə məktəb şagirdlərini daşımaqla məşğul olmuşdur. xx.xx.2021-ci il tarixdə, axşam saat 18 radələrində polis əməkdaşları onu saxlamışlar. O həmin gün maşını saxlayaraq düşdükdən sonra görmüşdür ki, 2 nəfər polis əməkdaşı ona yaxınlaşmış, bildirmişlər ki, onlarla birlikdə idarəyə getməlidir. O etiraz etməmiş, polislərin maşını ilə polis idarəsinə getmişdir. İdarədə polis əməkdaşları ona demişlər ki, “səndə narkotik vasitə var, onu bizə təqdim etməlisən.” O polislərə demişdir ki, üzərində heç nə yoxdur, amma onda evdə az miqdarda narkotik vasitə var, özü istifadə etmək üçün saxlayır və istifadə edir, onlara lazımdırsa verə bilər. O polislərlə birlikdə öz evinə gəlmiş, polislər onun evinə girərək evdə axtarış keçirmişlər. Polis əməkdaşları evdə, yük yerinin altından çoxdan qalmış tərəzini taparaq götürmüşlər. Götürülən tərəzi köhnə, qədimi, dəmir tərəzi olmuşdur. Həmin tərəzi ilə Kəlbəcər rayonunda ova gedərkən güllə patronu doldurub çəkirmişlər. O polislərə tərəzini yerinə qoymalarını bildirsə də, polislər ona bildirmişlər ki, tərəzi onlara lazımdır. Özü evdə saxladığı, sellofan torbada olan az miqdarda narkotik vasitə olan marixuananı polislərə təqdim etmişdir. Polis idarəsində polis əməkdaşları ona pul verməsini təklif etmişlər, o pul vermədikdə polis əməkdaşları ona demişlər ki, onda onu narkotik vasitələrin satıcısı kimi qeyd edəcəklər. O polis əməkdaşlarına narkotik vasitə satıcısı olmadığını bildirmişdir. Polis əməkdaşları onun evinə təxminən axşam saat 7-8 radələrində baxış keçirmişlər. Narkotik vasitəni yalnız özü istifadə etmişdir. Narkotik vasitəni satmaq fikri olmamışdır və heç vaxt kiməsə narkotik vasitə satmamışdır. Narkotik vasitə onda bükümlərdə olmamış, sellofan torbada, bir yerdə olmuşdur, polislər onu bükümlərə bölmüşlər. Narkotik vasitələri özü istifadə etmək üçün saxlamışdır, satmaq üçün almamışdır, bir daha belə hallara yol verməyəcəkdir, əməlindən peşmandır. Buna görə də ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ən yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 bildirdi ki, Sumqayıt ŞPİ-nin NBM-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, rütbəsi polis polkovnik-leytenantıdır. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə üzərində gəzdirməsi, istifadəsində, saxlanmasında və satılmasında şübhəli olması barədə qərəzsiz mənbədən ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı idarə rəhbərliyinə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirləri keçirilməsindən ötrü 06 dekabr 2021-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupda onunla bərabər NBM-nin polis kapitanı Şahid2 da iştirak etmişdir. İdarə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra həmin günü əməliyyat qrupunun üzvləri olaraq birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 18 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüş, bir qədər sonra onu Sumqayıt şəhəri, 13-cü mikrorayon, TTYS-nin yaxınlığında piyada hərəkət etdiyini müşahidə etmiş, bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamış və yaxınlaşıb hər iki tərəfdən əllərini möhkəm tutaraq onu hərəkətsiz hala gətirmiş, sonra özlərini ona təqdim etmiş və üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə onun Sumqayıt ŞPİ-yə aparılacağını bildirmişlər. Bundan sonra o müqavimət göstərmədən onlarla avtomobilə mindikdən sonra Sumqayıt ŞPİ-yə gətirilmişdir. Sumqayıt ŞPİ-də Təqsirləndirilən şəxs təhqiqatçı Elnur Feyzullayev tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş müdafiəçi və polis əməkdaşalrının iştiraakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın gedişatı videokamera ilə çəkilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Soltan Babyevin üzərində qanunla qadağan edilmiş əşya olduğu təqdirdə onu könüllü surətdə təqdim etməsini təklif etmiş və bu aman Təqsirləndirilən şəxs sağ əlində saxlamış olduğu ağ rəngli sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içərisinə baxış keçirilən zaman sellofanın içərisindəm hər biri ağ rəngli kağıza bükülmüş 05 ədəd bükümdə, 03 ədəd kibrit qutusunda, 01 ədəd şəffaf sellofan bağlamada qurudulmuş marixuanaya bənzər kütlə və 01 ədəd çəki daşları ilə birlikdə qədimi tərəzi aşkar olunmuşdur. Həmin bükümlər ayrı-ayrılıqda sonradan bütün iştirakçıların gözü önündə elektron tərəzidə çəkilmiş və səhv etmirsə kibrit qutularının çəkisi 9,28 qram, 5,63 qram, 5,63 qram, ağ rəngli kağız bükümlərin çəkisi 1,02 qram, 0,90 qram, 1,14 qram, 0,65 qram, 0,72 qram, 1 ədəd şəffaf rəngli sellofanda bitki kütləsinin çəkisi 38,23 qram, ümumilikdə çəkiləri 63,14 qram təşkil etmişdir. Sonradan həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə ekspertizaya təqdim edilməsi üçün kağız paketdə qablaşdırılmış və paketin üzəri möhürlənmişdir. Sltan Babayevin üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan qurudulmuş marixuananı 2021-ci ilin may ayında yerini və ünvanını bilmədiyi Qabil adlı şəxsdən pulsuz aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NBM-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X11 bildirdi ki, 06 dekabr 2021ci il tarixdə axşam saatlarında görmüşdür ki, qonşusu Soltangilin qapısının ağzından 5-6 nəfər şəxs Soltanla birlikdə onların evinə girmişdir. Soltanın yoldaşı dərzi olduğundan onunla tanışlığı var, paltarlarını Soltanın yoldaşı tikir. Sonradan bilmişlər ki, Soltanglin evinə girənlər polis əməkdaşlarıdır, onun evində axtarış aparmışlar. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X3 şahid X7 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdi. Məhkəmə əlavə şahid qismində dindirilmiş X7 və X1 ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onlar təqsirləndirilən şəxsin qonşularıdır, təqsirləndirilən şəxsin xahişi ilə dəvət olunmuşlar və təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verirlər. Onların göstərdiyi hallar işdə olan, mötəbərliyi şübhə doğurmayan sübutlarla təkzib edilir. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin ttutlması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 18:17-də Sumqayıt şəhəri, 13-cü mikrorayon, TTYS-nin yaxınlığında tutulmuşdur. İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüququ və vəzifələr barədə bildiriş və vəkili X5 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs sağ əlində saxamış olduğu ağ rəngli sellofanı təqdim etmişdir. Həmin sellofanın içərisinə baxarkən 5 ədəd ağ rəngli kağız bükümdə, 3 ədəd kibrit qutusunda, 1 ədəd şəffaf rəngli sellofanda spesifik iyə malik yaşıl rəngli qurudulmuş bitki küləsi və 1 ədəd qara rəngli çəki daşları ilə birlikdə qədimi tərəzinin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan qurudulmuş, spesifik iyə malik yaşıl rəngli bitki kütlələri narkotik vasitə olan nəşədir, aşkar olunmuş həmin nəşəni 4-5 ay bundan qabaq yaşadığı evin yaxınlığında Qabil adlı şəxsdən pulsuz şəxsi istifadəsi üçün alaraq üzərində saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş spesifik iyə malik yaşıl rəngli qurudulmuş bitki kütlələri tərəziyə qoyulub çəkilən zaman kibrit qutularında olan bitki kütləsinin çəkisinin 9,28 qram, 5,63 qram, 5,63 qram, ağ rəngli kağız bükümlərin çəkisinin 1,02 qram, 0,90 qram, 1,14 qram, 0,65 qram, 0,72 qram, 1 ədəd şəffaf rəngli sellofanda olan bitki kütləsinin çəkisinin 38,23 qram olduğu və yaşıl rəngli bitki kütlələrinin ümumilikdə çəkisinin 63,14 qram olduğu müəyyən olunmuş və aşkar olunmuş həmin bitki kütlələri və 1 ədəd qara rəngli qədimi tərəzi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və iş materiallarında olan bir ədəd diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananı əldə edib daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 7/1251 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün N124..” dairəvi möhür əksi, “.....Saxlanılan şəxs Təqsirləndirilən şəxs imza..” yazı və imzalar olan zərfdə 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 35,591 qram malik bitki mənşəli kütlə, 3 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 2,378 qram, 6,097 qram və 2,434 qram yaşılımtıl rəngli, xırdalanmış, qurudulmuş, çətənə (kannabsi) bitkisinə məxsus spesifik qoxuya malik bitki mənşəli kütlə və 5 ədəd kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,496 qram, 0,436 qram, 0,541 qram, 0,441 qram və 0,355 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 48,769 qramdır. Üzərində “.....saxlanılan şəxs Təqsirləndirilən şəxs imza...” yazı və imzalar olan zərfdə 1 ədəd əl tərəzisinin üzərində cüzi miqdarda marixuana hissəcikləri vardır. Marixuana hissəcikləri cüzi miqdarda olduğuna görə onun çəkisini müəyyən etmək mümkün deyildir. Həmin zərfdə olan 1 ədəd qara rəngli qabda çəki daşlarının üzərində marixuana hissəcikləri yoxdur. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 70 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Babayev X9 Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 242-ci maddəsinin A bəndi ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası Ali Məclisinin xx.xx.1997-ci il tarixli Amnistiya qərarına əsasən azad edilmişdir. Hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə üzrə barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X8 2 uşağı (xx.xx.2010-cu il təvəllüdlü Babayev Telman və xx.xx.2007-ci il təvəllüdlü Babayeva Nəzrin) vardır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.4.1-ci və 234.4.3-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana ekspert rəyində göstərildiyi kimi təmiz çəkisi 48,769 qram olması əsas götürülmüş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən götürülmüş ümumi təmiz çəkisi 48,769 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd əl tərəzisi maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 48,499 qram qurudulmuş marixuana, əl tərəzisi maddi sübut kimi saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmışdır. Məhkəmə istintaqı zamanı şahidlərə məxsus mobil telefon danışıqlarının anten məlumatları götürülmüş və iş materiallarına əlavə edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli-yuxarıda şərh olunan qaydada törədərək satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, tərkibinə görə eyni olan ümumi çəkisi 48,769 qram olan narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Təqsirləndirilən şəxs narkotik vasitəni ayrı-ayrı bükümlərə bölməsi, üzərində onların hazırlanması üçün avadanlığın olması, bükümlərin sayı onun satış məqsədini təsdiq edir. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitənin satış üçün deyil özü istifadə etməsi üçün əldə edib saxlaması, polis əməkdaşlarının onun evində axtarış aparmaları, narkotik vasitəni və tərəzini evdən götürmələri, polislərin bir yerdə olan narkotik vasitəni bükümlərə bölməsi barədə göstərdiyi hallara tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək və məsuliyyətdən yayınmaq üçün belə ifadə verir. Həmin hallar məhkəmə iclasında araşdırılsa da təsdiq olunmadı. Məhkəmə istintaqı zamanı bu halların tədqiqi ilə bağlı şahidlərə məxsus mobil telefon danışıqlarının anten məlumatları da götürülmüş, işdə olan digər sübutlarla müqayisə edilmiş, həmin hallar təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi öz ifadəsinin etirafedici hissəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, narkotik vasitəni özü əldə etmiş, üzərində gəzdirmiş, tərəzi ilə istehlak etdiyi narkotik vasitəni çəkmiş, saxlanılarkən narkotik vasitə və tərəzi üstündə olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nın 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli 17 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatı ilə əlaqədar 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, qalıq xalis çəkisi 48,499 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və təqsirləndirilən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət (narkotik vasitənin çəkilməsi üçün istifadə olunan avadanlıq) 01 ədəd tərəzi və çəki daşları isə müsadirə edilməlidir. İşdəki məlumatlara əsasən həmin dəmir tərəzi qədimidir, o muzeylərdə və digər yerlərdə saxlanılaraq nümayiş etdirilə bilər. Ona görə də, məhkəmə həmin tərəzinin məhv edilməməsini, müsadirə edilərək Mədəniyyət Nazirliyinə təhvil verilməsini daha məqsədəuyğun sayır. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 06 dekabr 2021-ci il tarixdən 08 dekabr 2021-ci il tarixədək tutulub saxlanmışdır. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 dekabr 2021-ci il tarixdən 08 dekabr 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 17 noyabr 2022-ci il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübutekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 48,499 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd dəmir tərəzi və çəki daşları müsadirə edilsin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə təhvil verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-332/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-332/2022
17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver