Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-333/2022 13.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə tiryək əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaq məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi -0,995 qram və -0,541 qram olmaqla ümumi təmiz çəkisi -1,536 qram qəhvəyi rəngli, xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə edib saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən 21 dekabr 2021-ci il tarixdə saat 23:10 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının arxasında yerləşən ərazidə piyada hərəkətdə olduğu zaman saxlanılaraq həmin bölməsinin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümlərdə olan narkotik vasitə tiryək əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 1991-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuşdur, subaydır, valideynləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olub qazanc əldə edir. Narkotik vasitə alüdəçisidir. Ağrılarına görə narkotik vasitə əldə edərək istifadə etmişdir. Narkotik vasitələri Bakı və Abşeron şəhər ərazisində tanımadığı şəxslərdən əldə edir. Son olaraq 19 dekabr 2021-ci il tarixdə axşam saatlarında şəxsi işləri ilə əlaqədar Bakı şəhəri, Biləcəri qəsəbə ərazisində olarkən narkotik vasitə satışı ilə məşğul olduğunu bildiyi, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxslə qarşılaşıb. Həmin şəxsdən ona narkotik vasitə satmasını istədikdə üzərində 02 ədəd bükümdə narkotik vasitə tiryək olduğunu deyib və o ondan 20 manata 02 ədəd bükümdə olan narkotik vasitə tiryəki alıb. Həmin narkotik vasitə tiryəki əynindəki şalvarın sağ yan cibinə qoyub oradan uzaqlaşaraq yaşadığı ünvana gedib. Həmin gün aldığı narkotik vasitədən ağrıları olmadığı üçün istifadə etməyib və həmin narkotik vasitəni əynindəki şalvarın cibində saxlayıb ki, ağrıları olanda istifadə edər. Belə ki, 21 dekabr 2021-ci il tarixdə də ümumi olaraq səhətinin müayinəsindən ötrü Sumqayıt şəhərinə gəlmişdir. Həkim müayinələrindən sonra bir müddət şəhər ərazisində gəzib evə qayıtmaq qərarına gəlmiş. Həmin tarixdə saat 23 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində piyada hərəkətdə olub. Hava qaranlıq olduğundan bədənində ağrılar yenidən başladığı üçün əldə etdiyi narkotik vasitə tiryəki istifadə etməkdən ötrü 8-ci mikrorayon ərazisində piyada hərəkətini davam etdirib sakit bir yer axdarıb. O ünvan 2 ünvanın arxasında yerləşən ərazidə piyada olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində narkotik vasitələrin dövriyyəsi ilə bağlı şübhələr olduğunu deyib, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə dəvət ediblər, o qarşılıq vermədən onlarla birlikdə polis bölməsinin inzibati binasına gəlib. Polis əməkdaşları tərəfindən saxlanıldıqda əynindəki şalvarın sağ yan cibində saxladığı narkotik vasitə tiryəki özüdən kənara atmağa fürsət tapa bilməmişdir. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunub və ona dövlət hesabına vəkil təyin olunmuşdu. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilib. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və o əynindəki şalvarın sağ yan cibində saxladığı 02 ədəd sellofan bükümü təqdim edib, həmin bükümlərin içində narkotik vasitə tiryək olduğunu deyib. Sonradan təhqiqatçı bükümlərə baxıb özü həmin kütlələri aşkar edib. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunmayıb və götürülməyib. Şəxsi axtarış zamanı təqdim etdiyi pul və siqaret araşdırma üzrə sübut əhəmiyyəti daşımadığından ona qaytarılmışdı. Ona aid olan aşkar olunaraq götürülmüş 02 ədəd bükümlərdə narkotik vasitə tiryək kütlələri elektron tərəzidə çəkilib və ayrı-ayrılıqda çəkiləri 0,62 qram, 1,08 qram olub. Həmin kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənib onun və digər iştirakçıların iştirakı ilə tərəfindən imzalanıb. Polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməyib. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə tiryək ona məxsusdur, ağrılarına görə öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində bildirdi ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis baş leytenantı rütbəsindədir. İcraatına ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində narkotik vasitə saxlayıb, daşımasında şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən bölmə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdi. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibəti də olmayıb. İşin mahiyyəti üzrə bildirir ki, 21 dekabr 2021-ci il tarixdə, saat 23:10 dəqiqədə Təqsirləndirilən şəxs ünvan 2 ünvanının arxasında yerləşən ərazidə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim ediblər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirib polis bölməsinə dəvət ediblər. Polis bölməsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılıb. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunub. O da əynindəki şalvarın sağ yan cibindən 02 ədəd sellofan büküm, həmçinin şalvarın sağ yan cibindən kağız pullar və alışqan, əynindəki gödəkçənin sağ yan cibində siqaret qutusu çıxarıb təqdim edərək, təqdim etdiyi 02 ədəd bükümün içində narkotik vasitə tiryək olduğunu bildirib, sonradan təhqiqatçı həmin bükümlərə baxıb narkotik vasitə tiryək kütlələrini aşkar edib. Həmin təqdim edilmiş kütlələr götürülüb və götürülmüş kütlələr elektron tərəzidə çəkilərək ayrı-ayrılıqda çəkiləri 0,62 qram və 1,08 qram olmaqla birlikdə ümumi çəkisi 1,69 qram olub. Daha sonra narkotik vasitə tiryək kütlələri ekspertizaya təqdim edilməsi məqsədilə qablaşdırılaraq zərfə qoyulub və möhürlənib. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli digər predmet, əşya və sair aşkar olunmayıb və götürülməyib. Şəxsi axtarış keçirilərkən şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə tiryək bükümlərinin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün 2 gün əvvəl, yəni 19 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Biləcəri qəsəbə ərazisində tanımadığı şəxsdən 20 manata aldığını bildirlib. Həmçinin bildirmək istəyir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kağız pullar və alışqan araşdırma üzrə əhəmiyyət kəsb etmədiyindən daha sonra tam şəkildə Təqsirləndirilən şəxs geri qaytarılıb. Təqsirləndirilən şəxs narkotik vasitətələrin satışı ilə məşğul olması, həmçinin üzərindən aşkar olunmuş narkotik vasitə tiryəki haradan və ya kimdən əldə etməsi barədə əməliyyat aparatına hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmədə şahid Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin kiçik inspektoru, polis baş serjantı Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarına maddi sübut kimi əlavə edilmiş bir ədəd disk məhkəmə istintaqı zamanı nümayiş etdirilərkən, 21.12.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərinə şəxsi axtarış keçirilərkən onda narkotik vasitə olan tiryək aşkar edilməsi video görüntülərdə əks etdirilməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 dekabr 2021-ci il tarixli 6/5577 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş 01 ədəd zərfdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,995 qram, 0,541 qram olmaqla ümumi təmiz çəkisi -1,536 qram olan qəhvəyi rəngli maddə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. (Tiryəkin ümumi təmiz çəkisi-1,536 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq-1,436 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 08 yanvar 2022-ci il tarixli 72 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin Kannabioidlərin birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 10.02.2022-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21.12.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 23.12.2021-ci il tarixli qərarla CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixli qərarla Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə o, həbsdən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla qəti cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,436 qram çəkidə narkotik vasitə tiryəkdir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 65,0 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 01.03.2022-ci il tarixli (iş № 1(060)-333/2022) qərarını icra edərək, 04 mart 2022-ci il tarixli 412/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,436 qram çəkidə narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65,0 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-333/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-333/2022
13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver